IB Club-un icraçı direktoru Nahid Məmmədzadə: "İki gəncin yaratdığı klub indi 15 mindən çox gənci ətrafında birləşdirir", Müxtəlif sahələrdə uğurlar qazanan insanlarla gənclərin  görüşünü təşkil edirik və bu onlara hədəflərinə çatmaq üçün böyük stimul verir, 29.05.2017 554

IB Club-un icraçı direktoru Nahid Məmmədzadə: "İki gəncin yaratdığı klub indi 15 mindən çox gənci ətrafında birləşdirir"

Müxtəlif sahələrdə uğurlar qazanan insanlarla gənclərin görüşünü təşkil edirik və bu onlara hədəflərinə çatmaq üçün böyük stimul verir

-Nahid bəy, öncə IB Clubın yaranma tarixçəsinə nəzər salaq. Necə oldu ki, belə bir klub yaratmağa qərar verdiniz?

-IB Club 2010-cu ildə yaranıb. Mart ayında artıq 7-ci ilimizi qeyd etdik, 8-ci ilə doğru gedirik. Hazırda Azərbaycanın ən böyük Gənclər Mərkəziyik. Həmçinin, bu formatda yaranan ilk Gənclər Mərkəziyik və bir də ətrafında ən çox gənci birləşdirən Gənclər Mərkəziyik. IB Club belə bir məntiq ortaya qoydu ki, özünə investisiya qoymaq istəyən şəxslər, qarşılığında kiçik də olsa, ödəniş etməlidirlər. Bu məntiq də uğurlu nəticələr verdi. Hal-hazırda kluba 1 il müddət ərzində üzvlük 50 manatdır. Fəaliyyətə başlayanda, bu məbləğ daha az idi, illərdən asılı olaraq dəyişə-dəyişə gedir. Hər dəfə ödəniş artsa belə, elə məbləğlər müəyyən olunur ki, bütün gənclərin maddi cəhətdən imkanları çatsın. IB Club’un adı intellekt və biznes sözlərindən götürülüb. IB Club hal-hazırda Caspian Business Center’in bütövlükdə 5-ci mərtəbəsini əhatə edir, Sumqayıtda və Əhmədlidə filiallarımız var. Yeni yarananda isə sadəcə 1 otağımız var idi. Xidmətlərimiz də olduqca məhdud idi. Sonra “daha necə faydalı ola bilərik?” düşüncəsi ilə başladıq müxtəlif xidmətlər əlavə etməyə. “Öyrən, əylən, yaşa!” bizim şüarımızdır. Hazırda klubumuz 15000-dən çox gənci öz ətrafında birləşdirir.

-IB club özünə tam inanmayan çox insanın daha uğurlu  gələcəyə doğru addımlaması üçün bir stimul oldu. Bu müsbət auranı necə yaratdınız?

-İnamsızlıq gənclərdə rast gəlinən ən böyük problemlərdən biridir. Bu, əslində, çox normaldır. Bununla bağlı müxtəlif seminarlarımız, müzakirələrimiz olub. Düşünürük ki, bu inamsızlıq ailədən gəlir. Məsələn, uşaq yıxılanda, əzilən uşağı bir dəfə də anası vurur ki, niyə yıxıldın? Təşəbbüskar gənclik mütləq şəkildə səhv eləməlidir. Biz elə bir aura yaratmağa çalışdıq ki, burada insanların özünə inamı formalaşsın. Özünə inam sırf hansısa iş fəaliyyəti ilə formalaşmır. Ətrafında sənə hörmət edən, dəyər verən dostlarının olması da özünə inamı formalaşdıran bir şeydir. İnkişafı sevən birisinizsə və ətrafınızda sizin kimi azı 2 insan varsa, necə deyərlər, sizə ölüm yoxdur, öz yolunuzu cızıb, o yolda irəliləyəcəksiz. IB Club məhz belə bir mühit formalaşdırmağa çalışdı və rahatlıqla deyə bilərəm ki, bu, onda alındı. 

Klubumuzda elə şəxslər var ki, heç bir tədbir olmasa belə, gəlirlər. Niyə gəlirlər? Çünki onlara bu mühitdə dəyər verilir. Adicə “necəsən?” sualının verilməsi belə insanı dəyərli hiss etdirir. İnsanlar niyə inamsız olurlar? Çünki ətrafında ona dəyər verəcək, inam qazandıracaq dostları yoxdur. Adamlar gəlib görürlər ki, burada onların əhvalını, harada oxuduğunu soruşanlar var, planları ilə maraqlananlar var, seminara gələndə onun qayğısına qalan, suallar verə biləcəyi, hansısa gəzintidə yaxşı vaxt keçirə biləcəyi adamlar var. Bununla da əhatəsi formalaşmağa başlayır və pillə-pillə inamlı gənc kimi formalaşmağa doğru gedir. Gənclərin özünə inamlı olması sırf bir istiqamətdən asılı deyil. Bunlar hamısı birlikdə kompleks şəklində təsir edir. Düşünürəm ki, bu cəhətdən gənclərə 7 ildən artıq müddətdir ki, fayda verə bilirik. Bizim dilimizlə yox, üzvlərimizin deyimi ilə desək, IB Club bir məktəbdir. Bu məktəbi uğurla başa vurub, sadaladığım elementləri əldə edən insanlar cəmiyyətdə daha inamlı addımlar atmağa, daha uğurlu insanlar olmağa başlayırlar.

-İndiyədək olan fəaliyyətdə ən böyük uğurlarınız nələr olub?

-Ən böyük uğurlar dedikdə, mən bu məsələyə layihə cəhətdən yanaşa bilərəm. Ötən ilin iyun ayında bizim Gənclər Festivalımız baş tutdu. Biz ilk dəfə idi ki, festival kimi bir layihə həyata keçirirdik. Bu festivala qədər olan layihələrimiz 600-700 nəfəri əhatə edirdi, amma festival ilk layihəmiz idi ki, 11001 nəfərlik idi. Soruşa bilərsiz ki, niyə məhz 11001? Belə bir yanaşma eləmişdik ki, orada 11000 şəxs iştirak edəcək və 1 nəfər də sənin özün olacaqsan. Bu layihənin də təməlində “Öyrən, əylən, yaşa!” prinsipi dururdu. Çingiz Abdullayev, Bəhram Bağırzadə kimi şəxslər orada çıxış edib, qısa da olsa, öz fikirlərini bildirdilər, gənclərə öz mesajlarını verdilər. Daha sonra müxtəlif müğənnilərin çıxışları oldu. Bu layihə bizim üçün böyük bir təcrübə oldu və davam edəcəyimizi düşünürük. Biz “daha” prinsipi ilə irəliləyirik. Daha yaxşısını eləmək üçün yenə çalışacağıq.

-Məlumdur ki, istənilən layihəni həyata keçirmək üçün maliyyə vəsaiti əsasdır. Sizə bu işdə daha çox kimlər və hansı təşkilatlar yardımçı oldu?

-Biz maliyyələşdirilmirik. Bizə dəstək olan müxtəlif şirkətlər var.  Məqsədi bizlə eyni olan, gənclərə faydalı olmaq istəyən şirkətlər bizimlə əməkdaşlığa maraq göstərirlər. Təbii ki, birləşdiyimiz zaman böyük gəncliyə xitab edib, faydalı yox, daha faydalı oluruq.

-Maraqlı layihələriniz var. “Kəpənək effekti”, “Gənclər Məclisi”, “NyuMən” və “Brend ol” kimi. İndiyədək nə qədər gənc bu layihələrdən faydalanıb?

-Qəşəng sualdır. Bizdə bunun statistikası var. Məlumatlar kompüterimizdə toplanıb. Hər ilə aid statistikalar mövcuddur.

-Klubun tərkibində 1500 kitablıq pulsuz bir kitabxana da fəaliyyət göstərir. Bu kitablarda daha çox nələr əks olunub və bu kitabxananı dövrün hansı tələblərini nəzərə alaraq formalaşdırmısınız? İnsanlar necə faydalana bilər bu kitablardan?

-Kitabxanamız həm özümüzün, həm də üzvlərimizin köməyi ilə yaranıb. Burada olan insanların məqsədlərindən biri məhz bir-birilərinə faydalı olmaqdır. Məsələn, sizin evdə 5 ədəd kitabınız var, deyirsiz ki, mən bu kitabları oxumuşam, aparım qoyum kitabxanaya, başqaları da oxuyub faydalansın. Belə-belə kitabxanamız zənginləşir. Özümüz də davamlı olaraq kitabxanamıza yeni kitablar əlavə edirik. Araşdırırıq ki, hansı kitablar faydalı ola bilər, hansı kitablar daha çox məlumat qazandıra bilər, həmin kitabları seçib alırıq və əlavə edirik. Üzvlərimizin də böyük dəstəyi olub. Onlar da davamlı olaraq hədiyyə edirlər. Azərbaycan, türk, ingilis, rus və alman dillərində kitablar mövcuddur. Kitablar sadəcə bir sahə istiqamətində məhdudlaşmır, müxtəlif sahələrdən kitablarımız var. Dini, psixoloji, fərdi inkişaf, biznes və digər istiqamətlərdə kitablar var ki, müxtəlif gənclər özlərinə uyğun olan kitabı seçib faydalana bilsinlər.

-Klubla tanış olmayan bir şəxsin tanış olduqdan sonra təəssüratları necə olur, adətən?

-Mən bu cəhətdən son illərdən misal çəkə bilərəm. Əgər birbaşa bizimlə əlaqə saxlayıblarsa, ilkin təəssürat “1 ilə 50 manat?” kimi cümlələrlə özünü biruzə verir. “Necə olur? Niyə fəaliyyət göstərirsiz?” kimi suallarla qarşılaşırıq. Son vaxtlar bu suallara cavab vermək bizimçün daha asan olub. Çünki müşahidə etmişik ki, məsələn, tələbəsiz və 3-cü kursda oxuyursuz, qrupunuzda 25 nəfər var. O 25 nəfərdən mütləq ki, IB Club’a üzv olan şəxslər olur. Həmin şəxslər bizim IB Club’u digər insanlara çatdırmağımızın əsas vasitəçiləridir. Bizdən soruşmaq əvəzinə, güvəndiyi qrup yoldaşından və ya hər hansısa tanışından soruşur, məlumat alır. Bu kütlə hər gün bir az daha genişləndiyinə görə, insanlar bizdən soruşmazdan əvvəl ilkin məlumatları ətrafındakı insanlardan ala bilirlər. İnsanlar üzv olanda, öz dostlarını da gətirirlər. Çünki onlara dostları ilə birlikdə nələrsə həyata keçirmək, dostları ilə birlikdə inkişaf etmək daha maraqlıdır.

-Sizcə, Azərbaycan gənclərinin hazırda uğur qazanmasına maneə olan nədir? Gənclərin daxilində olan o enerjini biznesə və ya digər uğurlara yönəltmək üçün nələrə ehtiyac var?

-Çox böyük və dahiyanə bir fikir bildirməyəcəm, amma mənim indiyə kimi özümə yeritdiyim bir düşüncə var ki, istər karyera, istər şəxsi həyat, istərsə də digər cəhətlərdən insanın qarşısında duran sadəcə bir maneə var, o da insanın özünü tanıması, dərk etməsidir. Özünü tanıyan insan  hər cəhətdən uğur qazanacaqdır. İnsan özü ilə müsahibə aparmalıdır. Davamlı olaraq özü ilə müsahibə eləsə, müsbət cəhətlərini ortaya töksə, mənfilərini qəbul etsə, özünü analiz etsə, özünü dərk etməyə çalışsa, mütləq ki, həmin maneələr aradan qalxacaq.

-“Brend ol” layihələrinizdə iştirak edib özünün biznesini quran gənclər olubmu? 

-Son layihələrimizdən birini ötən həftələrdə Sumqayıtda, birini də əvvəlki ay ADİU-da həyata keçirdik. Gənc Sahibkarlar Forumu gənc yaşda öz bizneslərini qurmuş şəxslərin spiker qismində çıxış etdiyi bir platformadır. Elə sahibkarlar seçmişik ki, onlar öz hesablarına, öz gücləri ilə, öz əziyyətləri ilə real Azərbaycan mühitində öz bizneslərini qurmuş şəxslərdir. Bizim bununla məqsədimiz budur ki, həmin adamlar öz həyatlarını, keçdikləri çətinlikləri, qazandıqları uğurları danışsınlar. Qarşıda oturan şəxslər də özlərini həmin sahibkarın yerinə qoysunlar. Düşünsün ki, bu həyatı yaşamaq istəyir, yoxsa yox. 

Məsələn, olub ki, kimsə layihədən çıxır və deyir ki, yox e, qardaş, sahibkarlıq mənlik deyil, gedim başqa işlə məşğul olum və ya başım dinc oturum, çətinliyə heç girişməyim. Həmin sahibkarlar bütün bu çətinliklərdən keçiblər, öz bizneslərini uğurlu bir şəkildə reallaşdırırlar. Biz də Gənc Sahibkarlar Forumu vasitəsilə gənclərə bunları göstərmək istəyirik və bunun davamı da olacaq. Bu layihə davamlı olacaq. Düşünürük ki, həm iqtisadiyyatımızın, həm də ölkəmizin inkişafı üçün insanlar arasında sahibkarlıq mədəniyyəti formalaşmalıdır.

-Klubun gələcək planları nə ilə bağlıdır və hazırda üzərində çalışdığınız layihələr hansılardır?

-Qarşıdan yay gəlir. Yayda bildiyimiz kimi, gənclərin daha çox istirahətə ehtiyacı olur. Adını açıqlamayacam, amma hazırda gənclərə maraqlı ola biləcək böyük bir layihənin üzərində işləyirik. Həm öyrədici, həm də əyləndirici formatdadır. Artıq bu sezon həyata keçirdiyimiz layihələri yekunlaşdırmağa başlayırıq. May ayının sonu isə 2 layihəmiz baş tutacaq. Biri universitetlər arasında həyata keçirəcəyimiz IB Club məhsulu olan intellektual bir oyundur. Həmçinin, Xəzər Universiteti ilə də əməkdaşlığımız var. Müxtəlif universitetlərdən komandalar iştirak edəcəklər və öz intellektlərini savaşdıracaqlar. 

Ayın 27-sində isə “Kəpənək effekti-maliyyə savadlılığı” adlı layihəmiz baş tutacaq. Bu layihədə də adından görüldüyü kimi insanlara maliyyə cəhətdən bilməli olduqları əsas biliklər veriləcək. Keçən ilin aprelində də buna oxşar formatda bir layihə həyata keçirmişdik. Ümumiyyətlə, maliyyə savadlılığı istiqamətində başqa layihələrimiz də olub. Gələcək planlarımıza qaldıqda isə, hazırki və gələcək planlarımızın əsas məqsədi budur ki, gənclər haradadırsa, biz də orada olaq. Loru dildə desək, hər daşın altından çıxmaq istəyirik (gülür). Gələcək planlarımızda təbii ki, “daha” prinsipi ilə birlikdə inkişaf etmək var. Gəncliyin həyat tərzini formalaşdırmağa, müsbət yöndə istiqamətləndirməyə davam edəcəyik və gənc olan hər yerdə olacağıq. Hazırda hədəflərimiz bunlardır. İndi bir mərtəbə bizim ofisimizdirsə, niyə də gələcəkdə bir bina IB Club’un binası olmasın? Ümid edirik ki, 9-10-cu illiyimizi qeyd edəndə, sizi müsahibə üçün Caspian Business Center’ə yox, IB Club’un binasına dəvət edərik. Niyə də yox?

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli