Türkiyədə tanınmış azərbaycanlı onkoloq Elnur Sahibov: "Xərçəng xəstəliyinin yaranmasına birinci səbəb siqaretdir", Bu xəstəlik düzgün qidalanmama və hərəkətsizlikdən də yarana bilir, 12.04.2017 4081

Türkiyədə tanınmış azərbaycanlı onkoloq Elnur Sahibov: "Xərçəng xəstəliyinin yaranmasına birinci səbəb siqaretdir"

Bu xəstəlik düzgün qidalanmama və hərəkətsizlikdən də yarana bilir

-Elnur bəy, ilk olaraq uğurlarınıza nəzər salaq.

-Orta məktəbi bitirdikdən sonra 2004-cü ildə İstanbulun Mərmərə Universitetində tibb fakültəsini qazanmışam. 6 il sonra uzmanlıq imtahanı verib, eyni universitetin Radiasiya Onkologiyasında 4 il çalışdıqdan sonra uzmanlıq diplomu almışam. Hazırda Mərmərə Universitetində Radiasiya Onkoloq uzmanı olaraq çalışıram.

-Sahəniz onkoloji xəstəliklərə qarşı mübarizə ilə bağlıdır. Azərbaycanda onkoloji xəstəliklərə qarşı müalicə üsulu və mövcud texniki təchizatı necə qiymətləndirirsiniz?

-Bu sahə maddi cəhətdən bahalıdır. Azərbaycanda olan texnikalar demək olar ki, son texnologiyadır. Amma kadr olaraq bir az daha geridəyik. Özlərini inkişaf etdirmirlər.

-Bir çox hallarda rast gəlirik ki, Azərbaycanda xərçəng xəstəliyini müəyyən mərhələyə qədər müalicəsi olur, sonra həmin xəstələri Türkiyəyə və ya başqa ölkələrə göndərirlər. Sizcə hansı mərhələdə olan və hansı növ xərçəngə yaxalanan xəstələr artıq Azərbaycanda yüksək keyfiyyətlə müalicə oluna bilmirlər?

-Azərbaycanda ən böyük əksikliklərdən biri tibbi sığorta ilə bağlıdır. Onkoloji xəstəliklərin müalicəsi istər kimyaterapiya olsun, istər radioterapiya bahalıdır. Ona görə insanların maddi durumlarının yaxşı olması lazımdır. Burada qrup işi lazımdır, yəni terapiya, diaqnostika, cərrahiyyə şöbəsi, radioterapiya və kimyaterapiya birlikdə işlədikdə daha uğurlu olur. Belə olduqda hansısa xəstələrin Tükiyəyə və ya başqa yerə göndərilməsinə ehtiyac olmaz. Sağalma ehtimalı olan xəstələr daha çox  gedirlər Türkiyəyə. Sadəcə rahatlatmaq lazım olan xəstələr daha çox  Azərbaycanda qalır. Çünki getmək baha başa gəlir.

-Sahənizə qayıdaq. Radio dalğalarla müalicə üsulu. Bu sahədə Azərbaycanda vəziyyət necədir və hazırda çalışdığınız Türkiyədəki tibb müəssisəsinin bu sahədəki rolu nədən ibarətdir?

-Azərbaycanda bu sahə daha çox xaricdə təhsil almış həkimlərin sahəsində canlandı. Son 5 ilə qədər o qədər də güclü deyildi. Məncə hazırda normal vəziyyətdədir, amma ən böyük problemlərdən biri güvən məsələsidir. Ona görə bir az əksikliklər var. Türkiyədə xəstəxanalar 4 yerə ayrılır. Mən universitet xəstəxanasında işləyirəm. Xəstəxana tam təminatlıdır. Hazırda bizim xəstəxana dünyanın bütün ölkələrindəki xəstəxanalarla ayaqlaşa biləcək səviyyədədir.

-Son illər Azərbaycanda xərçəng xəstəliyi çox yayılıb. Bu xəstəliyin yaranma səbəbləri nədir və insanlar bu bəladan yan keçmək üçün gündəlik həyatlarında nələrə diqqət etməlidirlər?

-Xərçəng xəstəlikləri multifaktorial səbəblərlə bağlıdır. Hər bölgənin, hər anatomik orqanın xərçənginin fərqli səbəbləri var. Birinci növbədə siqaretdir. Digər faktorlar stress, qidalar, hərəkətsiz həyat rejimi bura daxildir. Ağciyərdən söhbət gedirsə, ən çox təsir edən siqaretdir. Digərləri daha çox düzgün qidalanmama və hərəkətsizlikdən olur.

-Yəqin ki, Azərbaycanda xərçəng xəstəliyi ilə bağlı sizə müraciət olunur. Bu xəstəlik zamanı insanların lazımi müəssisələrə doğru yönləndirilməsi üçün nələr edilə bilər?

-Təəssüflər olsun ki, biraz imkanı olan insanlar müəssisə açıb, sağlıq turizmi adı ilə işlədirlər. Lazım oldu, olmadı xəstələri Türkiyəyə yönləndirmək istəyirlər. Bu da Azərbaycanın maddi qaynaqlarının itirilməsi deməkdir. Və bunu profesionallar etmirlər. Bu dövlət səviyyəsində edilsə, xaricə getməsi lazım olan xəstələri onlar müəyyən etsə, daha yaxşı olardı. İşin içinə maliyyə qaynaqları girdiyi üçün ədalətsiz davranma ola bilər. Bu sahədə biraz özbaşınalıq var.

-Azərbaycan səhiyyəsində daha çox diqqətinizi çəkən problemlər nələrdir və çıxış yolunu nədə görürsünüz?

-Məncə ilk problemimiz güvən məsələsidir.Təəssüflər olsun ki, Azərbaycan xəstəsi öz həkiminə güvənmir. İkinci tibbi sığorta. Türkiyədə əhalinin 95%-nin tibbi sığortası var. Əsas səbəblər bunlardır. Bundan başqa Azərbaycanda həkimlər bir qismi özlərindən çox razı və yeniliyi qəbul edən deyillər. Təvazökarlıqdan uzaq görürəm bunu. Bu iki şey həll olunsa, Azərbaycan tibbi daha yaxşı səviyyəyə yüksələ bilər.

-Xaricdə tibb təhsili almaq istəyənlərə tövsiyəniz nədir?

-Məncə, bu qadın və kişi olaraq ikiyə ayrıla bilər. Çünki tibbdə uğur çox gec gəlir. Demək olar ki, 35 yaşdan tez uğur gəlmir. Mən çox dəstəkləyirəm bunu. Həm də ölkəmizin xaricdə təhsillə bağlı proqramı var idi. Bu proqramın açılmasına çox sevindim. Bu Azərbaycanın gələcəyinə verilmiş  ən böyük hədiyyədir. Hazırda da bu bəhrənin meyvələrini yeyirik. O proqramın üzvlərindən biri idim. Maddi problem çəkmədik. Və xaricdə təhsil almaq istəyənlər mütləq getməlidirlər. Əziyyətlərinə baxmadan.

-Tibb sahəsində Azərbaycan təhsili ilə kifayətlənmək olarmı?

-Məncə, xeyr. Çünki tibb vizyon məsələsidir. Çox gəzən çox bilər. Tibb də də elədir. Nə qədər çox ölkə gördükdə, insanlarla tanışdıqda insanın öz keyfiyyəti də artır. Burada olanda elə bilirik, hər şeyi ancaq biz bilirik. Kənara çıxanda anlayırıq ki, heç də hər şeyi bilmirik. İnsanın özünü tənqid etməsi inkişaf etməsi gözəl bir şeydir. Xüsusilə tibb sahəsində xaricdə təhsil vacibdir.

-Sağlıq turizmi sahəsində xidmətləriniz var. Bu sahəyə Azərbaycanda maraq necədir və sağlıq turizmi insanlar üçün nə dərəcədə əhəmiyyətlidir?

-İnsanın ən dəyərli şeyi sağlığıdır. Mən bir şeyin əleyhinəyəm. Azərbaycandan gələn hər xəstə buranın minusudur. Orada həkimlər deyirlər ki, sizdə niyə bu xəstələri müalicə etmirlər, həm də belə xəstələr çox gəldikcə insanlar Azərbaycana yuxarıdan aşağı baxmağa başlayır. Bir xəstənin gedib-gəlişi minumum 5 min manata gəlib çıxır. Bu da ciddi məbləğdir. Çox ciddi pullar qazanırlar bu sahədə. Niyə Azərbaycan bunu qazanmasın? Türkmənistan, Qazağıstan, Gürcüstan, İrandan xəstələr gəlir. Niyə onlar Azərbaycan üzərindən keçərək oraya gəlsinlər?

-İşdən sonra nə ilə məşğul olmaq sizə əvvəlki enerjinizi bərpa etməyə imkan verir?

-Bizim işimiz xəstələrlə ünsiyyətdə olmaqdır. Və mənim ən sevdiyim şey ünsiyyətdir. Mən yorulmuram. Orada azərbaycanlı həkimlərlə bir yerdə fəaliyət göstərməyi xoşlayıram.

-Növbəti iş gününə həm psixoloji, həm də plan olaraq necə hazırlaşırsınız?

-Mən empatiya qurmağı çox sevirem. Bizim sahədə empatiya qurmadan olmaz. Xəstə gəldiyində özünü onun yerinə qoymalısan. Həmişə təvazökarlığı itirməməyə çalışıram. Çünki bizə gələn xəstələr ölümlə həyat arasında olur. Həmişə Allaha dua edirəm ki, məni təvazökarlıqdan uzaqlaşdırma. Belə olduqda uğurlar davamlı olur. İnsanlar bilir ki, onlara kömək üçün oradayam.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli