Sosial media mütəxəssisi Orxan Rzayev: "Büdcəsi az olan istənilən şirkət böyümək üçün sosial şəbəkələrdə reklam yolunu seçməlidir", Biz işlədiyimiz şirkətlərə adətən pessimist proqnoz veririk. Məsələn, deyəndə ki, 50 min giriş olacaq səhifəyə, ən azı 100 min giriş olur, 16.05.2017 1191

Sosial media mütəxəssisi Orxan Rzayev: "Büdcəsi az olan istənilən şirkət böyümək üçün sosial şəbəkələrdə reklam yolunu seçməlidir"

Biz işlədiyimiz şirkətlərə adətən pessimist proqnoz veririk. Məsələn, deyəndə ki, 50 min giriş olacaq səhifəyə, ən azı 100 min giriş olur

-Orxan bəy, Sosial Media Marketinqi yeni bir sahədir. Necə oldu belə bir sahəni seçmək qərarına gəldiniz? Təhsil aldığınız sahə ilə bu sahənin bir bağlılığı var idi mi?

-Texnologiyaya uşaqlıqdan marağım olub.Təxminən 15 il öncə həmin vaxtlar pulsuz veb sayt yaratmaq üçün platformalar var idi. Türkiyənin məşhur platforması olan bedavasitem.com da rahat addımlarla veb sayt yaratmaq olurdu. Orada qısa vaxt ərzində 500-ə yaxın veb sayt yaratmışdım. Tələbəlik vaxtı jurnalist kimi də fəaliyyətim olub. Texnologiya sahəsində yazılar yazmışam, araşdırmalar aparmışam. Amma təhsilim marketinqlə əlaqəli deyil. Həm Azərbaycan Dövlət İdarəçilik Akademiyasında bakalavr, həm də İqtisad Universitetində magistr təhsilimdə menecment ixtisasını bitirmişəm. Təhsilimi bitirdikdən sonra hiss elədim ki, bu istiqamət mənə görə deyil. Mənə maraqlı olan marketinq, xüsusən da digital marketinqdir. Yeniliklər, sosial media əksər insanlar kimi məni də cəlb etdi, amma istifadəçi qismində qalmaq istəmədim. Arxa planını da öyrəndim. Necə istifadə olunur, trendlərin müəyyən olunmasını. Bu sahədə bildiklərim internet üzərindən şəxsi təşəbbüsümlə öyrəndiklərimdir. Məsələn, tvitter-də 100-dən çox eksperti izləyirəm. Həm sosial media, həm marketinq, startap sahəsində. Feysbuk 2012-ci ilin aprel ayında Azərbaycanda reklam panelini istifadəyə verdi. Həmin gündən reklam yerləşdirməyə başladım. Və sonradan facebook Azərbaycanda populyar oldu. Və bu sahədə ilk araşdıran insanlardan biri olmağım, fəaliyyət göstərməyim üçün daha rahat oldu. İlk olaraq freelance olaraq müxtəlif şirkətlərdə feysbukda reklam fəaliyyəti göstərirdim. Zamanla sifarişlərin sayı artdı. Sonra qərara gəldik ki, Sosial Media Marketinq Agentliyi açaq. Və 2016-cı ilin əvvəlindən MediaMark agentliyi fəaliyyət göstərir.

-Sosial media hazırda güclü tanınma, reklam, fikirləri yayma meydanıdır. Sosial mediya meneceri bu vəziyyətdə şirkətlər üçün nə qədər önəmlidir?

-Hər dövrdə, insanların çox toplaşdığı yerlərdə marketinq  fəaliyyəti həyəta keçirilib. Son illərdə məkan sosial mediadır. Bu gün biz qısa vaxtda milyonlarla insanlara hansısa informasiyanı çatdırmaq istəsək ən rahat yolu sosial mediadır. İstər Azərbaycanda ,istərsə də dünyanın digər yerlərində belədir. Əvvəllər televiziya, radio kanalları vasitəsilə auditoriya məlumat çatdırmaq olurdusa, bu gün bu auditoriya sosial şəbəkələr və internetdir.  Və siz burada insanların yaşına, yaşadığı ərazi, təhsil aldığı universitetə, azarkeşlik etdiyi kluba və müxtəlif sahələrdə insanları seqmentasiya edib mesajınızı çatdıra bilirsiz. Sosial media meneceri profesional iş hədəfləyən şirkətlər üçün xüsusilə önəmlidir. Burada bir neçə amil var. Birincisi menecerin Azərbaycan dilinin qrammatik, leksik qanunlarını mükəmməl bilməsi, ikincisi onun texnologiyadan, yeniliklərdən xəbərdar olma səviyyəsi, yəni trendləri nə dərəcədə izləməsi, üçüncüsü onun insanlarla ünsiyyət qurma bacarığının olması mütləq elementlərdir. Şirkətlər sosial media meneceri seçərkən bu meyarlara fikir verməlidir. Bugün dünyada iki cür tendensiya yayılıb. Şirkət sosial media fəaliyyətini ya sosial media menecerinə, ya da sosial media agentliyinə həvalə edir. Şirkətin maliyyəsi azdırsa onda sosial media menecerini işə götürərək ondan həm menecer, həm qrafik dizayner, kopirayter işlərini görməyi tələb edirlər. Və müəyyən büdcə verirlər. Təcrübəsi çox olmayan insanlar üçün normaldır. Amma fəaliyyətini peşəkar olaraq davam etdirmək istəyən şirkətlər ya hər sahə üçün professional şəxsləri işə götürüb komanda yaradırlar və yaxud da sosial media agentlikləri ilə işləyirlər.  

-Hazırda bu sahədə qabaqcıl trendlər nələrdir? Xaricdə sosial media menecerləri bizdən fərqli olaraq nələr edir?

-Hər bir şirkətin sosial mediaya yanaşması şirkətin sosial media menecerinə və ya sosial media agentliyinə yanaşmasında özünü göstərir. Bəzi şirkətlər var ki, onların məqsədi sosial mediada imiclərinin yaxşı görünməsidir. Buna görə də sosial media profilləri daim aktivdir, həmin şirkətin fəaliyyətini, məhsullarını göstərən paylaşımlar etmək, istifadəçilərlə ünsiyyətdə olmaq, aktivlik göstərmək onlar üçün kifayətdir. Bu halda onlar menecerdən və ya agentlikdən bir şey tələb edirlər. Elələri var ki, deyir 1000 manat xərcləyirəmsə 5000 manatlıq məhsulumu satın. Belə yanaşmada  sosial media agentliyi və ya sosial media menecerinin işi tam fərqli olur. Bir çox şirkətlər bu yanaşma ilə gedir. Bildirirlər ki, 1000 manat ödəyiriksə bizə satışın nə qədər olacağını deyin. Bu texniki olaraq mümkün deyil. Feysbuk özü belə hansısa məbləğə reklamın neçə nəfərə çatacağını təxmini bildirir. O sayın neçəsinin sizin müştəriniz olacağına zəmanət vermir. 

Sosial media menecerlərinin daha peşəkar və qabaqcıl təcrübələrdən istifadə etmələri üçün  nələr tələb olunur?

-Sosial media menecerinin araşdırma bacarığı olmalıdır. Bu bacarıq yoxdursa sosial media menecerinin işləməyi çətin olacaq. Çünki sosial media marketinq sahəsi çox dəyişən sahədir. Həm müsbətdir, həm mənfidir. Ona görə müsbətdir ki, siz bu sahəylə maraqlanırsızsa, bu sahədə çalışmaq isəyirsinizsə, qısa zamanda bu sahəyə adaptasiya olub iş görə bilərsiz. Mənfi cəhəti odur ki, çox sürətlə dəyişir. 3-5 ay trendləri izləməsəniz görəcəksiniz ki, rəqib agentlik bəzi işlər görür siz geridəsiniz. Sosial media meneceri bu sahədə olan yerli və xarici ekspertləri izləməlidir. Bloqlar oxumalı,videolar izləməli, tədbirlər olanda iştirak etməlidirlər.

-Ənənəvi reklamla SMM tərəfindən aparılan reklam, tanınma addımları arasında hansı fərqlər var?

-Ənənəvi kanallar getdikcə auditoriyasını itirir. Çünki insanların başı qarışır sosial mediaya. Günün bir neçə saatını sosial media alır. İkinci tərəfdən ənənəvi kanallarda məcbursan ki, reklam verəsən. Bugün isə alternativ var. Və bu alternativ qısa zamanda daha çox auditoriya verir sənə, sırf sənə lazım olan auditoriyanı müəyyənləşdirir, onlarla sürətli şəkildə əks əlaqə qurmaq imkanı verir. Daha ucuz başa gəlir. Sizin büdcəniz azdırsa yalnız sosial mediadan istifadə etməlisiz. Büdcə çoxdursa ənənəvi kanallarla yanaşı sosial mediadan istifadə etməlisiz. Büdcə az olduqda ənənəvi kanallarda effektini görməyəcəksiz. Büdcə çox olduqda belə sosial mediada olmamaq sizin qeyri-peşəkarlığınızıdr.  

-İxtisaslarından asılı olmayaraq gənclər bu sahənin daha rahat olduğunu düşünüb bu sahəyə gəlirlər. Bu yanaşma nə dərəcədə doğrudur? Bu yanaşma ilə bu sahəyə gələrək uğurlu Sosial media meneceri olmaq olarmı?

-Tam doğrudur. Düz edirlər. Davam eləsinlər. Çünki sosial media menecerinin işi sosial mediada fəaliyyət göstərməkdir. İndi isə çoxları sosial mediadan istifadə edir. İstifadəçi qismində problem yoxdur. Amma sosial media meneceri olmaq üçün arxa tərəfini də bilmək lazımdır. Amma siz sosial mediadan istifadə etdiyinizə görə işin 50%- ni bilmiş olursunuz. Qalan yarısını da dediyim yollarla öyrənirsiz. Bu sahə tədris olunmur. Yaxşı olar ki, universitetlərdə buna diqqət ayrılsın. Konkret fənn olaraq tədris olunsun. Bugün bu yoxdur deyə müxtəlif ixtisasdan olanlar sosial media meneceri ola bilir.

-Sizcə sosial şəbəkələrdə funksiyaların artmasına ehtiyac varmı? Bunların istifadəçilərə təsiri necədir?

-Bu həm yaxşıdır, həm də pisdir. Pis odur ki, izləyə bilmirsən. Mən hətta bu yaxınlarda bloqumda da yazmışdım ki, feysbukun son iki yeniliyi haqqında bloq yazmağa hazırlaşırdım, amma mən bloqu yekunlaşdırana qədər üçüncü daha fərqli yenilik çıxır. Bu baxımdan çətindir. Trendləri izləmək, onları tətbiq etmək. Digər tərəfdən bu müsbətdir. Çünki sosial media digərlərinə görə rahat sferadır. Hamı feysbukda səhifə aça, paylaşım edə, reklam qoya bilir. Ona görə siz bu yenilikləri tətbiq edə bilmirsizsə, daha çətin işləri bacarmırsızsa sizin digərlərindən elə bir fərqiniz olmayacaq. Əgər siz bunları bacarırsınızsa çoxlarından öndə olursunuz. Kimsə hansı şirkətin səhifəsini idarə edirsə link atır, paylaşımlar edir. Reklam lazımdırsa bildirir, müəyyən büdcə ayrılır, kart verilir. Amma rəhbər bildirir ki, məsələn, reklam üçün 50 dollar xərclə.  Bir ay sonra həmin adamın hesabından 500 dollar çıxanda menecer  bilmir nədəndir. Çünki o, 50 dollar qoyanda baxmayıb ki, orada bir dəfəlik büdcə var, günlük büdcə var. Həmin adam günlük qoyub ona görə də hər gün hesabdan 50 dollar çıxılıb. Buna diqqət etməyi hər kəs bacarmır. Azərbaycanda tanınmış bir adamla görüşdük, adam deyir ki, kartımda borc yaranıb. Bilmirdilər ki, pul hara gedib. Və deyir ki, mən karta 200 dollar yükləmək istəyirəm o pulu tutacaqmı, kartımı blok edəcəkmi bilmirlər. Belə şeyləri sosial media sahəsində işini bilən insanlar bilir. Ona görə tez-tez yeniliklərin olması yaxşıdır ki, siz bu yenilikləri dərindən araşdırsanız, öz işinizdə test eləsəniz, faydalı tərəflərini şirkətlərə tətbiq eləsəniz siz qabağa gedirsiniz.  

-Şirkəti və ya məhsulunu, ideyalarını tanıtmaq üçün hansı metodlardan istifadə edirsiniz?

-Bütün şirkətlər üçün ortaq nöqtə odur ki, sosial şəbəkədə aktivdirsə ondan istifadə etməlidir. İkincisi aktiv olan soial şəbəkələr arasında həmin brendə uyğun olan şəbəkəyə üstünlük verməlidir. Təlimlərdə də deyirik ki, sizin brendinizin sosial mediada nə qədər çox profili olsa o qədər yaxşıdır. Amma sizin bunu idarə edəcək komandanız varsa uğurludur, əgər sizin bir sosial media meneceriniz bir neçə vəzifəni icra edirsə, onda ona 10  sosial şəbəkədə profil açmağı tələb etməyin. Çünki açsa da 2-3-nü idarə edə biləcək, qalanları qalacaq. Bu isə brendin imicinə ziyandır. Ona görə də, büdcə böyük deyilsə yaxşı olar ki, özünə uyğun sosial şəbəkələr müəyyənləşdirilsin. Azərbaycanda feysbuk və instaqram ən aktiv, populyar sosial media vasitələridir. Hər bir brendin bu ikisində profili olması yaxşı olar. Xüsusən də qida, geyim sektorudursa instagramda olması mütləqdir. İmicinə görə isə düşünürəm ki, feysbukda profil mütləqdir. Ola bilər digərləri qədər feysbuku aktiv istifadə etməyəsiniz, amma profil olması vacibdir. Çünki Azərbaycanda feysbuk artıq ciddi sosial şəbəkə kimi tanınır. Bəziləri desə də ki, sosial şəbəkələrdə oturanlar avara adamlardır, amma əksəriyyət belə düşünmür. Bir müddət sonra instaqram da feysbuk kimi ciddi qəbul olunacaq. Digər tərəfdən buna səbəb  Zukkerberqin özünün fəaliyyətidir. İnstaqramı alandan sonra burada bir çox biznes modullarını inkişaf etdirməyə başladı. Əvvəl sadəcə şəxsi hesab var idi. İndi isə biznes hesabı var, yəni siz hesabınızı biznes hesabına çevirib profilinizin statistikasını əldə edə bilirsiz, profilinizdə reklam yerləşdirə bilirsiz. Həmçinin reklam modulunu işə saldı və inkişaf etdirir. Bundan sonra hansı addımlar atacaq bilinmir. Görünür ki , instaqramı da biznes platforması olaraq inkişaf etdirməkdə israrlıdır. Azərbaycandakı şirkətlərin 80%-i instaqramda olmalıdır. Linkedin-də də ola bilərlər.

-Hansısa qurumun sosial media menecerliyini üzərinizə götürəndə qarşı tərəfə hansı tələbləri qoyursunuz və onlara hansısa zaman hədəfi verirsiniz mi, məsələn bu qədər vaxta giriş sayı bu qədər olacaq?

-Görüşdüyümüz partnyorların ilk verdiyi suallardan biri budur ki, neçə like olacaq bizdə, nə qədər satış olacaq. Bu partnyorluq etdiyimiz qurumlardan asılı olaraq dəyişir. Məsələn, bu dövlət qurumudursa burada hədəflər də fərqli olur, fəaliyyət göstərdiyimiz istiqamətlər, sosial media da fərqli olur. Ona görə ki, dövlət qurumlarında adətən məhsul satmaq deyil, işin əhəmiyyəti, həmin qurumun imicini saxlamaq, daha keyfiyyətli, bir neçə dildə paylaşımlar etməkdir. Beynəlxalq tədbirlərdə çox vaxt onlarla əməkdaşlıq edirik. Burada adətən ciddilik, dəqiqlik daha professional idarə etmək tələb olunur. Amma qida sahəsində olan bir brenddirsə, məsələn restoran, meyvə suyu və başqa yeyinti məhsulu istehsal edən şirkətdirsə, onların yanaşması daha fərqli olur. Böyük holdinqlərin məhsuludursa, bunlarda adətən birinci məsələ brendin sosial mediada profesional fəaliyyətini təmin etmək, potensial müştəriləri ilə ünsiyyət qurmaq, onlar üçün sosial media profillərini maraqlı etməkdir. Satış ikinci, üçüncü planda gəlir. Bəzi klinikalar, spesifik məhsul satan mağazalar isə maraqlı olur ki, satış artırılsın. Məsələn 3 ay sonunda təxminən hansı artım görə bilərik. İşlədiyimiz klinikalar var ki, onlarla 6 aylıq müqavilə imzalayırıq. Dediyimiz təxmini nəticələr sosial mediada olan istifadəçilərlə əlaqəyə əsaslanır. Biz deyə bilirik ki, 6 ayın sonunda sosial mediada izləyicilərinizin sayı təxminən bu qədər olacaq və ya hazırladığımız videolara baxış filan sayda olacaq. Amma biz yenə də deyirik ki, bu təxmini saydır. Öncəki təcrübələrimizə əsaslanaraq bunu deyirik. Satışın artacağı, konkret maliyyə ilə bağlı rəqəmlər vermirik. Çünki bunu vermək mümkün deyil. Ola bilsin ki, həmin şirkətin məhsullarını biz 2 milyonluq auditoriyaya göstərə bildik, amma müraciət cəmi 50 nəfər oldu. Bu bizlə bərabər həmin şirkətin verdiyi xidmətin səviyyəsi, qoyduğu qiymət strategiyası, müştəri ilə ünsiyyət qurmasından və bir çox amillərdən asılı olaraq dəyişə bilir. Ona görə biz sonuncu mərhələnin proqnozunu vermirik. Amma xərclədiyi büdcəyə əsasən təxmini deyirik. İndiyə qədər olmayıb ki, dediyimizdən aşağı rəqəm alaq. Biz agentlik olaraq çalışırıq pessimist proqnozları deyək. Məsələn deyirik ki, bu kampaniyanın sonunda bunu görənlərin sayı 50 min olacaq. Biz belə deyiriksə adətən 100 min olur.

-Sosial mediada kimləri izləməyə üstünlük verirsiniz?

-Əslində sosial media meneceri hər kəsi izləməlidir. Mən hər kateqoriyadan olan insanları, şirkətləri izləyirəm. Çünki mənim işim sosial mediada baş verənləri izləmək, analiz etməkdir. Sosial media meneceri ancaq getdiyi restoran, azarkeşlik etdiyi klub, bəyəndiklərini izləməlidi deyə bir şey yoxdur. Müxtəlif səhifələri, insanları izləməlidir. Ona görə ki, nə baş verir, insanlar nəyə maraq göstərir bunları analiz edə bilsin. İxtisaslaşma sahəsində isə həm yerli, həm də xaricdə bu sahədəki yenilikləri izləmək yaxşıdır. Texnologiya saytları, bloggerləri izləməlisən. Xaricdə mütəxəssislərin tətbiq etdiyi şeylər bəzən bizə bir neçə il sonra gəlib çıxır. Ona görə onları izləməklə zamanı qabaqlaya bilirsiz.

-Sosial media meneceri olmaq kompyuter və mobil telefondan çox istifadə etməyə vadar edir. Nə ilə məşğul olanda dincəlirsiniz?

-Mən smartfon alanda böyük ekran alıram. Bəzi dostlar deyir ki çox böyük deyil mi? Mənim işimlə əlaqədardır. Çünki mən gündə bir neçə saatı yatmağı çıxmaqla daim onlayn oluram. Həm işə  görə, həm də bu sahənin xüsusiyyəti odur ki, bu sahədə olanları izləmək, həm işlədiyin partnyorlarla əlaqədə olmaq üçün onlayn olmalısan.  Çünki burada hər dəqiqə hər şey dəyişə bilir. İşimiz bu olduğuna görə günün çox hissəsi telefonda onlayn oluram. İstirahət etmək üçün ailəmə vaxt ayırıram. İki qızım var. Onlarla vaxt keçirmək texnoloji yorğunluğu aradan qaldırır. Həftə sonları çalışıram çox vaxtı onlara ayırım. Gün ərzində də çalıram onlar yatmamış gedib evə çatım ki, onlarla vaxt keçirim. Ailəvi şəhəri gəzirik, ya kinoya gedirik, dostlarla görüşürük. Qrup, əsgərlik, məktəb yoldaşları var. Hərənin öz çevrəsi var. Həmin vaxtlarda telefondan uzaq durmağa çalışıram. Buna çox nail olmuram, amma çalışıram.

-Sosial media meneceri olmaq istəyənlər üçün tövsiyə edəcəyiniz bir kitab varmı?

-Sosial media menecerlərinə kitab oxumamağı tövsiyə edirəm. Çünki Azərbaycanda sosial media marketinqi ilə bağlı kitab yoxdur. İkincisi  rəqəmsal marketinq və ya sosial media marketinqi ilə bağlı ümumi təsəvvürlər olan kitabları oxumaq olar. Sosial mediayla bağlı öyrənmək istəyirsinizsə, bloqları oxumalısız, mütəxəssislərin yazılarını, video çıxışlarını və digər paylaşımlarını izləməlisiz. Çünki bu sahə çox sürətlə dəyişir. Məsələn feysbukun reklam modulu haqqında bir kitab çıxsa bir il sonra kitabı əlinizə alsanız orada gördüyünüz düymələrin əksəriyyətini tapa bilməyəcəksiz. Keçən ay feysbuk 100-dən çox termini dəyişdiyini elan etdi.

-Sosial media fənnini tədris etmək üçün universitet tərəfindən təklif alsanız, müəllim kimi fəaliyyət göstərmək istəyərdinizmi?

-Əlbəttə. Son bir ildə sosial media ilə bağlı ondan çox universitet və tədris mərkəzlərində dəvət olunmuşam. Bir neçə saatlıq təcrübəmizi bölümüşük. Mütəmadi olaraq dəvət olunduğum yerlərə çalışıram gedim. Bu dəvət edilmiş qonaq formatında yox, konkret tədris fənni olaraq keçirilməlidir. Dəvət olunsam, niyə də yox?

 

Əsmər Qabil

Foto: Seymur Kərimli