Tanınmış aktyor Taleh Yüzbəyov: "Tələbə vaxtı ərzaq mağazasında satıcı işləyəndə, dəftəri əlimə alırdım ki, dərsimi oxuyum birdən biri qışqırırdı-çörək ver ordan, şəkər çək bir kilo", Azərbaycan aktyorlarından ən çox Yaşar Nuriyə həsəd aparıram. Kaş, hamı onun kimi öz rolunda təbii ola bilsə, 01.05.2017 5939

Tanınmış aktyor Taleh Yüzbəyov: "Tələbə vaxtı ərzaq mağazasında satıcı işləyəndə, dəftəri əlimə alırdım ki, dərsimi oxuyum birdən biri qışqırırdı-çörək ver ordan, şəkər çək bir kilo"

Azərbaycan aktyorlarından ən çox Yaşar Nuriyə həsəd aparıram. Kaş, hamı onun kimi öz rolunda təbii ola bilsə

-Taleh bəy, çəkdiyiniz videolar qısa müddətdə yayıldı və geniş izləyici kütləsi qazandınız. Sizi həmkarlarınızdan fərqləndirən əsas cəhət nədir?

-Ümumiyyətlə, düşünürəm ki, insanlar hər bir işdə özü olmaqdan qorxmamalıdır. Mən sadəcə özüm olmaqdan qorxmadım. Bu artıq məndə adət halını alıb. Mənə necə rahatdırsa, elə də davranıram. Orijinal olmaq insanın ən böyük xüsusiyyətlərindən biridir. Mən çalışdım ki, heç kəsi təkrarlamayım. Öz yanaşmamla, öz baxışımla, özümə maraqlı olan formada elədim və sağ olsunlar, insanların çoxu bunu bəyəndi və qəbul etdi. Bu istiqamətdə yəni, “vine” janrında qəbul olunmuş müəyyən qaydalar var idi. Bir neçə saniyəlik olması, “əvvəl-sonra”lar, sonu gözlənilməz bitən videolar. Mən bunlardan istifadə etmək istəmədim. Mən öz baxış tərzimlə sözümü demək istədim, mesajlar vermək istədim və bu beləcə davam etdi.

-"Aktyor dövrünün güzgüsüdür" ifadəsini özünüzə şüar seçmisiniz. Sizcə, dövrünüzü yetərincə əks etdirə bilirsiniz?

-Ən azından, çalışıram. Müəyyən insanları, müəyyən qurumları, müəyyən çatışmazlıqları göstərməyə çalışıram. İncəsənət adamının işlərindən biri də bunları göstərməkdir. Mənim işim kimisə dəyişmək deyil. Mən aqressiv yox, sakit formada göstərirəm ki, bax, kənardan belə görünürsən. Gör də indi, bu cür qalmaq istəyərsən, yoxsa dəyişmək istəyərsən. Mən burada key adamlar, sırtıq adamlar, vicdansız adamlar, yalançı adamlar, din adından istifadə edənlər, öz vəzifəsindən istifadə edənləri göstərirəm. Sadəcə ümumi olaraq onları göstərirəm, onlara nəsə öyrətməyə, boyunlarına nəsə qoymağa çalışmıram. 

-Oynadığı rol aktyoru nə dərəcədə dəyişdirə bilər?

-Bəzən olur, bəli, çətin əsərlərdə, böyük tamaşalarda aktyor aylarla məşq edir və ola bilir ki, hansısa xüsusiyyətini itirsin. Bu, aktyorun özünə aid olmayan hansısa obrazı özündə canlandıra bilməsi ilə nəticələnir. Mənim çəkdiyim kiçik videolarla məndə elə bir hal baş vermir. Heç inanmıram da ki, baş versin. Çünki burada böyük bir hazırlıq prosesi getmir. Amma elə tamaşalar, elə filmlər var ki, bəli, aktyorların həyatına təsir edir. Aktyor təqlid etmək üçün müşahidə edir, baxır. Məndə də bəzən olub ki, özümdə dəyişikliklər hiss edim. Məsələn, bir də baxmışam ki, əvvəlki kimi gülmürəm. Heç bilmirəm ki, bu nə vaxt yaranıb. Mən nəyisə təqlid eləmişəm, ya nə eləmişəmsə, gülüşüm dəyişib.

-Videolarınızı hazırlayarkən əsasən gündəmi nəzərə alırsınız, yoxsa öncədən ağlınızda olan məsələlərə toxunursunuz?

-Bəzən olur ki, ideyalarım olur, amma gündəmlik deyil. Atıram yaddaşa. Elə bu gün birini çəkmək istəyirəm. Çəkilişlərdən imkan yaransa, bədbəxt insanlarla bağlı bir video çəkəcəm. Bunu da ekskluziv olaraq ilk dəfə sizə deyirəm (gülür). Bəzi videolarım da var ki, sırf günün nəbzini tuturam. Bu hadisəni bu gün görürəm, mövzuya uyğunlaşdırıb çəkirəm. Məsələn, elə qazın qiymətinin qalxması ilə bağlı çəkdiyim video. Düzünü desəm, qazın qiymətinin qalxması mənə elə də təsir eləmədi. Çünki mənim evimdə qazla çox az şey işləyir. 5 manat yükləyirəm, aylarla istifadə edirəm. Amma mən təkcə özümü düşünsəm, elə videolar çəkməzdim ki. Nə olsun ki, mənə aid deyil, mən də bu cəmiyyətin bir üzvüyəm. Məsələn, pampersin qiymətinin qalxması birbaşa mənə təsir eləmişdi (gülür). Yəni, elə ideyalar olur ki, əvvəldən olur, elələri də olur ki, oturmuşam evdə, yatmaq istəyirəm artıq, aha, ideya gəldi, çəkirəm, paylaşıram.

-Aktyor olmaq üçün aktyorluq təhsili almaq şərtdir?

-Məncə, elə də yox. Yəni, təhsil almaq əlavə müsbətdir. Bu, bir növ bünövrədir. Universitet sadəcə bünövrədir, əgər ondan düzgün istifadə eləmisənsə (gülür). Bufetindən çox auditoriyalarından istifadə eləmisənsə, bünövrədir. 4 il bu işlə məşğul olursan, istər-istəməz nələrsə yaranır. Oxumadan da aktyor olmaq olar. İstedaddan, bacarıqdan, istəkdən asılıdır. Azərbaycanda da kino sahəsində çox aktyor var ki, doğrudan da yaxşı aktyorlardır, hansı ki, bu işin təhsilini almayıblar. Təhsilin olması pis deyil, amma olması şərt də deyil.

-Teatrda rol canlandırmaq daha çətindir, yoxsa filmdə?

-Hər ikisi çətindir. Eyni sahənin müxtəlif formalarıdır. Teatrda sən məcbursan ki, hündürdən danışasan, jestlərdən daha çox istifadə edəsən. Çünki sən səhnədə balacasan və o qədər insan sənə baxır, səni izləyir. Sən məcbursan hərəkət eləməyə. Amma filmdə bir dənə qaşını qaldırırsan, kamera səni ağzının içindən çəkir. Yəni, artıq böyük görsənir. Yaxşı olar ki, aktyor hər ikisində rol canlandırmağı bacarsın. Aktyor işinin 20 %-i istedaddırsa, 80 %-i çalışqanlıqdır. Çalışmaq lazımdır, axtarmaq lazımdır, özünə əziyyət vermək lazımdır. Lazım gəlsə, bir səhnəni 30 dəfə canlandırasan, hazırlaşasan, lazım olsa, gecələr yatmayasan. Mən universitetdə oxuyanda, mağazada satıcı işləyirdim. Təsəvvür edirsiz, mən o vəziyyətdə hazırlaşırdım. Dəftər-kitabı açırdım ki, bir az hazırlaşım, qapı açılırdı, “ordan şəkər ver” , açırdım hazırlaşım, “çörək istəyirəm” , çox əsəbiləşirdim, amma sevirdim, mən bunu eləmək istəyirdim. 

-Azərbaycanda film sektorunun yeni mərhələyə keçməsi üçün əsas maneələr nələrdir?

-Əslində, çox maneələr var. Amma kino çəkilir. Mən çox sevinirəm. Düzdür, kino çəkənlər haqqında video çəkmişdim. Amma orada onlara qarşı heç bir aqressiyam yox idi. Təbii ki, müəyyən çatışmazlıqlar var. Gül kimi kino çəkirsən, qəşəng kadrlar var, amma adında korlayırsan. Məsələn, bir filmin adını eşidəndə, elə bilmişdim ki, komediyadır. Amma heç əlaqəsi yox imiş. Əslində, köməyə ehtiyac var. Kino-teatrlar öz dəstəklərini göstərməlidir, dövlət kömək eləməlidir. Bu şey bizdə yaranır. Müstəqillikdən sonra ilk dəfədir ki, bu qədər çox kino çəkilməyə başlayıb. Bu mərhələdə dəstək olmasa, bu şey sönə də bilər. Bütün sahələrə hərə öz mənfəətini güdmədən yanaşsa, hər şey daha yaxşı olacaq.

-Aktyorluğa yeni başladığınız zamanla indiki halınızı müqayisə etsəniz, hansı fərqləri görərsiniz?

-Fərqlər çoxdur. Yeni başlayanda, xəbərsiz olursan, elə bilirsən ki, qaşını-gözünü çox oynatmaqla yaxşı alınır. Universitet mənə öyrətdi ki, əsas olan bu deyil. Teatr mənə öyrətdi ki, nə qədər dərinə getmək olar. Bunların nəticəsidir ki, məndə bəzən susduğum kadrlar danışdığım kadrlardan daha yaxşı alınır. Mən videoları nəyə görə çəkməyə başladım? Ona görə ki, mən yatıram. Sən futbolçu ol, 5 il futbol oynama, yenidən oynamağa başlayanda, bərpa olunmaq üçün vaxt tələb olunacaq. Mən də aktyor kimi uzun müddətdir ki, heç bir fəaliyyət göstərmirdim, ofisdə işləyirdim və bu tələbatı hansısa yolla ödəməliydim. Yığılır qalır axı, oynamaq istəyirəm, aktyoram. İşimi də sevirəm.  Universitetdə hərdən müəllimlər əsəbiləşib bizə deyirdilər ki, əsgərliyə getməmək üçün qəbul olmusuz (gülür). Mən elə olmamışam, doğrudan sevmişəm bu sənəti. Başladım videolar çəkməyə. Heç bir məqsədim yox idi. Sadəcə çəkirdim ki, canımdan çıxsın. Və tutdu. Tutandan sonra bir az da qaza gəlirdim, yenə, yenə, yenə və gördüyünüz kimi, indi buradayam. 

-Hansı şəxsiyyət haqqında çəkilmiş filmdə baş rolu oynamaq istərdiniz?

-Hüseyn Ərəblinski. Mən onun həyatını oxumuşam. Onu canlandırmağı çox istəyərəm. Düzdür, xarici görünüşümüz elə də çox oxşamır, amma oxşatmaq olar, məncə. O insan haqqında demək olar ki, böyük heç nə çəkilməyib. Sadəcə müəyyən kinolarda qısa epizodlar olub. O dövrün Azərbaycanı, aktyor sənəti... Onlar nələrdən keçiblər. Bığını qırxmışdı və bu o vaxt çox pis sayılırdı. Evdəkilərin paltarlarını tamaşada istifadə edirdi. Bu insanların sənət uğrunda mübarizəsi var. Bu insanlar nəyinsə uğrunda hətta, həyatlarından olublar. Onun haqqında çəkilən filmdə onu canlandırmaq istəyərdim. Bəlkə elə nə vaxtsa özüm çəkdim, rejissorluğa başlamaq fikrim olarsa.

-Qiymət artımı ilə bağlı çəkdiyiniz kiçik səhnə böyük marağa səbəb olmuşdu. Ssenarini başdan sona qədər özünüz düşünmüşdüz, yoxsa kiminsə yardımı da olmuşdu?

-Tamamilə özüm. Evdə onsuz da təkcə yoldaşım və mən oluruq. Müəyyən məqamlarda məsləhət ala bilirəm, amma adətən, çalışıram ki, özüm tək eləyim. Elə səhnələr var ki, dostlar, tanışlar, çəkilən adamlar birbaşa köməklik göstərirlər, bunu elə eləməyək, belə eləyək kimi şeylər baş verir. Yaxşı ideyadırsa, niyə də yox?

-Adətən, bəzi aktyorlar çox tanınandan sonra eyni zamanda rejissor kimi də özlərini sınayırlar. Gələcəkdə belə bir imkan olsa, çəkəcəyiniz film nə ilə bağlı olardı?

-Əslində, ideyalar çoxdur. Düşünürəm ki, məndə alınar. Elə bir iddiam var, öz baxış tərzim var. Fikirləşirəm ki, mən bunu eləyə bilərəm. Oynamaq istədiyim rollar da var. 30 yaşındayam, indiyə kimi gözləmişəm və indi çəkdiyimiz kino mənim baş rol oynadığım ilk kinomdu. Video çəkməyim də elə bundan yaranıb. “Məni çəkmirsiz, çəkməyin, özüm çəkəcəm, göstərəcəm sizə” (gülür). Belə bir aqressiyam da olub, amma o qədər də aqressiv bir insan deyiləm. Mən bu sənəti sevirəm. Aktyor kimi müəyyən təcrübəm var, istəyərəm ki, rejissor kimi də sınayım. Nəyisə pis eləmək, heç eləməməkdən daha yaxşıdır.

-Taleh Yüzbəyov aktyor olmasa, kim olardı? Heyranlıq duyduğunuz peşə hansıdır?

-Aktyor olmasaydım, rejissor olardım. Bu sahədən kənar olaraq isə müəllim olardım, nələrisə öyrətməyə çalışardım. Uşaq vaxtı müəllim sənətindən zəhləm gedirdi. Yəni, mənə maraqsız gəlirdi. Amma vaxt keçdikcə başa düşdüm ki, çox yaxşı sənətdir. Bildiyin bir şeyi paylaşmaq... Çalışardım ki, maksimum faydalı olum. Ya rejissor olardım, ya da müəllim.

-Türkiyə və Azərbaycan film sənayesini qarşılaşdırsaq, sizcə, onlar hansı məsələlərdə bizdən öndədir?

-Bütün məsələlərdə. Elə bir məsələ göstərin ki, bizdən öndə olmasınlar. Onlar 1990-cı illərdən sonra bu sahəyə ciddi yanaşmağa başladılar. Türklərin Nuri Bilge Ceylan’ı var. Bizdə elə rejissor yoxdur. Bəlkə də var, amma biz tanımırıq. Türk kinosunda Sinan Çetin var, 80-ci illərdən Yılmaz Güney var. Cem Yılmaz’ı var türklərin, Şener Şen’i var sağ qalanlardan. Onlar ənənəni saxlayıblar, pul ayırıblar. Kino sahəsi elə bir sahədir ki, 100 ildən çoxdur ki, var, işləyir və 100 ildir sübut edir ki, pulsuz bu sənət alınmır. Bu iş pul tələb edir, pul ayrılmalıdır. Bəlkə də bizdə nə qədər istedadlı insanlar var. Mən aktyoram, mən video çəkməsəydim, siz məni tanımayacaqdız, indi bu müsahibəni almırdız. Mənim sadəcə bəxtim gətirdi ki, mən sosial şəbəkədən istifadə edərək videonu paylaşdım və tutdu. Mənim qrup yoldaşlarım var ki, məndən daha da istedadlıdırlar, daha potensiallıdırlar. Sadəcə onları axtarıb tapan yoxdur. Türk kinosundan biz 1 yox, 2 yox, ən yaxşı halda 20 addım geridəyik. Müsahibələrin birində də bunu qeyd etmişdim. “Biz bu sahədə hansı ölkələrdən güclüyük” deyə bir mövzu idi. Dedim ki, İrandan zəifik, Rusiyadan zəifik, Gürcüstandan zəifik, Türkiyədən zəifik, Xəzər dənizindən də zəifik (gülür). Oradakı balıqlar da kino çəkməyə başlasa... (gülür). Ermənistanı saymadım, çünki onların kinosundan xəbərim yoxdur.

-Səhnələrinizi tənqid edən olubmu? Belə adamlara adətən, cavabınız və mövqeyiniz nə olur?

-Mənim ən xoşuma gələn şey budur ki, mənim səhifələrimdə aqressiya olduqca azdır. Videolarım haqqında rəyləri oxuyanda, çox nadir hallarda əsəbiləşirəm. Bəzən girib başqalarının videolarındakı rəylərə baxıram, söyüş, filanla rastlaşıram. Mən bunun qarşısını birdəfəlik almışam. Söyüş söyəni “block” edirəm, baxmıram kimdir. Tamaşaçı cəhətdən də heç kəsdən qorxum yoxdur. Biri deyər ki, bu nədi, bunu heç bəyənmirəm, bu nə videolardı. “Block” elə. Baxma. Bəyənmirsənsə, baxma. Bəyənməyənlər də olmalıdır, təbii ki. Kimsə başqa səhifədə paylaşanda, görürəm, yazırlar ki, bu qardaşda alınmır. Amma reaksiya vermirəm. İnsanlar fərqlidir. Mənim yumorum onlara gülməli gəlməyə bilər. Bu mənə məxsus yumordur. Əgər başa düşmürsənsə, mən sənə nə deyə bilərəm? Gülməli gəlmirsə, mən səni zorla güldürə bilmərəm. Kiminsə intellekti çatmır, kiminsə yumor hissi. Mən statistikaya baxıram. Youtube’da video paylaşıram, 100 nəfər “like” edir, 2 nəfər “unlike” edirsə, problem çox güman ki, bu 2 nəfərdədir də. Və ya rəylərə baxıram. Mənim yoldaşım həmişə pis rəyləri oxuyur ki, bax, gör nə yazıb (gülür). O biriləri də oxu da (gülür). 20 rəy var, 18-i yaxşıdır, 2-si pis. Bəyənməyənlər həmişə olacaq. Mən bəzilərinə yaxşılıq edib “block” eləyirəm. Təhqirə keçənləri də, həmçinin. Bəzilərinə heç fikir vermirəm. Bəziləri ilə ünsiyyətə girirəm. Məsələn, din mövzusuna aid video çəkəndə, ən çox aqressiya məhz o zaman olmuşdu. Vətənpərvərlik və din elə mövzulardır ki, bu mövzulara ümumiyyətlə, toxunmaq yaxşı sayılmır. Kütləvi şəkildə qalxırlar adamın üstünə. Mən müsəlmanam. O videonu çəkmə səbəbim isə, mən fikirləşdim ki, niyə yox? Niyə sənə demək olmaz? İnsan riyakar olmamalıdır. Məsələn, mən biriylə dostam, amma sizinlə yox. Onun da pis cəhətləri var, sizin də. Sizinkiləri deyirəm, amma dostumunkiləri yox, deyirəm ki, bu mənim dostumdur, xətrinə dəyə bilmərəm. Yox, niyə ki? Onunkiləri da deyərəm. Kino sahəsi, özümün olduğum sahədir, onu da deyirəm. Həqiqəti deyirsənsə, axıra qədər deməlisən.

-Həsəd apardığınız aktyor hansıdır və onda olan hansı xüsusiyyətləri özünüzdə görmək istərdiz?

-Həsəd apardığım aktyorlar var, əlbəttə. Xaricdən Charlie Chaplin’in adını çəkə bilərəm. Bizim aktyorlardan isə Yaşar Nuriyə həsəd aparıram. Yəni istəyərəm hamımız elə təbii ola bilək. O qədər həm dramatik, həm komik rollarda oynaya bilək. Fəxrəddin Manafov kimi xarizmatik ola bilək. Fuad Poladov kimi xarakterik ola bilək. Cavan aktyorlardan Tural Əhmədi bəyənirəm. Azər Aydəmirdən ötrü ürəyim gedir. Qorqudu çox bəyənirəm. Çoxdur. Saysam, belə çıxacaq ki, hamısının fanatıyam (gülür).

-Sizə ən çox təsir edən film hansı olub və niyə?

-“Forrest Gump” filmi mənə çox təsir eləmişdi uşaq vaxtından. O obraz, əhvalatın özü. Bizim kinolardan “Ölsəm... Bağışla” kinosu çox təsir eləyib mənə. İndi də baxanda, hələ də o əzabı, o kədəri yaşaya bilirəm. “Bizim Cəbiş müəllim” filmini də çox sevirəm. “Schindler’in siyahısı” xoşladığım filmlərdəndir. Kusturica’nın “Underground” kinosuna çox pis olmuşdum. “Titanic” filmi mənim uşaqlığımın elə bir vaxtına düşmüşdü ki, mən o vaxt təzə-təzə sevməyə başlamışdım, əslində, təzə deməzdim, 3-cü sinifdə oxuyurdum (gülür).  Onda mən bir qız sevirdim, onun da adı Roza idi. “Titanic” mənə uşaqlıqdan sevgi hissinin formalaşmasında kömək eləyən bir film kimi təsir edib. Ümumiyyətlə, İran kinolarından da çox təsirlənirəm. Türk kinolarından “Babam ve oğlum”da çox pis olmuşdum, ağlamaq dərəcəsinə çatmışdım, hətta. O səhnələr... Aktyor çox mükəmməl oynamışdı.

-İşdən sonra ən çox nələrlə məşğul olmağı xoşlayırsız?

-Əslində, aktyorluq elə mənim işdən sonrakı məşğuliyyətimdir (gülür). 5 ildən çox "Nar mobile" şirkətində işləmişəm. 2-3 gün olar ki, ayrılmışam. Bunu da ekskluziv olaraq ilk dəfə sizə dedim (gülür). İndi başqa şirkətdə işləyirəm. Sırf reklam-marketinq şirkətidir. Aktyorluq məndə ikinci iş kimidir. Şablon səslənsə də, kitab oxumağı çox xoşlayıram. Bəlkə də üzümə baxanda görsənmir (gülür). Amma sevirəm. İnternet dövrüdür deyə kitaba əvvəlki qədər maraq yoxdur, amma mən vaxtilə gecələr daha çox oxuyurdum. Ümumiyyətlə, oxumağa çox sevgim var. Kinolara baxmağı da sevirəm. Lap xatirə dəftərindəki cavablar kimi oldu (gülür). Köhnə ağ-qara şəkillərə marağım var. Kolleksiyam hələ ki, yoxdur, amma olacaq.

-Hazırda baş rolunu oynadığınız film haqqında danışın bir az...

-“21 sual” filmi yəqin ki, may ayının sonlarına doğru çıxacaq. Dəqiq vaxtını hələ ki, bilmirik, tezliklə biləcəyik. Oynadığım ilk böyük rolumdur. Sırf romantik-komediya üslubunda çəkilmiş filmdir. Müəyyən dramatik, müəyyən xəfif yerləri də var. Filmdə canlandırdığım obraz mənə elə gəlir ki, həyatda öz yerini tapmayıb, nə istədiyini bilmir. Buna görə də həyatında müəyyən şeylər baş verir, mərhələlər keçir. Ta ki bir qızla rastlaşana qədər. Ondan sonra məqsədi yaranır və o məqsədə doğru addımlamağa başlayır. Gecə-gündüz çəkirik, çox yorulmuşam. Həmçinin, kinoda çəkilmə təcrübəm yarandı. Başqa bir təklif də var, ssenarisini oxuyuram, ona da baxacam. Yəni, məncə, hal-hazırda karyeramın müəyyən qədər qalxış nöqtəsini yaşayıram. Filmimizdə gənc aktyorlardan Ziyad Qurbanov, Rəşid Əliyev, Sərdar Gözəlov, qocaman aktyorlardan Allahverdi Yolçuyev, Fatma Mahmudova iştirak edirlər. Demək olar ki, gənc kollektivdir. Mən öz aramızda deyirəm ki, bu film bizim film bəkarətimizi pozan bir filmdir. Operatorumuz Naib Əhmədovun da ilk böyük film işidir. Rejissorumuzun da ilk böyük filmidir, mənim ilk böyük filmimdir, kostyum işçimizin, rəssamımızın, ssenaristimizin, prodüsserimizin ilk böyük filmidir, sizin əməkdaşınız Seymurun iştirak etdiyi ilk böyük filmidir, sonra kim qaldı? (gülür). Hər kəsin ilki olduğu üçün ümid edirəm ki, maraqlı, gözləmədiyiniz qəşəng səhnələr alınıb. Filmdə texniki cəhətdən əvvəl bacarmadığım müəyyən şeyləri də öyrəndim. Operatorumuz öyrətdi. Filmdə baxanda deyəcəksiz ki, aa, Taleh bunu necə elədi? İstəyərəm ki, gəlib baxasınız, əziyyətimiz yerdə qalmasın, müflis olmayaq (gülür).

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli