Polkovnik Şair Ramaldanov: Əsgərlər cərgədə ağladılar və dedilər ki, komandir, bizi bağışla, "Heydər Əliyev mənə dedi ki, əsgərlər harada qalır, harada istirahət edir? Qabağına keçib onu başqa istiqamətə aparmaq istədilər. Heydər Əliyev onlara tərs-tərs baxdı, sonra...", 17.03.2017 4464

Polkovnik Şair Ramaldanov: Əsgərlər cərgədə ağladılar və dedilər ki, komandir, bizi bağışla

"Heydər Əliyev mənə dedi ki, əsgərlər harada qalır, harada istirahət edir? Qabağına keçib onu başqa istiqamətə aparmaq istədilər. Heydər Əliyev onlara tərs-tərs baxdı, sonra..."

-Cənab polkovnik, polkovnik Şair Ramaldanov deyəndə hərb sahəsində çalışan çoxları sizi ömrünü Azərbaycan ordusuna həsr edən, Qarabağ döyüşlərində əfsanəvi qəhrəmanlıqlar göstərən 702 saylı hərbi hissənin komandiri, eləcə də bir sıra hərbi sahədə yazılan kitabların müəllifi kimi yada salır.  Öncə hərbi  sahəyə gəlişinizdən danışaq. Bu çətin peşəni necə olub seçmisiz?

-Uşaq idim. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda-Bakıda hərbi məktəb açılmışdı. Bundan sonra məndə istək yarandı. Həmin məktəbdə oxumağı arzulamağa başladım. Əslində, daha əvvəl mən də jurnalist olmaq istəyirdim. Həmin məktəbi bitirdikdən sonra fikrimdə hərbi jurnalistika sahəsində irəliləməyi tutmuşdum. Müxtəlif yazılar oxuyurdum, şeirlərə meyl edirdim. Mənim iki hobbim var idi. Biri psixologiya, digəri isə şeirlər. Məqalələri oxuduqca onları özlüyümdə jurnalist kimi qiymətləndirməyə çalışırdım və elələri olurdu ki, mənə çatmırdı. Daha sonra düşündüm ki, birdən mənim də bu cür məqalələrim çap olundu və mən də jurnalistika sahəsi üçün lazım olan həddə çata bilmədim? Bununla da belə qərara gəldim ki, mən komandir olacam və əgər həqiqətən də jurnalistika sahəsinə meylim varsa, mən bunu o zaman inkişaf etdirəcəm. Bildiyiniz kimi, jurnalistikaya hazırlaşmaq üçün humanitar fənləri daha çox oxumaq lazımdır. Mən də humanitar fənlərə üstünlük verirdim. Komandirlik məktəbi üçün isə texniki fənlərdən imtahan vermək lazım gəlirdi. Mən imtahan verə bilmədim. İşləməyə başladım. Yük daşıyırdım. İkinci dəfə imtahan verməyə gələndə tibbi yoxlanışdan keçə bilmədim. İşimin ağırlığına görə təzyiqim yüksək idi. Beləliklə, ikinci il də işləməli oldum. İşimi dəyişərək neftqayırma və maşınqayırma zavodlarında işləməyə başladım. Üçüncü il nəhayət ki, imtahan verə bildim. Məqsədimə çataraq ali hərbi məktəbə daxil oldum. Orada oxuya-oxuya mənim qəzetlərdə məqalələrim çap olunmağa başladı. Amma məni jurnalistika sahəsindən daha çox komandir həyatı özünə çəkirdi. Ali məktəbi qırmızı diplomla bitirdim. 5 il Almaniyada xidmət etdim. Daha sonra Moskvada  zabitlər üçün nəzərdə tutulmuş akademiyaya qəbul oldum. 1992-ci ildə bizim ordu yarananda mənə bitirdiyim hərbi məktəbin rəis müavini olmağı təklif etdilər. Bu zaman mən ehtiyat qüvvələr hazırlığı ilə məşğul idim. Müəyyən bir proqramla əsgərləri hazırlayıb cəbhə bölgəsinə göndərirdik. Daha sonra fəaliyyətimi briqada komandiri olaraq davam etdirdim.

-Sizin Azərbaycan hərb tarixində xidmətləriniz böyükdür. Ancaq bu ölkədə insanlar sizi daha çox 1994-cü ildə keçirilən Horadiz əməliyyatından tanıyırlar. Necə xatırlayırsız bu əməliyyatı? Düşmənin nə qədər canlı qüvvəsi, nə qədər texnikası məhv edilmiş və Azərbaycan ordusu həmin vaxt neçə yaşayış məntəqəsini azad etmişdi?

-Biz Heydər Əliyevin xeyir-duasını aldıqdan sonra Füzuli istiqamətində hərəkət etdik. Həmin istiqamətdə hücum əməliyyatına hazırlaşmağa başladıq. Yəni, əmri bu cür almışdıq. O vaxt Azərbaycan ordusunun üç istiqamətdə hücum əməliyyatı aparması planlaşdırılmışdı: Kəlbəcər, Tərtər-Ağdərə və Füzuli istiqamətində. Kəlbəcər istiqamətində olan əməliyyat uğurla nəticələnmədi. Tərtər-Ağdərə istiqamətindəki əməliyyatda bizim qüvvələr Ağdərəni ikinci dəfə işğaldan azad etdilər, lakin bu azadlığı sadəcə bir gün qoruya bildilər. Füzuli istiqamətindəki əməliyyat yəni, Horadiz əməliyyatı zamanı düşmən haqqında lazımı məlumatı toplamalıydıq və biz bu kəşfiyyatı apara bildik. Hücum əməliyyatından bir gün əvvəl biz düşmənin arxasına 400 nəfərlik bir qrup sala bildik. Hücum əməliyyatı çox uğurlu başladı. Araz çayı boyunca çayın içindən Horadizə gedən bir yol var idi. Gecə vaxtı həmin ərazidə-25 km arxada Azərbaycan Silahlı Qüvvələrinin bölmələriylə rastlaşan ermənilər anlaya bilmirdilər ki, bunlar buraya haradan gəliblər. Vahimə içində idilər. Onlar düşünürdülər ki, arxaya çəkilsinlər. Onsuz da döyüş belə davam edirdi: onlar qaçırdılar, biz qovurduq. Biz, demək olar ki, iki gün ərzində 22 yaşayış məntəqəsini azad etdik. Hücum əməliyyatında həm daxili qoşunlar, həm də polislərimizdən iştirak edənlər var idi. Bu formada biz həmin əraziləri azad etməyə nail olduq. Deməzdim ki, hücum əməliyyatı çox ağır keçdi. Lakin daha sonra tutduğumuz mövqeyi əldə saxlamaq üçün olduqca çətin döyüşlər baş verdi. Düşmən ordusu həddən artıq itki verdi. Vəziyyət kritik idi. Mən həmin vaxt müdafiə nazirinə müraciət etmişdim ki, biz havadan zərbə endirməliyik. Güc və resurs olmadığı cavabını aldıqdan sonra Ali Baş Komandana müraciət etməyə qərar verdim. Ona vəziyyəti qısa şəkildə izah etdim. O mənim həyəcanımı anladı. Təxminən 10 dəqiqədən sonra mənə Müdafiə Nazirliyindən zəng gəldi və müsbət cavab aldım. Hədəflər müəyyən edildi. Havadan zərbə endirdik. Aldığımız məlumata görə, bu zərbənin nəticəsi olaraq düşmən bir gün ərzində 500-dən çox əsgər itirmişdi.

-Çox aydın məsələdir ki, Horadiz əməliyyatına birbaşa nəzarəti prezident Heydər Əliyev özü edirdi. Onunla həmin vaxt aranızda keçən dialoqlardan, maraqlı anlardan bəhs edərdiz olduğu kimi...

-Müdafiə naziri mənə zəng etmişdi ki, Ali Baş Komandan gələcək. Heydər Əliyev gələndə mənə sual verdi ki, komandir, şəxsi heyət harada yatır, harada istirahət edir? Bu proqramda yox idi. Qrupun nümayəndələri Heydər Əliyevin qarşısına keçib dedilər ki, cənab prezident, biz filan yerə getməliyik, bizim proqramımız budur. Heydər Əliyev onlara tərs-tərs baxdı və mənə tərəf dönüb yenidən sual verdi: Komandir, şəxsi heyət harada istirahət edir? Cavab verdim ki, mağarlarda. Dedi ki, apar məni ora. Prezidentin ətrafındakı heyət yenidən onu proqrama uyğunlaşdırmağa çalışdılar, bacarmadılar. Biz mağarlara tərəf gəldik. O içəri keçdi. Yataqlardan birini yoxlamağa başladı ki, görsün, balış var yoxsa, yox. Əyildi, baxdı, məmnun qaldı və mağardan çıxdı. Daha sonra mənə dedi ki, komandir, bəs yeməyi harada bişirirlər? Onun qarşını yenidən kəsməyə çalışsalar da, alınmadı. Prezident onlara yenə tərs-tərs baxaraq mənə dedi ki, komandir, sən bunlara qulaq asma, sən məni yemək bişirilən yerə apar. Gəldik yemək bişirilən yerə. Aşpaz borş bişirirdi. Ona dedi ki, bir qarışdır görüm bu borşu. Qarışdırdı və çömçədə yekə ət tikəsi göründü. Gördüm ki, prezidentin əhval-ruhiyyəsi daha da yaxşılaşdı. Dedi ki, bir də qarışdır. Yenidən qarışdırdı və yenə çömçədə yekə ətli sümük parçası  göründü.  Heydər Əliyev zarafatyana belə bir cümlə də dedi ki, bilirəm, sovet vaxtı əti çömçəyə bağlayırdılar ki, hər dəfə qarışdıranda çömçədə həmin yekə ət görünsün, amma mən fikir verdim ki, ikinci ət birincidən fərqli idi. Yəni, cənab prezident hər xırdalığa qarşı bu cür diqqətli idi. Oradan da məmnunluqla çıxdı və xeyir-duasını verdi.

-Cənab polkovnik, siz həm də bu ölkədə “Azərbaycan bayrağı” ordenini iki dəfə alan yeganə hərbçisiz. Bu orden sizə hansı xidmətlərinizə görə verilmişdi?

-Horadiz əməliyyatından sonra məni Milli Qəhrəman adı ilə təltif etmək istəmişdilər. Onlara dedim ki, mən iki halda Milli Qəhrəman ola bilərəm: ya şəhid olanda, ya da ki, torpaqlarımız tam şəkildə azad ediləndə. Başqa adla təltif edəcəklərini deyəndə onlardan xahiş etdim ki, Milli Qəhrəman adı olmasın. Olsa belə, mən ondan imtina edəcəm. Bununla da “Azərbaycan bayrağı” ordenini mənə göndərmişdilər. İkinci “Azərbaycan bayrağı” ordenini almağımın tarixçəsi isə belə olmuşdu. 1995-ci ildə Omon hadisələri ilə bağlı çevrilişə cəhd göstərilmişdi. Mən həm birinci və ikinci Omon hadisələrinin iştirakçısı olmuşam, həm də omonçuların bazasının ələ keçirilməsində iştirak etmişəm. Sonradan mənə zəng gəldi ki, sizi “Azərbaycan bayrağı” ordeni ilə təltif etmək istəyirik. Mən də dedim ki, mənim “Azərbaycan bayrağı” ordenim var axı. Elə bildim təbrik etmək üçün zəng ediblər. Dedim ki, çox sağ olun, amma siz məni gec təbrik edirsiz. Mənə dedilər ki, necə yəni, biz elə bu dəqiqə çıxmışıq prezidentin yanından, onun fərmanına əsasən, siyahıda sizin də adınız var, deyəsən, ikinci “Azərbaycan bayrağı” ordeninizdir. Hər iki orden döyüş ordenidir, yəni hər ikisi konkret döyüş tapşırıqlarını yerinə yetirməklə bağlıdır. Mənim üçün çox əzizdirlər. Mən həmişə demişəm, bu ordenlər mənim deyil, bu ordenlər mənim hərbi hissəmindir, bu ordenlər mənim əsgərlərimindir.

-Hərb sənəti elədir ki, burada qələbə qazananda sevinirsən, yaxın dostunu, silahdaşını itirəndə kədərlənirsən. Sizi hərb fəaliyyətinizdə ən çox sevindirən və ən çox kədərləndirən hansı hadisələr olub?

-Əlbəttə ki, ən kədərləndirən hadisə torpaqları tam qaytara bilməməyimizdir.  Hər sahənin özünə görə üstünlükləri var. Amma hərb sahəsindəki insanın həyatı torpaq, xalq, vətən ifadələrindən ibarətdir. Hərbçi olanda, zabit olanda bilirdik ki, biz hərb üçün yaranmışıq və hər an öz həyatımızdan keçməyə hazır olmalıyıq. Bu gün bizim borcumuz ondan ibarətdir ki, biz o torpaqları tam şəkildə, azadlığı bərpa olunmuş şəkildə sizlərə verək. Kədər həm torpaqların, həm də yoldaşlarımın itkisi ilə bağlıdır. Sevindirən hadisələrə gəldikdə isə, mən həmişə demişəm ki, mən xoşbəxt insanam. İnsanın xoşbəxt olması üçün iki əsas amil var. Birincisi onun həyatının əsas hissəsi-peşəsi ilə bağlıdır. İkincisi isə şəxsi həyatı ilə, ailəsi ilə bağlıdır. Oğlum zabitdir, demək olar ki, davamçımdır, qızım həkimdir. Valideyn kimi mənim arzularımı cavabsız qoymayıblar. Həyat yoldaşıma gəldikdə, belə düşünürəm ki, mən gicgahımdan 1 sm-lik məsafədə yaralananda, yarı zarafat, yarı gerçək, deyəsən, məni onun duaları qoruyub. Ailə öz yerində. Hərbdə isə mən torpaqları geri alan döyüşlərdə iştirak etdiyim üçün, peşəkar bir zabit kimi bu məni sevindirir. 

-Komandiri qələbəyə aparan onun hərb sənətini yaxşı bilməsi ilə yanaşı, eyni zamanda, əsgərlərinin ona olan sevgisi, hörmətidir. Sizcə, bu sevgini qazanmaq üçün təcrübəli hərbçilər hansı bacarıqlara sahib olmalıdırlar?

-İlk növbədə təmiz insan olmaq lazımdır. Sonra öz peşənə, öz xalqına, öz vətəninə, öz torpağına, öz dövlətinə söz xatirinə yox, həqiqətən, daxildən bağlı olmaq lazımdır.  Əsgərlərin gözündən heç nə qaçmır. Düşünün ki, 3000-ə qədər sizin heyətiniz var, belə götürsək, sizə 6000 göz baxır. Mən demişəm, Azərbaycan əsgərinin bir xüsusiyyəti var. Əgər onun komandiri onunla birlikdə nəfəs alırsa, doğrudan da təmizdirsə, doğrudan da bayaq sadaladığım amillərə yəni, vətəninə, xalqına, torpağına, dövlətinə bağlıdırsa, əsgərlər bunu görür və həmin əsgərin ürəyi şir ürəyinə dönür. Yox, əgər onun komandiri sözündə başqa, əməlində başqadırsa, əsgər bunu da görür və bu zaman o öz daxilində sınır. Bir hadisə danışım sizə. Mənə məlumat vermişdilər ki, Şükürbəyli istiqamətində iki maşın  şəxsi heyət arxaya gedir, yəni qaçır. Mənə təklif etdilər ki, həmin əsgərləri həbs edim. Düşündüm ki, yox, həbs etməklə nə qazanacam? Bununla da o əsgərlərin yanına özüm tək getdim. Həmin maşınların qarşısına silahsız çıxdım. Bu cür situasiyada silahlı əsgərlərin qarşısına yalnız özünə inanan komandir çıxa bilər, yalnız şəxsi heyətin özünə olan münasibətini hiss edən komandir çıxa bilər. Çıxdım və heç bir təhqir edici ifadə işlətmədən sakitcə əsgərləri düzdüm. Dedim ki, mən sizi anlayıram. Bilirəm, çox ağırdı. Mən də sizin kimi vətəndaşam. Sadəcə mən sizin komandirinizəm, siz də mənim şəxsi heyətimsiz. Vaxtımız yox idi. Dedim ki, çox danışmayacam, sadəcə gözlərinizə baxıb sizə bir-iki kəlmə söz deyəcəm. Sizin iki yolunuz var. Bir yol-cəbhəyə qayıtmaq, digər yol-arxaya qayıtmaq. Seçimi özünüz edəcəksiz. Cəbhəyə qayıtsanız, şəhid olsaz da, şərəflə öləcəksiz. Haqqınızda illərlə danışılacaq. Qaçmağa davam etsəniz, mən bilmirəm, siz bundan sonra necə yaşayacaqsız. Siz getməyinizlə tərk etdiyiniz yoldaşlarınızın zəifləməsinə səbəb olacaqsız. Onlar torpaqlarını qorumaq üçün qalıblar. Əgər ölməyəcəkdilərsə də, zəiflədikləri üçün onlar öləcəklər. Səbəbkarı siz olacaqsız. Bəlkə də siz yaşayacaqsız. Lakin onların ruhu, onların yaxınları... Siz öz analarınızın, yoldaşlarınızın uşaqlarının gözlərinə necə baxacaqsız? Bir kişi kimi rahatlıqla “mən kişiyəm” ifadəsini dilinizə ala biləcəksizmi? Mən bilirəm ki, siz yaşasanız da, əzab içində yaşayacaqsız. Mən çəkilirəm, özünüz qərar verin.. Siz hönkürtü ilə ağlayan kişi kütləsi görmüsüz? Mən görmüşəm. Mənim əsgərlərim başlarını aşağı salıb hönkürtü ilə ağladılar. Mənə dedilər ki, komandir, bağışlayın bizi. Özləri əyləşdilər həmin maşınlara və qayıtdılar cəbhəyə. Belə bir ifadə var, bilmək istəyirsizsə: Pis əsgər olmur, pis komandir olur.

-Bir az hərbi sahədən kənarlaşıb bir sual verək. Boş qalan zamanınızı adətən, necə keçirməyi xoşlayırsız?

-Olmayanların başına gəlsin, boş vaxtımda ailəmlə, nəvələrimlə məşğul oluram. Döyüş yoldaşlarımla tez-tez görüşürəm. Baxmayaraq ki, uzun müddət keçib, indi də bir problemləri olanda çox vaxt komandirlərini axtarırlar. Döyüşlərdən 22 il keçsə də, mən bu gün də öz heyətim üçün komandir olaraq qalmışam. Mənə “cənab polkovnik” deyə müraciət edərlərsə, anlayıram ki, biz haradasa birlikdə xidmət etmişik. “Komandir” deyə müraciət edəndə anlayıram ki, biz birlikdə döyüşmüşük. Bu cür ayırd edirəm, hər birini yadda saxlaya bilmərəm ki. Boş vaxtımda da hərb sahəsində öz üzərimdə işləyirəm. Müəyyən yaşa gəlib çatsam da, formanı itirmək olmaz, qoruyub saxlamaq lazımdır.

-Siz həm də  hərb sənətinə aid çoxlu sayda kitablar yazmısız. Bu kitablardan danışaq. Bu kitablar hərbin daha çox hansı sahəsinə aiddir? 

-Kitablarım Azərbaycan dilindədir. Mən 700 səhifəlik bir kitabımı Heydər Əliyev məni ordenlərlə təltif edərkən ona təqdim etmişdim. O mənə ordenləri verdi, mən ona kitabımı verdim. Həmin kitabı korpus komandiri olan zaman öz hərbi hissələrim üçün tərtib etməyə başlamışdım. Zaman keçdikcə bu kitab sifariş olunmağa, bu haqda mənə çoxlu sayda müraciətlər edilməyə başladı. Birinci kitabım həm rus, həm Azərbaycan dilində idi. Həmin dərsliyin içərisində əsgərlərə dərs keçərkən lazım olan dərs planları var idi. Bütün kitablarım öz peşəmlə-sırf komandirliklə bağlı kitablardır. 50-60 səhifəlik ilk kitabım isə zabitlərin təcrübə üçün fəaliyyətlərindən bəhs edən nazik bir kitab idi. Bu kitabı hazırlamaqda əsas məqsədim Azərbaycan kursantlarına keçilən dərslərdə rus adlarının azərbaycanlı adlarla əvəzlənməsi, eyni zamanda döyüş əməliyyatlarındakı epizodlara Dağlıq Qarabağ müharibəsindəki məqamların salınması idi. Çünki, dərs vəsaitində milli adların olması, eyni zamanda Dağlıq Qarabağ müharibəsinə aid döyüşlərin bu kitabda əks olunması hərbçilərin vətənpərvərlik hisslərini artırmaq baxımından vacib idi. Ehtiyacdan asılı olaraq mən bu fəaliyyətlə məşğul olmağa başladım və 10 ədəd kitab tərtib etdim.

-Hazırda bir çox rayonlarımız işğal altındadır. Məhz hansı rayonu işğaldan azad edib onun girişinə şəxsən Azərbaycan bayrağını sancmaq istəyərdiz? 

-Bu sualın cavabı bəllidir. Hər bir qarışına sancmaq istəyərdim. Elə bir yer yoxdur ki, mən deyim ki, məhz burada bayraq sancmaq istərdim. İstərdim ki, torpağımızın hər sahəsində bayrağımız dalğalansın, həmin torpaqlarda bayrağımızın kölgəsi görünsün. Mən bu gün çox qürurla yaşayıram həyatımı, ona görə ki, mənim qanım mənim torpağıma hopub, baxmayaraq ki, sağ qalmışam.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli