Magistratura imtahan birincisi Qalib Sarayev: "Müəllimin kiçik bir səhvi ucbatından imtahandan kəsildim", Magistratura imtahan birincisi Fəxri Qurbanzadə: "Bir dəfə qrup olaraq dərsdən qaçmışdıq, az qala töhmət alacaqdıq", 21.04.2017 681

Magistratura imtahan birincisi Qalib Sarayev: "Müəllimin kiçik bir səhvi ucbatından imtahandan kəsildim"

Magistratura imtahan birincisi Fəxri Qurbanzadə: "Bir dəfə qrup olaraq dərsdən qaçmışdıq, az qala töhmət alacaqdıq"

-İmtahanda yüksək bal toplamısız. Bu gözlənilməz oldu, yoxsa daha yüksək gözləyirdiz?

Qalib Sarayev: Əslində, mənimçün gözlənilən idi. Çünki 7 aydır ki, kursa gedirdim. Lap əvvəldən qarşıma məqsəd qoymuşdum ki, mən birinci olmalıyam. Təbii ki, müəllimlərin zəhməti də əvəzsiz idi. Şükür ki, universitet bitdi. Düzdü, imtahandan 100 bal gözləyirdim, amma diqqətsizlik etdiyim üçün 99 bal yığdım.

Fəxri Qurbanzadə: Əslində, qarşıma məqsəd qoymuşdum ki, mən 100 bal toplayacam. Buna isə diqqətsizliyim imkan vermədi. Magistra 7 ay əvvəl hazırlaşmağa başlamışdım. Əvvəllər respublika birinciliyi ilə bağlı bir düşüncəm yox idi. Sonradan gördüm ki, məndə alına bilər. Bununla da qarşıma məqsəd qoyub onun ardınca getməyə başladım. Mənə həmişə deyirdilər ki, bu imtahandan 100 bal yığmaq real bir şey deyil. Lakin mən deyilənlərə fikir vermirdim və bu mövzudakı əminliyim imtahan yaxınlaşdıqca daha da artırdı. Nəticə isə 99 bal oldu.

-Magistr imtahan balınız bəllidir. Bəs bakalavrda necə tələbə olmusuz? Qiymətləriniz necə olub?

Qalib: 2012-ci ildə bakalavra qəbul olmuşam. Qafqaz universiteti, yəni, indiki Bakı Mühəndislik Universitetinə 667 balla qəbul olmuşdum. Orta məktəbi də qızıl medalla bitirmişdim. Qəbul imtahanından 667 bal yığaraq prezident təqaüdünə düşdüm. 5 il müddətində prezident təqaüdünü qoruyub saxlaya bildim.

Fəxri: Bakalavr təhsilimi Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında almışam. Daim dərslərə hazır olmağa, qiymətlərimi yüksək tutmağa çalışırdım. Məqsəd ortalama balımın yüksək olmasını təmin etmək idi. Elə buna da nail olurdum.

-Magistrı başqa universitetdə, yoxsa elə bakalavrı oxuduğunuz universitetdə oxumağı düşünürsüz?

Qalib: Öz universitetimdən razı olduğum üçün magistr təhsilimi də Bakı Mühəndislik Universitetində almaq istəyirəm. Bundan sonra isə təhsilimi xaricdə davam etdirməyi düşünürəm. Dünyanın tanınmış şirkətlərindən birində işləmək istəyirəm.

Fəxri: Magistr təhsilimi İdarəçilik Akademiyasında almağı düşünürəm. Çünki öz universitetim daha doğma gəlir. Onsuz da magistraturanı Azərbaycanda oxumağı düşünürdüm. Azərbaycan universitetləri içərisində də ən yaxşı tanıdığım, ən doğma, ən səmimi elə öz universitetimdir.

-Tələbəlik illərindən yadınızda qalan ən maraqlı hadisə nə olub?

Qalib: 2-ci kursda oxuyurdum. Universitetdən icazə kağızı alaraq Gürcüstana olimpiyadaya yollanmışdıq. Hansısa müəllim həmin kağıza baxmadan mənə iki dənə qayıb yazmışdı. Qayıdanda gördüm ki, artıq həmin fəndən qayıblarımın sayı limiti keçib, dərslərə girə bilmərəm, kəsilmişəm. Üç-dörd gün əziyyət çəkdikdən sonra həmin qayıbları sildirə bildim. Universitetlə bağlı ən yadda qalan hadisə budur, yəni (gülür).

Fəxri: Bir dəfə qrup olaraq sonuncu dərsə qalmayaraq dərsdən qaçmışdıq. Bu, Nəzarət Komissiyasına qədər gedib çatmışdı. Dedilər ki, töhmət veriləcək. Dekanımız isə humanistlik edib bizi bağışladı. Amma adımız bir aya yaxın lövhədə yazılı qaldı ki, digər uşaqlara da dərs olsun (gülür).

-Gələcəkdə özünüzü hansı peşədə görürsüz və həmin sahədə ən böyük arzunuz nədir?

Qalib: Öz peşəmi sevdiyim üçün gələcəkdə də özümü elə bu peşədə görürəm. Maraqlanmışam, Azərbaycandan çox az sayda insan böyük şirkətlərdə işləyir. Mən də “Google” , “Facebook” kimi şirkətlərdə işləmək istəyirəm.

Fəxri: Bu haqda hələ ki, elə də böyük məqsədlərim yoxdur. Kiçik addımlarla, kiçik məqsədlərlə irəliləməyə çalışıram. Təbii ki, gələcəkdə öz ixtisasımın peşəkarı olmaq istəyərəm. Hətta, beynəlxalq münasibətlər üzrə tanınmış bir adam da ola bilərəm.

-Bəs tələbə yoldaşlarınız sizi necə tanıyır? Heç olubmu ki, desinlər ki, bəsdi də, bu qədər dərs oxumaq olar?

Qalib: Açığı, mən elə də çox oxuyan deyiləm. Həmişə imtahanlara son günlərdə hazırlaşmağa başlayırdım.  Buna görə də mənə o sözləri deyən olmayıb. Sadəcə soruşurlar ki, necə olur ki, bu qədər az oxumaqla belə nəticələr əldə edə bilirsən? Düşünürəm ki, səmərəli oxumaq lazımdır. Ola bilsin ki, imtahana bir həftə qalmış hazırlaşmağa başlayasız, amma imtahandan bir gün əvvəl hazırlaşan adam sizdən daha yaxşı nəticə əldə etsin. Mən, demək olar ki, magistratura imtahanına da 7 ay kursa gedib son bir həftə ərzində hazırlaşmışam.

Fəxri: Bəli, deyiblər. Mənə bunu çox vaxt deyirlər ki, az oxu da, bir az evdən bayıra çıx (gülür). Tələbə yoldaşlarım isə məni yəqin ki, sosial fəaliyyətdə o qədər də aktiv olmayan biri kimi tanıyırlar.

-Yüksək bal topladığınıza görə hansısa universitetdən orada oxumaqla bağlı təklif almısızmı?

Qalib: Heç bir universitetdən təklif almamışam. Amma sağ olsun, oxuduğum universitetdə rektorumuz məni qəbul edib sertifikat verdi, təşəkkürnamə ilə mükafatlandırdı.

Fəxri: Xeyr, hələ ki, olmayıb. Amma bu müsahibədən sonra ola bilər (gülür).

-Dərsdən əlavə hansı məşğuliyyətləriniz var?

Qalib: İşlədiyim üçün əlavə məşğuliyyətlərə elə də vaxt ayıra bilmirəm. Vaxt olduqca detektiv janrda kitablar oxuyuram. Çingiz Abdullayevin əsərlərini çox sevirəm.

Fəxri: Hər hansısa xüsusi bir məşğuliyyətim yoxdur. Hobbi kimi adətən, musiqi dinləyirəm. Bu məni dərs arası sakitləşdirir. Normalda mütaliə etməyi, bədii ədəbiyyat oxumağı sevirəm, lakin son 7 ayda oxumağa fürsətim olmayıb.

-Hansı tipdə adamlarla yola getmirsiz?

Qalib: İki üzlü insanlarla heç cür yola gedə bilmərəm. Özündənrazı insanları da heç sevmirəm. Çünki özüm bir az özümdən razıyam, istəmirəm mənim yanımda məndən başqa özündənrazı kimsə olsun (gülür).

Fəxri: Mənimlə əks tipdə olan insanlarla yaxınlıq qura bilərəm, lakin özündənrazı insanları görən gözüm yoxdur. Bir də ki, böyük kütlə qarşısında çıxış edə bilən insanlara heyrətlə baxıram, həsəd aparıram. Bu məndə heç cür alınmır.

-Sizcə, əsl dost necə olmalıdır və neçə əsl dostunuz var?

Qalib: Dost var, amma əsl dostu ayırd etmək elə də asan olmur. Gərək elə situasiya yaransın ki, biləsiz ki, o insan əsl dostdur, yoxsa deyil. Şablon olacaq, amma deyirəm, çətinliyə düşəndə bəlli olur əsl dostlar. Həmin hallarda sizi yarı yolda qoymursa, deməli, əsl dostdur.

Fəxri: Mənim fikrimcə, dost çox olmalı deyil. Bir-iki dənə əsl dostun olsa, kifayətdir. Əsl dost daim sənin yanında olmalıdır, dəstəkləməlidir. Məsələn, məndə hazırlıq müddətində bəziləri deyirdilər ki, bəsdi. Amma bir qismi də deyirdi ki, səndə alınacaq. Bax, elə həmin o bir qismə əsl dost deyərdim.

-Bu sahədə oxumasaz, kim olardız? Rəğbət bəslədiyiniz başqa sahə varmı?

Qalib: Doğrudur, fiziki cəhətdən idmançıya heç oxşamıram, amma idmançı olmaq istəyərdim. Futbolçu və ya basketbolçulara rəğbət bəsləyirəm. Onların həyatları mənə maraqlı gəlir.

Fəxri: İncəsənət sahəsində olub piano ifa edə bilməyi çox istəyərdim. Orta məktəbdə oxuduğum vaxtlara qayıtsaydım, çalışardım ki, əlavə kurslara gedib piano ifa etməyi öyrənim.

-Sizə ən çox təsir edən bədii kitab hansı olub?

Qalib: Əslində, bədii kitabların təsirinə çox düşməməyə çalışıram. Oxuduqca öz-özümə izah edirəm ki, bu, onsuz da kiminsə xəyal məhsuludur.

Fəxri: Mənə ən təsir edən kitab Xalid Hüseyninin “Və dağlardan səda gəldi” əsəri olub.  İnsana toxuna bilən bir əsərdir. 

-Oxuduğunuz sahəni ailəniz seçib, ya özünüz? Sizcə, bu cəhətdən hansı daha doğrudur?

Qalib: Oxuduğum ixtisası, demək olar ki, özüm seçmişəm. Ailəmin təsiri olmayıb, amma heç özümün də məlumatım yox idi. Bildiyiniz kimi rayon bölgələrində informatika fənni, demək olar ki, tədris olunmur. Mən də bu ixtisası təsadüfi seçmişəm. 667 bal yığmışdım və ötən il ən yüksək ballı ixtisas kompüter mühəndisliyi idi, mən də o ixtisası yazdım. Qəbul olduqdan sonra sevməyə başladım. Digər seçimim kimya mühəndisliyi idi, amma sonradan həmin ixtisasda oxuyan tanışlarla söhbətdən sonra da öz-özümə dedim ki, yaxşı ki, kompüter mühəndisliyini seçmişəm.

Fəxri: Bu cəhətdən ailənin qərar verməsinin qətiyyən əleyhinəyəm. Mən də seçimi özüm etmişəm. Bəzi insanlarda görürəm ki, seçirlər, gəlirlər, oxuyurlar və 4-cü kursda deyirlər ki, mən burada nə edirəm? Özünə o sualı verənlər məhz ailələrinin seçimləri ilə həmin sahəyə yönələnlərdir. Təhsil önəmli addımdır və bu addımı hərə öz seçiminə uyğun atmalıdır.

 

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli