Professor Telman Nizamov: "ABŞ təyyarə salonlarının ozonlaşdırma ilə dezinfeksiyasının tədqiqinə Azərbaycandan iki il sonra başladı", Əvvəllər Azərbaycanın təyyarələrinə minəndə pilot İvanov deyirdilər, indi isə salonda doğma Azərbaycan ad, soyadları səslənir, 08.05.2017 283

Professor Telman Nizamov: "ABŞ təyyarə salonlarının ozonlaşdırma ilə dezinfeksiyasının tədqiqinə Azərbaycandan iki il sonra başladı"

Əvvəllər Azərbaycanın təyyarələrinə minəndə pilot İvanov deyirdilər, indi isə salonda doğma Azərbaycan ad, soyadları səslənir

-Telman müəllim, öncə təyyarələrə həvəsinizdən başlayaq. Bu sahəyə gəlişiniz necə olub?

-Təyyarələrə o qədər marağım olmayıb. Mən uşaq vaxtı elektriki sevmişəm. Yenidən həyata gəlsəydim tibb sahəsində olardım. Bildirim ki, Nobel mükafatı laureatı Pyotr Kapitsa həmişə belə bir şey vurğulayıb ki, əgər elmi təşkilatın rəhbəri alimdirsə o təşkilatda yeniliklər ola bilər, əgər təşkilatçıdırsa orada elmi yeniliklər ola bilməz. Milli Aviasiya Akademiyası həm təhsil müəssisədir, həm də burada elmi-tədqiqat işləri aparılır. Mən indi Konstruktor bürosununun rəisiyəm, həmçinin texnika elmləri doktoru, professor, dövlət mükafatı laureatı, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyalarının həqiqi üzvü, SSRİ ixtiraçısı döş nişanı alan ixtiraçı aliməm. Uşaqlıqda çoxu qanadlanmaq istəyir. Biz də o zirvəyə Aviasiya Akademiyasında işlər aparandan sonra çatmışıq.

-Patent almısınız. “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu ilə dezinfeksiyası” ilə bağlı. Bu ixtiranızdan danışaq.

-Bu siyahı bütün sivil ölkələrdə azon qazının istifadəsidir. Son illərə qədər Azərbaycan bu siyahıda yox idi. Biz “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu ilə təmizlənməsi”ni tətbiq etdikdən sonra Azərbaycanı bu siyahıya əlavə etdik. Sanasiya usulunda həm stimulyasiya, həm dezinfeksiya ola bilər, həm də ağır viruslari məhv etmək olar. Bunlar hamısı bir yerdə sanasiya adlanır. Biz ozonun istifadəsini hissələrə böldük. Birinci aviasiya oldu, çünki biz burada işləyirik. Daha sonra təbabətdə, kənd təsərrüfatında. Hazırda ozonlaşdırma aparatları hərbi qospitalın cərrahiyyə şöbəsində həm dezinfeksiya, həm də cərrahiyyə zamanı mikrobların nifuz etməməsi üçün istifadə edilir. Bu aparatlardan Tibb Universitetində də istifadə edilib. Kənd təsərrüfatı sahəsində bizim böyük nailiyyətlərimiz var. Bu işlərin hamısında biz izlə getmirik, öz izimizi qoyub gedirik. Vaxtilə biz bu işlərə başlayanda rektorumuz bizə bildirdi ki, bu işlərdə iz qoysanız məşhur olacaqsınız. İxtira hər yerdə tətbiq olunmur. O qədər işlər olur ki, patent alınır, amma tətbiq olunmur. Əsası odur ki, alınan patent işləsin. Bizim rektorun belə bir tövsiyəsi var: "əvvəla gördüyün iş innovativ  ixtira olmalı və tətbiq olunmalıdır"

 

Bu patent sizə məxsusdur. İxtiranızdan hazırda istifadə edilirmi?

- Bəli. Bizim avianaviqasiyada, yəni uçuşların idarə edilməsi hamısı bir dispetçer otaqlarından idarə olunur. Və o otaqlarda işləyən mütəxəssislər daim elə vəziyyətdədilər ki, həmin mühit onlarda yorğunluq yaradır. Kompyuter avadanlıqları, cihazlar mühiti şüalandırır. İki cür ionlar var. Müsbət və mənfi. Müsbət ionlar insanda yorğunluq yaradır. Mənfi ionlar isə aktivləşdirir. Ona görə də həmin otaqlarda bizim ozonatordan istifadə etməklə mühitdə canlanma yaradırıq. Hazırda bizim aparatlar orada işləyir. Eyni zamanda "Boeinq" şirkəti ilə əməkdaşlıq müqaviləmiz var. Bu ozonatorlar 2004-cü ildən bizdə tətbiq olunur. "Boeing "şirkəti dünyanın çox ölkəsi ilə əlaqəlidir, amma bu sahədə heç kimlə iş aparmır. Gördülər ki, biz səviyyəli iş aparırıq, ona görə bizimlə işə başladılar. Ümumdünya səhiyyə təşkilatının buna müsbət rəy verib və bizə məktub göndəriblər, təşəkkür ediblər ki, belə bir ixtira etmişik. Təyyarə salonları yüksək dərəcə xəstəlik daşımağa meyllidir. Bu təyyarələrdə viruslar, mikroblar olmasın deyə, biz həmin ozonatorlardan istifadə edirik.

-Xarici aviaşirkətlərdən bu ixtiranızla maraqlananlar olubmu? Onlar bu yeniliyi necə qəbul edir?

-Bu ixtirayla maraqlanırlar. Amerika ilk olaraq maraqlanıb. 2000-ci ildə mənə gecə zəng vurmuşdular. 2004- cü ildə biz bu işi başlamışdıq. Amma onlar 2006- cı ildə bununla əlaqədar müəyyən işlər aparmaq istədilər. Məsələn, insan həyatı üçün bir kub metrdə 0,1  qram ozon olmalıdır, amma insanın eyni mühitdə rahat qalması üçün 0,03 qram ozon lazımdır. Xarici ölkəyə bu aparatla çıxmağı biz təklif vermişik. Hazırda bizim ixtiranı 5 xarici ölkə çayla, kənd təsərrüfatı ilə əlaqədar Çin, Sinqapur, Türkiyə, Hindistan və Gürcüstan istifadə edir. Məsələn, Çin kimi bir ölkə bizim patenti istifadə etmək istəyir. İşlər gedir. Çayın emalı adi qayda ilə 3,5 saata, amma bizdə 40 dəqiqəyə hazırlanır. Keyfiyyəti də bizdə üçüncü variantdan keçib olur ikinci variant. Yəni bizim ixtiralar hamısı innovativ ixtiralardır. Azərbaycanda ozonlaşdırma texnologiyasının tətbiqi ilk dəfə bizə aiddir. Milli Aviasiya Akademiyasına.

-Əgər xarici şirkətlər bundan istifadə etsələr qanuna uyğun olaraq sizə nə qədər vəsait ödəməlidirlər?

-Onun üçün iqtisadi müqavilə bağlanmalıdır. Biz ixrac edək gərək, həm də Azərbaycan brendi adı ilə. Bu ozonlaşdırma aparatları Azərbaycan brendi kimi bazara təqdim oluna bilər. O ki, qaldı Azərbaycana pul verilməsi, hər halda müəyyən məbləğdənsə bizim adımız dünyada tanınsın. Maliyyə məsələsi əsas deyil. Buğdanın, pambıq çiyidinin emalı, soyanın emalı bunların hamısına bizim patentimiz var. Bizim patentlər tibbdə, kənd təsərrüfatında tətbiq olunur. Keçən il pambıq dekabra qədər yığılıb qurtarmamışdı. Bizim üsulla pambıq emalı isə sentyabrın 20-də bitdi. Ozonsuz 40-50-%, ozonlaşdırma qaydası ilə isə 70-80%  oldu. Ozonlaşdırma texnikasından istifadəyə ilk dəfə sənaye tətbiqi ilə başlamışıq, sonra aviasiyada, naviqasiyada, yerüstü avadanlıqların, otaqların dezinfeksiyasında istifadəsini təklif etmişik. "Boeinq" şirkəti ilə müqavilə bağlanıb. Burada söhbət puldan getmir. Əgər biz onlarla işləyiriksə bu böyük şeydir. Adi qaydada toxumların saxlanması üçün Azərbaycanda Gen Fondu var. Toxum orada normalda az qalır amma ozonla olanda qalma müddəti çoxalır. Dünyada ilk dəfə biz tətbiq etmişik bu üsulu. O institutla da birlikdə işləyirik. Gen fondunu saxlamaq üçün, yəni bitkinin genini, irsiliyini qorumaq üçün ozonlaşdırma üsulundan istifadə edirik. Bizim yerli buğdanı ozonla emal etdikdən sonra çörək bişirmədə, qənnadıda istifadə etmək olar. İndiyə qədər xaricdən alırdıq ancaq artıq buna məcbur deyilik. İqtisadi səmərəsi 120 milyon manatdır. Genlərin həm artımına, həm də daha keyfiyyətli olmasına səbəb olur. Bizim aldığımız patentlər İsveçrədə Əqli Mülkiyyət Təşkilatının bülletenində çap olunandan sonra dünyada qəbul edilib.

-Bu ixtiranızı gerçəkləşdirmək üçün nə qədər vaxt sərf etmisiniz?

-İndi də davam edirik. Hansı sahədə istəyirlərsə biz onu hazırlaya bilirik.

-Azərbaycanda mülki sərnişin təyyarələri üçün pilotların hazırlığını necə qiymətləndirirsiniz?

-Hazırda bizim təyyarələrdə pilotların təxminən 90%-i azərbaycanlıdır. Bu böyük işdir. Vaxt var idi təyyarədə gedəndə elan olunurdu ki, pilot İvanovdur. Amma indi azərbaycanlı soyadları eşidirik. Onunla əlaqədar bizdə güclü işlər gedir. Stüardessalarımız bizim qızlarımızdır. Bizim xanım pilotumuz var. Hazırda Milli Aviasiya Akademiyasında müxtəlif istiqamətlərdə elmi-praktiki həm cihazqayırma, həm də mütəxəssislərin hazırlanması sahəsində işlər aparılır. Bizim akademiyada hamı tələbə üçün çalışır. Tələbə professordan qabaqdadır. Amma biz çalışırıq təbələr öyrənsin, bizim işimiz ancaq tələbənin öyrənməsidir.

-İşdən sonra nəylə məşğul olmağı xoşlayırsınız?

-İşdən sonra gəzməyi xoşlayıram. Nəvələrimlə vaxt keçirməyi. Eyni zamanda bəzi alimlərin yazdıqlarını, böyük fizik Pyotr Kapitsa, ingilis alimi Rezenford , fizioloq Pavlonu həmişə oxuyuram.

-Bu sahədə çalışmasanız hansı sahəni seçərdiniz?

-Mən bu sahədə olmasaydım, tibb sahəsində böyük nailiyyətlərim olardı. Mən orada səhv etmişəm.

-Film və musiqiylə aranız necədir? Sizə ən çox təsir edən film və musiqi hansıdır?

-Mənalı filmləri xoşlayıram. Yüngül filmləri yox. Serialları xoşlamıram. Musiqi də ki, milli musiqini xoşlayıram. Mən aspiranturanı Leninqradda oxumuşam. O vaxtı bəzi rus mahnıları var idi, indi də xoşlayıram.

-Həyatınızda böyük dəyişiklik edən, sizi uğura aparan insan kim olub?

-Birinci mən institutda oxuyanda, o müəllimlər ki, yaxşı fikirlər deyib onlar təsir edib. İkinci kursda mən AZİ-də oxumuşam. O vaxtı AZİ deyirdilər. Bir müəllim var idi, deyirdi ki, işə başladınızsa  pul dalınca qaçmayın. İş görün, pul özü gələcək. Mən bunun şahidi oluram. Bir akademik isə həmişə deyirdi ki, asan işin dalınca getməyin. Çətin iş tapın. Asan işi hamı bilir. Bu yaxınlarda bir müəllifin sözünə rast gəldim. Deyirdi ki, basdırdığın ağaca söykən. Amma mən belə deyərdim əkdiyin ağaca söykən.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli