Vəkil Xəyal Bəşirov: "Övlad kimin yanında yaşayırsa qarşı tərəf aliment ödəməlidir", Alimenti ödəməkdən boyun qaçıranlar cinayət məsuliyyətinə cəlb olunurlar, 24.03.2017 1188

Vəkil Xəyal Bəşirov: "Övlad kimin yanında yaşayırsa qarşı tərəf aliment ödəməlidir"

Alimenti ödəməkdən boyun qaçıranlar cinayət məsuliyyətinə cəlb olunurlar

-Xəyal bəy, öncə indiyə qədər gəlib çatdığınz yola nəzər salaq. Vəkillik peşəsinə yiyələnənə qədər qazandığınız uğurlar hansılardır?

-Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Daha sonra ixtisasıma magistr kimi Dövlət İdarəçilik akademiyasında davam etmişəm. Amerika Hüquqşünaslar Assossiasiyası, Vəkillər Kollegiyası, Ədliyyə Akademiyasının keçirdiyi çoxsaylı treninq, seminarlara qatılmışam. 5 ildən çoxdur vəkil kimi fəaliyyət göstərirəm. Düzdür bütün məhkəmələrdən qalib ayrılmaq hər vəkilə qismət olmur. Ancaq indiyədək çoxlu sayda cinayət işinə istintaq mərhələsində, eləcə də məhkəmədə irəli sürdüyüm sübutlarla xitam verilib. Bundan başqa mülki işlərdən də xeyli udduğum məhkəmələr var. Əlbətdə dəqiq sayını bilmirəm.

-Hazırda zən çox rast gəlinən hüquqi problemlərdən biri valideynlərin mülkiyyətində olan əmlakın onların vəfatındən sonra övladları arasında bölüşdürülməsilə bağlıdır. Bu əmlak qanunla necə bölünməlidir?

- Belə problemlərlə tez-tez rastlaşıram. Çox valideynin qanunvericilikdən xəbəri olmur və vəsiyyətnamə qoymur, bundan sonra sadə dildə desək övladlar arasında əmlak uğrunda müharibə başlayır. Hər bir şəxs əmlakını ya vəsiyyətnamə əsasında, ya da qanun üzrə vərəsəliklə kiməsə verir. Bir valideyn dünyasını dəyişdikdə əmlak digər valideyn və övladları arasında, hər iki valideyn vəfat etdikdə isə övladlar arasında bölünür. Əgər əmlak vəsiyyətnamə ilə ailədən kənar  bir şəxsə verilibsə, qanun üzrə vərəsələrin ondan məcburi pay almaq imkanı var. Məcburi payın miqdarı da, ailə üzvünün vəsiyyətnamə ilə əvvəl ala biləcəyi payın yarısıdır.

-Əgər kimsə mülkiyyətində olan əmlakı və ya hansısa maddi sərvəti kiməsə vəsiyyət etmək istəyirsə bunun üçün həmin şəxslər nə etməlidir?

- Vəsiyyətnamənin iki forması var. Ev vəsiyyətnaməsi və notariat qaydada təsdiq olunmuş vəsiyyətnamə. Notariat vəsiyyətnaməsə notariusda yazılır və təsdiq olunur. Əgər hər hansı şəxsə bu vəsiyyətnamə ilə miras qoyulubsa, vəsiyyət edən şəxsin ölümündən sonra notariusa müraciət edib vəsiyyətnaməni təqdim edir və həmin şəxsə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilir. Və qeyd olunmuş əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edir . Mülkiyyət hüququnu təsdiq edən sənəd verilir.

Aliment məsələsi ilə bağlı problemlər daha geniş yayılıb. Bəzi hallarda müşahidə edirik ki, evliliyinə son qoyan şəxslər məhkəmə qərarı ilə tələb olunan məbləği ödəməkdən imtina edir. Qanun bu yerdə nə deyir və hansı hallarda qarşı tərəf aliment ödənişindən azad edilə bilər?

-Mütləq deyil rəsmi qaydada nikaha son verilməsi, valideynlər ayrı yaşayırlarsa, övlad kimin yanında yaşayırsa digər tərəf aliment ödəməlidir. Qanunvericiliyə görə aliment öhdəlikləri mütləq qaydada yerinə yetirilməlidir. Alimentin miqdarını əgər valideynlər arasında razılaşma varsa özləri müəyyən edir.  Azərbaycan Respublikasında hər il ehtiyac minimumu qanunla təsdiq olunur. 2017-ci il üçün uşaqlara münasibətdə ehtiyac minumumu  136.6 manatdır. Ailə Məcəlləsinə əsasən bir uşağa aliment şəxsin gəlirinin ¼ hissəsi, iki uşağa 1/3, daha artıq uşağa münasibətdə isə aylıq gəlirinin yarısı nəzərdə tutulur. Əgər həmin şəxsin aylıq gəlirini müəyyən etmək mümkün deyilsə, onda qeyri-sabit  məbləğ olur. Aliment ödənmədikdə isə, həmin şəxs öhdəliyi yerinə yetirmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunur. Yəni, alimenti ödəməkdən boyun qaçırmaq mümkün deyil.

-Bəzən tikinti şirkətləri işçiləri işlədib əmək müqaviləsi olmadığına görə ödəniş etməkdən imtina edirlər. İnsanlar bu halla qarşılaşmamaq üçün nələrə diqqət etməlidirlər?

- İstənilən şəxsin işə qəbul olanda əmək müqaviləsi tələb etmək hüququ var. Həm bu hallardan sığortalanması üçün, həm də işdən çıxarılan zaman kompensasiyaların tələb olunması, eyni zamanda aylıq əmək haqqının tələb olunması üçün əmək müqaviləsi məcburidir. Əmək hüquqlarının tələb olunması üçün əmək müqaviləsi vacib şərtdir. İnsanlar əmək müqaviləsinin bağlanmasına ciddi yanaşsalar, əmək hüquqlarını tələb etsələr, gələcəkdə istənilən formada onların hüquqları pozulacaqsa, işə götürəndən öz haqqını tələb edə, digər halda məhkəmə qaydasında hüquqlarını bərpa edə bilərlər.

-Tikinti şirkətləri ilə bağlı ən çox rast gəlinən mübahisəli məqamlar hansılardır və vətəndaşlar fırıldaqçıların toruna düşməmək üçün nə etməlidir?

- Yeni binalarda mənzil almaq istəyən insanlara tövsiyəm odur ki, həmin şirkəti internet resurslarından istifadə edərək araşdırsınlar. Həmin mənzil tikinti kooperativləri haqqında cinayət işi gedirsə, o MTK-dan mənzil almasınlar. İlk problemlərdən biri, bir mənzilin bir neçə nəfərə satılmasıdır və bu müqavilə əsasında olur. Bunlar çox vaxt MTK-nın özünə məxsus olan şablon müqavilələr olur. Nəzər yetirdikdə, MTK-lar-ın hüquqları demək olar ki saysızdır, amma alıcıların hüquqları bir və ya iki bənddən ibarət olur. Digər hal, bir şəxsin müqavilə əsasında alınan mənzili digər şəxsə satmaq istəyəndə MTK rəhbərliyi tərəfindən ondan əsassız vəsait tələb olunmasıdır. Bu da qanunvericiliyə ziddir. Daha bir pozuntu halı isə, kommunal xərclərin müəyyənləşdirilməsindədir. Elektrik və qazın qiymətlərinin artırılmasını əsas gətirib, MTK-lar qiymətləri qaldırır. Qanunvericiliyə görə bina təhvil verildikdən 6 ay ərzində kooperativ ləğv olunmalıdır. Həmin binanın sakinlərinin ümumi yığıncağı çağırılmalıdır. 51% səs çoxluğu ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalıdır. Hüquq pozuntularından biri də kommunal xidmətlər üçün sayğacların quraşdırılmasındadır. Nazirlər kabinetinin qərarı ilə elektrik, su və qaz sayğacları həmin qurumun hesabına qoyulmalıdır. Amma MTK-lar özləri istədikləri məbləğlər tələb edirlər. Əsassız olduğuna görə sənəd də təqdim etmirlər.

Bəzən insanlar etibar edib evini, digər əmlakını kiminsə adına keçirir. Ancaq sonra həmin şəxs bu əmlakı mənimsəyir. Bu halın yaşanmaması üçün vətəndaşlar nə etməlidir?

-Əgər kimsə hər hansı şəxsə əmlakını etibar edirsə, nəzərə almalıdır ki, gələcəkdə həmin şəxs mülkdən istədiyi kimi istifadə edə bilər. Etibarnamənin də növləri var. Sərəncamvermə hüququ olan etibarnamə var ki, həmin sənəd əsasında şəxs əmlakı bağışlaya, sata bilər. Yəni, bu riskləri nəzərə alıb etibarnaməni verirsə, bunun nəticələrini də göz önünə almalıdır. Qanunvericiliyə əsasən etibarnamə varsa, bu etibarnamə həmin şəxsə əmlakdan istifadə hüquqları verir. Əgər sübuta yetirilsə ki, etibarnamə başqa məqsədlə verilib, həmin şəxs bundan sui-istifadə edib, onların nəzərdə tutduğu niyyətdən kənara çıxıb, bu halda qanunsuz hesab oluna bilər. Və əmlak qaytarıla bilər. Çox vaxt bunu sübuta yetirmək çox çətindir.

Fırıldaqçı iş yerləri hər gün daha da artır. İnsanları yüksək əmək haqqı adı ilə pullu seminarlara cəlb edirlər. Sonra da aldadıb aradan çıxırlar. Belə şəxsləri hansı cəza gözləyir və bu halla qarşılaşan vətəndaş nə etməlidir?

-Əmək qanunvericiliyinə əsasən pul müqabilində işə qəbul yoxdur. İşə qəbul müsabiqə əsasında aparılır. Heç bir yerdə nəzərdə tutulmayıb ki, işə qəbul müəyyən vəsait hesabınadır. Bunlar qeyri-rəsmi tərəflərdir ki, insanları aldadırlar. Bu hal qanunvericilikdə nəzərdə tutulmadığına görə həmin işə gedən şəxs, özü əvvəlcədən hüquqlarının pozulmasına şərait yaradır. Təbii ki, qarşı tərəf dələduzluq cinayətini törədir, amma həmin şəxs də qanun pozuntusuna yol verir.    

 

Əsmər Qabil

Foto: Seymur Kərimli