Tanınmış professor hematoloq Mireldar Babayev: "Hazırda Azərbaycanda leykoz xəstəliyinə yoluxanların 58 faizini tam sağalda bilirik", Leykoz xəstəliyinin yaranmasına əsas səbəb radiasiya, geni dəyişdirilmiş məhsullar və çirkli havadır, 26.05.2017 1253

Tanınmış professor hematoloq Mireldar Babayev: "Hazırda Azərbaycanda leykoz xəstəliyinə yoluxanların 58 faizini tam sağalda bilirik"

Leykoz xəstəliyinin yaranmasına əsas səbəb radiasiya, geni dəyişdirilmiş məhsullar və çirkli havadır

-Mireldar həkim,qan xəstəlikləri ilə mübarizədə tanınmış mütəxəssislərdən birisiniz. Professor adını alana qədər hansı çətinliklərdən keçməli olmusunuz?

-Doğrusu bu sualı mənə birinci dəfədir verirlər. (gülür) Bilmirəm buna çətinlik deyim, yoxsa rahatlıq. Çünki həkim olmaq mənim içimdən gələn bir istək olub. Həkim olmağa məni heç kim vadar etməyib. Mən məktəbdə oxuyanda ən böyük arzum jurnalist olmaq idi. O zaman mənim bədii ədəbiyyata çox marağım var idi. Ağlım kəsəndən şeirlər də yazmışam. Şeirlərim tanınmış “Azərbaycan müəllimi”, “Ədəbiyyat” və başqa qəzet və jurnallarda dərc olunub. Bakıda və Moskvada yaşadığım illərdə ədəbiyyatla çox bağlı olmuşam. Jurnalistikaya meylim də yəqin oradan yaranmışdı. Mən məktəbə tez getmişəm. Hamıdan kiçik idim. Ağlaya-ağlaya məktəbə getmişdim.Qoymurdular məktəbə ona görə ağlayırdım. Getmək istəməməkdən yox. Gördülər çox inadcılam ona görə götürdülər. Həmişə beş qiymətlə oxuyurdum. 10 il həmişə şərəf lövhəsində əlaçılıq şəklim olub. 10-cu sinifdə mən xəstələndim. Zəif idim. Görünür oxumağa meylli olan, amma gücü çatmayan  uşaqlar biraz cılız olurlar və tez-tez xəstələnirlər. 10-cu sinifdə xəstələnəndə məktəbə gedə bilmədim və mənə çox təsir elədi ki, sinif yoldaşlarım hamı oxuyur. Mənə iynə vururdular, həmin vaxt fikirləşdim ki, mən həkim olum,  bundan sonra xəstələnməyim. Mən xəstə olanda yazın əvvəli idi. 4 ay vaxtım oldu ki, jurnalistika fikrini qoyum, tibbə hazırlaşım. 4 ay hazırlaşıb imtahan verib instituta qəbul oldum. Sonra institut illərində də çalışmışam ki, əlaçı olum. Nəticələrim çox yaxşı olsun.Tələbəlikdən sonra da həkimliyim başlayıb. Bu il artıq 40 ildir ki, mən Tibb Universitetini bitirmişəm. O çətinliyin içində böyük bir qəlb rahatlığı olub ki, istədiyim istiqamətdə gedirəm. Bəzən o əziyyətin içində belə rahatlıq hissi olub. Ona görə çəkdiyim əziyyət həmişə mənə şirin olub.

-Hazırda uşaqlarda ən çox rast gəlinən qan xəstəlikləri hansılardır?

-Uşaqlarda qan xəstəlikləri çoxdur. Çox qan xəstəlikləri var. Xüsusən də Azərbaycanda bu daha çoxdur. Dünyanın müxtəlif ölkələrində qan xəstəlikləri necə insanlar arasında uşaqlar arasında rast gəlinirsə Azərbaycanda elə rast gəlinir. Fərq ondan ibarətdir ki, Azərbaycanda irsi qan xəstəlikləri də var ki, çox yayılıb, amma başqa ölkələrdə çox azdır. Bir qrup  ölkələr var ki, məsələn Aralıq dənizi sahili ölkələri Türkiyə, Yunanıstan, İtaliya və başqaları onlarda irsi qan xəstəlikləri olur. Bu məsələdə əfsuslar olsun ki, Azərbaycan çox öndə gedir. Bu Azərbaycanda qohumluq nikahlarının çox olmasıdır. Bu da bir kökdə olan hər hansı xəstə genin ailə qurulduqdan sonra uşaqlara ötürülməsi ilə nəticələnir. Buna görə də həm irsi, həm də sonradan qazanılmış qan xəstəliklərinə Azərbaycanda daha çox rast gəlinir.

-Bəzən valideynlər uşaqlarda qan xəstəliyini gec müəyyən edə bilirlər. Bu xəstəlikləri hansı əlamətlərindən tanıyıb vaxtında aşkarlamaq mümkündür?

-Qan xəstəlikləri böyük bir xəstəliklər qrupudur. Burada çoxlu xəstəliklər var. Məsələn, qan azlığı deyirik. Çox adam deyir ki, kiminsə qanı azdırsa demək bu adamda qan xəstəliyi var. Amma qan azlığını yaradan o qədər xəstəliklər var ki, həm irsi həm də sonradan qazanılmış xəstəliklər. Ona görə də bunların diaqnozu çox böyük çətinlik, savad tələb edir. Qan xəstəlikləri üzrə mütəxəssisin çox geniş anlayışı olmalıdır. İlk növbədə anemiya ( qan azlığı) və bunu yaradan səbəblər də müxtəlifdir. Bu irsi də ola bilər, sonradan hansısa mübadilə pozğunluqlarının nəticəsində də meydana gələ bilər. Eyni zamanda digər xəstəliklər var ki, qan laxtalanmanın pozulması ilə əlaqədardır. Xəstələr var ki, şikayət edir ki, bədənimdə göy ləkələr var, hara dəyirsə göyərir, bir yerim kəsildisə qan çox axır. Bu da qan xəstəliyidir. Amma bu qanın laxtalanma sistemində olan pozğunluqlarla əlaqədardır. Bir də var, qan yaranmanın özü ilə sümük iliyində qan yaranmanın çatmazlığı, ləngiməsi və ya azalması . Bu da əlbəttə çox ciddi problemdir. Bugün uşaqlar arasında ən çox rast gəldiyimiz qan azlığının kökündə dayanan leykomiya xəstəliyidir. Leykoz xəstəliyi deyirlər. Ağ qan qırmızı qanı yeyir. Bu xəstəliyin də artımı yüksəkdir. Təkcə Azərbaycanda deyil, dünyada bu xəstəliyin artması müşahidə olunur. Bunun da çoxlu səbəbləri var. Radiasiya faktoru böyükdür. Geni dəyişdirilmiş, modifikasiya olunmuş meyvələr buna səbəb olur. Onlar insanlarda müxtəlif xəstəliklər o cümlədən onkoloji xəstəliklərin yaranmasına çox böyük təsir edirlər. Çünki bunların tərkibi genetikaya, xromosom aparatına təsir edən məhsullardır. Və ya atmosferin çirklənməsi. Bunlar hamısı insanların genetikasına təsir edən faktorlardır. Bu faktorların təsirindən xromosom aparatında yaranan dəyişikliklər sonradan müxtəlif qan xəstəliklərinin yaranmasına səbəb olur. Eləcə də bu səbəblər  leykomiya dediyimiz qan xəstəliyiynin yaranmasına bilavasitə təsir edən amildir.

-Özündə ciddi qan xəstəliyi olan şəxs uşaq dünyaya gətirdikdə bu xəstəlik mütləq qaydada uşağa keçirmi?

-Məsələn, anada irsi qan xəstəliyi var, ya da ana və ya ata  irsi qan xəstəliyinin daşıyıcısıdır o zaman bu genin uşağa keçməsi mümkündür. Xəstə uşaq doğulmasın deyə, genofondun təmizlənməsi üçün çox önəmli addım atılıb. Nikaha gedən cütlüklərin əvvəlcədən müayinə olunması. Bu müayinə nəticəsində aşkara çıxan nəticələrdə gələcək ata və ana xəstəliyin daşıyıcısıdırsa bunlarda xəstə gen varsa ,o zaman həmin şəxslərə bildirilir. Bu  şəxslərdə ailə qurub xoşbəxt olmaq əvəzinə, bədbəxtlik gözlənilir. Və doğulan uşaqlar xəstə olacaqlar. Bəzən olur ki, anemiya olur. Bu irsiyyətlə bağlı olmayan anemiyalardır. Məsələn, anada dəmir azlığı olur bu zaman görürsən ki hemoqlobin aşağı olur. Belə analar uşaq dünyaya gətirəndə həmin uşaq da xəstə olur. Düzdür bu xəstəlik irsi xəstəlik deyil. Hamiləlik vaxtı düzgün müalicə alınması, qan azlığının profilaktikasının aparılması istər ana da, istərsə də doğulacaq uşağın tam sağlam doğulmasına imkan verir.

-Leykoz xəstəliyinin müalicəsi Azərbaycanda hansı mərhələyə qədər mümkündür?

-Azərbaycanda leykomiya xəstəliyi bütün dövrlərdə çarəsi olmayan xəstəlik sayılmışdır. Həmişə deyirdilər ki, əgər bu xəstəlikdirsə bu xəstənin ömrünə az qalıb. Bu xəstəliyin sağalmasının mümkünsüzlüyünü insanlar qəbul edirdi. Ən pisi odur ki, həkimlər də belə qəbul edirdi. Çünki reallıqda bunu belə görürdülər. Ancaq bu sahədə elmin inkişaf etməsi, son on ildəki inkişaf bu xəstəliklərin müalicəsinin daha da dərinə aparılması bioloji aspektlərdən bu xəstəliklərin kökünün tapılması, kökündə nə dayanır tapılması, öyrənilməsi və bunlarla yanaşı kimya terapiyanın, proqram müalicəsinin daha düzgün təşkil olunması dünyada artıq bu xəstəliyin sağalmaz olmasına xətt çəkib. Sağalan xəstəlik olduğu təsdiqlənib.  Məsələn, Amerika, Almaniya, İngiltərə  kimi  dünya tibbinə hər zaman töhvələr vermiş ölkələr bunlarda 30-40 ildir ki, bu xəstəliklərdən tam sağalma mümkündür. Sonradan Rusiya və Belarusiyada da bu xəstəliklərin sağalması mümkün oldu. Azərbaycanda isə bu xəstəliyin sağalmasının mümkün olmasını biz öz işimizlə, xaricdə uzun illər qazandığımız təcrübəni gətirib Azərbaycanda tətbiq etməklə sağalmasının mümkün olduğunu göstərdik. Əlbəttə, bu çətin bir proses idi. Təsəvvür edin, bir yerdə ki, həkimlər özləri bu xəstəliyin sağalmaz olduğunu düşünürsə, o həkim hansı inam, qüvvəylə xəstəliyi müalicə edə bilər. Ona görə bu məsələdə çalışıram ki, işlədiyim mütəxəssislər gərək inamlı həkimlər olsun. Və öz gördüyüm işlə onları o işə cəlb edib, onların inamını  qazanmaq. Bugün Azərbaycanda artıq yüzlərlə uşaq bu xəstəlikdən tam sağalır. Biz buna nail ola bilmişik. Əlbəttə, bu təkcə Mireldar müəllimin təşəbbüsü deyil, mənə dayaq olan həkimlər, işlədiyim institut və son illərdə səhiyyə nazirliyinin də çox böyük köməkliyi olub. Dərman təzhizatı ilə təmin olunması laboratoriya-diaqnoz işlərinin təkmilləşdirilməsi, hətta dövlət proqramının qəbul olunması bizə ümid verir ki, bundan sonra daha yaxşı nəticələr olacaq. Leykomiya xəstəliyindən sağalan xəstələrin dünyada faizi 80-85%-dir. Amma bizdə son illərdə gördüyümüz işlərin nəticəsi olaraq bu göstərici 58% -dir. Bu böyük uğurdur. Amma 58% dünyadakı faizdən geri qalır. Deməli bizim hələ problemlərimiz var. Hematologiya instituna, bizə olan köməklik imkan verir ki, gələcəkdə göstərdiyimiz rəqəmləri daha da yaxşılaşdıraq.

-Qan xəstəliyi olan şəxslərin hansısa pəhrizi varmı? Belə adamlar hansı qidaladan uzaq durmalıdır?

-Qan xəstəlikləri çox müxtəlifdir. Bunları yaradan səbəblər müxtəlif olduğu kimi bunların müalicəsinə və profilaktikasına baxış da müxtəlifdir. Məsələn, bir sıra qan xəstəlikləri var ki, qan parçalanması ilə müşahidə olunur. Belə xəstələrin bir ovuc paxla yeməsi qanının parçalanması ilə ağır vəziyyətə düşməsi, ölümlə nəticələnməsinə səbəb ola bilər. Belə olan halda həmin insanlara xəbərdarlıq olunur. Və elə dərman preparatları var ki, onlardan istifadə etmək olmaz. Çünki, sonda qan parçalanmasına, anemiyaya gətirib çıxarır.

-Sonradan qazanılmış qan xəstəliklərindən qorunmaq yolu varmı?

-Qazanılmış qan xəstəlikləri, məsələn uşaqlarda olan dəmir defisitli anemiya bunun profilaktikası aparılmalıdır. Buna uşağın düzgün qidalanmaması səbəb olur. Bəzən valideyn deyir ki, uşağa hər şey verirəm yeyir. Amma baxırsan verdikləri cips, belə xırda şeylərdir. Baxanda görürsən ki uşaq həqiqətən də kökdür. Amma yanağında qan yoxdur. Amma bəzən baxırsan ki, elə də kök uşaq deyil, amma qanı yüksəkdir. Çünki düzgün qidalanıb. Lazımı qədər qida qəbul edilməməsi də xəstəliklərə səbəb olur. Məsələn, Afrika ölkələrində yaxşı qidalanmırlar, qan azlığı çox müşahidə edilir. Amma necə qidalanmağı bilmək lazımdır. İkincisi, bəzən düzgün qidalanma olur, amma qida yaxşı sovrulmur. Çünki hər qidanı hər vaxt yemək olmaz. Məsələn, ət yeməklərindən sonra, bizlərdə adətdir çay içirik. Yeməkdən dərhal sonra çay içilməsi imkan vermir ki, qidanın tərkibində olan dəmir düzgün paylansın. Elə bil onun qarşısını alır. Məsələn, uşaqda qurd invaziyası varsa uşaq nə yedisə, onun yediyindən çoxunu elə qurd içəridə yeyir. Belə uşaqlar çox yesələr də  hemoqlobin aşağı olur. Daha dərin səbəblər var ki, sovrulma bədəndə pis gedir. Bu da irsi müxtəlif xəstəliklərlə əlaqədar ola bilir. Bəzən olur ki, sovrulma yaxşı olsa da lazımi olan qidaları sümük iliyinə çatdıran qan yaranması üçün zülallar yoxdur. Ona görə belə hallarda qan azlığı olur. Ən çox qan azlığına səbəb olan düzgün qidalanmama və qurd invaziyasıdır. Bu iki problem həll olunanda uşaq normal böyüyür.

-Xüsusilə normal qidalanmayan uşaqlarda, eləcə də gənclərdə qan azlığı müşahidə olunur. Qan artırmaq üçün hansı təbii qidaları məsləhət görərdiniz?

-Çox yaxşı dediniz. Elə təbii sözü ən gözəl sözdür. Reseptə yazasan kı, “təbii yeməklər”. Kənd təsərrüfatı məhsulları, normal yetişdirilmiş nə varsa ondan yemək lazımdır. Çox zaman erkən yaşlarda, kəskin boy artımı olan cinsi yetişkənlik dövründə qan azlığı olur uşaqlarda. Səbəb boy artdıqca bədənə lazım olan mikroelementlər, vitaminlər lazımı qədər bədənə daxil ola bilmir. Belə hallarda qidalanma ilə yanaşı anemiyanın qarşısını almaq üçün profilaktik dərman preparatlarından istifadə etmək  lazımdır. Dəmir defisitli anemiyanın ən əsas səbəbi dəmir çatmazlığıdır, bu da qidalardan ət yeməklərinin içərisindədir.

-Çoxları qan azlığına görə narahat olur. Amma bəzən olur ki hemoqlabin yüksək olur. Bəs hemoqlabinin yüksək olması hansı xəstəliklərin göstəricisidir.?

-Bəzi qan xəstəliklər var ki, hemoqlobinin yüksək olması ilə müşahidə olunur. Bəzən elə başa düşürlər ki, əgər hemoqlobin yüksəkdirsə, nə yaxşı yanağından qan damır əsərlərdə, romanlarda olduğu kimi. Xeyr bu belə deyil. Hər şeyin həddi, ölçüsü var. Hemoqlobinin də ölçüdən yuxarı olması hansısa xəstəlik haqqında siqnaldır. Elə olan halda xəstələr ilk növbədə hematoloqa müraciət etməlidir. Ən çox bu zaman eritrositoz xəstəliyi olur. Yəni eritrositlərin miqdarının yüksəlməsi. O birincili və ikincili olur. Birincili polisidemiya deyirlər. Bəzən eritrositlərin miqdarının artması qan sisteminin onkoloji xəstəliyi olur. Məsələn , normada 4-5 milyondur, burada 7-9 milyona çatır, onda da hemoqlobin adi adamda 130-140 olursa belə adamlarda 160-180-ə yaxın olur. Əlbəttə bu çox pis xəstəlikdir. Başqa xəstəliklər də olur. Böyrəyin onkoloji xəstəliyi olanda da ola bilər. Ona görə araşdırmaq lazımdır ki, hansısa xəstəliyin əlaməti kimi hemoqlobin  yüksəlib və ya qan xəstəliyinin özünün nəticəsidir. Bu artıq yaxşı mütəxəssisin işidir.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli