İş adamı Yavər Məmmədov: "İpəkdən müxtəlif məhsulları İtaliya təcrübəsi ilə istehsal edə bilərik", Hazırladığımız qalstukların qutusunda Dağlıq Qarabağın işğalı ilə bağlı ingiliscə məlumatlar yerləşdirmişik, 20.04.2017 1002

İş adamı Yavər Məmmədov: "İpəkdən müxtəlif məhsulları İtaliya təcrübəsi ilə istehsal edə bilərik"

Hazırladığımız qalstukların qutusunda Dağlıq Qarabağın işğalı ilə bağlı ingiliscə məlumatlar yerləşdirmişik

-Yavər bəy, həm ipəkçilik sahəsində mütəxəssis, eyni zamanda bu sahədə fəaliyyət göstərən iş adamısınız. İndiyədək bu sahədə hansı uğurları qazanmısınız?

-Ümumiyyətlə deyim ki, qalstuk mənim hobbimdir. Mən uzun illər Təhsil Nazirliyində çalışmışam. Mən biznes fəaliyyətilə 2012-ci ildən məşğul oluram. Bu fəaliyyət mənim qalstuklara olan həvəsim və yaradıcılıq hisslərim üzərində qurulub. Qarabağlı olduğuma görə  gözəl tar çalıram və eyni zamanda rəsm çəkmək qabiliyyətim də var. Və bütün bunlar hamısı məndə elə bir yaradıcılıq formalaşdırıb ki, nəsə yaratmaq istəmişəm, ölkə, mədəniyyət üçün . Əslində qalstukları Azərbaycana gətirəndə belə bir fikir yox idi. Sadəcə ailənin təminatı qarşılamaq üçün bir biznes fəaliyyəti idi. Lakin qalstuklar gətirildi, butik açdıq, satışa başlanıldı. Gördüm ki, yalnız alış-veriş mənlik deyil. Qərara gəldim ki, qeyri-adi bir iş görmək lazımdır. Araşdırma apardım və italyanlar da bu işdə mənə dəstək oldular ki, qalstuk elə bir məhsuldu ki, qarşı tərəfə informasiya ötürə bilir. Siz biriylə vizual olaraq qarşı-qarşıya gəlirsiniz, onun qalstuku və ya yaylığı üzərindəki naxışları seyr edirsiniz. Və xahiş etdim ki, biz Azərbaycanın özünün simvollarından, naxışlarından istifadə edək. Dedilər ki biz Azərbaycanla əməkdaşlığa tam açığıq. Çünki Azərbaycan İtaliyanın ən böyük biznes partnyorlarından biridir. Hər iki ölkə 40-cı paraleldə yerləşir və insanlar bir-birlərinə çox oxşayırlar. Adət-ənənələr, mədəniyyətlər oxşardır. 2014-cü ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilk sifarişini etdi. Buna qədər banklar, şirkətlər üçün xüsusiləşdirilmiş koorporativ stildə qalstuklar, yaylıqlar hazırlamışdıq. Sifariş əsasında mənim layihəm olan XIX əsrə aid Qarabağın bir xalçasını qalstuk üzərinə keçirtdik. Uğurlu alındı.  Düşündüm ki, bu gəliri növbəti layihəyə sərf eləmək olar. Qarabağ və Xarıbülbül qalstuklarını yaratdım. Bu iki qalstuk Azərbaycanda böyük rezonansa səbəb oldu. Eyni zamanda onların qutusunun içərisində Qarabağda ermənilərin məskunlaşması, Qarabağın işğalı faktları,Qarabağın ətraf rayonların işğal tarixləri ingilis dilində də təfərrüatı ilə yazılıb. 2015-ci ildə Beynəlxalq kitab sərgisində ilk dəfə  Azərbaycanın Baş Nazirinin müavini Elçin Əfəndiyevə təqdim olundu. Növbəti layihəm Qobustan oldu. 2015-ci ildə qızım yüksək balla ali təhsil müəssisəsinə daxil olduğu üçün onun şərəfinə Qarabağın ən məşhur gülü, Şuşanı simvolizə edən üzərində xarıbülbül olan Sənəm yaylıqları hazırlandı. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən Qarabağı düzgün təbliğ etdiyim üçün iki dəfə medalla təltif olunmuşam. Biri “Fədai” digəri isə “Vətən naminə” medalıdır. Keçən il noyabr ayında Göyçayda nar festivalı oldu. Mən də iştirak etdim və gördüm ki, nara böyük sevgi var. Çatışmayan bir şey var idi, o da məhsulların qablaşdırılmasında nar haqqında çox bəsit məlumatlar verilmişdi. Fikirləşdim ki, nar qalstukunu yaratmaq lazımdır. Qalstuk üzərində narın bütün inkişaf mərhələsini əks etdirirdi. Qalstukun yuxarı hissəsində yarpaq açır və sonra tumurcaqlanmasını, gül açmasını, nar qönçələrinin əmələ gəlməsini, sonda isə nar meyvəsini görə bilərsiniz. 2015-ci ildə Avropa oyunlarında narı simvolizə edəndə, müəyyən erməni dairələri buna etiraz etmişdi. Onlar Qafqazda sürgün olunub yerləşdirilmiş bir millətdir. Onlar özünə yer edib, indi özlərinə maddi-mədəni simvollar yaradırlar. Bu işdə erməni lobbisi böyük vəsait xərcləyir. Mən Azərbaycan Milli Elmlər Akademiyasına Genetik Ehtiyyatlar İnstitutuna şəxsən Zeynal müəllimə  məktub yazdım. Və ondan narın genetikası haqqında  3-4 səhifəlik rəsmi cavab aldım. Burada narın Azərbaycana məxsus olması, 500 nar sortundan 300-nün Azərbaycanda yetişdirilməsi, narın gözəlliyi, mətbəxdə, təbabətdə işlənməsi haqqında geniş məlumat əldə etdim. Onu ingilis dilinə tərcümə etdirdik. Ən böyük müştərimiz Nar Mobile oldu. Nar yaylığı da olacaq. Düşünürəm ki yeni bir layihəmiz onunla birlikdə mayın əvvəli təqdim olunacaq. Sonuncu işim İrəvan xanlığı ilə bağlıdır. Aprelin axırına kimi yekunlaşdırmaq istəyirəm. Digər böyük layihəm, əlbəttə ki, Qarabağ yaylığıdır. Banu kolleksiyası adlanır.  

-Qeyri-neft sektorunun inkişafında önəmli sahələrdən biri də baramaçılıq-ipəkçilikdir. Bu sahədə hazırki vəziyyəti necə qiymətləndirirsiniz?

-İpəkçilik Azərbaycanın tarixi sənaye sahəsi olub. Yəni, əhalinin gəlir mənbəyi ipəkçilikdən olurdu. Kənd təsərrüfatının bir hissəsidir. Və əsas yeri baramaçılıq tutur. Azərbaycanda əgər baramaçılıq varsa, ipək saplar emal olunursa və Azərbaycanda ipək məhsulları hazırlanırsa tək kəlağayıdan ibarət ola bilməz. Kəlağayı bizim milli baş örtüyümüzdür. Bu gün Azərbaycanın geniş potensialı var ki, dünyanın tanınmış brendləri kimi Hermes,Gucci, Christian Door kimi möhtəşəm yaylıqlar istehsal etsin və dünyaya tanıtdırsın. Cənab prezident 2016-cı ilin mart ayında strateji yol xəritələrinin hazırlanması ilə bağlı sərəncam verdi. Burada milli iqtisadiyyat və iqtisadiyyatın strateji sektorları üzrə yol xəritəsinin hazırlanması ilə bağlı göstəriş oldu. Prezident və birinci xanımın iş adamlarıyla görüşlərində “Made in Azerbaijan” brendinin formalaşması, idxalın ixracla əvəz olunması, rəqabət yönümlü ixracat məhsullarının hazırlanması, Azərbaycanın valyuta axınının təmin olunması və Azərbaycan məhsulları vasitəsilə dünyada tanıdılması məsələsi ortaya qoyuldu. Hesab edirəm ki, biz İtaliya istehsalını Azərbaycanda tam rahat qura bilərik. Buna investisiya lazımdır. Mən demirəm bu investisiya 1-2 ilə özünü doğruldacaq. Bu uzunmüddətli bir proses olacaq. Çünki burada Azərbaycan brendinin formalaşması, onun dünyada tanıdılması, Azərbaycan rəssamları, dizaynerlərinin əsərlərinin həmin yaylıqlar  üzərinə köçürülməsi və yüksək keyfiyyətli, dünya rəqabətli, dünya bazarlarına çıxa biləcək səviyyədə hazırlanması uzun vaxt aparacaq. Sadə dildə desək Azərbaycan baraması niyə gedib hansısa ölkədə Hermes, Gucci olmalıdır və ya başqa bir brend olmalıdır? Bir brend yaradılsa onun dünyanın məşhur televiziya kanallarında reklamı getsə, dünyadakı ticarət mərkəzlərində butiklərini açmaq və elə şey etmək lazımdır ki, insanlar məcbur qalıb onu alsın. Hər bir məhsulu əlinə alan əcnəbi ilk olaraq “Made in Azerbaijan” adını çəkəcək. Və Azərbaycan haradır deyə araşdıracaq. Buna dövlət qayğı göstərməli, subsidialar ayrılmalıdır. Mən təklif etmişdim ki, Azərbaycanda ipəkçiliyin idarəsi üçün bir ictimai şəxs olsun. Həmin şəxsin işi idarəçiliyi təşkil etməkdir.

-Sizcə ipəkçiliyin inkişafı üçün Azərbaycanın hansı bölgələri daha əlverişlidir və bu ərazilərdə inkişafı tam təmin etmək üçün hansı əksikliklərin qarşısını almağa ehtiyac var?

-İpəkçiliyin bir problemi var. İpək məhsuluna qədər olan prosesdən danışım. Burada əsas baramaçılıqdır. Barama qurddur, tut yarpağıyla qidalanır. Qarabağ zonasında, dəmyə sahələrində daha çox tut yetişir. Ona görə də harada tut ağacları əkmək, inkişaf etdirmək, onların yarpaqlarını tədarük etmək mümkündürsə genişləndirmək lazımdır. Əksər torpaqlar şəxsi mülkiyyətə verilib. Onlar öz gəlir məqsədləri üçün istifadə edirlər. Biz maraqlandırmalıyıq ki, baramaçılığın inkişafı üçün xammal olan yarpaqlar əldə olunsun. Tut ağacları əkilsin. Barama Azərbaycana valyuta gətirən, strateji bir həşəratdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, ipəkçilik əhalinin gəlir mənbəyi kimi formalaşsın. Məsələn, hər bir ailə öz həyətində barama saxlaya bilər. Onlar həmin qurdları təhvil verir müəyyən yerlərə və qarşılığında pul alırlar. Baramanın 1 kiloqramı 8 manatdır. Və bu gəlir mənbəyi kimi tək əhalini yox, eyni zamanda müəyyən sexləri, istehsal sahələrini formalaşdıra bilər. Bu əslində biznes sahəsidir. Biznesmenlər buna maraq göstərməlidirlər. İnsanlar elə hesab edir ki, biznesi qurdum 1 ildə qoyduğum pulu götürüm, gəlir əldə edim və bütün risklərimi qarşılayım. İtaliya mütəxəssislərini Azərbaycana gətirmək, bunu orta biznes səviyyəsində formalaşdırmaq, istehsal prosesini qurmaq, mütəxəssisləri yetişdirmək və sonda Azərbaycana peşə təhsili vasitəsiylə mütəxəssis hazırlayıb, xarici mütəxəssislərdən asılılığı götürmək uzunmüddətli proseslərdir. Bilməliyik ki, biz ildə nə qədər barama əldə edə bilirik. Sonra İtaliyada olan istehsal prosesini Azərbaycanda qurmaq və Azərbaycan brendini formalaşdırıb dünya bazarına çıxarmaq. Sonda ən böyük gəlir Azərbaycan məhsulunun formalaşdırılması və dünyaya çıxarılmasıdır.

-İpəkçilik sahəsində hansı ölkələrin təcrübəsindən faydalanmaq daha səmərəli olar?

-İtaliya. Çox yerlərdə var. Amma geyim, moda İtaliyadadır. Mən şəxsən İtaliyanı bu sahənin ən hegemon dövləti hesab edirəm. Çünki yaylıqlar, şarflar İtaliyada gözəl olur. Hətta belə bir misal var ki, İtaliyada uşaq anadan olanda atasının ona ilk öyrətdiyi şey şarf, qalstuk bağlamaqdır. Biz xaricdən məhsulu avroyla alırıq, avronu ödəmək üçün avro əldə etməliyik. Bununçun valyuta bazarına müraciət edirik. Avroya tələbat olduğundan qiyməti qalxır. Valyutanın dəyəri yüksəldiyinə görə insanlar əziyyət çəkir. Bu ölkədə istehsal olunsa qiymətlər belə olmaz.

-İpəkçiliklə bağlı hansı yeni tipli istehsal müəssisəsi yaradıla bilər və bu müəssisə hansı məhsulları dünya bazarına çıxara bilər?

-Azərbaycanda Şəki İpək Kombinatı var. Bu kombinatı müasirləşdirə bilərik. Orada italyan texnologiyasını tətbiq edə və dünyada olan ipək yaylıqlarının çeşidində yaylıqlar istehsal edə, həmin yaylıqların üzərində sırf Azərbaycanla bağlı naxışlar işləyib dünyaya çıxara bilərik. Bu çox böyük marağa səbəb olacaq. Çünki Azərbaycan şərq ölkəsidir. Şərq mədəniyyətin beşiyidir. Əgər bir şərq ölkəsindən bu çıxırsa, düzgün təbliğ edilirsə,  bu məhsulları dünyaya çıxartmaq olar.

 

-Şirkətin məhsulunu istehsal edərkən bazarda hansı tələbləri nəzərə alırsınız?

-Bizim məhsullar İtaliyada hazırlanır. Bu məhsulların çeşidlərini, materiallarını, kompozisiyalarını mən müəyyən edirəm. Bu bizim insanların mənlə təmaslarında danışıqlarından, istəklərindən irəli gəlir. Azərbaycanda kişilər əsasən göy, mavi, zoğalı, tünd boz, qara rəngli qalstuklara üstünlük verir. Qırmızı, yaşıl, sarı, qəhvəyi-bunlar nadir rənglərdir. Bunlara kişilər çox üstünlük vermir. Qadınlar son illər çəhrayı, qırmızı rənglərə üstünlük verirlər. İnsanlar sanki o rənglərlə hisslərini ifadə edirlər. Kişilər ümumi trendə uyğun geyinirlər. Çox yaxşı haldır ki, Azərbaycan kişisi get-gedə rəngarəng qalstuklara üstünlük verməyə başlayır. Əvvəllər belə deyildi. Hətta mağazaya daxil olub soruşurdular ki, “Sizdə dövlət qulluğuna qalstuk var?” Mən də başa düşürdüm ki, orada deyiblər qalstuk lazımdır, ciddi, yəni qara, tünd göy. Əslində bu zövqdən irəli gəlir. Yaxşı olardı ki, valideynlər uşaqlarının erkən yaş dövründə rənglərə, ornamentlərə və zövqü formalaşdıran rəsm dərslərinə çox diqqət yetirsinlər. Uşaqları rəsm dərslərinə, dərnəklərə qoysunlar.

-Bu qalstuklara daha çox xarici, yoxsa yerli istehlakçılar üstünlük verir və bu nə ilə bağlıdır?

-Fərqi yoxdur. Bakıya qonaq gələn əcnəbilər, ölkəmizə uzun vaxtdır ki təşrif buyuran turistlər və vətəndaşlarımız gəlib sevə-sevə alırlar. Qalstuk elə bir şeydir ki, istər əcnəbi, istərsə də yerli istehlakçı olsun əgər onu cəlb edirsə alır. Azərbaycan son illər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizə kifayət qədər turist axını var. Nəzərə alsaq ki bunların əksəriyyəti ərəblərdir, şərq ölkələrindən gəlirlər. Onların bir çoxunda qalstuk taxılmır. Onlar mənim üçün potensial müştəri deyil. Mənim əsas müştərilərim əsasən Avropa, Amerika, bəzi Asiya dövlətlərindən insanlardır. Xüsusilə milli üslubda olan qalstuklara maraq göstərirlər. Azərbaycan vətəndaşları həm ölkədən çıxarkən hədiyyə aparmaq, həm ad günlərinə, eyni zamanda gündəlik məqsədlər üçün də milli, həm də gündəlik istifadə olunan qalstukları və yaylıqları alırlar.

-Milli ornamentli məhsullara tələbat necədir, sifarişlər olurmu?

-Əlbəttə. Çox sifarişlər olur. Paşa Holdinq və onun tərkibində olan şirkətlər bizim milli üslubda hazırladığımız qalstukları və yaylıqları önəmli tədbirlərində, yeni ildə, yeni biznes partnyorlarına və qonaqlarına hədiyyə ediblər. Eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, digər böyük şirkətlər alırlar. Çox sevinirəm ki, yaratdığım hər bir yaylıq, qalstuk böyük tələbata səbəb olur. Bunun arxasında bir dəyər var. Əgər ölkəni sevirsənsə, məhsulu ölkə üçün yaradırsansa, bir işə ürək qoyursansa əlbəttə, gözəl nəticəsi olacaq.

-Sizcə uğurlu iş adamı olmaq üçün sahibkar hansı göstəricilərə sahib olmalıdır?

-Ümumiyyətlə hər bir iş adamı yeni işə başlayanda hansı işi görəcəyini əvvəldən doğru-dürüst düşünməlidir. Bilməlidi ki əlimdə olan vəsaiti, sərmayəni hansı biznes sahəsinə qoyuram. Yüz ölçüb, bir biçmək lazımdır. Ən başlıcası o işə ürəyini qoymalıdır. Əgər işi sevə-sevə etməsə o işdən yaxşı nəticə gözləmək olmaz. Azərbaycanda olan iş adamlarına tövsiyəm odur ki, işi görəndə Azərbaycanı da düşünsünlər. Onların yaratdığı məhsul Azərbaycanı nə qədər təbliğ edəcək, Azərbaycan adını necə yüksəklərə qaldıracaq. Belə olanda biznes də uğurlu olar, qazanılan pul da şirin olar.

-Xaraktercə hansı adamlarla işləməyi üstün tutursunuz?

-Ən sevmədiyim bürc əqrəb bürcüdür. Sancırlar insanı.

-Sizcə indiyədək uğurlarınızın qızıl qaydaları nələr olub?

-Ümumiyyətlə uğurun qızıl qaydası insanların nəyə ehtiyacı olmasının və ürəklərinin nə istəməsini hiss etməkdir. Mən heç vaxt inanmazdım ki, bu cür düşünməyim mənə uğur gətirər. Həmişə fikirləşirdim, nəyə görə qalstukların üzərində xristianlara, digər mədəniyyətlərə məxsus ornamentlər olan əşyaları bizim insanlar boynunda gəzdirir, olmazmı ki bunların yerinə bir xarıbülbül olsun. Elədim və əvəzində əhsən sözünü qazandım. Və ölkədən gedəndə həmişə düşünürdüm ki nə aparım ki, qarşımdakına Azərbaycanı göstərim. Bilsinlər ki, mən Azərbaycandan gəlmişəm, Azərbaycan vətəndaşıyam. Amma dəyərli bir şey tapa bilmirdim. Bahalı xalça alıb aparmağa imkanım çatmırdı.Həmçinin yaxın zamanda məhsullarımız Heydər Əliyev adına Hava limanında da olacaq. Hədiyyə almağa vaxt tapa bilməyən insanlar təyyarəyə minməmişdən qabaq bu fürsəti əldə edəcəklər.

 

 

Əsmər Qabil

Foto: Seymur Kərimli