22.05.2017 662 Turizm mütəxəssisi Rəhman Səfərov: "Hazırda Azərbaycanda otellərin yataq sayı 38 mindir, ancaq bunu ən az 100 minə çatdırmaq lazımdır", Qiymətlərin baha olmasına əsas səbəb Azərbaycanda 2-3 ulduzlu otellərin sayının az olmasıdır, Rəhman Həsənov Turizm turist azerbaycan qiymet mehmanxana motel otel ereb baku turism rehman hesenov rahman hasanov,

Turizm mütəxəssisi Rəhman Səfərov: "Hazırda Azərbaycanda otellərin yataq sayı 38 mindir, ancaq bunu ən az 100 minə çatdırmaq lazımdır"

Qiymətlərin baha olmasına əsas səbəb Azərbaycanda 2-3 ulduzlu otellərin sayının az olmasıdır

-Rəhman bəy, Gürcüstan və Türkiyə ilə müqayisədə Azərbaycanda turizm müəssisələrinin qiymətlərinin baha olmasına səbəb nədir?

-Azərbaycanda turizm sektorunda qiymətlərin baha olmasının səbəbi bizim üçün yeni bir sahə olmasıdır. Məsələn, Türkiyədə bu sahə 30-40 ildir yaranıb, inkişaf edir, bizdə isə 10 ildir bu sahə sürətlə inkişaf edir.  Azərbaycanda mehmanxana şəbəkələrində yer azdır. Müəyyən nisbətdə Türkiyədən qiymətlər bahadır. Gürcüstanla müqayisədə isə tamamilə fərqlidir. Orada  5 ulduzlu otellərin sayı azdır. Daha çox 2, 3 ulduzlu otellərdir. Azərbaycanda isə otellərin çoxu 4, 5 ulduzludur. Azərbaycanın bu kontekstdə Gürcüstanla müqayisəsi əslində mümkün deyil. Biz turizmdə müqayisələr edərkən eyni otelləri müqayisə edirik. Azərbaycanda daha çox işgüzar turizmin güclü olmasına görə beşulduzlu otellər açılıb. Bu baxımdan ümumi götürdükdə qiymətlər baha kimi gəlir. Ulduz kateqoriyasına baxdıqda Azərbaycanda otellərin qiymətləri Gürcüstandan aşağıdır.

-Turist qəbuletmə ölçülərindən biri də otellərin yataq sayıdır. Azərbaycanda bu rəqəm hazırda hansı say arasındadır və tanınmış turizm ölkəsi olmaq üçün bu sayı neçəyə çatdırmaq lazımdır?

-Azərbaycanda 10 il əvvəl 6-7 min yataq yeri var idisə, bugün 38 min olub. Yəni beş dəfə artım var. Təbii ki güclü bir turizm ölkəsi üçün bu yetərli deyil. Bunu qısa müddətdə 3 dəfə qədər artırmalıyıq. Yaxın 2-3 il ərzində yataq yerləri 100 min üzərinə çıxmalıdır ki, Azərbaycanda daha çox turist qəbul edə bilək. Yatacaq yerinin məhdudiyyəti də qiymətə təsir edir. Və bundan sonra açılacaq otellərdə çalışılmalıdır ki, 2, 3 ulduzlu otellərə daha çox üstünlük verilsin. Xüsusilə də regionlarda bu tip otellərin açılmasına zəmin yaradılsın. Son dövrlərdə Azərbaycanda bununla bağlı prezidentin sərəncamında müəyyən güzəştlər nəzərdə tutulub. Bu da turizm sektorunda otelçiliyin inkişafına gətirib çıxaracaq.

-Adətən Türkiyə və Gürcüstanda yay mövsümündə turizm obyektləri qiymətləri endirir ki, daha çox turist cəlb etsinlər. Azərbaycanda isə bu vaxt daha baha olur qiymətlər. Sizcə buna səbəb nədir?

-Belə baxsaq, əslində Türkiyədə də qiymətlər yayda bahalaşır. Tələbata bağlıdır.  Azərbaycanda otellərdə yer tapmaq olmur. Bu da təbii olaraq qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilməz. Qiymətin düşməsi üçün bu yatacaq yeri 100 mini üzərinə çıxmalıdır. Boş yer yoxdur. Əgər bazar tələbinizi ödəyirsə qiymət düşürməyə səbəb olacaq bir amil yoxdur. Bazarda rəqabət artsa, müxtəlif kateqoriyadan otellər olsa bu artıq qiymətləri tənzimləyəcək. Ən böyük səbəb 2, 3 ulduzlu otellərin sayının az olmasıdır ki, Azərbaycan bazarı Gürcüstan və Türkiyədən müəyyən nisbətdə bahalı görünür.

-İndi 2, 3 ulduzlu otellərin tikilməsinə böyük ehtiyac var. Sizcə bu qiymətlərə və turist axınına hansı müsbət təsirini göstərər?

-Təbii ki, 2, 3 ulduzlu otellər çoxaldıqca qiymətlər dəyişəcək. Yəni, turizm sektoru elə sektordur ki, A-dan Z-yə, hər kateqoriyada qiymət olmalıdır. Bunun üçün də otellər ulduzlarından asılı olmayaraq, motel və ya hostel müxtəlif qiymətlərə təklif olunmalıdır ki, turistlər istirahət edə bilsin. Turizmdən hər kəs faydalana bilsin. Azərbaycanda da bu tip otellər artırılsa qiymətlər tənzimlənəcək. Buna uyğun olaraq da qiymət şaxələnəcək. Ucuzdan-bahaya doğru. Xüsusən regionlarda belə otellər artırılmalıdr. Bakı işgüzar mərkəzli şəhərdir. Müxtəlif tədbirlər keçirilir. Amma regionlarda çalışmalıyıq ki, daha çox 2, 3 ulduzlu otellər olsun, çünki insanlar təbiətdən istifadə edirlər. Bu cür insanlar daha çox orqanik məhsul yeyib, ucuz yerdə dincəlmək istəyir.

-Xarici aviaşirkətlərin Azərbaycana gəlişi  bu sahədəki qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?

-Turizm sektoru gücləndikdən sonra çarter səfərlərinin güclənməsi vacibdir. Yəni, kütləvi turizm gücləndikdən sonra nizamlı olmayan reyslər çoxalmalıdır. Bunlarda qiyməti aşağı-yuxarı dəyişmək olur. Amma müntəzəm reyslər dünyanın hər yerində standart olur. Buna görə daxili və xarici şirkətlər buna fikir verməlidir. Və bu da qiymət dəyişikliyinə səbəb olacaq.

-Bir çoxları deyir ki, turizm obyektlərindən alınan qeyri-qanuni ödənişlər bu sahədə qiymətlərin bahalaşmasına səbəb olur. Bu fikirlə nə qədər razısız?

-Azərbaycanda ümumiyyətlə qiymətin baha olması bazarda tələb və təklifin tarazlığı ilə bağlıdır. Bazar dolub. Son 2-3 ildə Azərbaycanda keçirilən müxtəlif tədbirlərə görə otellərdə yer olmur. Bu da qiymətin dəyişməməsinə gətirib çıxarır. Devalvasiyadan sonra xariclə müqayisədə qiymətlər bizdə ucuzdur. Və Azərbaycan turistlər üçün ucuz bir turizm mərkəzinə çevrilib. Dediyimiz amillər çoxaldıqca qiymət dəyişəcək. Düşünürük ki, müxtəlif maneələr qiymətlərə təsir edir. Xeyr. Sadəcə bazarın böyüməsi lazımdır. Onda qiymətlər dəyişəcək. 90-cı illərdə İspaniya,Türkiyədə insanlar istirahət edə bilmirdi. Bugün isə vəziyyət dəyişib. Türkiyədə yatacaq bir milyondan çoxdur. Eynilə İspaniya və İtaliyada da. Azərbaycanda  2020-2025-ci illərdə mehmanxana şəbəkələri çoxalacaq və qiymətlər şaxələnəcək. Bir mərhələdə bu mümkün deyil. Azərbaycanda yerlər 8-9 ay doludur. Bazardakı yerləşdirmə yerlərinin sahəsi böyüdülməlidir. Bu olduqdan sonra  qiymətlərin baha olduğunu, daha da ucuzlaşmasını danışa bilərik.

-Hər il yarım milyondan çox azərbaycanlı turist kimi Gürcüstana gedir.  Bu axını ölkə daxilinə yönəltmək üçün nələr edilə bilər?

-Almaniya və İtaliya ilk onluqdadır turist axınında. Amma hər iki ölkə passiv ölkədir. Turistlər xaricə gedir. Təbii ki, turizmdə ən vacib amil maraqdır. Bəzi insanlar bunu qiymətlə müqayisə edir. İnsana görmədiyi yer maraqlıdır. Buna görə Azərbaycan vətəndaşı digər ölkələrə təbii olaraq gedəcək. Azərbaycandan insanların Gürcüstana getməsi qiymətlə bağlı deyil. Sadəcə ora getmək istəyirlərsə gedirlər, maraqlı gəlir. Bunun üçün mehmanxana, yerləşdirmə şəbəkələrini eyni zamanda restoranları, əyləncə müəssisələrini gücləndirməliyik. Azərbaycanda animatorlar güclü iş aparmalıdır. Ən vacib amil odur ki, insanları məmnun edib, daha çox turist cəlb etmək. Bunun da əsası müxtəlif animasiyaların təşkilidir. Azərbaycanda animasiya təşkili zəifdir. İspaniya,Türkiyə və ya İtaliyada turisti daha çox bu yolla saxlayırlar. Turist qəbul etməyinə edəcəyik, amma eyni zamanda turisti məmnun etmək, bunun yolu kimi müxtəlif animasiyalarla onları daha çox ölkəmizdə saxlaya bilərik. Turizm elə bir sahədir ki, televiziya, reklamla inkişaf etmir. Gələn insanları maksimum dərəcədə məmnun edib ölkələrinə göndərməliyik ki, hər bir insan növbəti dövrlərdə daha bir-iki turisti ölkəmizə gətirsin. Azərbaycanda bugün turizm sahəsində hər şey inkişafa doğru gedir, amma animasiya tədbirləri otellərdə azdır. Bunu da yaxın illərdə daha da gücləndirməliyik.

-Bəzən hansısa xarici ölkəyə getmək üçün vətəndaşlarımız Tiflis aeroportundan gedirlər. Bu da səbəb Bakıdan uçuşların baha olmağındadır. Sizcə bu kütlənin sayı artdıqca Azərbaycan nə itirir?

-Bir neçə il əvvəl bu müşahidə olunurdu. Bugün Azərbaycanda hava limanlarının sayı artır. Artdıqca qiymətlər tənzimlənir. Bugün Gəncədən, Qəbələdən uçuşlar var. Düzdür insanlarımız o qədər də Gəncəyə, Qəbələyə meylli deyillər. Amma həmin regionun insanları Rusiyaya və ya Türkiyəyə, qonşu dövlətlərə həmin hava limanlarından istifadə edərək uçuşlarını təmin edirlər. Qəbələ və Gəncədən Rusiya və Türkiyəyə uçuşlar orta hesabla 100-150 manat arasında dəyişir. Bəzən bu reyslər bağlanır. Amma bu reyslər çoxalmalıdır. Bakı hava limanından uçuşlar daha çox həyata keçirilir. Bu da qiymətə öz təsirini göstərir. Dediyiniz amil 4-5 il əvvəl çox idisə, getdikcə azalır. Və prenzidentin, AZAL rəhbərliyinin bu sahədə bəzi işləri qiymət dəyişikliyinə öz bəhrəsini verdi.

-Azərbaycanda hazırda mövcud olmayan hansı turizm sahəsini yaratmaq olar?

-Turizmin müxtəlif növləri var. Biz çalışmalıyıq ki hansı turizm sahəsi turistləri daha uzunmüddətli Azərbaycanda saxlaya bilərsə, o sahəni inkişaf etdirək. Onları düşünməliyik. Bəziləri deyir ki, çimərlik turizmi. Azərbaycanda çimərlik mövsümü azdır. Hər sahəni inkişaf etdirmək lazımdır. Məsələn, dağlıq bölgələrdə həm ekstremal turizm, həm də eko turizm inkişaf etdirilə bilər. Eyni zamanda qış turizmi ilə bağlı Azərbaycanda son illərdə açılan komplekslər var. Çalışmalıyıq ki, həm eko, qış turizmi, həm də ekstremal turizmi bu regionlarda gücləndirək. Eyni zamanda Azərbaycan mineral və terminal sular baxımından çox zəngin ölkədir. Hətta bir çox ölkələrlə müqayisə edilməyəcək  dərəcədə zəngindir. Yüzlərlə mineral və terminal sular var. Azərbaycanın qərb zonalarında daha çox mineral, şərq zonalarında isə terminal sular var. Bu insanların daxildən və xaricdən müalicəsidir. Mineral suları qəbul edərək daxildən müalicə alırlar, terminal sular isə xaricdən, dəri, müəyyən damar xəstəliklərinin müalicəsində istifadə olunur. Azərbaycan ərazi olaraq kiçik ölkədir. Azərbaycana gələn turistlər 7-10 gün ərzində ölkəni gəzə bilər. Müalicə turizmi isə turisti daha çox ölkədə saxlayır. Məsələn, Çexiya gəlirinin 70%- ni müalicə turizmindən götürür. Və Azərbaycanda da bu mümkündür. Müalicə turizmindən gəlirin çox olmasından əlavə, gələn turist ölkədə ən azı müalicəyə görə iki həftə qalır. Və eyni zamanda gəzmək istəyəcək. Müalicə və gəzmək 3 həftə çəkir. Turist nə qədər çox qalarsa iqtisadi səmərəliliyi artır. Turisti qəbul etmək, bir də turistdən daha çox gəlir götürməyi hədəfləməliyik. Turistdən çox gəlir götürməyi hədəfləyiriksə, Azərbaycanda müalicə turizmini, eko, qış turizmini daha da inkişaf etdirməliyik. Onlara üstünlük verməliyik. Və Qafqaz, Yaxın Şərq regionunda müalicə turizmi ilə məşhur turizm ölkəsi də yoxdur. Məsələn,Türkiyə müxtəlif turizm növləri ilə məşğuldur amma müalicə turizmində o qədər də inkişaf etməyib. Bunu inkişaf etdirmək Azərbaycanda mümkündür. Buna potensial var. Və iqtisadi səmərə verə bilər.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün