İqtisadçı-ekspert Rəşad Həsənov: "Artıq pulunu indi ev, torpaq almağa xərcləyənlər, 3-5 il sonra bundan qazanc götürə biləcəklər", Vətəndaşlara pullarının yarısını manat, yarısını ABŞ dolları şəklində əmanət qoymalarını tövsiyə edirəm, 08.04.2017 413

İqtisadçı-ekspert Rəşad Həsənov: "Artıq pulunu indi ev, torpaq almağa xərcləyənlər, 3-5 il sonra bundan qazanc götürə biləcəklər"

Vətəndaşlara pullarının yarısını manat, yarısını ABŞ dolları şəklində əmanət qoymalarını tövsiyə edirəm

-Rəşad bəy, iqtisadi ekspert kimi artıq Azərbaycan cəmiyyətində mövqe tutmuş bir şəxssiniz. Bu sahədə nə vaxtdan fəaliyyət göstərirsiniz və sizə görə ən uğurlu layihələriniz və araşdırmalarınız hansılar olub?

-Deməzdim ki, bu sektorda tanınmış biriyəm, çünki kifayət qədər tanınmış iqtisadçılarımız var. Nailiyyətlər,uğur əldə etmiş öndərlərimiz, müəllimlərimiz var. Son dövrlərdə, xüsusilə 2011-ci ildən sonra İqtisadiyyat Sosial İnkişaf Mərkəzində ekspert olaraq fəaliyyətə başlayandan sonra təşkilatın dəstəyi, eyni zamanda təmin etdiyi avantaj sayəsində mətbuatla əlaqələrimiz inkişaf etməyə başladı. Beləliklə 5 ildən artıq müddətdə biz jurnalistlərlə, Azərbaycanın ictimai-siyasi sferasında aktiv olan insanlarla daha geniş çərçivədə əməkdaşlığı formalaşdırdıq.  Müşahidələrimizin, bilik və bacarıqlarımızın verdiyi imkanlar daxilində bu istiqamətdə əlimizdən gələni etməyə çalışırıq.

-Dolların məzənnəsi bir müddət əvvəl aşağı düşdü və təklif tələbi üstələdi. Dolların daha da ucuzlaşmasından qorxan şəxslər baha qiymətə aldıqları dolları ucuz satıb böyük vəsait itirdilər. Sizcə bu il dolların məzənnə dəyişikliyi necə proqnozlaşdırılır və dollar almaq istəyən, eləcə də əlində dollar olan şəxslərə nə tövsiyə edirsiniz?

-Azərbaycan 2017-ci ilin əvvəlindən etibarən rəsmi səviyyədə üzən məzənnə rejiminə keçməklə bağlı rəsmi mövqeyini ortaya qoydu. Bu isə o deməkdir ki, bundan sonrakı dövrdə və bu günə qədər bazarda müşahidə olunan dalğalanmalar təbiidir. Yəni müxtəlif dövrlərdə müxtəlif fundamental ,eyni zamanda müvəqqəti amillərin təsirləri nəticəsində tələb və təklif əsasında yaranan mütənasibliyin nəticəsi olaraq məzənnənin yüksəlməsi və azalması baş verəcəkdir. Söhbət manat və manatın məzənnəsindən, iqtisadi dəyişikliklərdən gedirsə, bu zaman bazar iştirakçılarına və sıradan vətəndaşlara, ümumiyyətlə vəsaitlərinin yığımlarını hansı formada saxlayacaqlarıyla bağlı qərar verməli olan bütün kəslərə tövsiyə edərdim ki, iqtisadi prosesləri daha aktiv şəkildə izləməyə çalışsınlar. Bunlar yalnız daxili qanunauyğunluqlardan asılı olmur, burada xarici faktorlar da var. Manatın məzənnəsində neft və neftin qiyməti çox mühüm parametr hesab olunur. Baxmayaraq ki, ilk böhran günlərindən 2 ildən artıq vaxt keçib, amma bu dövr ərzində atılan addımlar heç də gözlənilən nəticələri tam vermir. Daha yaxşı olar ki, bazar iştirakçıları, hər kəs neftin qiymətini izləməklə, eyni zamanda daxili bazarlarda baş verən kiçik dinamikalara, məsələn dövlət büdcəsinin xərclənmələrinin həcminin dəyişməsinə, əhalinin alıcılıq gücünə diqqət ayırsınlar. 2015-2016 cı illər ərzində Azərbaycanın valyuta bazarının ən böyük iştirakçılarından biri Azərbaycan Beynəlxalq Bankı idi. Bank sektorunun nəhəng nümayəndəsi kimi bu bankın xarici öhdəlikləri də kifayət qədər çoxdur. 2017-ci ildə amma bir fərman bu situasiyanı dəyişdi. Dövlət Neft Fondunun büdcəsi təsdiq edilərkən gözlənilmədən  Mərkəzi Banka təxminən 4.5 milyard dollar trans verilməsi nəzərdə tutuldu. Mərkəzi Banka yönəldilən bu xarici valyuta daxili bazarlardakı sabitliyi təmin etməyə yönəlsə də, bu beynəlxalq bankın borc öhdəliklərinin yerinə yetirilməsi məqsədilə sərf ediləcəkdi. Son nəticədə də, bu daxili bazarlarda artıq ən böyük oyunçunun valyuta bazarlarının kənarında dayanmasını və tələb təklif arasında nisbətən sabitliyin yaranmasına və təklifin müəyyən qədər tələbi üstələməyinə gətirib çıxartdı. Fevralın əvvəlindən etibarən bazarlar üzən valyuta rejiminə keçidlə bağlı xəbərin yaratdığı panikanı nisbətən boğa bildi. Eyni zamanda 2016-cı ildə dövlət başçısı tərəfindən imzalanan sərəncamla 2018-ci ilin əvvəlinə qədər dövlət büdcəsi vəsaiti hesabına hər hansı xarici məhsulun alınmasında məhdudiyyətlərin tətbiq edilməsi də prosesin yaxşıya getməsinə kömək göstərir. Valyuta bazarlarımız kifayət qədər kiçilib. Manat hazırki şərtlər daxilində 1 ABŞ doları üçün 2 manatlıq psixoloji həddi keçəcək təzyiqləri özündə birləşdirə bilmir. Biz gözləyirik ki, aprel ayından dövlət büdcəsindən xərcləmələr nisbətən artacaqdır. Artıq bir neçə gündür ki kiçik həcmdə də olsa dolların məzənnəsində yüksəlişə keçmə hiss olunur, amma əvvəlkilər kimi fəlakətli bir situasiyanın baş verməsini gərəkdirən vəziyyət yoxdur. Tövsiyə edirəm ki, qısa müddətli dövrdə manatla xərcləyəcəkləri vəsaitləri valyutaya çevirməsinlər, çünki bazarda müəyyən qədər dəyişiklik baş verən kimi aradakı fərq kifayət qədər kəskinləşir. Nəticədə alış və satış arasında marja 10-11%- ə yüksəlir ki, bu da valyutanı alıb sonrada onu satan vətəndaşa ciddi itkiyə gətirib çıxarır. Uzunmüddətli dövrdə manatı xərcləməyəcək insanlar alışa keçirə bilərlər.Təxminən 1.70 ətrafında məzənnə mövcuddur ki, onların alışı növbəti 6 ayda həmin insanlar üçün gəlirə gətirə bilər. Hazırda funt sterlinq təhlükəli valyuta hesab olunur. Bəzi hesablamalara görə növbəti 1 il ərzində funt sterlinq öz məzənnəsinin 15-20% -ni itirsin. Bugün Yapon yeninin məzənnəsini  orta alış məzənnəsi kimi qiymətləndirə bilərik. Uzunmüddətli dövrdə türk lirəsinə yatırımlar risklidir. Dollar və avro hazırda məqbul səviyyədədir ki, alış edib orta və uzunmüddətli dövrdə gəlir əldə etmək olar.

-Bölgələrdə kənd təsərrüfatının inkişafı üçün fermerlər həmin ərazilərdəki əmlaklarını girov qoyub kredit götürə və təsərrüfatlarını genişləndirə bilmirlər. Girov məsələsinin həlli üçün nələrin dəyişməsinə ehtiyac var?

-Əslində bu məsələlərin fundamental həlli var. Bir tərəfdən banklar üçün bu başa düşüləndir. Bank krediti verirsə, bu zaman riskləri sığortalama məqsədilə girov tələb edə bilər. Hazırda Azərbaycanda aqrar sektorda sığorta sistemi çox zəif inkişaf edib, kənd təsərrüfatının təxminən 4-5% həcmində sığortalanma baş verir. Ən riskli sahələrdəndir, çünki, heç kim təbii fəlakətlərin qarşısını ala bilmir. Təsərrüfat ilin sonunda zərər göstərmiş olur, məhsul bazarlara vaxtında çatmır və ya məhv olur. Bu risklər sığortalanmadığı üçün bankların davranışları başa düşüləndir.Bir sıra hallarda hər hansı ucqar rayonda fəaliyyət göstərən təsərrüfat üçün kredit verən bankın Bakı şəhərində və yaxud Abşeron yarımadasında girov əmlak istəməsi isə başa düşülən deyil. Mən düşünürəm ki, ümumi bir proqramın hazırlanmasına ehtiyac var. Banklar da risklərdən sığortalanmalıdır. Azərbacanda kənd təsərrüfatı və digər sahələrə kiçik və orta təşəbbüsləri dəstələmək məqsədilə sahibkarlara kömək fondu var. Sahibkarlara Kömək Milli Fondunun kreditləşdirmə gücü o qədər zəifdir ki, 300-400 milyon həcmində kreditlə bütün sektorları vəziyyətdən çıxara bilməz. Bir sıra hallarda dünya praktikasında, Azərbaycanda da mövsümi kreditlər tətbiq olunur. İstehsal prosesinin başladığı dövrdə kredit təklif olunur, artıq onlara ödəniş tələbləri qoyulmur. Məhsul dövründə məhsulun yığılıb satılmasından sonra komisyon və ya faizini geri qaytarma şərtilə kreditin qaytarılması nəzərdə tutulur. Aqrar təsərrüfatların müəyyən qədər kreditləşməsində dövlət zəmanətli banklar qarşısında bir mexanizm formalaşdırıla bilər ki, hər hansı bir fermer təsərrüfat sahibinin günahı olmadan təbii fəlakətin və ya bazar konyukturunun dəyişməsi nəticəsində təsərrüfat zərərlə yekunlaşarsa, bu zaman həmin itkilərin vəsaitinin qaytarılması müəyyən mənada dövlət tərəfindən konpensasiya olunsun. Düşünürəm növbəti 1-2 ildə bu istiqamətdə nailiyyətlər əldə olunacaq.

-Azərbaycanda kredit faizləri qonşu ölkələrə, eləcə də MDB ölkələrinin hamısından yüksəkdir. Kredit faizlərinin yüksək olmasının səbəbi nədir və faizlərin aşağı salınması üçün nə etmək lazımdır.

-Çox sadə. Mən düşünürəm ki, Azərbaycanda kredit faizlərinin yüksək olması və ümumiyyətlə bugünki bank kredit konyukturunun əsas səbəbi bu bazarın liberal olmamasıdır. Faizlərin həcminin aşağı salınması müxtəlif formada kredit götürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, əlçatanlığım artırılması, real sektora kredit axınının gücləndirilməsi ilə bağlıdır. Bugünə qədər banklar daha çox istehlak kreditinə meyl edirdilər. Orada faiz yüksəkdir. Əgər Azərbaycanın bank sektoruna xarici kapitallı investisiyalar, böyük koorporasiyalar daxil olarsa bu zaman şərtlər kifayət qədər dəyişəcək. Azərbaycanın bank sektorunda fəaliyyət əsasən faiz gəlirləri üzərində qurulub. 2014-cü ilə qədər Azərbaycan bank sektorunda əldə olunan gəlirlərin hər 100 manatında 74 manatı faiz gəlirləri hesabına formalaşırdı. Bu isə o deməkdir ki, faiz gəlirlərinin xüsusi çəkisi bankların mövcudluğunda ciddi əhəmiyyət daşıyır. Banklar da çalışır ki, daha yüksək faizli kreditlər təşkil etsinlər. Əgər kredit təşkilini çoxaldarıqsa, iştirakçıların sayını artırarıqsa bu zaman rəqabət  optimal faiz dərəcəsinin müəyyənləşdirilməsinə kömək edə bilər. Maraqlı cəhət odur ki, Azərbaycanda bankların sayı çox olsa da, bu say rəqabət mühiti formalaşdırmırdı. Çünki bir sıra hallarda bir neçə banklar müəyyən güclərin nəzarətində olub, oxşar siyasəti həyata keçirirdilər. Azərbaycanda bank sektorunda himayədarlıq anlayışının olması bu istiqamətdə rəqabət mühitinin zəif inkişaf etməsinə, beynəlxalq maliyyə institutlarının bazarda zəif iştirakçılığı qeyd etdiyimiz nöqsanların ortaya çıxmasına şərait yaradıb. Digər tərəf isə 2005-ci ildən sonra neft gəlirlərinin sürətlə bazara daxil olması, istehlak və xidmət sektorundakı gəlirləri artırmağa başladı. Rüşvət, korrupsiya yayıldı, bir tərəfdən yüksək əmək haqqı, digər tərəfdən iri büdcə xərcləmələri mənfəət normasını sürətlə yüksəltdi. Banklar da haqlı olaraq mövqe ortaya qoyurdular ki, manatın illik mənfəəti təxminən 60-70%-dirsə, niyə də 25-30%-ni istəməyək. Azərbaycanda 1 manatın illik gəliri təxminən 65-70 qəpiyə gəlib çıxır. Bu isə bankların daha bahalı kredit siyasəti aparmasına gətirib çıxarır.

-Hazırda banklara əmanət qoymaq istəyənlər üçün həm gəlirli, həm də risksiz valyuta hansıdır və necə əmanət qoyma mexanizmi təklif edirsiniz?

-Hazırda əmanətlər üçün bazar şərtləri nisbətən optimallaşıb. Xüsusilə son 2 ildə manatın məzənnəsi üçün risklər olduğundan valyutayla müqayisədə manatla əmanətlərə daha yüksək faizlər təklif olundu. Sığortalanan əmanətlər üçün manatla faiz dərəcəsi 15% olduğu halda, valyuta ilə faiz dərəcəsi 3% təşkil edirdi. İstənilən halda əmanətçilərə təklif edirəm ki, vəsaitlərini riskli dövr olduğu üçün, daha çox sığortalanan formada yerləşdirsinlər. Hazırda sığortalanan əmanətlər üçün maksimum hədd limiti yoxdur. Uzunmüddətli dövr üçün əmanət yatırımından söhbət gedirsə, daha yaxşı olar ki, bunu şaxələnmiş formada, yəni yarı manatla, yarı ABŞ dolları ilə yerləşdirsinlər ki, burada məzənnə dəyişiklikləri bir-birlərini kompensasiya etsin. Qısamüddətli dövr üçün təklif edərdim ki, 3-6 aylıq əmanətlər yerləşdirilirsə bu zaman manatla yerləşdirilmədə ciddi risk yaranmaz. Çünki, faiz dərəcəsi yüksəkdir. Bu baxımdan da qısamüddətli dövrdə əmanətçilərin daha çox divident  əldə etməsinə şərait yaradır. Azərbaycanda ciddi məzənnə dəyişiklikləri gözlənilmədiyi üçün ən pis halda qazanc əldə etməyə bilərlər, amma itkiyə getməzlər.

 

-Bəzi şəxslər pullarını valyuta yerinə qızıl alıb saxlamağa üstünlük verirlər. Sizcə hazırda pulu bu yolla saxlamaq uğurlu seçim sayıla bilərmi?

-Ümumiyyətlə bu dünyada yayılmış davranışlardan biridir ki, hər hansı böhranlar, risklər hiss olunduğu təqdirdə insanlar öz vəsaitlərini daha çox qızıla yönəldirlər. Və bu dövrlərdə qızılın qiymətində bahalaşma baş verir. 2008- ci ildə bu kimi davranışların nəticəsi olaraq qızılın qiyməti 600-700 dollardan 2 il ərzində 1800-1900 dollara yüksəldi. Hazırda qızıl təxminən 1200 dollar ətrafındadır. Ötən il ən aşağı qiymət 1080 dollar oldu. Son illərin minumumundan biraz yuxarıdır. Amma yenə də vətəndaşların özünün qəbul edəcəyi qərardır. Uzunmüddətli dövr üçün alışlar həyata keçirilirsə, bu zaman olar, amma qızıl daim passiv investisiya hesab olunur. Azərbaycan bazarında bu istiqamətdə daha neqativ tendensiyalar müşahidə olunur. Belə ki, bazarlarda qızılın alışı ilə satışı arasında ciddi marja olur ki, bu da sonradan qızılı yatırım edənlər üçün itkiyə gətirib çıxarır. Azərbaycanın qızıl bazarı bir çox hallarda dünya bazarlarında baş verənlərə daha gec reaksiya verir. Bugün dünya bazarında qızılın qiyməti 10% ucuzlaşıb, amma Azərbaycan bazarı buna reaksiya verə bilmir, çünki gələn məhsul daha baha qiymətə gəlib. Fikrimcə, Azərbaycandakı sahibkarların əksəriyyəti qızıla meylli deyil, qızıl investisiya predmeti kimi geniş yayılmayıb.

-Rəşad bəy, ev qiymətlərinin bir qədər aşağı düşdüyünə görə bir çoxları pulunu bu sahəyə yatırmaq istəmir. Uzunmüddətli planlamada daşınmaz əmlak almaq gələcəkdə fayda gətirə bilərmi?

-2014-cü ilin sonundan başlayaraq həm təkrar bazarda, həm də ilkin daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşmasının müşahidə olunur. Amma şişmiş, absurd qiymətlər yavaş-yavaş sıradan çıxır. Hələlik daşınmaz əmlak bazarında qiymətlərin daha da aşağı düşməsi imkanları vardır. Xüsusilə, sosial mənzil layihəsinin həyata keçirilməsi də bu istiqamətdə müəyyən qədər təkanverici güc olacaq. Baxmayaraq ki, bu layihə bazarda təxmini il ərzində 10%-lik təklif həcmində mənzil sayı ortaya qoymağı nəzərdə tutur. Bu bazara öz təsirini göstərəcək. Digər tərəfdən alıcıların sayı kifayət qədər aşağı düşüb, alıcılıq olmadığı üçün qiymətlər aşağı yönlü ola bilər. Qiymətlərin bundan sonra 10-15% ucuzlaşma imkanı var, çünki iqtisadi liberallaşma ilə bağlı atılan addımlar, lisenziyaların Asan Xidmətə verilməsi korrupsiyanın aradan qalxmasına, müəyyən xərclərin azalmasına gətirib çıxarır. Eyni zamanda, bugünə qədər Azərbaycanda sürətli urbanizasiya var idi, hər kəs Bakıya gəlirdi, artıq bugün regionlara dönüş prosesi müşahidə olunur. Çünki tikinti sektorunun zəifləməsi iş yerlərinin  nisbətən azalmasına gətirib çıxarıb. Bu da bugünki renta xərclərinə görə həmin insanların Bakıda yaşamasını çətinləşdirir. Biraz da səbr etməyi tövsiyə edərdim. Mənzil alışında təxminən 2017-ci ilin sonu 2018- ci ilin əvvəllərindən bu istiqamətdə qərarların verilməsi daha doğru olar. Amma kimsə daşınmaz əmlaka yatırım edərsə, 3-5 ildən sonra gəlir əldə etmə şansı çoxdur.

-İş şəraitində ən çox sevdiyiniz nələrin olması vacibdir?

-Mənim üçün ən əsas səmimi mühitin olması, eyni zamanda anlaşılan, liberal bir şərait əhəmiyyətlidir. Amma texniki olaraq da şərtlər işləməyə uyğun olduğu halda daha əməkdar, faydalı əməklə məşğul olma imkanı əldə olunur, bu da həm təşkilat üçün, həm də şəxsin inkişafı üçün və sabah yenidən işə gəlmək üçün motivasiyanın olmasını şərtləndirir.

-Gələcəkdə kitab yazsanız hansı mövzuda olmasını istəyərsiniz?

-O barədə konkret nəsə demək çətindir. Çünki mən hərdəmxəyal düşüncə sahibiyəm. Bugün tarixi mövzuda məlumatları oxuyuramsa, baxıramsa o istiqamətdə kitab yazmaq istəyərəm, sabah “Ağı oyunları” filminə baxandan sonra rəqəmlərlə bağlı və ya iqtisadi nəzəriyyələrlə bağlı bir şeylər ortaya qoymağa çalışaram. Ruh halında isə istəyirəm ki, bədii bir əsər yazam. Hamısını etmək istəyirəm, amma düşünürəm vaxtım, potensialım buna imkan vermir.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli