19.03.2017 421 Ülvi Zülfüqar: Ebru sənətinin ən böyük özəlliyi heç bir şəklin bənzərinin olmamasıdır, "Bu əsərlər 2-3 əsr rəngi solmadan orijinallığını qoruyub saxlayır", ulvi zulfuqar, ebru, seneti, ebruli,

Ülvi Zülfüqar: Ebru sənətinin ən böyük özəlliyi heç bir şəklin bənzərinin olmamasıdır

"Bu əsərlər 2-3 əsr rəngi solmadan orijinallığını qoruyub saxlayır"

-Ebru sənəti adi rəssamlıqdan nələri ilə seçilir?

-Ebru sənəti əsasən, insanın psixologiyasına təsir edən bir sənətdir. Digər sənət növləri, məsələn, yağlı boya və ya qələmlə çəkilən sənət əsərləri əslinin təkrarı yəni, bənzəridir. Ebru sənətində onlardan fərqli olaraq bir damcı boya suya düşdüyü andan etibarən o əsər bir daha təkrarlana bilməz. Yəni, çəkdiyimiz bir əsərin ikinci bir bənzəri ola bilmir.

-Necə oldu ki bu sənətlə məşğul olmağa qərar verdiniz? Bu sənətdə sizi cəlb edən nə oldu?

-Mən liseydə oxuduğum zaman bizə əmək dərsləri keçirdilər. Müəllimlərimin təkidi ilə bu sənətə başladım. Məni bu sənətdə cəlb edən suyun öz qüvvəsi oldu, yəni, boyanın suyun üzərində qalması. Bununla da ebru sənətinə yiyələndim. Düşünmürəm ki, bu sənət məni digər sənət növlərindən ayrı salıb. Lakin ebru sənətində daha həvəsli, daha istəkliyəm, əsərlərimi sevgiylə ərsəyə gətirirəm.

-İndiyə qədər bu sənətdə ən böyük uğurunuz nə olub?

-Mən bu sahədə ilk işimi çəkəndə qorxu içində idim. Yəni, çəkə bilmirdim, dəfələrlə cəhd etdim, çəkə bilmədim. Ən böyük qorxum o idi ki, çəkə bilməyəcəm, məndə alınmayacaq. Bu sənətdə bizə lazım olan boyalar hazır satılmır. 

Torpaq gəlir bizə, deyirlər ki, bu torpaqdan ortaya nələrsə çıxarmalısan. Yəni, bu torpağın hazırlanması, suyunun hazırlanma qaydası filan məni qorxudurdu. Amma mən bunların öhdəsindən gəldim. Daha sonra dərk etdim ki, ebru sənəti digər sənət növlərindən olduqca fərqlidir.

-Hazırladığınız əsərlərlə daha çox hansı təbəqədən olan insanlar maraqlanır? Satdığınız ən bahalı əsər hansı qiymətə olub?

-Təbəqələrə bölmək istəmirəm. Bunu deyə bilərəm ki, həm gənc, həm də yaşlı nəsil maraq göstərir. Daha çox yaşlı nəsli vurğulamaq istəyərdim. Gənclər o qədər də belə sənətlərlə maraqlanmırlar. Lakin yaşa dolduqca və psixologiyaları yerinə oturduqca bu cür sənətlərə maraqları artır.

-Bu sənəti nə qədər müddətə öyrənmək olar? Bunu hər adam öyrənə bilər, yoxsa xüsusi nələrsə tələb olunur?

-Bu sənəti öyrənmə müddəti yoxdur. Çünki bu sənət elə bir şeydir ki, onu öyrənmək üçün insandan onun həyatını tələb edir. Xüsusi bacarıq və əl qabiliyyəti ilə yanaşı maraq göstərən, həvəsi olan və sevgiylə yanaşan hər bir kəs öyrənə bilər.

-Ebru sənəti ilə bir əsəri ərsəyə gətirmək üçün minimum nə qədər vaxt lazım gəlir? Bu sənətlə hazırlanan əsərlər nə qədər müddət solmadan öz orijinallığını qoruyub saxlayır?

-Bu, əsasən, boyadan asılı olur. Bizim istifadə etdiyimiz boyalar torpaq boyalardır. Torpaqdan hazırlanan boyalar günəş işığında qalsa belə, 1-2 əsr öz orijinallığını qoruyub saxlaya bilər. Osmanlı, Çin, İran tarixlərinə nəzər yetirsək, ebru əsərlərinin 2-3 əsr qaldığını görə bilərik. Hal-hazırda Avropadan kimyəvi boyalar da gəlir. Onlardan hazırlanan əsərlərin qalma müddətini təxmini deyə bilmərəm, amma onu deyə bilərəm ki, boyalar solur və əsər orijinallığını itirir.

-Bu sənətin növləri varmı? Varsa, aralarındakı fərqlər nələrdir?

-Ebrunun 6-7 növü var. Bülbül yuvası, çiçəkli ebru, battal ebru, şal ebrusu, hatip ebrusu və s. növlərin adlarını çəkmək olar. Bülbül yuvası ebrusu boya suya damladığı andan  üzərinə digər boyalar əlavə etməklə və biz yardımıyla onları bülbül yuvası şəklində burmaqla hazırlanır. Çiçəkli ebru istənilən bir çiçəyə formalar verərək çəkilməsidir. Battal ebrusu 2-3 rəngdə boyanın üst-üstə düşərək aralarında damarlar yaradaraq hazırlanmasıdır. Hatip ebrusu battal ebrusu ilə birləşərək hazırlanır. Əsasən, battal ebrusunun üzərində əski hərflərin, yazıların yazılmasıdır.

-Hər sahənin marağı ilə yanaşı maddi tərəfi də var. Bu sənətlə maliyyə təminatını ödəmək mümkündür, yoxsa başqa sahə ilə də məşğul olmağa ehtiyac duyursuz?

-Mən 2006-cı ildən bu yana bu işlə məşğulam. Öyrənmə mərhələm 2006-2008-ci illəri əhatə edir.  Bu zamana kimi hələ ki, bu sahədə maddi maraq güdməmişəm. Ebru sənətinə başladığım müddətdə tək istəyim bu sənətin Azərbaycanda daha da yayılıb inkişaf etməsi və layiqli yerləri tutması idi. Mən hətta Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına da müraciət etmişdim ki, bu sənət dərs kimi tədris edilsin. Hələ ki, bu sənətdən istəyim Azərbaycanda layiqli yerlərə gəlməsi və öz yerini tutmasıdır. Daha sonra əgər ehtiyac olarsa, maddiyat tərəfini düşünərəm.

-Sənət sahibi olan şəxs üçün ən çətin vəziyyət onu anlamayanların həmin sənətə mənfi rəylər bildirməyi ilə qarşılaşmasıdır. Heç olubmu belə bir vəziyyət və əsərlərinizi tənqid edənlərə cavabınız nə olub?

-Əlbəttə ki, qarşılaşmışam. Mənfi rəylər bundan ibarətdir ki, deyirlər ki, su üzərinə boya atılır, çəkilir, nə var ki bunda? 

Mənim reaksiyam isə belə olur: Əgər ebru sadəcə su üzərinə boya atmaqdırsa, bu suyu hazırlamaqda, boyaları hazırlamaqda çətin bir şey yoxdursa, buyurun, hazırlayın, mənə təqdim edin, mən də sizlə razılaşım.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün