İqtisadçı-ekspert Samir Əliyev: "Qeyri-neft sektorunun inkişafı üçün sahibkara pul verilməlidir, ancaq yüksək kredit faizləri buna imkan vermir", Gürcüstanda benzin Azərbaycandan baha olduğu halda, taksi xidməti bizdən ucuzdursa deməli turizm üçün görəcək hələ çox işimiz var, 05.05.2017 1021

İqtisadçı-ekspert Samir Əliyev: "Qeyri-neft sektorunun inkişafı üçün sahibkara pul verilməlidir, ancaq yüksək kredit faizləri buna imkan vermir"

Gürcüstanda benzin Azərbaycandan baha olduğu halda, taksi xidməti bizdən ucuzdursa deməli turizm üçün görəcək hələ çox işimiz var

-Samir bəy, bölgələrdə insanlar mal-qara və ya hansısa avadanlığı girov qoyub kredit götürə bilmirdilər. Ancaq daşınar əmlakın yüklülüyü haqqında qanun buna imkan verəcək. Bu qanunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Ümumiyyətlə Azərbaycanda girov qismində bir qayda olaraq daşınmaz əmlakdan istifadə edilib. Daşınar əmlak qismində avtomobildən istifadə edilib. Ən yaxşı halda qızıl-zinət əşyalarından istifadə olunur. Qızıl-zinət əşyaları xarab olmur, istənilən vaxt satıla bilir. Məsələn, inkişaf etmiş ölkələrdə təkcə daşınmaz əmlak yox, həm də daşınar əmlak girov qismində iştirak edir. Sahibkar ayaqqabı mağazası açıb kredit götürmək istəyir, amma girov tələb olunur. Obyekt onun deyil, icarəyə götürüb deyə obyekti girov qismində qoymağa yiyəsi razı olmayacaq. Bəs onda həmin şəxs nə etməlidir? Belə bir vəziyyətdə o mal dövriyyəsi, yəni satdığı ayaqqabı və ya məişət texnikasını həmin müddətdə girov qismində qoya bilər. Buna daşınar əmlakın girovu və ya təminatlı əqdlər deyilir. Bizdə bununla bağlı qanun layihəsi var. Hələ qəbul edilməyib. Əgər bu qəbul edilərsə insanlar kredit götürəndə istənilən avadanlığı, əmlakı girov qoya bilərlər. Məsələn, notbuku, mobil telefonu, saatını. Düşünürəm ki, bu həm sahibkarların, həm də əhalinin kreditə əlçatanlığını artıran bir amildir. Əlbəttə, bu göründüyü qədər sadə deyil. Bu işi görmək üçün ilk olaraq daşınar əmlakın reyestri yaradılmalıdır. Bu reyestr dövlət tərəfindən yaradılır və nəzarət edilir. Bunun mexanizmi ondan ibarətdir ki, kim ki, öz daşınar əmlakını girov qoymaq istəyir həmin məlumatları reyestrə daxil edir. Reyestrə daxil etdikdən sonra qeydiyyatdan keçir. Və sabah krediti qaytara bilməyəndə həmin reyestrdə göstərdiyi girovu hərraca çıxarıb satır. Bankların da burada faydası var. Banklar maksimum dərəcədə daşınmaz əmlaka üstünlük verirlər. Çünki daşınar əmlak daşınmaz əmlakdan fərqli olaraq mənəvi aşınmaya məruz qalır, həm də daşınar əmlak tez qiymətdən düşür. Bu baxımdan banklar bir o qədər də maraq göstərmir. Amma yenə də banklar bunu qəbul etməyəcək  demək düzgün deyil. Banklara sərf eləyir ki, kredit müştərilərinin əhatə dairəsini artırsınlar. Həm də  tənzimləyici qurum məhdudiyyətlər tətbiq edir. Təminatsız və təminatlı kredit var. Təminatsız kreditin arxasında girov olmur, amma təminatlı kreditdə arxasında girov durur. Təminatsız kreditlər iş yerindən arayışla verilir. İnsanlar var ki, fəhlə işləyir, amma rəsmi müqaviləsi yoxdur. Bir sözlə iş yerindən arayış verə bilmir. Bu insanlar bugün faktiki olaraq kreditdən kənarda qalır. Evi də yoxdur ki, kredit götürsün. Amma ola bilər ki notbuku, qədimdən qalma qiymətli saatı var. Bunu aparıb girov qoyub rahat kredit götürə bilərlər.

Devalvasiyalardan sonra özəl valyutadəyişmə məntəqələri ləğv olundu. Hazırda Milli Məclisdə onların yenidən bərpası məsələsi müzakirə olunur. Bu məntəqələrin yenidən açılmasına zərurət  nədən yarandı?

-Ümumilikdə valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsi əhali üçün əlçatan bir məkandır, yəni bank filialları mərkəzdə çox ola bilər, amma kənara çıxdıqda bank filialları çatışmır. Və ya şənbə, bazar banklar işləmir. Saat 18:00-da  bank bağlanır. Növbətçi bank axtarırsız ki, məzənnə dəyişəsiniz. Göründüyü kimi problemlərlər yaradır. Valyutadəyişmə məntəqələri niyə bağlandı? 2014-cü ilin sonundan  başlayaraq neftin qiymətinin düşməsi nəticəsində bir növ büdcənin icrası ilə bağlı problemlər yarandı. Və həmin vaxtlarda dövlət qurumları tərəfindən borcların ödənilməsi ilə bağlı sahibkarların üzərinə güclü təzyiqlər oldu. İstər daxili, istərsə də xarici şirkətlər bağlandılar. Bəziləri xaricə köçdü, bəziləri isə ümumiyyətlə fəaliyyətini dayandırdı. Xarici şirkətlər dövriyyə azaldığından gördülər ki, burada qalmaq rentabelli deyil. Ona görə çıxıb getdilər. Bir sözlə ölkədən kapital axını baş verdi. Kapital axını ona gətirib çıxartdı ki, Mərkəzi Bank 1 ildə 10 milyarddan çox vəsait itirdi. Kapital axını ölkədən çıxdıqca bu milli valyuta üçün problemlər yaradır. Ölkədən çıxan dollarla, ölkəyə gələn dollar arasında fərq mənfi olarsa, yəni daha çox çıxıb daha az gələrsə milli valyutanı təzyiq altına salır və ucuzlaşdırır. Neft gəlirlərinin yüksək olduğu vaxt fərqli idi. Ölkəyə daha çox dollar gəlirdi. Belə vəziyyətdə kapital axının qarşısının alınması mexanizmlərindən biri kimi valyutadəyişmə məntəqələrini bağladılar. Çünki böyük həcmdə pullar bu məntəqələrdə dəyişilirdi. Və bunlar qeydiyyata alınmırdı. Bank sektoruna daxil olmadan valyuta mübadiləsi gedirdi və ölkədən çıxırdı. Pul dövriyyəsini bank sisteminə gətirmək üçün bu məntəqələr bağlandı. Və bu işi banklar həyata keçirməyə başladılar. İkinci ən əsası məzənnə bankların siyasətinin qurbanına çevrildi. Ona görə ki, valyutadəyişmə məntəqəsində alış-satış arasında fərq çox az idi. Bu məntəqənin qazancı hər hansı valyutanı alıb satmaqdır. O ucuz qoyur ki, daha çox satsın. Banklarda isə elə deyil. Valyutadəyişmə məntəqələrində müəyyən valyuta olur və onu idarə edir. Banklarda isə bugün manat qıtlığıdırsa, dolların alış kursunu aşağı salırlar. Və ya dollar qıtlığı varsa onda dolları baha qiymətə satırlar, yəni banklarda alış-satış kursu arasında fərq çox böyük idi. Elə bank var idi bu 3% idi, elə banklar var idi ki, hətta 10-15%- ə çatırdı. İnsanlar qara bazara gedirdi. Banklarda dollar ajiotajının aradan qalxması qara bazarı müəyyən qədər aradan qaldırdı. Amma tam yox. Ona görə ki, banklar dolları çox ucuz satır. Bu da vətəndaşa sərf eləmir. Qara bazarda fərq az olduğuna görə oradan alırdılar. Hər bir halda alan üçün də, satan üçün də qara bazar sərf edirdi. Düşünürəm ki, valyutadəyişmə məntəqələrinin bərpası həm əhalinin valyuta dəyişməyə çıxış imkanlarını artıracaq, həm də banklarla müqayisədə daha əlverişli yollarla valyuta dəyişməsinə imkan verəcək. Ona görə də Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatasının işi bu olmalıdır ki ,n valyutadəyişmə məntəqələrinə nəzarət etsin. Nəzarət sərt qaydalardan ibarət deyil. Çalışmalıdır ki, lisenziya qaydasında qoyulan öhdəlikləri yerinə yetirsinlər. Əgər sərt qaydalar tətbiq etsələr qara bazar da banklar kimi alış-satış arasında böyük məzənnə tətbiq edə bilər. Və onların əhəmiyyətini aşağı sala bilər. Hər bir halda valyutadəyişmə məntəqələrinən həm məzənnə baxımından, həm də işsizlik baxımından açılması müsbətdir.

-Bir sıra iqtisadi islahatlar həyata keçirildi və strateji yol xəritələri hazırlandı. Sizcə qeyri-neft sektorunun daha sürətli inkişafı üçün daha nələr edilə bilər?

-Qeyri-neft sektorunun inkişafi böyük bir mərhələni əhatə edir. Qısa müddətdə nail olmaq mümkün deyil. Bu addım bu vaxta qədər atılmalı idi. 2008-2009-cu ilin əvvəlində dünyada qlobal böhran baş verəndə Amerika və Avropa ölkələri ilə yanaşı neft ixrac edən ölkələr də çox böyük problemlə üzləşdilər. Səbəb o idi ki, neft birdən-birə 30 dollara qədər ucuzlaşdı. Neftin ucuzlaşması təbii ki, neft ixrac edən ölkələrin gəlirlərinə mənfi təsir göstərir. Azərbaycan da həmin dövrdə çətinliklərlə üzləşdi. Amma neftin düşməsi qısamüddətli oldu. Növbəti illərdə təxminən qiyməti 115 dollara qədər bahalaşdı. Azərbaycan böyük bir zərbə görmədi. Həmin anda artıq bu siqnal idi, belə bir böhran yenə ola bilər, ona görə qeyri-neft sektorunun inkişafına heç olmasa gec də olsa başlanmalı idi. Hökumət həmin ərəfədə bir sıra qərarlar qəbul etdi. Çox təəssüf ki , neftin qiymətinin yenidən artması hökumətin bu strategiyadan yayınmasına gətirib çıxartdı. Qeyri-neft sektoru yenidən yaddan çıxdı.  2014-cü ilin sonunda yenidən qeyri-neft sektorunun inkişafı yada düşdü. İndi vəziyyət daha uzunmüddətlidir. Neftin qiymətinin yaxın dövrdə qalxması gözlənilmir. İlk növbədə qısamüddətli addımlar atılmalıdır. Burada proses iki hissəyə bölünməlidir. Təxirəsalınmaz tədbirləri özündə əks etdirən mərhələ və uzunmüddətli dövrdə şərti təmin edən tədbirlər. Müəyyən addımlar atılıb, amma bu addımlar kifayət etmir. Burada qeyri-neft sektoruna ayrıca sahə kimi baxmalı deyilik. Qeyri-neft sektoru ölkə iqtisadiyyatının bir hissəsidir. Ölkə iqtisadiyyatında dəyişiklik etməklə biz qeyri-neft sektorunu inkişaf etdirə bilərik. Burada islahatlar getməlidir. Struktur islahatları, büdcə öhdəliklərinin azaldılması islahatları. Bugün işıq, qaz, su faktiki olaraq büdcənin üzərindədir. Onları büdcədən ayırmaq lazımdır. Effektli idarəetmə sistemi kommunal sektorda qurulmalıdır. Bugün kiçik və orta sahibkarlığın maliyyələşməsi problemi aktual olaraq qalır. Faktiki olaraq sahibkar kredit götürə bilmir. Böhran vəziyyətində xarici ölkələr iqtisadiyyatı pulla təmin edir. Bizdə sahibkar pul ala bilmir. Kredit faizləri yüksəkdir. Kreditin real sektora yönləndirilməsi təmin edilməlidir ki, real sektor pulsuz qalmasın. Eyni zamanda bir sıra adminstrativ, inzibati məhdudiyyətlər aradan qalxmalıdır. Bu islahatlar aparıldığı təqdirdə daha yaxşı nəticələr ola bilər. 

-Rəqabət məcəlləsi neçə ildir Milli Məclisdə qalmasına baxmayaraq qəbul olunmayıb. Bu məcəllə qəbul olunsa Azərbaycanda nələr dəyişə bilər?

-İstənilən halda rəqabət məcəlləsinin qəbul olunmasına çox böyük ehtiyac var. Ən azından rəqabət mühitinin formalaşması baxımından hüquqi baza rolunu oynayacaq. Eyni zamanda bazarda hökmran mövqeyə malik şirkətlərin monopoliyadan tutmuş inhisar məsələləri, bu işlə məşğul olan qurumların hüquq və vəzifələri  öz əksini tapmalıdır ki, biz bilək ki, nə vaxt rəqabət var, nə vaxt inhisar var. Bizdə o qanunların bəzi elementləri var. Amma ümumilikdə rəqabət məcəlləsi  qəbul olunmalıdır, çünki çox böyük boşluqlar var. Bir sıra istiqamətlərdə rəqabət mühitinin formalaşmasının əsaslandırılması çox çətin olur. Bunun üçün də bir istinad mənbəsi olmalıdır. Bu baxımdan rəqabət məcəlləsinin qəbulunu çox vacib sayıram. Hər hansı qanun qəbulu baxımından yox, təcrübədə tətbiqi baxımından qiymətləndirilməlidir. Ən yaxşı qanunlar belə bəzən təcrübədə öz tətbiqini tapmır. Yaxşı icra olunmur. Bu baxımdan istisna deyil ki, rəqabət məcəlləsi də ola bilsin ki, qəbulundan sonra təcrübədə tətbiqini yaxşı tapmasın. Ona görə ikinci mərhələ qəbulundan sonra onun icra mexanizmi hazırlanmalıdır ki, reallaşsın.

-Azərbaycanın aparıcı bankı olan Beynəlxalq bankda qısa zamanda iki dəfə rəhbər dəyişikliyi oldu.  Sizcə hazırda bu bankda vəziyyət necədir?

-Beynəlxalq Bank Azərbaycanın ən böyük bankıdır. Azərbaycanın bank sektorunun təxminən 1/3-i bu bankın payına düşür. Bəzi parametrlər üzrə bu 40%-ə gəlib çıxır. Kifayət qədər əhəmiyyətli bankdır və dövlət bankıdır. Beynəlxalq bankda idarəetmənin düzgün qurulmaması ona gətirib çıxartdı ki, bank çox böyük zərərlə üzləşdi. Devalvasiya zamanı düzgün idarəetmənin olmaması nəticəsində ortaya çıxan fəsadlar vəziyyəti daha da ağırlaşdırdı.  Və nəticədə bank zərərə düşdü.  Dövlət tərəfindən 2016- cı ilin sonuna qədər  banka 10 milyarda qədər yardım edilib. Aktivlərin böyük hissəsi zərərlidir. 10 milyardı artıq sağlamlaşdırılıb, yenə də bankın problemləri qalmaqdadır. Əsas problemlər xarici borcun ödənilməsi və verilən kreditlərin geri qaytarılması ilə bağlıdır. Bu istiqamətdə hökumət dəstək verir. Ən böyük problem odur ki, məlumatlar qapalı saxlanılır. Bankın kiçildilməsi prosesi gedir. Düşünürəm ki, bu proses davam edəcək. Məlumat verildi ki, birinci rübü  mənfəətlə başa vurub. Son vaxtlarda ilk dəfədir ki, bank mənfəətlə rübü başa vurur. Hər dəfə böyük bir zərər yaranırdı. Hesab edirəm ki, beynəlxalq bank ilk olaraq kiçildilməlidir, ikinci özəlləşdirilməlidir. Çünki dövlət bankı olduğuna görə həmişə sui-istifadə halları olub. Əlbəttə maksimum dərəcədə rəqabətlə özəlləşdirilmə aparılmalıdır.  

-Turizm də qeyri-neft sektorunun əsas sahələrindən biridir. Bu sahədə sizcə nələr dəyişsə Gürcüstana rəqib ola bilərik?

-Təbii ki, turizmin inkişafı çox vacibdir. Xüsusilə də qeyri-neft sektorunun inkişafı baxımından. Azərbaycanda bunun üçün təbii şərait var. Amma burada tək təbii şərait məsələsi deyil. Bunun üçün bir sıra amillər nəzərə alınmalıdır. Burada viza rejiminin  sadələşdirilməsi məsələsi var. Bu istiqamətdə bizdə işlər gedir, hətta beynəlxalq təcrübələrdə qiymətləndirilmə aparılır ki, hansı ölkənin pasportu ilə daha çox ölkəyə getmək olar .Azərbaycanda bu sahədə vəziyyət orta səviyyədədir. Pis olmasa da , yaxşı da deyil. Ona görədə viza rejiminin sadələşdirilməsi ilkin şərtdir. İkinci şərt infrastrukturun olmasıdır. İnfrasturuktur  turizmin inkişafı üçün zəruri olan obyeklərin mövcudluğudur. Bura heç də beşulduzlu otel daxil deyil. Turislər başqa ölkəyə yatmağa getmirlər, onlar gəzməyə gedirlər. Onlar üçün ikiulduzlu otel kifayət edir. Qonaq evləri ola bilər, hostellər. Bizdə mehmanxanalar çox bahadır. Ucuz hostellər tikilməlidir. Digər amil nəqliyyatdır. Biz turist cəlb etmək istəyiriksə qiymətləri endirməliyik. Məsələn, Türkiyə əsas turist sərnişinləri olan Rusiyadan gələnlər üçün qiyməti ucuz edir. Rusiyadan Türkiyəyə uçmaq ucuz başa gəlir, nəyinki Azərbaycandan. Biz neft ölkəsiyik. Ucuz reyslər təşkil etmək olar. Başqa problem vergi ilə bağlıdır. Bu məsələ yavaş-yavaş həllini tapır. Söhbət tax free- dən gedir.Buradan alınan mala görə ölkəni tərk edəndə verginin geri qaytarılması. Artıq bu tətbiq edilməyə başlanılır. Müxtəlif ödəniş sistemlərinin işləməsi, məsələn mərkəzdə kart ödənişləri edə bilirik, amma kənarda, mağazalarda kart ödənişləri yoxdur. Həm mağazalarda, həm də ictimai iaşə obyektlərində belə problemlər var. Ona görə də infrastruktur yaradılmalıdır. Əgər biz Gürcüstanla özümüzü müqayisə ediriksə, məsələn Gürcüstanda benzininin qiyməti bizdən bahadır, amma taksi xidməti ucuzdursa əlbəttə Gürcüstan daha çox turist cəlb edəcək. Bizdə qiymətlər bahadır. Neft pullarının yaratdığı bahalı bir ölkəyə çevrilmişik. Ucuz yerlər də turizmə qəti yaramır. Antisanitariyadan tutmuş keyfiyyətsizliyə qədər hər şey mövcuddur. Və  bizdə keyfiyyətli xidmət yoxdur. Hətta beşulduzlu otellərə getsək xidmətin keyfiyəti çox aşağıdır. Bütün bunlar hamısı turizmə təsir göstərir. Məsələn başqa bir şey, çirkli Xəzərdə çimməklə, Qara və ya Aralıq dənizində çimmək bir deyil. Burada ekoloji problemlər də var. Yəni turizm heç də qonaq qəbul etmək deyil, qonağın qəbulu üçün ona uyğun şəraitin yaradılmasıdır.

-Mədən sənayesində şəffaflıq təşəbbüsündən Azərbaycan çıxıb. Bu, Azərbaycana beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə hansı çətinliyi yarada bilər?

-Azərbaycan bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olub. Və uzun müddət nümunəvi ölkə kimi təqdim edilib. Sonradan bu təşəbbüsün şərtləri ağırlaşdığından təbii ki, onun icra edilməsi ilə bağlı problemlər yarandı. Və Azərbaycanın fəaliyyəti donduruldu. Azərbaycan bu təşəbbüsü tərk etməli oldu. Buna baxmayaraq elan etdi ki, öz modelini yaradır. Bu vaxta qədər üzv olduğu platformanın  standartlarını Azərbaycana tətbiq edəcək. Ən azından bununla bağlı öz fikrini bildirib. Azərbaycan üzvlük məsələsi müzakirə olunanda əsas məsələlərdən biri bu idi ki, Azərbaycan oradan çıxsa kredit verilməyəcək. Amma təcrübə göstərdi ki, kredit verildi. Bugün Azərbaycanın kreditə daha çox Cənub-Qaz dəhlizi layihəsi  üçün ehtiyacı var. Bununla bağlı da problem yoxdur. Bugün beynəlxalq təşkilatlar enerji təhlükəsizliyini əsas götürərək Azərbaycandakı vaziyyətə baxmadan bu layihəni maliyyələşdirməkdə maraqlı olduqlarını bildiriblər. Bu vaxta qədər Asiya İnkişaf Bankından tutmuş Dünya Bankına qədər hamısı kredit veriblər. Buna görə də Azərbaycanın təşəbbüsdən çıxması kredit alması üçün problem yaratmır. Amma gələcəkdə ola bilsin müəyyən çətinliklər yaratsın. Xüsusilə də qeyri-neft sektoru üçün kreditlər götürəndə.

-İqtisadçı olmasanız kim olmaq istəyərdiniz? Heyranlıq duyduğunuz sahə varmı?

-İqtisadi sahədə təhsilim olsa da, mətbuatda da işləmişəm. Jurnalistika fəaliyyəti ilə məşğul olmuşam .Müxtəlif  peşələr var ki, mənim maraq dairəmdə olub. Məsələn, hüquqşünas, hərdən düşünürəm ki dedektiv də işləmək olar. Görünür hansısa səbəblərdən, ya da potensialımın kifayət qədər olmaması və ya situasiya elə gətirib ki, bugün daha çox ehtiyac olan sahəyə iqtisadiyyata yönəlmişik. Məncə, uşaqlıqda çoxumuz kosmonavt olmaq istəyirik, amma sonda göydən ümidləri üzüb yerdə hansısa işlərlə məşğul oluruq. Əgər iqtisadiyyatçıyamsa görünür bu sahəni daha çox istəyib bu sahəyə gəlmişəm.

-İşdən sonra nə ilə məşğul olmağı xoşlayırsınız?

-Əvvəllər daha səmərəli keçirirdim. Kinoya, teatra gedirdim. Və ya idmanla məşğul olurdum. İndi işlərin çoxluğu bizi çərçivəyə salır. Əlavə işlərlə məşğul olmağa imkan vermir. İndi daha çox işdən çıxıb, işə gedirik. Bugün bizim notbukumuz olması ona gətirib çıxarır ki, işdəki yükü evə daşıyırıq. Evə gedib şəxsi iş yoxdursa yenə işləyirik. Ona görə də son vaxtlar müəyyən istisnalarla işdən sonra da yenə işlə məşğul oluruq.

-Sizə indiyədək ən çox təsir edən kitab hansı olub?

-Bizim işimiz iqtisadi sahədə araşdırma aparmaqdır. Ona görə də yazmaqdan qabaq işimiz oxumaqdır. Hər gün oxuyuruq. İnternetdə, sosial şəbəkələrdə oxuyuruq. Tədqiqatları, kitabları, fikirləri oxuyuruq. Oxumaqla məşğuluq. Ona görə bəzən dincəlmək üçün adam istəyir ki, alternativ bir işlə məşğul olsun. Çünki bu qədər oxumağın fonunda yenidən oxumaq bir qədər insanı yorur. Daha çox iqtisadi kitablar oxuyuruq. Beynəlxalq təşkilatların hesabatlarını. Mən boş vaxtlarımda kitab oxumaq yox, daha çox filmlərə baxmağı xoşlayıram. Çalışıram filmlərdən həyat üçün fayda götürüm.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli