15.04.2017 254 Ekoloq Telman Zeynalov: "Deyirlər ki, Azərbaycan 42 il sonra su qıtlığı ilə üzləşəcək", Tullantıları yandırmaq əvəzinə emal etsək gübrə, qaz, işıq, yem əldə edə bilərik, telman, zeynalov, ekoloq, ekologiya, tebiet, təbiət,

Ekoloq Telman Zeynalov: "Deyirlər ki, Azərbaycan 42 il sonra su qıtlığı ilə üzləşəcək"

Tullantıları yandırmaq əvəzinə emal etsək gübrə, qaz, işıq, yem əldə edə bilərik

-Telman bəy, uzun illər ekologiya sahəsində çalışmısız. Bu sahədə ən böyük uğurunuz, tədqiqatlarınız hansılar olub?

-Ən böyük uğur olaraq təbiətimizi qorumağı göstərmək istəyirəm. Əgər mən yaşayıramsa, sağlam olmaq istəyirəmsə, gələcək nəslin sağlamlığını düşünürəmsə, təbiətimi qorumalıyam, təmizləməliyəm. Təbiəti təmiz saxlayıb elə bu cür də gənc nəsilə ötürmək lazımdır. Mənim əsas məqsədim təbiəti təmizləmək, Azərbaycanı tullantısız məkana və dünyada analoqu olmayan dövlətlərdən birinə çevirməkdir, millətimizə layiq olan şəkildə güllü-çiçəkli təbiətlə təmin etməkdir. Sabah biri yol gedərkən asqıranda, o dəqiqə həkimə qaçmasın ki, görəsən mənə nə oldu? Təbiət özü müalicədir, torpaqlarımız, sularımız, meşələrimiz. Düzü, mən orta məktəbdə oxuyarkən təbiət haqqında elə də düşünmürdüm. Ancaq rayonlara filan gedəndə, yaşıllıqlara baxanda, ürəyim açılırdı.

-Dünyada müasirləşmə, texnologiyaların inkişafı müşahidə edilsə də, bu, eyni zamanda, özünü böyük ekoloji problemlərdə göstərir. Azərbaycanın ən böyük ekoloji problemləri hansılardır və sizcə, həll yolları nələr ola bilər?

-Mən deyərdim ki, biz həmin problemlərin 1-2 faizini həll edə bilirik. Təkcə Azərbaycanda yox, bütün dünyada ən böyük ekoloji problem tullantılardır. Sovet dövründə hər binanın altında şüşə, kağız, dəmir və digər tullantıları qəbul edən məntəqələr var idi. Biz valideynlərimizdən pul almırdıq ki. Biz bütün köhnə tullantıları yığaraq həmin məntəqələrə təhvil verirdik, qarşılığında da pul alırdıq. İndi belə şeylər yoxdur. Zibillərdən azad olmaq, çirkab suları təmizləmək lazımdır. Tullantıları idarə etmək lazımdır. Dövlət sərəncam versin, kim istehsal edirsə, onlar da öz mallarını yığışdırsınlar, zəhmət çəkib yenidən emal etsinlər. Həm onlar üçün yeni iş yerləri açılar, həm də şəhərlərimiz tərtəmiz olar. Kənd yerlərində tullantıları çürütməklə onu qaza, işığa çevirə bilərlər. Dövlətin köməyinə heç ehtiyac qalmır. Artıqlarını dövlətə satsınlar. Dövlətə imkan verməsinlər zibil yandırma zavodları tikməyə. Mən onu zibilə niyə çevirirəm? Mən onu pula çevirərəm də. Qızıldır. Zavodda yandırsalar, mənə sadəcə enerji verəcək, vəssalam. Amma o tullantıları çürütsəm, suvarma üçün su, torpaq üçün gübrə, qaz, işıq və mal-qara üçün yem əldə edə bilərəm. Mən tullantıları inkişaf etdirsəm, onlar neftdən daha çox gəlir gətirər. 

-Bir müddət öncə Araz çayının suyunun bir qisminin İranla birgə istifadəsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Bu məsələ nə yerdə qaldı və əgər real olacaqsa, bu, Azərbaycanın Arazboyu iqliminə necə təsir göstərə bilər?

-Mən deyərdim ki, indi, bu dəqiqə Araz çayında su yoxdur. Bizdən asılı olmayaraq Urmiya gölü qurudulursa, İranın ərazisinə keçirsə, onun payına düşən Araz çayının 50 faizini Urmiya gölünə yönəldəcəyik. İstədik-istəmədik, bu qanundur. Onlar beynəlxalq qanunla işləyirlər.  Onlar ermənilərlə danışırlar, Araz çayı üzərində anbar yaratmaq istəyirlər. O zaman suyumuz tamamilə kəsiləcək. Azərbaycan ərazisində 8360-a qədər xırda çaylarımız var. Biz su cəhətdən o qədər də korluq çəkməməliyik. Ancaq görün dünyada necə siyasət gedir ki, Azərbaycan 42 il sonra su qıtlığı ilə üzləşəcək. Əgər 11 iqlim qurşağından 9-nun Azərbaycanda yerləşdiyi halda deyirlərsə ki, Azərbaycan su qıtlığı ilə üzləşəcək, o alimlərin başları xarabdır. Biz heç vaxt su qıtlığı ilə üzləşən deyilik. Amerika deyir ki, istilikdir, istiləşmə gedir, su qıtlığı olacaq, bunlar da başlayırlar su doldurub camaata satmağa. Yarım litr su bir litr benzindən bahadır. Sabah bizə desələr ki, oksigen çatışmazlığı olacaq, onu da satacaqlar. Narahat olmayın, bunun da olmasına az qalıb.

-Azərbaycanda atom elektrik stansiyasının qurulması ilə bağlı bəzi tədqiqatlar aparılmış, addımlar atılmışdı. Sizcə, belə bir stansiyasının qurulması hansı faydaları və ya problemləri gətirə bilər?

-Atom elektrik stansiyası yeganə olaraq evləri isidir və enerji verir. O mənə lazım deyil. Şəxsən mən onun əleyhinəyəm. Bu barədə kitab da çıxarmışam. Keçən il may ayında atom elektrik stansiyasının əleyhinə konfrans keçirdim. Cənab prezident də Türkiyədə olan zaman bu məsələni qaldırdı ki, atom elektrik stansiyası partlasa, hansı faciələr baş verəcək. Yüz illərlə o ərazilərdə insanlar yaşaya bilməyəcək. Bu haqda kitabımda elmi cəhətdən əsaslandıraraq daha ətraflı məlumat vermişəm. Əgər bütün dövlətlər birləşib tullantıları idarə etsələr, nə atom elektrik stansiyasına, nə günəş, nə də ki, külək enerjisinə ehtiyac qalmayacaq.

-Sərsəng su anbarı ilə bağlı dəfələrlə məsələlər gündəmə gəlib. Ancaq bir çox insanlar bu problemdən xəbərsizdir. Bu anbar təxminən hansı böyüklükdədir və ermənilər bu anbarı açıb buraxsalar, nə baş verər?

-Bilirsiz, heç nə baş verən deyil. Ordan gələn çaylardan ərazini suvarmaq üçün su yönəldirlər. Onlar sadəcə bizə iqtisadi cəhətdən zərbə endirirlər. Oranın tikilişində İran da onlara dəstək verib, kömək edib. Kəndlərdə təsərrüfat ərazilərini suvarmaq üçün su çatışmır. Qış vaxtı suyu buraxırlar, ərazini su ilə örtürlər ki, camaat bir balaca əziyyət çəksin, vəssalam. 

-Azərbaycanın ən böyük ekoloji problemlərindən biri də şoran torpaqların çox olmasıdır. Bu torpaqlar ümumi torpaq fondunun nə qədərini təşkil edir və onları yararlı hala gətirmək üçün nələr edilə bilər?

-Şoran torpaqlar 60 %-i təşkil edir. Şoran torpaqları yararlı hala gətirməyə ehtiyac yoxdur. Suyu başlı-başına buraxsan, yenidən şoranlaşacaq.

-Son zamanlar müxtəlif ağır xəstəliklərin yayılmasını ekoloji problemlərlə də əlaqələndirirlər. Hətta, müsahibələrinizdən birində bildirmişdiz ki, təyyarələrdən xaric olunan tüstü becərilən qida məhsullarının zərərli olmasına səbəb ola bilər. Bu proses necə baş verir?

-Günəş şüalarının Yer kürəsi üzərinə düşməsinin qabağını kəsmək üçün süni surətdə buludlar yaratdıq, onu da təyyarələr kimyəvi ziyan verici maddələr vasitəsilə səpələyirdilər. Həm torpağı zəhərləyirdilər, həm məhsulu ziyan edirdilər.

-Kür çayının daşması nəticəsində illər öncə böyük bir fəlakət yaşandı. Hazırda Kürdə vəziyyəti necə qiymətləndirirsiz və belə bir hadisənin yenidən baş verməməsi üçün görülən tədbirlər haqqında nə deyə bilərsiz?

-Kür çayının ərazisi Türkiyədən başlayır. Öz ərazilərini suvarmaq üçün onun istiqamətini qərbə doğru dəyişirlər. Demək olar ki, Naxçıvana su gəlmir. Bizim Kürün əksər suları Gürcüstan tərəflərdə, bir hissəsi də Azərbaycan ərazisində formalaşdırılırdı. Dediyiniz hadisə 2010-cu ildə baş vermişdi. Bir də belə hadisə baş verən deyil, narahatlığa lüzum yoxdur. Qış vaxtı dağlıq zonalarda çoxlu qar yağsa, istəsək də, istəməsək də, daşqınlar baş verir. Camaat aralarındakı fərqi bilmir və deyir ki, sel gəlir. Sel mayın axırı, iyunun əvvəli gələ bilər, hansı ki, buzlaqlar əriyən vaxt. O da ki, beş ildən, on ildən bir gəlir.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün