14.05.2017 2764 Tanınmış qrafik-dizayner Rəsul Həsənov: " "Neftçi" üçün pulsuz loqo hazırladım ki, bu klub dünya arenasına çıxır, daha möhtəşəm görüntü olsun. Amma..., Azərbaycanda dizayn haqqındakı kitablar ancaq həmin sahənin tarixindən danışır, bu isə tələbəyə heç nə vermir, Resul Hesenov, qrafik dizayner,dizayn,moda,eskiz,,

Tanınmış qrafik-dizayner Rəsul Həsənov: " "Neftçi" üçün pulsuz loqo hazırladım ki, bu klub dünya arenasına çıxır, daha möhtəşəm görüntü olsun. Amma...

Azərbaycanda dizayn haqqındakı kitablar ancaq həmin sahənin tarixindən danışır, bu isə tələbəyə heç nə vermir

-Rəsul bəy, bu sahəyə marağınız necə yarandı? Nailiyyətlərinizdən danışın.

-2004-cü ildən başlamışam. O vaxtı dizaynı bilmirdim, amma qrafik işlərlə məşğul olmaq xoşuma gəlirdi. Məşğul ola-ola bir nəfərlə tanış oldum. O, məni “Photoshop” proqramı ilə tanış etdi. Mənə doğma gəldi. Başladım bu işlərlə məşğul olmağa. Ən böyük dəstəyi mənə atam göstərib. Bu sahəyə gəlməyimdə əsas səbəbkar odur. 2009-cu ildən isə bu sahədə peşəkar fəaliyyət göstərirəm. Mən dizaynın müxtəlif sahələri ilə məşğul oluram. Amma əsas sahəm qrafik-dizayndır. Hazırda Kapital Bankda Marketinq kommunikasiya üzrə baş mütəxəssisəm. Bundan əlavə  animasiya sahəsində, məhsul dizaynında özümü yoxlamışam. Dizaynın bütün sahələri mənə xoşdur. Günümün böyük qismi dizayn etməklə keçir. Şəhərlə bağlı çoxlu ideyalar vermişəm. Bu ətraf mühitin dizaynıdır. Bizdə demək olar yoxdur. Ona görə şəhərimiz belədir. Şəhəri ustalar düzəltməməlidir. Şəhərdə fiziki məhdudiyyətlilər üçün demək olar ki, heç bir şərait yoxdur.

-Azərbaycanda hazırda qrafik -dizayn bazarını necə qiymətləndirirsiniz? Sizcə bu sahə öz qiymətini ala bilirmi?

-Azərbaycanda qrafik-dizayn sahəsi hazırda pis deyil. Yəni əvvələ baxsaq daha yaxşı inkişaf edib. Düzdür dünya bazarı ilə müqayisədə çox geridəyik. Bu bəzi iqtisadi, sosial məsələlərlə bağlıdır. Həm də dizayna tələbat ancaq Bakıdadır. Regionlarda demək olar ki, dizayn işi yoxdur. Ona görə biraz zəif inkişaf edib. Əgər regionlar inkişaf etsə şirkətlər arasında böyük rəqabət olsa, düşünürəm daha sürətli inkişaf olar. Amma indi gənc dizaynerlər daha çox yetişir. Hər ay demək olar yeni şirkət açılır. Yəni sırf dizaynla bağlı olmasa da, dizaynerə ehtiyac olan şirkətlər açılır. Bu sosial media şirkətləri, kiçik reklam agentlikləri ola bilər.  Özəl şirkətlərin dizayna daha çox marağı var. Əvvəl az idi. İndi görürlər ki, rəqabət aparmaq üçün dizaynın rolu böyükdür.

-Regionlarda bu sahənin inkişafı üçün nələr edilməlidir?

-Dizayn elədir ki, sırf texnologiyaya və inkişafa bağlı bir şeydir. Həm də rəqabətlə bağlıdır. İnanmıram ki, regionlarda hansısa şirkətlər arasında elə rəqabət olsun ki, dizayna ehtiyac olsun. Güclü rəqabət olmalıdır ki, dizayn olsun və inkişaf etsin. Regionlarda dizaynerlərin formalaşması üçün şərait də yoxdur. Ordakıların böyük bir qisminin dizayndan xəbəri belə yoxdur.   

-Hazırda müxtəlif şirkətlərdə dizaynerə ehtiyac olur. Sizcə Azərbaycanda dizaynerlərin peşəkarlığı hansı səviyyədədir?

-Məncə, peşəkarlıq aşağı səviyyədədir. Peşəkarlar azdır. Göstərəcəyimiz 30-40 nəfər dizayner ola bilər. Bu çox aşağı göstəricidir. Ən yaxşılarını nəzərdə tuturam. Ola bilər çox adam dizaynla məşğuldur. Peşəkarlar az olsa da, ehtiyac çoxdur. Sadəcə öyrənməyə yer yoxdur. Dünyada bu sahə 100 il əvvəl formalaşıb. Biz ilk dizayner şotlandiyalı Makintoşu hesab edirik. 50-60-cı illərdə dizayn kitabları çıxıb, universitetlər açılıb. Polşa plakatı olub, İsveç dizayn məktəbi və başqaları. Bizdə sırf dizayna aid məktəb yoxdur. Gələcəyin sənətidir. Dizayn baxdığımız gözəl nəsə deyil. Oturduğumuz stul belə dizaynla bağlıdır. Dizayn mühəndislikdir. Məsələn, kitab oxuyarkən şriftin ölçüsü necə olmalıdır, şriftin ara məsafələri, çox şey daxildir. Məsələn, küçə reklamının dizaynında adamlar sürətlə gəlib keçdiyinə görə mesaj necə ötürülməlidir dizayner bilməlidir. Psixologiya, mühəndislik tələb edən bir sahədir. Gözəl etdim, üstündən keçdim deyil. Rəssamlığa bağlayırlar çox vaxt, amma rəssamlıq sadəcə çox kiçik bir hissəsi ola bilər. Dizaynın prinsiplərini bilmək lazımdır ki, yaxşı bir iş ortaya qoya biləsən. Universitetlərdə tədris çox aşağı səviyyədədir. Özüm də İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinin dizayner ixtisası üzrə təhsil almışam. Amma məndə moda dizaynı idi. Rəssamlıq Akademiyasında da olmuşam, işlərlə tanış olmuşam, tədris çox aşağı səviyyədədir. Tələbələr üçün dizayna görə ayrılmış otaqlar olmalıdır, kompyuterlə təmin olunmalıdırlar. Yeni dərsliklərlə təmin olunmalıdırlar. Azərbaycanda dizayn haqqında kitab yoxdur. Olsa belə tarixindən danışır. Bu tələbəyə heç nə vermir. Mən bir kitabı tərcümə edirəm və növbəti aylarda çap olunacaq. Moda dizaynı, dizayn prosesi ilə bağlı bir işdir. Bu sahənin adamları özləri məşğul olsunlar gərək.

-Hazırda dizaynda hansı rənglərə üstünlük verilir və hansı rənglərdən istifadə uğurlu olar?

-Hansı rənglər deyə bilmərik, amma istifadə yerinə görə dəyişə bilər.Təbii ki, rənglər biraz modernləşib. Həyatımızın rəqəmsallaşması bir çox şeylərin rəqəmsal cihazlar üzərinə keçirilməsinə gətirib çıxarıb. Rəng sistemində də dəyişiklik olub. Məsələn, rəqəmsal aləmi götürsək burada daha çox “Google” şirkətinin rəng sisteminə üstünlük verilir. Qrafik-dizaynda rənglər yerinə görə dəyişir. Məsələn, qırmızı rəngdən istifadə edərək həm romantika, həm də aqressiyanı göstərmək olar. Və ya yaşıl rənglə tibbi, ya da təbiəti də göstərmək olar. İndi pastel tonlar üstünlük təşkil edir. Yəni insanların gözünü yormayan, çox parlaq olmayan rənglər.  

-Gənclər dizayn proqramları öyrənərək bu sahəyə yiyələnmək istəyirlər. Yalnız proqramları öyrənmək yaxşı dizayner olmaq üçün kifayətdirmi?

-Mən də proqramları öyrənməklə başlamışam. Dizaynın hansısa qanunları olduğunu, kontrast, kompozisiya nə deməkdir deyən olmayıb. Rənglərin harmoniyası nədir bilməmişəm. Bir müddət sonra görürsən ki, bunları bilməsən etdiyin işlər əhəmiyyətli olmur. İndi də bu problemi görürəm yeni başlayanlarda. Proqramı öyrənirlər, amma sonra işlərində çox çətinlik çəkirlər. Ən əsas problemləri şrift, tipoqrafika ilə bağlı olur. İkinci problem rənglərin uyğunluğudur. Dizaynda rəngin çox böyük əhəmiyyəti var. Necə ki, rəssamlıqda rəng, işıq, kölgədir. Qrafik-dizaynda da kompozisiya, rəng çox vacibdir. Şəbəkə ilə işləmək prinsipini bilmək lazımdır. Məsələn, hər hansı bir yazının başlığı ilə mətnin özü seçilməlidir. Baza biliklərini mütləq öyrənmək lazımdır. Bunun üçün dil bilikləri lazımdır. Çünki dizayn sahəsinə aid azərbaycan dilində resurs çox azdır. Dəyərli resurs demək olar ki yoxdur. Ya rus, ya da ingilis saytlarından öyrənə bilərsiz.

-Dizayn sahəsində hansı yenilikləri görmək istəyərdiniz?

-Dizayn hər gün yenilənən sahədir. Bizim işimiz aptek işçisi kimi olmalıdır. Necə ki, hər gün yeni dərman çıxır həmin dərmanı öyrənməlidirlər, biz də trendləri izləməliyik, keçmişdə olan dizayn nümunələrinə baxmalıyıq. Dizayner informasiya sandığıdır. Çox oxumalı, öyrənməlidir. Və bunları tətbiq etməlidir. Çünki sizə istənilən sahədən müraciət edə bilərlər. Və hər sahədən biraz da olsa məlumatınız olmalıdır. Vikipediya kimi adam olmalısız.

-Sizin sahənin digər kompyuter üzərindən görülən işlərlə müqayisədə hansı üstünlükləri var? Bu sahəyə yeni gələnlərə nələr tövsiyə edirsiniz?

-Kompyuter bunun bir parçasıdır. Bizim işimizin son mərhələsi kompyuterlə bağlı olur. Daha çox eskizlə vərəqdə işləmək lazımdır. Kompyuter tam imkan vermir hər şeyi orada işləyəsiz. Əgər hansısa məhsulu hazırlayırsızsa marketə gedib baxmalısız harda yerləşir, yazısı harada olmalıdır, bu premium yoxsa orta klass üçün görünməlidir. Və ya çapdan çıxmamış bir şeyi printerdə çıxarıb baxmalısan. Bizdə qaçıb proqramları öyrənirlər. Proqram sadəcə alətdir. Təsəvvür edin silahınız var, amma bilmirsiz necə atasız.

-Dizaynda müştərilər daha çox nəyə fikir verir və tələbat nədir?

-Müştəriləri daha çox gözəllik maraqlandırır. Problem ondadır ki, müştəri düşünmədən yanımıza gəlir. Deyir ki, yeni şirkət açmışam yeniləmək istəyirəm. Əgər yeni şirkətdirsə burada vəziyyət daha sadədir. Yeni şirkətə üslub düşünmək rahatdır. Çox vaxt müştərinin ağlında şirkətin biznes planı olmur. Rəqibləri tanımır, bazarı analiz etmir. Sadəcə kimdəsə görür və gəlib deyir mən də bundan etmək istəyirəm. Dizaynda texniki tapşırıq var. Orada şirkət haqqında, komandanın kimlərdən ibarət olması, bir il ərzində hansı işlərin görüləcəyi, hansı seqmenti əhatə edəcəyi, məhsullarının necəliyi yazılır. İndi müştərilərin səviyyəsi getdikcə artır. Vizual cəhətdən daha yaxşı şeylər əldə etmək istəyirlər. Müştəriləri öyrənmək lazımdır. Birinci şərt budur. Müştərilər dizayn barədə savadsızdırlar. Bəzən yeniləmək istəyir dizaynı. Dünya praktikasında çox belə şeylər olub. Məhsulu yeniləyib, amma biznesi aşağı düşüb. Uğursuzluğun birinci səbəbi dizayn yenilənməsi olub, ikincisi də müştərilər artıq qablaşdırmaya öyrəşiblər .

-Hazırladığınız ən uğurlu sonradan brendə çevrilmiş hansısa loqo olubmu və hansıdır?

-Xatırlamıram. Üzərində işlədiklərim olub. Bir neçə məşhur yer üçün işləmişəm. Amma sırf sonradan brendə çevrilməyi yox.

-Hazırda üzərində işlədiyiniz layihə nədir və gələcək planlarınızda nələr var?

-Çox layihə üzərində işləyirəm. Hər gün bir şeylər edirəm. Amma biraz özümə yazığım gəlir. Çünki elədiklərimin burada bir əhəmiyyəti yoxdur. Həmkarımla bir layihəmiz var, orada həm peşəkarlar, həm də reklam sferasına kimlər daxildirsə bir araya gəlirik. Onları bir araya yığıb faydalı olmaq yaxşıdır. 3 ildir fəaliyyət göstərir. Bu illər ərzində yeni başlayanlar orada peşəkarlığını artırıb, iş təklifləri alanlar olub. Biz Azərbaycanda ilk olaraq  3 dəfə dizayn forumu keçirmişik. Çünki məhsul var və ona özəllik qatan məxsusi bir şey var və onu insanlara sevdirəcək bir şey olmalıdır. İnsanlar onu sevməyə başlayırsa brendə çevrilir. Azərbaycanda brendlər barmaqla sayılacaq qədərdir. Bir şeyi brend edən xidmət və keyfiyyətdir. Məsələn, telefon ünsiyyət vasitəsidir, Apple –ın dizaynını hamı sevir. Çox adam İphone alır, amma onun bütün funksiyalarından istifadə edə bilmir. Yalnız adı var, yaxşı şəkil çəkir deyə alırlar. Amma bu şirkət sevgi formalaşdırıb. Dünya dizaynına diktə edir. Məsələn, mən “Neftçi” klubu üçün  loqo hazırladım. Beynəlxalq arenaya çıxır, loqotip yaxşı deyil deyə. Mən Azərbaycan adına çıxan bir şey üçün utanıram. “Neftçi” nin forması gözəl olsa alıb gündəlik geyinərəm. Mən brend konseptini hazırladım, sonra Çingiz Abdullayevin özü ilə görüşdüm. Dedi sizlə əlaqə saxlayacıq. Və bildirdim ki, mən bunu təmənnasız edirəm. Bir müddət keçdi, amma xəbər çıxmadı. Sonra dedim özləri bilərlər. 

- İşinizdən əlavə hansı maraqlarınız var?

-İşimdən əlavə çox oxuyuram. Kitab oxuyuram. Kosmosla, gələcəklə bağlı videolara baxıram. Bədii ədəbiyyata elə də həvəsim yoxdur. Roman ümumiyyətlə oxumuram. Qəzəl çox oxuyuram, şeir sevirəm. Ən çox oxuduqlarım bioqrafik olur. Ya da elmi əsərlər. Bir də ən çox xoşladığım fəlsəfədir. Fəlsəfə ilə bağlı tez-tez yazılar yazıram. İndiki dövrdə fəlsəfəyə maraq azalıb. Amma fəlsəfə vacibdir.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün