Rəssam Nahid Vahabov: "İnsanların ayaqladığı balıqqulaqlarını mən sənət əsəri üçün yığıram", "Ən çətin əsərimi 1 aya hazırlamışam", 18.03.2017 495

Rəssam Nahid Vahabov: "İnsanların ayaqladığı balıqqulaqlarını mən sənət əsəri üçün yığıram"

"Ən çətin əsərimi 1 aya hazırlamışam"

-Adi balıqqulaqları əlinizdə sənət əsərinə çevrilir. Yəqin ki, bunu bacarmaq o qədər də asan deyil. Bu sənətə marağınız necə yaranıb və nə qədər müddətə öyrənmisiniz?

-Balıqqulaqlarıyla işləməyə 2003-cü ildən başlamışam. Dəniz kənarında gördüyüm rəngli balıqqulaqları məni cəlb etmişdi. Təbii olduqları üçün yığıb özümlə emalatxanaya gətirdim. Həmin balıqqulaqlarını əsərə çevirməyə başladım. İlk olaraq gül-çiçək kompozisiyaları üzərində işlədim. O vaxtdan bəri bu işlə məşğulam. Daha sonra əl işlərimi hətta dövlət səviyyəsində və xarici ölkələrdə sərgilərə çıxarmağa başladım. Bu sənəti öyrənmə müddəti isə sırf həvəsdən asılıdır. Mən tez bir müddətdə öyrənmişəm. Hansısa sənətə və ya işə qarşı həvəs nə qədər güclüdürsə, bir o qədər də tez mənimsəmək mümkündür.

-Dekorativ tətbiqi sənətin digər sənət növlərindən əsas fərqi nədir?

-Bu sənət digər sənət növlərinə nisbətən daha çox həvəs, hövsələ, səbir gərəkdirir. Hər xırdalığına fikir vermək lazımdır. Bizim işimizdə detallar önəm daşıyır.

-Əsərlərinizdən hansınısa tanınmış şəxslərə satmısız və ya hədiyyə etmisiz?

-Bəli, çox olub. Sevilən aktyorlarımızdan Telman Adıgözəlov, Yaşar Nuri, Hacı İsmayılov və digər bir sıra tanınmışlar əsərlərimi hədiyyə etdiyim şəxslərdən olublar. Hədiyyə verməyi çox sevirəm. Hətta öz portretlərini oyma ilə işləyərək özlərinə hədiyyə etmişdim.

-Ən çətin əsəri ərsəyə gətirmək üçün nə qədər vaxt sərf edirsiz?

-Mən dekorativ tətbiqi sənəti ilə 6 yaşımdan məşğul oluram. Həvəskar kimi başlayıb getdikcə peşəkarlaşmışam. Amma hələ də elə əsərlərim olur ki, onları hazırlamaq üçün 1 ay vaxt sərf edirəm. Rəssamlıq sadədir, adi kağız üzərində fırçalarla, boyalarla işləmək lazım gəlir. Amma ağac oyma işləri daha qəlizdir.

-İndiyədək əsərlərinizlə hansısa böyük müsabiqədə iştirak etmisiz? Hansı nəticələriniz var?

-Əlbəttə, iştirak etmişəm. Artıq 30-a yaxın diplomlarım, fəxri fərmanlarım var. Turizm Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki festivallarda iştirak etmişəm. Sankt-Peterburq şəhərində “Qız qalası” əsərim 3-cü yerə layiq görülüb. 2009-cu ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə dövlət səviyyəsində sərgilərdə də olmuşam.

-Bu sahədə qazandığınız uğurlarda ən çox kimin rolu olub? Sizə stimul verən, dəstək olanlar kimlərdir?

-Mən ali təhsilli deyiləm. Ümumiyyətlə, bu sahədə müəllimim də olmayıb. Atam yazıçı-pedaqoq, eyni zamanda rəssam-heykəltəraş olan İbrahim Vahabovun əlinə baxaraq öyrənmişəm. Özümü biləndən bəri evdəki divarlarda rəsm əsərləri görərək böyümüşəm. Məndə bu sənətə qarşı həvəsin yaranmasının səbəbi də, dəstək olan da atam olub. Demək olar ki, bu sahədə əldə etdiyim uğurları atama borcluyam.

-İnsanlar bu sahəyə maraq göstərirmi? Sizcə, əsərlərinizə lazım olan dəyər verilir?

-Əsərlərimin bir qismi lazım olan dəyəri görür. Bəzilərinə isə xeyr, lazım olan dəyər verilmir. Təəssüf edərək deməliyəm ki, bu sənət tanınan sənət olsa da, dəyər verənlər olduqca azdır.

-Bu sənətlə bağlı gələcək planlarınız nədən ibarətdir?

-Gələcək planlarım yeni tələbələr yetişdirməkdir. Artıq bir-iki tələbəm var ki, onlarla məşğul olub hazırlayıram. Bunu davam etdirmək istəyirəm. Hətta mən istəyirəm ki, öz oğlumu da bu sənətə yönəldim, davamçım olsun. Ölkəmizdən, milli dəyərlərimizdən bəhs edən əsərlər işləyirəm. İstəyirəm ki, davamçılarım da bu tərzlə davam edərək ölkəmizi xarici ölkələrdə layiqli şəkildə təmsil etsinlər.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli