19.04.2017 859 Vüqar Bayramov: Pulum olmadığı üçün ingilis dili kursuna cəmi iki ay gedə bilmişdim, Kasıb bir ailənin övladını dünyada məşhur alim olmağa aparan yol, vuqar bayramov, iqtisad, iqtisadci, ekspert, bayramov, vuqar, vugar bayramov,

Vüqar Bayramov: Pulum olmadığı üçün ingilis dili kursuna cəmi iki ay gedə bilmişdim

Kasıb bir ailənin övladını dünyada məşhur alim olmağa aparan yol

-Vüqar bəy, öncə Amerikada oxumağınızdan danışaq. Bu ölkədə oxumaq üçün sizə hansı çətinliklərdən keçmək lazım gəldi?

-Mən 1992-ci ildə orta məktəbi bitirdiyim zaman Azərbaycan üçün olduqca çətin dövr idi. Həm iqtisadi, həm sosial, həm də siyasi vəziyyət kəskin şəkildə pisləşmişdi. Orta təhsilimi Bakıda-1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə almışam. Əvvəllər riyaziyyatçı olmaq istəyirdim. Çünki riyaziyyat təmayüllüdə təhsil alırdım, orta məktəbdə riyaziyyat mənim ixtisasım idi. Orada təhsil aldığım zaman mənim hədəfim təhsilimi Moskvada davam etdirmək idi. Hətta Moskvada hansı universitetdə təhsil alacağımı belə müəyyənləşdirmişdim və seçim olaraq tətbiqi riyaziyyatı seçmişdim. Bütün planlarımı məhz bunun üzərində qurmuşdum. Amma təbii olaraq, dəyişdi. SSRİ dağıldı və Azərbaycan müstəqil dövlətə çevrildi. Bu, təbii ki, müsbət hal idi. Amma eyni zamanda bizim Moskvada təhsil almağımızın mümkünlüyü də qalmamışdı. Çünki SSRİ dağıldığı və Azərbaycan müstəqil olduğu üçün Azərbaycan vətəndaşları Moskvada təhsil almaq üçün ödəniş etməli idilər. Bizim həmin dövrdə ödəmə imkanlarımız məhdud idi. Atam mən 4-cü sinifdə oxuyanda, vəfat etmişdi. Anam müəllimə idi. Yalnız o işləyirdi və bütün yük onun üzərində idi. Buna görə də mənim planlarım dəyişdi. Mən Azərbaycanda qalıb təhsilimi burada davam etdirməli oldum. Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. O zaman mən yataqxanada yaşayırdım. 1 il oxuduqdan sonra mən özlüyümdə müəyyənləşdirdim ki, dəyişiklik etmək, həyatı dəyişmək zəruridir. Lakin 1990-cı illərdə həyatı dəyişmək o qədər də asan deyildi. Mən düşündüm və qərara gəldim ki, yeni həyata başlamaq və eyni zamanda, hədəflərə nail olmaq üçün  yeganə yol xaricdə təhsil almaqdır. 

Orta məktəbdə və universitetin 1-ci kursunda mənə alman dili keçmişdilər. 2-ci kursda hiss elədim ki, mənə ingilis dili lazımdır. Çünki həmin dövrdə alman dili ilə təqaüd alıb xaricə getmək mümkün deyildi. İngilis dili vacib idi, lakin o zaman müəllim yanına getməyə vəsait yox idi. Müəyyən vəsait toplayıb 2 ay müəllim yanına getdim, amma sonra pulu ödəyə bilmədiyim üçün çox təəssüf ki, dayandırmalı oldum. Fərdi məşğul olmağa başladım. Mən düşünürdüm ki, yaxşı iqtisadçı ola bilərəm. Yaxşı iqtisadçı olmaq üçün yaxşı təhsilə, yaxşı təhsil üçün isə xaricə getməyə ehtiyac var idi. İlkin hədəfim olan ingilis dilini öyrəndim. 1 il sonra “TOEFL” imtahanına müraciət etdim və lazım olan balı topladım. İlk səfərim Kanadaya oldu. Bir müddət orada təhsil aldım. Daha sonra isə təhsilimi ABŞ-da Vaşinqton Universitetində davam etdirdim. 

-Amerikada oxuduğunuz müddətdə oradakı təhsillə Azərbaycandakı təhsil arasında hansı fərqləri gördünüz?

-Mən ADİU-ya qəbul olduğum zaman Azərbaycanın təhsil sistemində vəziyyət yaxşı deyildi. Həm müharibə, həm iqtisadi-sosial-siyasi vəziyyətin yaxşı olmaması nəticə etibarilə təhsilə ciddi təsir göstərmişdi. Təhsilin səviyyəsində xeyli dərəcədə fərqlər müşahidə olunurdu. Təbii ki, Amerikadakı təhsillə Azərbaycandakı təhsil arasında ciddi fərq var. İndi də var və gələcəkdə də olacaq, böyük ehtimal. Nəinki Amerika təhsili ilə Azərbaycan təhsili, hətta Amerika təhsili Avropa təhsili ilə müqayisədə xeyli dərəcədə irəlidədir. Ötən əsrin 70-ci illərində dünyada iki Kembric məktəbi var idi. O Kembric məktəblərindən biri Böyük Britaniyanın Kembrici idi, digəri isə ABŞ-ın. 70-ci illərədək Böyük Britaniya Kembrici öndə idi. 70-ci illərdən sonra isə Amerikadakı təhsil sistemi inkişaf etməyə başladı və nəticə etibarilə ABŞ-ın Kembrici Böyük Britaniya Kembricini qabaqladı. Düşünürəm ki, bu gün ABŞ dünyanın ən yaxşı təhsil verən ölkəsidir. Universitetlər arasında rəqabət çox güclüdür və biz ABŞ-da ən yaxşı onluğa baxsaq, dövlət universiteti ya 1 dənə var, ya da heç yoxdur. Demək olar ki, bu onluğa düşən bütün universitetlər özəl universitetlərdir. Amerika əslində özəl universitetlər üzərindən təhsildəki inkişafı qurdu. Çox maraqlıdır ki, İsveçrədə özəl universitetlərin fəaliyyətinə icazə verilmir, ABŞ-da özəl universitetlər ən yaxşı onluğu təşkil edir. Amerikada olduğum zaman mənim ən çox diqqətimi cəlb edən o oldu ki, məhz həmin dövrdə Amerika universitetləri artıq beyin mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdı. Yəni universitet yalnız təhsil verən ali məktəb deyil. Universitet artıq daha çox beyin mərkəzidir. Azərbaycan universitetlərinin də mərhələli şəkildə beyin mərkəzinə çevrilməsinə ehtiyac var.

-Vüqar bəy, sizi daha çox Qərb ölkələrində tanınmış iqtisadçı ilə yanaşı həm də İqtisadi və Sosial İnkişaf Mərkəzinin qurucusu kimi tanıyırlar. Necə oldu ki, bu beyin mərkəzini qurmaq haqqında qərar verdiniz? Bu beyin mərkəzi beynəlxalq reytinq cədvəllərində indiyədək hansı yerləri tutub?

-Mən Azərbaycana tam olaraq, 2004-cü ildə geri döndüm. Həmin zaman özlüyümdə müəyyən müzakirələr var idi: Azərbaycanda qalım, yoxsa Amerikaya dönüm? ABŞ-da qalım, orada işləyim və oranın vətəndaşlığını alım, yoxsa Azərbaycana dönüm? Qərara gəldim ki, Azərbaycanda qalım və düşünürəm ki, doğru qərar qəbul etmişəm. Xüsusilə, xaricdə təhsil alan gənclərimizə də müraciət etmək istərdim ki, Azərbaycana dönsünlər. Hansı sferada olmağından asılı olmayaraq hər birimizin ölkənin inkişafına töhfə verməyimizə ehtiyac var. Mənim üçün beyin mərkəzi çox önəmli idi. Ölkədə yaranacaq institutlara töhfə verə biləcəyimi düşündüm. Beyin mərkəzinin yaradılması mənim üçün cəlb edici idi, çünki mən Azərbaycana gələndə beyin mərkəzi yox idi. İqtisadi və Sosial İnkişaf Mərkəzi qlobal reytinqdə və qlobal ensiklopediyada Azərbaycanda ilk beyin mərkəzi kimi tarixə düşüb  və Azərbaycanda rəsmi olaraq qlobal aləm tərəfindən qəbul edilən ilk beyin mərkəzidir. İlkin dövrlər təbii ki, çətin idi. Çünki maliyyə imkanları yenə də məhdud idi. Amma bilirdim ki, beyin mərkəzinə ehtiyac var. Nəticədə beyin mərkəzi formalaşdı. Biz beyin mərkəzinə ilk xarici tədqiqatçıları gətirən Azərbaycan beyin mərkəzinə çevrildik. Həm də qlobal reytinqdə ilk yer tutan Azərbaycan beyin mərkəzi olduq. Qiymətləndirmə başladıqdan sonra bu il də daxil olmaqla biz Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəziyik. Həmçinin, dünyada ən yaxşı idarə edilən 5, dünyanın ən yaxşı, ən məşhur müstəqil 10 beyin mərkəzindən biriyik. Biz çalışırıq ki, müstəqil mövqeyimizi qoruyub saxlayaq və təkliflərimiz vasitəsilə proseslərə təsir göstərək. Təkliflər, dialoqlar və vəkillik yolu ilə öz təkliflərimizin qəbul edilməsinə çalışırıq. Bu istiqamətdə biz beynəlxalq təşkilatlarla, dövlət qurumları ilə, digər qeyri-hökumət təşkilatları ilə, vətəndaş cəmiyyəti ilə, sizin kimi media işçiləri ilə əməkdaşlıq edirik.

-Yunanıstanda hələ iqtisadi böhran başlamazdan əvvəl  bu ölkənin hökumətinə tövsiyələr vermək üçün göndərilən xüsusi ekspert qrupunda siz də var idiniz. Yunanıstan hökumətinə hansı tövsiyələriniz oldu?

-Xüsusi proqram çərçivəsində Yunanıstana getmişdik. Həmin dövrdə Yunanıstanda yeni valyutanın tətbiq edilməsi, büdcə konsultasiyası kimi məsələlər müzakirə olunurdu. Yeni valyuta fikri kifayət qədər ağıllı görünürdü və mən bu fikrin tərəfdarı idim. Yunanıstanda problem o idi ki, Yunanıstan hökuməti kifayət qədər böyük məbləğdə xərcləmələrə yol vermişdi və sosial xərclərin payı artmışdı. Dövlət həmin dövrdə o səviyyədə deyildi ki, bu xərcləri qarşılaya bilsin. Nəticədə də təbii ki, böhranın yaranmasına gətirib çıxarırdı.

-Sizcə, uğur qazanmaq üçün insanda hansı keyfiyyətlər cəmlənməlidir?

-Başlıca olaraq təbii ki, təhsil çox önəmlidir. ABŞ kimi ölkələr insan kapitalının inkişafı baxımından çox öndədir. İnsan kapitalının bir elementi də gender bərabərliyidir. Hansı ölkələrdə gender bərabərliyi daha çox inkişaf edibsə, o ölkələrdə xanımlar təhsillidir. Təhsilsiz xanım öz hüquqlarını daha az bilir, nəinki təhsilli xanım. Hansı ölkələrdə ki, gender problemi var, o ölkələrdə təhsil səviyyəsi aşağıdır. İnsan daim çalışmalıdır uğur əldə etmək üçün. Fərqi yoxdur neçə yaşı var, fərqi yoxdur hansı sahədədir. Tələbə, orta yaşlı, təqaüdçü olmasından asılı olmayaraq hər zaman öz üzərində işləməyi bacarmalıdır. Diplom olmaya da bilər, amma təhsilin olması vacibdir. 

-Vüqar bəy, heç olubmu ki, tanınmış mütəxəssis olduğunuza görə sizi başqa ölkədə yaşamağa, işləməyə dəvət etsinlər?

-Təbii ki, olub və hələ də olmağa davam edir. 2013, 2014 və 2015-ci illərdə bir neçə ölkədən yaşamaq, işləmək və hətta ailəvi vətəndaşlığın verilməsi bağlı təkliflər almışam. Amma, mən hal-hazırda bir neçə beynəlxalq qurumlarla da birbaşa aparıcı ekspert olaraq əməkdaşlıq edirəm. Gələcəkdə necə olacağını deyə bilmərəm, amma indiki qərarım ölkəmdə olmaq, ölkəmdə yaşamaq və burada çalışmaqdır.

-İşçi heyətinizi seçərkən ən çox nələri əsas götürürsüz?

-Vakansiya elan olunur. Seçimlə bağlı xüsusi komissiyamız var. Mən bu prosesə müdaxilə etmirəm. Obyektiv və şəffaf şəkildə seçim aparılır. İqtisadi qurum olduğumuza görə iqtisadi biliklər çox önəmlidir. Təhlil bacarığı əhəmiyyətli rol oynayır. İngilis dili də bizim üçün çox vacibdir, çünki bizim hesabatların demək olar ki, hamısı Azərbaycan-ingilis dilində nəşr olunur və yayılır. Düşünürəm ki, 11 ildir fəaliyyət göstərən beyin mərkəzinin sədri və ya direktoru olaraq mən heç zaman işçilərin inzibati metodlarını idarə etməmişəm, hər zaman işçilərlə müdir kimi deyil, dost kimi əməkdaşlıq etməyin tərəfdarı olmuşam.

-Çox məşğul insansınız, Vüqar bəy. Uşaqlarınıza vaxt ayıra bilirsizmi? Sizi az görməkdən şikayətlənmirlər ki?

-Təbii olaraq şikayətlənirlər. Çünki mənim xarici səfərlərim də olur. İşdən və ya işdən kənar səfərlərə gedirəm. Hətta bəzən elə olur ki, ay ərzində 5-6 səfərim olur. Çünki həm universitetlərlə, həm də beynəlxalq qurumlarla əməkdaşlıq edirəm. Şikayətlənirlər, amma artıq demək olar ki, öyrəşiblər. Getdikcə şikayətlərin sayı azalır. Amma mən də çalışıram ki, ailəmə və uşaqlarıma zaman ayırım. Nə qədər ki, Bakıdayam, imkan daxilində yararlanmağa çalışıram. Bəzi hallarda ayın yarısından çoxunu xaricdə oluram, belə olduqda onlara zaman ayırmaq imkanım məhdudlaşır.

-İşdən sonra ən sevdiyiniz və sizi rahatladan məşğuliyyətlər nələrdir?

-Həftədə 1-2 dəfə idmanla məşğul oluram. Əsasən, üzgüçülüklə. Həftədə 1 dəfə futbol oynayıram. Bizdə uşaqlar nisbətən kiçik olduqlarına, hələ ibtidai sinifdə oxuduqlarına görə onların təhsildə daha çox dəstəyə ehtiyacları var. Bunun üçün də qalan vaxtlarımda da çalışıram uşaqlarla, onların təhsili ilə məşğul olum.

 

Ayşən Rəhimova

Foto:Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün