10.05.2017 1253 Məşhur meyxanaçı Pərviz Bülbülə: "Elə adamlar olub ki, deyib sevgilimə və ya övladıma meyxana yaz, ancaq mən yazmamışam", Vaxt var idi dülgər kimi işləyirdim. Səhər 9-da işə başlayıb, axşam 9-da evə gəlib yatırdım. Heyf o günlərdən, perviz bulbule meyxanaci meyxanachi bulbula parviz deyisme deyishme qafiye,

Məşhur meyxanaçı Pərviz Bülbülə: "Elə adamlar olub ki, deyib sevgilimə və ya övladıma meyxana yaz, ancaq mən yazmamışam"

Vaxt var idi dülgər kimi işləyirdim. Səhər 9-da işə başlayıb, axşam 9-da evə gəlib yatırdım. Heyf o günlərdən

-Pərviz bəy, meyxana sənətinə gəlişiniz necə baş vermişdi və ilk dəfə geniş kütlə içində dediyiniz meyxananın qafiyəsi yadınızdadırmı?

-Meyxanaya maraq uşaqlıqdan yaranıb. Bu sənətə gələndə, 14-15 yaşım var idi. İlk dəfə dediyim qafiyəni isə xatırlamıram.

-Ən çox hansı meyxanadan sonra tanınmağa başladız?

-Sənətçi bunu özü çox da hiss etmir. Mənim xüsusi repertuarım deyilən bir şeyim olmayıb ki, mən onu oxuyum və məşhurlaşım. Biz meyxanaçıyıq. Biz anidən dediyimiz qafiyələr, istər musiqili meyxana, istərsə də deyişmə, bunlar vasitəsilə əhali tərəfindən bəyənilirik. Çoxu musiqili qafiyələrdir. Halbuki mən musiqili meyxana ilə tanınmamışam. Sadəcə onlar daha çox dinlənilən, daha çox baxılan olub. Mən Pərviz Bülbülə kimi özümə sənətdə bir balaca yer eləyəndən sonra musiqili meyxana deməyə başlamışam. Mən musiqili meyxana ilə sənətə gəlməmişəm, meyxana ilə sənətə gəlmişəm. Sadəcə sonra əlavələr eləmişik özümüzdən. O da yəqin ki, bəyənilir. Bəyənilməsəydi, bu gün bizdən bunu tələb etməzdilər. Əhalinin zövqünə uyğunlaşırıq, damara basmağı sevən adamlarıq.

-Meyxanada ən çox sevilən elementlərdən biri də deyişmədir. Hamıya məlumdur ki, deyişmədə çoxlarını bağlamısız. Bəs özünüz necə, heç bağlandığınızı və ya kiminsə qarşısında uduzduğunuzu hiss eləmisiz? Olubsa, həmin şəxs hansı meyxanaçı olub?

-Əlbəttə, olub. Məşədi Babanın adını çəkə bilərəm. Uduzmağı da bacarmaq lazımdır. Bizim sənət döyüşdür, savaşdır. Döyüş-savaş deyəndə, hər kəsin ağlına şillə-təpik gəlməsin. Bizim sənət söz döyüşüdür, söz savaşıdır. Vaxtilə ustadlarla deyişəndə, həqiqətən də, söz üçün cib eşələmişəm. Nə tapıb çıxarmışamsa, demişəm.

-Azərbaycanın hansı bölgəsinə getsəz, sizi daha çox tanıyarlar? Tanınmış olmaq sizə rahatlıq verir, yoxsa narahat edir?

-Azərbaycanın elə bir bölgəsi yoxdur ki, mən ora gedim və məni tanımasınlar. Tanınmış olmaq bəzən rahatlıq verir, bəzi hallarda da narahatlıq.

-Yəqin ki, çox məclislərdə olmusuz. Bu məclislərdə indiyə qədər sizinçün ən yadda qalan, gülməli, maraqlı hadisə hansı olub?

-Bizim başımıza çox vaxt maraqlı yox, gülməli hadisələr gəlir. Əslində, gülməli deyil, amma biz nəyə gülürük, onu deyim. İnsan nə qədər əsəbiləşə bilər ki, nə qədər hirslənə bilər ki, məcbur qalıb, ancaq gülsün. Biri var, həqiqətən gülmək, bir də var, əsəbdən gülmək. İkincisi bizdə daha çox olur. Məsələn, mənə toyda deyən olub ki, Damlayla deyişmə deginən.

-Musiqili meyxananı ən çox tanıdan siz oldunuz. Necə oldu ki, meyxanada belə bir yenilik etmək qərarına gəldiniz?

-Mən ona qərar vermədim ki. Sadəcə dedim, bəyənildi, “bir dənə də de”, “iki dənə də de”, qurtardı.

-Hansısa meyxanaçıya müəllimlik etmisinizmi? Sizcə, kimlərin məşhurlaşmasında rolunuz olub?

-Olub, amma heç vaxt dilə gətirməmişəm, ad çəkməmişəm. Özü bilirsə, bəsdi. Mənə başqasının bilməyi vacib deyil. Amma mənə heç kəsin köməyi olmayıb. Mən ancaq özüm özümü Pərviz Bülbülə eləmişəm.

-Olubmu ki, hansısa bir şəxs sizdən içərisində övladının və ya sevgilisinin adı keçən bir meyxana yazmağınızı xahiş etsin? Belə şəxslərə cavabınız necə olub?

-Bəli, çox olub. Amma eləməmişəm. Çünki biri üçün eləyəcəm, o biri istəyəcək, o biri üçün eləyəcəm, bu biri istəyəcək. Belə-belə mən ancaq adlara meyxana yazmaqla məşğul olacam. Bəs mənim öz uşağım çörək yeməsin? (gülür).

-Maraqlı sevgi qəzəlləriniz var. Bu qəzəllərin qəhrəmanı hansısa bir xanımdır, yoxsa ümumi bir obrazdır?

-Mənim “Etməsin heç kimi qoy Allahu-təala atasız” deyə bir qəzəlim var, heç bu qəzəl  barədə mənə sual verən olmadı ki, bala, sənin atan ölüb ki, bunu yazmısan? (gülür). Hər yazdığım qəzəl başıma gəlmiş olsaydı, mən daha yıxılım-ölüm də. Şairik də, xoşlayırıq kiminsə ürəyindən danışaq, kiminsə başına gələnlərdən yazaq, içindəkiləri üzə çıxaraq. Söz işinə baxırıq da biz. Danışaraq ifadə edilə bilməyən dərdlər var ki, biz onları sözlə düzüb-qoşuruq, şeir formasında çatdırırıq.

-Bir az uzaqlaşaq meyxanadan. Hansı məşğuliyyəti və ya idmanı sevirsiniz? Sizi ən çox xoşbəxt edən şeylər nədir?

-Vaxt tapıram ki? Boş vaxtlarımda ancaq yatmaq istəyirəm. Allah haqqı. Ancaq yatmaq. Mənimçün bu dəqiqə ən gözəl məşğuliyyət ancaq odur. Bacardığım qədər yatmaq istəyirəm. Bax, indi sizlə sağollaşandan sonra da gedəcəm yatmağa.

-Meyxana sənəti olmasaydı, kim olmaq istərdiz? Heyranlıq duyduğunuz başqa bir peşə və ya sahə varmı?

-Bilmirəm ki. Mən elə əvvəldən nələrsə düzəldib hazırlamağı xoşlayıram. Dülgər kimi də işləmişəm. Hərdən sifariş də verirlər mənə. Üst-başım toz olurdu, maaş alırdım, 9-da qalxıb işə gedirdim, axşam 9-da gəlib yatırdım. Heyif o günlərdən (gülür).

-Fanatlarınızla aranız necədir? Şəhərdə gəzəndə və ya başqa yerlərdə sizə şəkil çəkdirmək, imza  almaq üçün yaxınlaşanda, onlara qarşı münasibətiniz necə olur?

-Mən onların hamısına qurban olaram. Onlar olmasa, mən neyləyərəm? Şərt deyil ki, kimsə mənimçün pul xərcləsin, kimsə qarşımda durub canlı izləsin. Adicə girib internetdən baxmaqları belə mənimçün böyük şeydir. Başlarına dönərəm onların. Onlar mənim internetdəki baxışlarımın sayını bir dənə belə artırırlarsa, mən onlara borcluyam, mən onların önündə baş əyirəm. Hamısını çox istəyirəm, başına dönərəm onların. Onlardır bu gün məni saxlayan, onlardır bu gün məni dolandıran. Onlardır mənimçün siqaret alan, kontur alan, maşınıma benzin alan (gülür).

 

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün