Ramil Məmmədli: Döyüşçüyə qalibiyyəti gətirən təkcə silah deyil, ürəkdir, Azərbaycanın İsraildən aldığı müasir sistemlər düşmənin bütün taktiki raketlərini məhv etməyə qadirdir, 20.03.2017 602

Ramil Məmmədli: Döyüşçüyə qalibiyyəti gətirən təkcə silah deyil, ürəkdir

Azərbaycanın İsraildən aldığı müasir sistemlər düşmənin bütün taktiki raketlərini məhv etməyə qadirdir

-Azərbaycan hərbisindən danışırıqsa aprel döyüşlərini xatırlamadan keçmək olmaz. Mütəxəssis gözüylə hər kəsin bildiklərindən əlavə nə baş vermişdi cəbhə xəttində?

-Cəbhə xəttində əslində hamımızın bildiyi bir şey baş verirdi. Döyüş gedirdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən işğalçı qoşunun həmləsini ,kəşfiyyat, təxribatının qarşısını alaraq, hərbi qaydalara uyğun olaraq əks hücum həyata keçirmişdi. Uğurlu bir əməliyyat idi. Qısa  müddətdə Ermənistan ordusunun birinci eşalonunda yerləşən birləşmələri məhv edilmişdi. Lazımi mövqeləri ələ keçirərək, düşmənə sarsıdıcı zərbə vurulmuşdu. Həmin dövrdə bilmədiyimiz məqamlar ondan ibarət idi ki, uzun illərdir Azərbaycan ordusu barədə cəmiyyətdə o qədər də arzuolunan fikirlər səslənmirdi. Ordu cəmiyyətin inamıdır .Azərbaycan xalqı  üçün Qarabağ məsələlərində uğursuzluqlardan sonra aprel döyüşlərindəki uğur gözlənilməz idi. Döyüşlərdə də illərdən bəri Azərbaycan ordusunun qazandığı təcrübələr yüksək səviyyədə həyata keçirildi. Düşmənə ağır zərbə vuruldu və bundan sonra Ermənistanın Müdafiə Naziri, müavini kimi vəzifələrdə dəyişikliklər edildi. Azərbaycan ordusu geniş əməliyyatlar keçirdi. Lakin siyasi məsələlər var. Bunlara görə qaydalara riayət elədi və əməliyyatı davam etdirmədi.

-Aprel döyüşlərində Ermənistan ordusu sürpriz silahlarla qarşılaşdı və bu düşmən üzərində  şok effekti yaratdı. Düşməni indi də qorxu içində saxlayan hansı müasir silah və sistemlərimiz var?

-Azərbaycan hərbi hissələri 2016-cı ilə qədər silah təminatını yeniləmişdi. Bu proses indi də davam edir. O vaxt Azərbaycan bunu sakit şəkildə həyata keçirirdi və aprelə qədər kəskin bəyanatlar yox idi. Azərbaycan ordusu döyüşlərə qədər “Smerç” reaktiv yaylım atəş sistemini, yeriyən artilleriya qurğularını əldə etmişdi. Bundan başqa zirehli texnikalara qarşı kəskin zərbə vura biləcək  “Spayk” tank əleyhinə  raket kompleksini silahlanmaya daxil etmişdi. Son illər Azərbaycan silah arsenalını zənginləşdirmək üçün Rusiyadan çoxlu hərbi texnika aldı. Azərbaycan müdafiə sənayesi sektoru pilotsuz uçuş aparatları istehsalı sahəsində  ilk olaraq Türkiyə və İsraillə əməkdaşlıq etdi. Sonra daha çox İsraillə işlədilər. Çünki PUA sahəsində İsrail kifayət qədər ixtisaslaşmış ölkədir. Keçən il sentyabr ayında “Adex-2016” Müdafiə Sənayesi texnologiyaları sərgisində Müdafiə Sənayesi Nazirliyi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında saziş imzalandı. Bununla pilotsuz uçuş aparatları Azərbaycan ordusu üçün istehsal ediləcək. Sayı haqqında dəqiq məlumat verilmir. Amma yüzlərlə PUA  Azərbaycan ordusunun istifadəsinə veriləcək.

- Ermənistan iddia edirdi ki, “İsgəndər” raketləri var. Yalan məlumat olduğu üzə çıxdı. İsraildən  alınan dəmir gümbəz sistemi də daxil olmaqla hava hücumundan müdafiə sistemlərimiz bu raketin qarşısını almağa qadirdimi?

- Bəzən bu məsələylə bağlı real olmayan  açıqlamalar verirlər. Əslində "İsgəndər" operativ taktik raket kompleksi gücü, imkanları və onun saxlanma xərcləri Ermənistanın büdcəsi imkanları daxilində deyil. Ermənistan bir alay sayında alıb bu silahdan. İstənilən silahı istehsal edən ölkə həmin silahı ixrac üçün istehsal edəndə onun uçuş məsafəsini az edir. Digər tərəfdən İsgəndər raketi dünyanın heç bir ölkəsinə satılmır. İlk dəfə bu silah İrəvanda paradda göründü. Orda belə bu silahı idarə edən rus hərbçiləri idi. Və bu cür dağıdıcı gücə malik raketi Rusiya kimi ciddi ölkə ermənilərin istifadəsinə tam verməz. Azərbaycan Ermənistanın İsgəndər raketini alması ilə bağlı xəbərdən əvvəl, İsraildən "Dəmir Gümbəz" sisteminin alınmasıyla bağlı danışıqlar aparırdı. SSRİ dağılandan sonra  hava müdafiə sistemi Azərbaycana qaldı. Bu daha geniş ərazilər üçün nəzərdə tutulub. Dəmir qübbə isə lokal ərazilərdə hava hücumundan qoruma məqsədi daşıyır. Dəmir qübbə sistemin adıdır. Bura raket kompleksləri daxildir.  Əsas kompleks "Barak" dır. Azərrbaycan dilinə tərcümə edəndə “İldırım” deyilir, amma onun orijinal adı ivrit dilində "Barak"dır. Bu aşağı hündürlükdə uçan aviasiya vasitələrini və digər qurğuları məhv etmək imkanına malikdir. Həmçinin operativ taktik raket komplekslərinə  xarakterik olan uçuş xəttini müəyyənləşdirib, məhv edə bilir. Məsələn, İsgəndər raketi start götürəndən sonra  hədəfə düz xətt üzrə gedib düşmür, qalxandan sonra uçuş trayektoriyasını dəyişə bilər. Dəmir qübbə raket kompleksi isə bu cür raket sistemlərinə qarşı ən yaxşılarından biri sayılır. Azərbaycan yaşayış məskənlərinə, hərbi mövqelərinə İsgəndər raketindən zərbə endirilərsə, ilk növbədə hava hücumundan müdafiə sistemi işə düşərək bu hücumu dayandırır. Daha sonra isə raket artilleriya sistemi qoşunları düşmənə əks hücum zərbəsi endirirlər.

- Artıq Ermənistanla danışıqlar dayanıb və hər an müharibə başlaya bilər. Hətta Azərbaycanın sabiq korpus komandirlərindən də deyən olmuşdu ki, yeni döyüşlər başlasa bu aprel döyüşləri kimi yox, daha sarsıdıcı zərbələr vuran bir hücum olacaq. Bu toqquşmanı necə təsəvvür edirsiniz?

-Dağlıq Qarabağ münaqişəsinə Ermənistan-Azərbaycan müharibəsi kimi yanaşsaq, baxmayaraq ki Ermənistan tərəf olaraq zorla masaya otuzdurulub. Bu müharibənin birinci mərhələsini keçdik. Azərbaycanın güclü ordusu, kadr ehtiyyatı var. Amma, məsələnin siyasi tərəfi var. Fikrimcə Azərbaycan və Ermənistan yeni müharibə müstəvisinə keçə bilməz. Hər iki tərəf sülh danışıqlarını davam etdirəcəyiylə bağlı öhdəlik götürüb. Amma Ali Baş Komandan İlham Əliyev, Müdafiə Naziri Zakir Həsənov da bildirir ki, lazım gələrsə biz öz ərazilərimi işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacağıq. Amma hərbi-siyasi proseslər bunu deməyə imkan verir ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün irimiqyaslı hərbi əməliyyatların keçirilməsində müəyyən problemlər var. Problemlərdən biri odur ki, Rusiya özüylə müttəfiq, əməkdaşlıq şəraitində olan iki respublikanın bir-biriylə müharibə etməsinə imkan vermir və verməyəcək. Bunu açıq şəkildə də bəyan edirlər. Əgər müharibə olarsa bu 90-cı illərin əvvəlindəki əməliyyatlara bənzəməyəcək. Həm Azərbaycanın silah arsenalı, həm də Ermənistanın bu illər ərzində əldə etdiyi hərbi texnika kifayət qədər müasirdir. Hər iki ölkə müasir texnikaldan istifadə etməklə döyüşlərdə qalib gəlmək əzmiylə çıxış edəcəklər.  Azərbaycan burada hücüm edən tərəfdir. Buna görə də daha güclü silahlardan istifadə etməyə çalışacaq. Hər bir halda döyüşün miqyası böyüyəcək.

-Müharibə başlasa bəziləri torpaqların işğaldan azad olunmasına bir həftə, bəziləri iki həftə vaxt lazım olduğunu deyir. Sizcə Azərbaycan ordusu bütün potensialını ortaya qoysa, bu vəzifəni nə qədər vaxta icra edə bilər?

-Azərbaycan ordusunun Silahlı Qüvvələrinin şəxsi heyəti Ermənistanınkından iki dəfə çoxdur. Hərbi texnikamız, aviasiya vasitələri də çoxdur. Döyüşdə döyüşçüyə qalibiyyəti yaşadan təkcə silah deyil, həm də ürəkdir. Təbii ki, Azərbaycan ordusunu analitik mərkəzlər, digər hərbi qurumlar analiz etdikdə bəlli olur ki, bu ordu daha güclüdür, hərbi texnikası daha çoxdur, döyüş bacarığı daha yüksəkdir. Bu illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin kadr ehtiyyatı peşəkar səviyyədə formalaşdırılıb. Azərbaycan hərbçiləri dünyanın güclü ordusuna malik ölkələrin hərbi məktəblərində ixtisaslaşıblar. Ermənistan hələ də köhnə Sovet stereotipi ilə öz idarəetməsini aparır. Onlarda daxili narazılıq var. Dağlıq Qarabağda xidmət edən hərbçilərinin əksəriyyəti Ermənistandan çağırılanlardı. Dağlıq Qarabağ doğumlular isə, Ermənistan ərazisindəki daxili qoşunlarda xidmət aparırlar. Bu Ermənistanın öz hakimiyyətini qorumaq üçün atdığı addımlardır. Qarabağdan olan ermənilərə daha çox inanır. Ermənilərin öz içində olan bu konflikt isə imkan verir ki, əgər müharibə başlayarsa bu yalnız Azərbaycanın qələbəsi ilə başa çatacaq.

-Müasir dövrdə müharibənin taleyini artilleriya həll edir. Bu qoşun növündə hərbçilərin peşəkarlığı və təminatını necə qiymətləndirirsiniz?

-Hərb elmi bütün elmlərin üzərində dayanıb. Dünyanın bütün elmi-nəzəri uğurları təcrübədə, ilk növbədə hərbi məqsədlər üçün istifadə olunur. Bugün istifadə olunan mobil telefonlar, video kameralar və digər texnologiyalar birinci hərbdə istifadə olunub. Yəni hərbçinin biliyi və bacarığı o səviyyədə olmalıdır ki, o yeni yaradılan müasir texnologiyaları qavrayıb ondan istifadə edə bilsin. Azərbaycan Silahlı Qüvvələrində hərbi kadr ehtiyyatı ilk növbədə hərbi təhsil alır, sonra isə ixtisaslarına uyğun olaraq aidiyyatı texnologiyanı öyrənmək üçün əlavə ixtisasartırma kursları keçirlər. Proses bütün xidmət boyu davam edir. Peşəkarlıq səviyyəsi daim artır. İnamla demək olar ki, Azərbaycan hərbi qulluqçuları dünyada istifadə olunan hərbi texnologiyalardan məlumatlıdırlar və istifadə qaydalarını bilirlər. Bunu elə aprel döyüşlərindəki uğurlar da bir daha ortaya qoydu. Buna görə həm artilleriya, həm də texnika və texnologiya ilə işləyən digər qoşun növləri döyüşə tam hazır vəziyyətdədirlər və onların bu peşəkarlığı həyata keçirilən təlimlərdə dəfələrlə yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılıb.

-Müharibə olanda şəhid, qazi də, yaralılar da olur. Dövlət son zamanlar şəhid ailələri və yaralı hərbiçilərə diqqət və qayğının artırılması üçün ciddi tədbirlər görür. Sizin bu kateqoriyadan olan ailələrə və yaralı hərbçilərə dəstək üçün hansısa təklifləriniz varmı?

-Müharibəyə gedən istənilən şəxs bilir ki sağ çıxmaya bilər. Vacib olan odur ki, onun gözü yaxınlarının yanında qalmasın. Narahatlıq hissi keçirtməsin ki, məndən sonra ailəm hansı çətinliklərlə yaşayacaq. Düşünürəm ki şəhid, qazi ailələri, müharibədə əlil olan vətəndaşlarımız özləri və ailələri ən yüksək imtiyaza, qayğıya malikdirlər. Təbii ki müəyyən imtiyazlar var, amma daha çox olmasını istəyərdim. O dövlət uğur əldə edir ki, şəhidinin ailəsini yüksək səviyyədə imtiyazla təmin edə bilir, onların bütün tələbatları yerinə yetirilir. Aprel döyüşləri zamanı belə mühit yaranmışdı ki, insanlarımız şəhid ailələrinə yardım etmək istəyirdilər. Hətta Rusiyadan,Türkiyədən soydaşlarımız zəng edib bildirirdilər ki, gəlmək imkanımız yoxdur, lakin biz həmin ailələrə maddi yardım göstərmək istəyirik. Bizdə şəhid, qazi ailələrinə birbaşa yardım həyata keçirilməsi proseduru yoxdur. Bunu yalnız dövlət özü edir. Mən təkliflə çıxış edib, müsahibə də verdim ki, şəhid və qazilərin ailələrinə  dövlət tərəfindən yardım fondu yaradılsın. Mərkəzləşdirilmiş qaydada həmin ailələrin siyahısı tutulsun. Həmin ailələrə davamlı yardım edilsin. Çox istərdim ki, bu təklif aidiyyatı qurumlar tərəfindən eşidilə və qəbul edilə.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli