Yelena Sidorenko: Putin mənim tutduğum mikrafona danışırdı, "Rusiya liderindən müsahibə həyatımdakı ən unudulmaz jurnalist işim olub", 17.03.2017 1186

Yelena Sidorenko: Putin mənim tutduğum mikrafona danışırdı

"Rusiya liderindən müsahibə həyatımdakı ən unudulmaz jurnalist işim olub"

-Yelena xanım, ilk olaraq efirə gəlişinizdən danışaq. Necə oldu bu hadisə? Sizin üçün rəqsdən jurnalistika sahəsinə keçid necə bir hiss idi?

-Mənim həmin vaxt cəmi 17 yaşım var idi. Yeniyetmə idim və hansı yola addım atdığımı heç düşünmürdüm, ciddiyyətini başa düşmürdüm. O zaman rəqs müsabiqəsinin mənim üçün sonuncu mərhələsi idi, 6-cı yeri tutmuşdum. Canlı bağlantı bitən kimi təhlükəsizlik xidmətinin əməkdaşları mənə dedilər ki, zəhmət olmasa, bizimlə gəlin. Mən “Hara? sualını verəndə, o vaxt ANS şirkətlər qrupunun vitse-prezidenti olan Seyfulla Mustafayevin məni gözlədiyini dedilər. İnanırsız, bu ad bəlkə də həyatımda ilk eşitdiyim ad idi ki, mən heç onu düzgün tələffüz edə bilmirdim (gülür). Kabinetə daxil oldum. Seyfulla müəllimlə bir az müsabiqə haqqında söhbət etdikdən sonra mənə dedi ki, bizimlə işləmək istəməzsiz? Əslində, o zamanadək mən artıq ATV və İctimai kanaldan təklif almışdım. Demişdilər ki, müsabiqə bitsin, bizim səninlə bağlı maraqlı fikirlərimiz var. Azərbaycan dilli, amma qeyri-azərbaycanlı olmağım onlara maraqlı gəlirdi. Mən də düşündüm ki, o kanalları heç tanımıram, bilmirəm necə olacaq, buranı tanıyıram, elə burda da qalım. Seyfulla müəllim dedi ki, qəbul edirsizsə, kurslar başlayır, gedib kurslarda iştirak edə bilərsiz. Mən həmin kursu 3 aya əlaçı olaraq bitirdim. Artıq 6 ay idi ki, mən ANS-ə gedib-gəlirdim, bütün operatorlarla, bütün komanda ilə işləyirdim, oradakı hər kəsi çox istəyirdim. Universitetdə 1-ci kursa yenicə qəbul olmuşdum. Deyirdim ki, Azərbaycanın incəsənət aləmində elə yaradacam, belə yaradacam. Bir çox gənc insanlar kimi mən də iddialı idim. Ağlımda sadəcə incəsənət və rəqs var idi. ANS-də əmək haqqı almadan sadəcə təcrübəçi olaraq işləyirdim. Bir dəfə ANS-də Vahid Mustafayevlə rastlaşdıq. Bir az hal-əhval tutub söhbət etdikdən sonra məndən dəhliz boyunca irəliləməyimi istədi. Getdim, getdim, bir otağa daxil oldum. 

Studiya idi. Mən heç bilmirdim ki, ora xəbər studiyasıdır. 17 yaşım var idi və heç xəbərlərə baxmamışdım. Əynimdə çəhrayı rəngli cins şalvar, çəhrayı rəngli köynək, çəhrayı rəngli böyük sırğalar və mən xəbər studiyasında idim (gülür). Xəbər və mən, ümumiyyətlə, əlaqəsiz idik. Vahid Mustafayev mənə dedi ki, əyləş və oradakı yazıları oxu. Artıq ANS-də məndən başqa hər kəs bilirdi ki, Yelena xəbər aparıcısı olacaq. Yazıları oxudum, iqtisadiyyat xəbərləri idi. Bir tərəfdən dilim dolaşırdı, bir tərəfdən işıqlar vururdu. Mən də belə ərköyün uşaq kimi çıxmışam ki, nə istəyirsiz məndən? (gülür). Çıxanda gördüm ki, bütün direktorlar yığılıb məni izləyirmiş. Öz-özümə dedim ki, görəsən, nə məsələdi? Sən demə Vahid müəllim hər kəsi oraya yığıb ki, gəlin baxın, görün, efirə yaraşırmı, nitq qabiliyyəti, studiyada özünü aparması necədir? Daha sonra Vahid müəllim mənə dedi ki, 2 həftədən sonra efirdəsən. Dedim ki, hansı efirdə? Dedi ki, xəbərlərdə. Dedim ki, mən istəmirəm, nə xəbərlər? Siz heç düşünürsüz mənə nə deyirsiz? Xəbərlər hara, mən hara? Beləcə mən 2 həftəni elədim 2 ay. Çünki istəmirdim, hər dəfə gəlirdim, ağlayırdım, evə gedirdim, ağlayırdım. Böyüklər deyirdilər ki, ağlın yoxdu sənin. Sən düşünmürsən, sən bilmirsən. Vahid müəllim deyirdi ki, biz sənin üçün gözəl bir gələcək düşünmüşük. Heç kimi eşitmək istəmirdim. Amma sonra gördüm ki, yox, mübarizə aparmağın heç bir mənası yoxdur. Qəbul etdim. 1-ci efirim canlı olmuşdu. Heç dərk etmirdim ki, mən nə dərəcədə məsuliyyətli bir vəzifə yerinə yetirirəm. Efirə süjet getdiyi zaman dönürdüm arxaya, əl sallayırdım hamıya, dəcəllik edirdim (gülür). 1 həftə bu cür kef elədim. 1 həftədən sonra başa düşdüm ki, mən burda nə edirəm. Ölkə siyasəti, beynəlxalq münasibətlər və sair haqqında məlumatlar çatdırıram. Həmin o bir həftədən sonra mənim həyəcanlarım başlamışdı. Hər efirdən sonra ayaqlarım tutulurdu, özümü sıxırdım ki, birdən səhv edərəm, çaşaram. Məsuliyyəti çox gec dərk etməyə başlamışam. Mən efirə çıxdığım demək olar ki, çox az adam tanıyırdım. Siyasi aləmdən, deputatlardan, nazirlərdən, komitə rəhbərlərindən, ölkənin strukturundan və sair tamamilə xəbərsiz idim. Nəyi öyrəndimsə, işləyə-işləyə öyrəndim.

-İndi rahatlıqla “yaxşı ki, həmin vaxt dirənib mübarizə aparmamışam” deyirsiz yəqin ki...

-Ümumiyyətlə, mən həyatda dirənməyi sevirəm. Amma o vaxt niyə dirənmədim, bilmirəm. İllər keçdikcə anlayıram ki, belə məsləhət imiş. Mən jurnalistikadan iki dəfə getmişəm. Bu, artıq ikinci dəfədir. İlk dəfə gedib qayıtdıqdan sonra öz-özümə dəfələrlə sual vermişəm ki, mən niyə qayıtmışam? 3 ildən sonra anladım mən niyə qayıtmışam. Dövlət başçısı tərəfindən evlə mükafatlandırıldıqdan sonra düşündüm ki, o vaxt məhz belə olmalı imiş. Mən məhz jurnalistikada olmalı imişəm. İndi məndən soruşurlar ki, sən yenidən getdin, bir də qayıtmayacaqsan? Mən heç vaxt qayıtmayacam deyə bilmərəm. Keçən dəfə də deməmişdim, indi də demək istəmirəm.

-Jurnalistika ilə bağlı xatirələriniz çoxdur. Ən çətin əldə etdiyiniz və sonda çoxlarını təəccübləndirən müsahibinizdən danışaq. Necə xatırlayırsız həmin müsahibəni?

-Ümumiyyətlə, müsahibələr mənə həmişə çox rahat gəlib. Bu, mənim xüsusi qabiliyyətimdən irəli gələn bir şey deyil. Azərbaycanlı olmamağım məni fərqləndirirdi və mənə qarşı xüsusi bir simpatiya var idi. Eyni sualı başqası verərdi, kobud cavab ala bilərdi. Amma mən heç vaxt kobud cavab almamışam. Həmişə çalışmışam ən pis sualı belə elə verim ki, müsahibim hiss etsin ki, mən onun tərəfindəyəm. Mən çox gənc idim və ilk müsahibim bir nazir idi. Həmin şəxsin o vaxt ANS şirkətlər qrupu ilə problemi var idi və ümumiyyətlə, bizim kanala müsahibə vermirdi. Mikrofonumuzu görürdü, cavab vermirdi. Məni göndərmişdilər ki, ondan müsahibə alım. Sual da çox qıcıqlandırıcı sual idi. Gəlmişəm, açılışdı, həmin nazir də oradadı, 20 nəfərə yaxın jurnalist var, mən də düşünürdüm ki, necə eləyim, nə cür eləyim. Bir az xəstə idim, səsim batmışdı, bu da mənə bir az yazıqlıq verirdi (gülür). Hər kəslə danışdı, gözləyirdim ki, mən də sualımı verim. Əslində, düşündüm ki, sualı verəcəm, cavab almayacam, biabır olacam hər kəsin qarşısında. Sualı elə tərzdə dəyişdim ki, o görsün ki, mən onun tərəfindəyəm, mən onunlayam. Həmin nazir birinci mikrofonuma baxdı və 10 saniyəlik fasilə verdi. Öz-özümə dedim ki, bitdi, biabır oldum. Sonra üzümə baxdı, gülümsədi və başladı danışmağa. Bu, olduqca həyəcanlı keçən ilk müsahibəm idi. 

Mən, çox güman ki, Azərbaycanda Rusiyanın prezidenti Vladimir Putindən müsahibə almışam. Bu müsahibə mənim üçün çətin yox, həddən artıq çətin idi. Mən Xəzər Tv-də çalışırdım, Rusiyada seçkilər keçirilirdi. Öz rəhbərimə dedim ki, Rusiyaya getmək lazımdır. Gəldim Moskvaya. Əlaqələr yaradaraq öyrənməyə çalışırdım ki, Vladimir Putin harada səs verəcək. Zarafatla hamıya xəbər yayırdım ki, mən ondan müsahibə alacam. Axşam telefonuma bir mesaj gəldi. Açdım gördüm ki, filan adamların filan yerlərdə səs verəcəkləri yazılıb. Səhər operatorumla qalxdım getdim həmin yerə. Bir çox yerlərdən gələn jurnalistlər var idi. Növbə bizə çatdı, içəri buraxmadılar, dedilər ki, əyləşin kənarda. Biri gəldi və çox kobud tərzdə dedi ki, bunlar niyə burda oturublar? Bir xanım da gəlib dedi ki, hələlik buraxın keçsinlər içəri, baş nazir gələndə, (o vaxt Putin baş nazir idi) çıxararıq. Çıxararıq nədir? Mən girmişəmsə, məni kim çıxara bilər ordan? (gülür). İçəri keçdik. Operatorumla Azərbaycan dilində danışırdıq. Bir nəfər eşitdi, çevrilib mənə baxdı və Azərbaycan dilində dedi ki, siz Azərbaycandan gəlmisiz? Dedim ki, hardan bildiz? Dedi ki, mən orada doğulmuşam, orada böyümüşəm, sadəcə indi köçmüşəm bura, burada Daxili İşlər Nazirliyinin şöbə müdiriyəm. Dedim ki, sizi göydə axtarırdım, yerdə tapdım. Niyə belə dediyimi soruşanda, dedim ki, mən burdan çıxmamalıyam, nə edirsizsə, edin, mən burda qalım. “Kömək edəcəm” cavabını aldım. Nəhayət, Putin gəldi. Ancaq rus mediasının mikrofonları görünürdü. Mənə lazım idi ki, Xəzər Tv-nin mikrofonu görünsün. Məni qapıdan qovurdular, pəncərədən girirdim. Axırda operatorların arxasında gizləndim. Putin yaxınlaşan zaman başımı çıxardım, yavaş-yavaş mikrofonu uzatmağa başladım. Sadəcə Rusiya kanallarından birinin mikrofonu və Xəzərin mikrofonu görünürdü. Artıq məni sual filan maraqlandırmırdı, məni maraqlandıran o idi ki, mənim mikrofonum burdadı, görünür və Putin mənim əlimdəki mikrofona danışır. Arxaya çevrilib sevincimi əks etdirən hərəkətlər edirdim. Bu mənim üçün çətin və  unudulmaz təcrübə idi.

-İndiyə qədər bir neçə tanınmış şirkətlərdə çalışmısız. Sizcə, iş yerlərində işçini  işə həvəsləndirən hansı şərtlər olmalıdır?

-Mən jurnalistikanı çox sevən bir insanam, amma məni jurnalistikadan ayrı salan əsas səbəblər şənbə-bazar günləri və bayramlar olub. 10 ildən artıq müddətdə istirahət günləri olmadan işləmək. Bayramlarda hər kəs evdə olurdu, mən isə yenə işdə. Təbii ki, başlıca olaraq iş qrafiki olmalıdır. İkinci məsələ həvəsdir, işin nə dərəcədə maraqlı olmasıdır. İş mənə maraqlı olmasa, inanmıram ki, kimsə məni o işdə saxlaya bilsin. Üçüncü amil əlbəttə ki, əmək haqqıdır. İndiki dövrdə çox güman ki, nəinki özəl şirkətlərdə, hər sahədə insanı maraqlandıran onun maddi qazancıdır.

-Həyatda ən böyük uğurunuz nədir?

-Ətrafımdakı insanlar düşünürlər ki, mənim çox uğurum olub. Amma mən bu cür düşünmürəm. Məqsədyönlü nailiyyətlərim var, amma məncə, hələ ki, ən böyük uğurum qabaqdadır.

-Həmin nailiyyətləri əldə etməyinizdə dostlarınızın payı olubmu? Daim yanınızda olan, bütün uğurlarınıza öz uğurları kimi sevinən dostlarınız varmı?

-Mütləq ki, var. Ümumiyyətlə, düşünürəm ki, mən çox zəngin insanam. Maliyyə baxımından yox, dost cəhətdən. Bizim Azərbaycanda demək olar ki, qohumlarımız yoxdur. Mən ailə qurmazdan əvvəl mənim sadəcə əmimgil, dayımın yoldaşı, qardaşımın ailəsi və anam var idi. Mənimçün qohumların sevgisini, dəstəyini, kədərini, hamısını dostlarım əvəz edib. Mənim ən şən günümdə yanımda dostlarım olub. Mən universitetə qəbul olanda, ikinci dəfə təhsil almaq istəyəndə, ev alanda, qardaşım xəstəxanada olanda mənim dostlarım mənim yanımda olublar. Hər anımda birinci anama, sonra onlara zəng vurmuşam. Mən ailə qurmamışdan əvvəl düşünürdüm ki, mənim həyatımın ən böyük varlığı dostlarımdır. İndi mən düşünürəm ki, ən böyük varlığım həyat yoldaşım, ailəm və dostlarımdır. 

-Filmlərdən, reklam çəkilişlərindən təkliflər almısınızmı?

-Bəli, almışam. ANS-də çalışdığım vaxtlarda kanal özü mənə şərait yaradırdı. Məsələn, jurnalların üz qabığında olmuşam, ANS-in özünün reklamlarına çəkilmişəm. Amma kənarda heç yerdə çəkilməmişəm. Bəzən də çalışdığım yerlərdən icazə olmayıb.

-İcazə olsaydı, kənardan gələn təklifləri qəbul edərdiz?

-Baxır təklifə, baxır reklama. Mahiyyətindən çox şey asılıdır. Mən o reklamda özümü necə hiss edəcəm, hansısa bir şirkətin siması olacamsa, o şirkətin istehsal etdiyi məhsullar və yaxud da göstərdiyi xidmətlər mənim ürəyimcə olacaqmı və sair, bunlar önəmlidir.

-Ukraynadan sərfəli təklif gəlsə, oradakı telekanalların birində işləmək istəyərsinizmi? Orada qohumlarınız varmı? Özünüzü Ukraynada, yoxsa Azərbaycanda daha rahat hiss edirsiz? 

-Orada işləmək istəmərəm. Bilirsiz, mən onların dilini bilmirəm, mən Azərbaycan dilini bilirəm. Mən orada heç vaxt qeyri-adi Yelena ola bilmərəm. Mən orada adi, onlar kimi bir insan ola bilərəm. Belə şans hər adama təsadüf etmir. Ukraynada qohumlarım var. Birinci dəfə orada olanda 6 aylıq olmuşam. İkinci dəfə 25 yaşımda getmişəm, qohumlarla görüşmüşəm və inanın ki, ikinci gündən sonra sıxılıb evə qayıtmaq istəmişəm. Çünki mənimçün oradakı hər şey yaddır. Mənə görə adi bir xarici ölkədir. Gedib gəzib qayıda bilərəm. Orada yaşamağım mümkün deyil.

-Gələcəkdə bir şirkətiniz olsa, orada idarəçiliyi necə qurardız? 

-Bəlkə də pis xasiyyətdir, amma mən danlananda həvəsdən düşürəm. Mən bir işi görərkən çalışıram ki, onu maksimum dərəcədə yaxşı yerinə yetirim. Hansısa işdə nəyisə səhvən çaşıb edirəmsə, mənə yolu göstərsələr, sevinərək onun iki qatını daha gözəl edərəm. Amma məni ədalətsiz danlayanda, heç nə etmək istəmirəm. Məhz buna görə də, mənim fikrimcə, işdə ən əsas stimul verən amil pozitivlikdir. İşçilərdə səhər açılan kimi təbəssüm olmalıdır. Gülümsəməyən insan heç vaxt yaxşı nəticə göstərə bilməz.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli