31.05.2017 1143 Sənaye təlimçisi Seymur İlyasov: "Xaricdə məşhur bir şirkətin rəhbəri mənə dedi ki, məhsulumun qablaşdırılması fikri 6 yaşlı bir uşağa məxsusdur və mən illərdir həmin adama pul ödəyirəm", Azərbaycanda isə sovet dönəmində yetişən mütəxəssislərin çoxu özlərindən gənc adamlardan nəsə öyrənmək istəmirlər, seymur ilyasov,

Sənaye təlimçisi Seymur İlyasov: "Xaricdə məşhur bir şirkətin rəhbəri mənə dedi ki, məhsulumun qablaşdırılması fikri 6 yaşlı bir uşağa məxsusdur və mən illərdir həmin adama pul ödəyirəm"

Azərbaycanda isə sovet dönəmində yetişən mütəxəssislərin çoxu özlərindən gənc adamlardan nəsə öyrənmək istəmirlər

-Seymur bəy, öncə sənaye sahəsində mütəxəssis kimi tanınana qədər keçdiyiniz yola nəzər salaq.  Bu sahədə ixtisaslaşmaq üçün hansı ölkələrdə olmusunuz və hansı elmi mərkəzlərin təcrübəsindən faydalanmısınız?

-Mən sənaye sahəsinə uşaqlıqdan maraq göstərmişəm. Universitetə qəbul olanda sadəcə bir ixtisas yazmışdım.  O da sənaye mühəndisliyi idi. Təhsil aldığım müddətdə müəllimlərimin bir neçəsi xaricdə təhsil almış və müəyyən bir təcrübəsi olan insanlar idi. Təbii ki, bu da bizi böyük ölçüdə həvəsləndirirdi ki, biz buradakı təhsillə yanaşı, xaricdəki təcrübə ilə də maraqlanaq. Mən magistraturanı bitirdikdən sonra doktorantura təhsili üçün Türkiyəyə getdim. Oradakı bir sərgidə müxtəlif ölkələrdən sırf mənim ixtisasım üzrə mütəxəssislər var idi. Onlarla dostlaşdım. Əlaqələrimizi gücləndirdik. Onların bilikləri mənə çox kömək oldu. Avropa ölkələrinin təcrübəsindən də faydalanmışam. Bu sahədə ən çox xoşuma gələn Yaponiya ölkəsidir. Bütün bu təcrübələri cəmləşdirərək öyrənirik ki, biz də öz sənayemizdə tətbiq edək. 

-İstehsalat və xidmət sahələri üzrə planlama sahəsində peşəkarsınız. Fikrinizcə, bu sahədə Azərbaycanda mövcud olan çatışmazlıqlar hansılardır?

-Bir problemi həll etmək üçün əvvəlcə həmin problemin kökünü müəyyən etmək lazımdır. Bizdə, xüsusən də, xidmət sahələrində reklamlı planlama olmur hal-hazırda, çox zəifdir. Amma istehsalatda müəyyən qədər var. Hətta, böyük şirkətlərin bir çoxu da artıq planlama fəaliyyətinə başlayıblar. Əslində, problem bilirsiniz nədir? Hal-hazırda böhrandır. Böhran olduğu üçün də köməkçi xammal, material və ya  məhsulu ərsəyə gətirən əsas materialların böyük əksəriyyəti xarici bazara məxsusdursa, buradakı qiymətlərdə də yüksəlmə varsa, avtomatik olaraq sizin aldığınız məhsulun maya dəyəri qalxacaq. Məhsulun qiymətinin artması da alıcı kütləsinin azalmasına gətirib çıxarır. Balansı elə qorumaq lazımdır ki, müştəri azalması halları baş verməsin. Ya da prosesi elə qurmaq lazımdır ki, qiymət eyni qalsın.

-Sizcə, indiyədək Azərbaycanda mövcud olmayan, lakin yaradılması mümkün olduğu halda yüksək gəlir əldə etməyə imkan verən hansı yeni istehsal sahələri yaradıla bilər?

-Belə deyim, əsasən, xarici bazardan idxal elədiyimiz məhsulların öz ölkəmizdə istehsalı bizə daha çox gəlir gətirər. Məsələn, tekstil məhsulları. Biz bu ehtiyacımızı çox zaman xaricdən qarşılayırıq. Alış-veriş mərkəzlərinə nəzər salsaq, görərik ki, tekstil məhsulları arasında yerli markalar rast gəlinməyəcək qədər azdır. Düşünürəm ki, xüsusilə, tekstil bizdə istehsal olunsa, çox böyük alıcı kütləsinə sahib ola bilər. Amma təbii ki, xaricdəki keyfiyyət səviyyəsində, yəni, müştərinin tələb elədiyi səviyyədə olmalıdır.

-Azərbaycanda, xüsusilə, xidmət sahəsində ciddi problemlər mövcuddur. Əksər hallarda sahibkarlar elə düşünürlər ki, obyekt açıldı, lazım olan avadanlıqlar alındı, vəssalam, bununla da iş bitdi. Müştəri məmnuniyyəti, eləcə də prosesin idarə edilməsi haqqında demək olar ki, düşünmürlər. Sizin fikrinizcə, əksər sahibkarların belə addım atmasına səbəb nədir və bu yarıtmaz əqidəni necə dəyişmək olar?

-Bunun əsas səbəbi odur ki, sahibkar nə istədiyini bilmir. Mən bu müəssisəni açıramsa, mənə nə dərəcədə faydalı olacağını, xitab elədiyim müştəri kütləsini düşünməliyəm, hansı səviyyədə xitab edəcəyini düşünməliyəm. Tutaq ki, bir istehsal və yaxud xidmət müəssisəsi qurulur. Lakin onun mexanizması mövcud tələblərə uyğun qurulmur. Məsələn, ildə 1000 nəfərə xitab edəcək şəkildə bir restoran tikirsiz, qurursuz. Qidanızı, yeməklərinizi, işçiləri, reklamları, hamısını təşkil edirsiz. Amma real vəziyyətdə ora 1000 nəfər gəlmir, 200 nəfər gəlir. Siz o 200 nəfərdən maksimum gəlir əldə etsəniz belə, zərərdə olacaqsız. Sizin sistemin potensial gücü 1000-dirsə, 200 onun 1/5-dir. Yəni, bu o deməkdir ki, siz 100 % zərərdəsiniz. Bütün bunları əvvəlcədən hesablamaq lazımdır, nəzərə almaq lazımdır. Bazar tələbi müəyyən olunmalıdr, tələbə uyğun məhsul növü müəyyən olunmalıdır. Ən önəmlisi də məhsulu istifadə edəcək kütlənin hansı səviyyədə istifadə edə biləcəyi müəyyən olunmalıdır. Məhz bunlardan sonra istehsal və xidmət müəssisələri qurulmalıdır. Problemlərin başlıca səbəbləri bunlara əməl edilməməsidir.

-Azərbaycanda sənaye sahəsində ilk romanın müəlliflərindən birisiniz. “Sənayenilənmə” əsərində gənc mühəndislərə vermək istədiyiniz əsas mesajlar nədən ibarət olub?

-Açığı, bu kitabı yazma səbəbimiz bir az fərqli olub. Azərbaycanda biz tələbə olduğumuz vaxtlardan etibatrən planlama ilə bağlı öz dilimizdə dərs vəsaiti yox idi, ümumiyyətlə, kitab yox idi. Əslində, 4-5 il əvvəl mən istəmişəm ki, bu sahədə öz dilimizdə dərs vəsaiti olsun ki, tələbələr, sırf sənaye sahəsində çalışan insanlar əziyyət çəkməsinlər. Elə adamlar var ki, rus, ingilis, yapon, ispan dillərini bilmirlər. Belə halda, həmin kitabları tərcümə edib oxumaq çox çətin gəlir. Mənim danimarkalı bir dostum var idi, ondan xahiş etmişdim, bütün kitabları ingilis dilinə tərcümə edib mənə göndərmişdi. O da ki, 1-2 il sonra. İndi də uşaqlar bu əziyyəti çəkməsinlər deyə öz dilimizdə vəsait yaratmaq istədim. Mən yazdım, bitirdim. Metaləritmədə çalışırdım, ağır sənayedə. Həmin vaxtlarda bir iş yoldaşımla rastlaşdım. Həmin yoldaşımın sənayedə idarəetmə təcrübəsi var idi. Fəaliyyətə gənc yaşlardan başlamışdı və müxtəlif zavodlarda, şirkətlərdə müdir olmuşdu. Onun istədi o idi ki, idarəetmə sahəsində kitab yazsın. Yazmağa da başlamışdı. Mən isə artıq yazıb bitirmişdim. Nahar fasiləsində rastlaşdıq, söhbət elədik. Dedim ki, bəs kitab yazmışam, tamamlayıram artıq. Dedi ki, mən də sənayedə idarəetməyə aid yazıram. Bu haqda danışmağa başladıq və dedik ki, bu iki kitabı birləşdirsək, tək bir kitab eləsək və bir az da azaltsaq, tələbələr üçün daha maraqlı olar. Biz birlikdə 2-3 ay müddətində fikirlərimizi həyata keçirdik. Açığı, mən onun yazdığı kitabı oxuyurdum, heç nə başa düşmürdüm. Eləcə də, o mənim kitabımı oxuyub planlamanı anlamırdı. Yəni, iki müəllif bir-birimizi anlamırdıq (gülür). Qərara gəldik ki, bunu daha da asanlaşdıraq. Tələbələr oxuyarkən bu kitabdan nə almaq istəyirlərsə, onu ala bilsinlər. Bu kitabdakı hadisələrin 90-95 %-i başımıza gələn hadisələrdir. Biz bunu xəyal məhsulu və ya düşüncə olaraq yazmamışıq. Yaşadığımız problemlər, onlara necə yanaşıldığı və əslində, necə yanaşılmalı olduğu haqda yazmışıq.

-Qeyri-neft sektorunun inkişafı üçün, əlbəttə, ABŞ, Avropa ölkələri, eləcə də, Yaponiya təcrübəsindən istifadə böyük faydalar gətirə bilər. Çünki bu ölkələr həmin yolu illər öncə keçiblər. Sizcə, yerli iş adamları necə, müasir təcrübənin tətbiqində nə qədər maraqlıdırlar?

-Hal-hazırda sadaladığınız ölkələrlə çox güclü iqtisadi əlaqələr var. Təbii ki, bu da onun nəticəsidir ki, oradakı insanların buraya gəlməsi, burada müəyyən komandalarla müqavilələr bağlaması, fikir müzakirələri aparması ilə onların təcrübələri bir qədər bizim sanəyemizə təsirini göstərir. Ağır sənayedəki yeni cihazlara fikir versək, onların hamısının müasir texnologiya ilə qurulduğunu görərik. Bunlar, birbaşa müasir dünya təcrübəsinin, dünya sənayesinin məhsullarının bizim ölkəmizdə, sənayemizdə tətbiqi deməkdir.

-Mühəndislər üçün çoxsaylı təlimlər keçmisiniz. Onların əsas problemləri nədən ibarətdir?

-Əsas problemləri bunda idi ki, onların texnik bazaları yox idi. Məsələn, tələbədir, 4 il universitet oxuyub, ümumi bilikləri, məlumatları əldə edib. Açığı, universitet tədris verən bir yer deyil, universitet yol göstərən bir yerdir. Universitetin o imkanları yoxdur ki, sizə saxlanmanı ayrı göstərsin, istehsalatı ayrı göstərsin, maliyyəni ayrı göstərsin. Sadəcə sizə məlumatları verir. Yəni, universitet xəritə göstərir ki, bu yoldan getsəniz, hara çatacaqsınız, bu yolu təqib etsəniz, hara çata bilərsiz. 

Tələbələr də ümumi görünən xəritəyə əsasən özlərinə bir yol seçirlər və məzun olduqdan sonra karyeralarını həmin istiqamətdə davam etdirirlər. Biz bunun şahidi olduq ki, universiteti bitirən tələbələrin böyük əksəriyyəti sənayedə harada çalışacaqlarını bilmirlər. Məzun olandan sonra işə müraciət edirlər və müəyyən sahədə başlayırlar çalışmağa. Mən adam tanıyıram ki, 8-10 il çalışdıqdan sonra deyir ki, bu sahə mənlik deyil, mənim xarakterimə uyğun deyil. Bu da artıq gec olur. Baxır ki, mən hansısa başqa sahədə daha professional olub yüksələ bilərdim, amma yerimdə saymışam. İstiqamət əvvəlcədən düzgün seçilməlidir. Bunun üçün də, məhz sizin kimi, gərək tələbə vaxtından iş dünyasında olsunlar, gərək müxtəlif sahələrdəki insanlardan fikir alsınlar. Məsələn, gəlib bir sənayedə və ya hər hansısa bir xidmət sahısində oturub baxsınlar ki, mən gələcəkdə bu işdə çalışmaq istəyirəmsə, görüm bunlar nə iş görürlər? Nə çətinlikləri var? Hansı üstünlükləri var? Mənim xasiyyətim, gələcək fikirlərim bu işə nə dərəcədə uyğundur? Tələbələr bütün bu mərhələlərdən keçməlidirlər və özlərinə uyğun sahəni bu cür seçməlidirlər. Təlimlərdə də bunu gördük ki, insanlar bu mərhələləri keçməyiblər. İşə başlayıblar, amma texnik bazaları yoxdur. Texniki bazaları yoxdur deyə yenidən universitetdə oxumayacaqları üçün məcbur olaraq o əskiklikləri təlimlərdə doldurmağa çalışırlar. Təlimlər də onlara yalnız müəyyən qədərini verə bilir.

-Təlimlərinizdə əsas istiqamət kimi nələri götürürsünüz? Yoxsa bu, qarşı tərəfin istəyindən asılıdır?

-Biz təlimlərdə daha çox qarşı tərəfin tələbini nəzərə alırıq. İnsan ora ödəniş eləyib gəlirsə, vaxt ayırırsa, onun istəklərini nəzərə almaq lazımdır. Bizim işimiz təlimlə bitmir. Təlimdən sonra da bizim əlaqələrimiz davam edir. Məsələn, hər hansısa bir sualları olanda, əlaqə saxlayıb soruşurlar.

-Öz sahənizlə bağlı sahibkarlara, eləcə də, yeni istehsal və xidmət sahələri yaratmaq istəyənlərə hansı tövsiyələri vermək istərdiniz?

-Öz sahəmizdə olan sahibkarlara tövsiyəm biznesləri, şirkətləri nə qədər böyüyürsə, planlamaya o qədər çox vaxt və imkan ayırsınlar. Planlamadakı ən kiçik bir xəta şirkətə böyük ziyan vura bilər. Şirkətlər insanlar kimidir. Onlar da xəstələnirlər, onlar da yaşayırlar, böyüyürlər, onlar da ölürlər.  Eləsi var, gənc yaşda ölür, eləsi var, qocalır, ölür. Onların da bir ömür qrafiki var. Siz yaxşı hiss etməyəndə, həkimə müraciət edirsiniz və o, sizi müayinə edərək problemin nə olduğunu deyir. O deyənədək siz problemin nədə olduğunu bilmirsiniz. Sənayelər də belədir. Sənayenin içində olan insanlar o problemi görə bilmirlər. Sənayeyə çöldən başqa bir mütəxəssis baxarsa, analiz edərsə, problemi görə bilər. Şirkətlər özlərini yoxlatdırmalıdır.

-Hazırda üzərində çalışdığınız layihələr hansılardır və gələcək hədəfləriniz nədən ibarətdir?

-Hazırda yalnız planlama deyil, bütün biznes proseslərini əhatə edən təchizat zəncirinin idarə olunması üzrə çalışıram. Təchizat zənciri, bir məhsul yaranacaqsa, onu meydana gətirən bütün proseslərin zəncirini əhatə edir. Orada sadəcə zavod nəzərə alınmır. Xam maddəni satandan tutmuş, tədarükçüyə qədər, məhsulu istifadə edəcək son müştəriyə qədər hər şey planlama ilə nəzərə alınır. Hazırda bu sahə üzrə çalışıram. Gələcək hədəflərim isə daha böyük şirkətlərə bu sahədə planlama olaraq xidmət göstərməkdir. Sənayemizin digər sahələrini də dünya səviyyəsinə çıxara bilmək üçün çalışacam.

-İstirahət vaxtlarında necə dinlənməyə üstünlük verirsiniz?

-Əslində, mənim çox da boş vaxtım olmur. Olanda, daha çox futbola baxmağı xoşlayıram. Oynamağı yox, baxmağı sevirəm. Futbolu sevmə səbəbim isə onun stratejik oyun olmasıdır. Futbol izləyəndə, həqiqətən də, əsəblərim sakitləşir və zövq alıram. Həftə sonları isə təlimlərlə məşğul oluram. Şirkətlərdə və ya fərdi olaraq kurslarda təlimlər keçirəm.

-Dost çevrənizi necə seçirsiniz?

-Mənim dost çevrəm elə də geniş deyil. Çevrəm genişdir, amma dost çevrəm yox. Dost elə bir şeydir ki, ona güvənməlisiniz, eyni yola çıxmalısınız, uğurlarınızı, sıxıntılıranızı, problemlərinizi paylaşmalısınız. Bunları da hər insanla eləmək olmur. Dostlarım azdır, amma dəyərli insanlardır. Mən heç vaxt dostlarımdan mənfəət güdməmişəm, həmçinin, onlar da məndən. Nəyisə qarşılıq gözləyərək eləməmişik. Dostlarımı çox çətinliklə seçmişəm. Ələkdən ələnə-ələnə qalıblar, amma həqiqi dostdurlar. Nə yaxşı ki, onlar var. Onlarla həmişə fəxr eləmişəm.

-Hansı tip insanlarla birgə işləməkdə çətinlik çəkirsiniz?

-Daha çox yaşlı nəsillə. Səbəb budur ki, yaşlı nəsillərin gənc peşəkarlara, mütəxəssislərə baxış bucağı bir az fərqlidir. Həmçinin, yeniliyə açıq deyillər. Özlərinin bazası olduqca möhkəmdir. Sovet dövründən bəri onların bilik bazası güclüdür. 

Müasir sənayedən fərqli olaraq onların tətbiq imkanları geniş olub. Tələbə vaxtı onları zavodlara filan aparıblar, onlar orada işləyiblər. Universiteti bitirdikdən sonra da müəyyən qədər təcrübələri olurdu və iş tapmaqda çətinlik çəkmirdilər. Amma indi tələbəliyi boş-boş keçirirlər, məzun olurlar, təcrübələri olmur, iş tapa bilmirlər. Amma indiki yaşlı nəsil bu cəhətdən çox yüksək səviyyədə olublar. Sadəcə, bu insanlar 1970-ci illərdə nə təhsil alıblarsa, onunla da söhbəti bağlayıblar. O vaxtdan indiyədək bir yenilik eləməyiblər. Xaricdə 70 yaşında bir insan da sizdən nəsə öyrənmək istəyir. Bizdə isə siz yeni bir fikir irəli sürsəniz, yaşlı nəsil güləcək sizə. Deyəcək ki, mənim bu sahədə filan qədər təcrübəm var, sənin heç o qədər yaşın yoxdur, amma sən mənə iş öyrədirsən. Bəziləri anlamırlar, lakin bəziləri isə qürurundan qəbul etmək istəmirlər. Başa düşürlər, doğru olduğunu bilirlər, amma özlərinə sığışdırmırlar. Xarici ölkələrin birində çox böyük, dünya səviyyəsində bir şirkətin sahibi ilə təsadüfən görüşmüşdüm. O, çox gözəl bir şey dedi mənə. Dedi ki, mənim məhsul qablaşdırmama fikir bildirən adam 6 yaşlı bir uşaq idi. Bəli, 6 yaşındakı uşaq deyib ki, bu qablaşdırmanın rəngi qırmızı olsun. Razılaşıblar və hələ də həmin adama o fikrin ödənişini edir. Məsələ budur. Yaşa baxmayaraq, fikir alış-verişi, fikir mübadiləsi olmalıdır.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün