Mənsurə Rəsulzadə: "Azərbaycanda uşaqlıqdan heyvanlara qarşı aqressiya aşılanır", "Yemək yeməsən it gəlib səni yeyəcək-ifadəsi heyvanlara qarşı nifrətin əsasını qoyur", 21.07.2017 131

Mənsurə Rəsulzadə: "Azərbaycanda uşaqlıqdan heyvanlara qarşı aqressiya aşılanır"

"Yemək yeməsən it gəlib səni yeyəcək-ifadəsi heyvanlara qarşı nifrətin əsasını qoyur"

-Mənsurə xanım, "Canlı Aləmin Mühafizəsi" ictimai birliyinin sədrisiz. Heyvan hüquqlarının qorunması sahəsində təşkilat yaratmaq ideyası necə yarandı?

-Mən şəhərdə ev alanda  mərkəzdə sahibsiz heyvanlar problemini qabarıq gördüm. Özüm Nardarandanam, Bakı kəndlərində qohumlar var. Ev alarkən də həmişə istəyirdim ki, deyirdim ki, ev sığınacaq kimi olmalıdır. Heyvan sığınacağı olaraq demirəm. Hansısa həyat mənbəsi olan, mənim alacağım evdən çox can xeyir görməlidir. O vaxta qədər mərkəzdə, küçələrdə bu qədər heyvan olduğunu bilmirdim. Ona görə fikirləşirdim ki, haradasa küçədə ehtiyacı olan heyvan görsəm bir it və pişik götürüb saxlayacam. İstəyirdim evin həyəti də olsun, itə də yaxşı, isti sığınacaq düzəldim və pişiyi də evimdə saxlayım. Bu aləmə qapandığım dövr başladı. Və başa düşdüm ki, heyvanlara çox kömək lazımdır. Yaşadığım şəhər ətrafında heyvanların sığınmağa yeri var idi. Heyvan balalayarkən çox sevinirdik. Deməzdik ki, yerimiz dardı. Yəni, heç bir böyük problem görməmişdim. Anlayanda ki, onlara kömək lazımdır və bu yalnız yedirtmək, ev vermək deyil, həmçinin onları qəddarlıqdan, insan laqeydliyindən qorumaqdır. Mənim kimi insanların az olduğunu hiss edəndə bildim ki, insanların məlumatı yoxdur. Bu insanların bu sahəyə marağı yoxdur. İnsanlar bu canlıları sanki görmür, sevmir. Kobud  da səslənsə, həqiqətən insanlara başa salmaq lazımdır. Sadəcə danışan gözlər də var, tək dil yox. Onlar heyvanlardır.

-Azərbaycanda heyvan hüquqları ilə bağlı hazırki vəziyyəti necə qiymətləndirirsiniz?

-İnkişaf yoxdur. Heyvan hüquqlarını qorumaq yalnız bir mərkəz tikmək deyil. Mərkəzə axının qarşısını almaq üçün insanları bu işə cəlb etmək lazımdır. Mərkəzə axın çoxdur, hiss edirəm ki, mərkəzdən şikayət də çoxdur ki, etik cəhətdən insanların xətrinə dəyən hallar çox olur. Gələn insanlara kobud davranılır, küçədən tapılmış hər hansı heyvanı aparmalarını tələb edirlər. Mərkəzdə istəyirlərsə fəaliyyət normal qaydada getsin, insan axını olmasın, ona görə bura ictimaiyyəti cəlb etməlidirlər. Bunun üçün aksiyalar təşkil edilməli, insanları maarifləndirici tədbirlərə cəlb etmək, bu haqda danışmaq lazımdır. İnsanları canlı aləmlə müharibə etməməyə dəvət etməli, səbrli olmağa çağırmalıyıq. Maarifləndirmə aparılmalıdır. Bir neçə mərkəz var, amma aksiyalar olursa da respublika miqyasında olmur. Görünür təşkilatçılıq zəifdir. Ümumiyyətlə lazımı səviyyədə aksiya olmayıb. Hər şey paralel getməlidir. İş planı olmalıdır.

-Təşkilatınız heyvan hüquqlarının qorunması ilə bağlı hansı işlər görür?

-Təşkilatı yaratmaq yalnız onlara yer vermək üçün deyil, hüquqlarının dövlət səviyyəsində qorunması üçün koordinatorluq istəyi ilə yarandı. Bu da mənim həvəsim, imkanım daxilində. Yazmaq, araşdırmalar aparmaq, aidiyyatı orqanları bu işlərə cəlb etmək, onlarla münasibət qurmaq, bunlar çətin deyildi mənim üçün. Bunları da rəsmi qaydada etmək lazım idi ki, effekti olsun, ona görə də təşkilat yaratmaq məcburiyyətində qaldım. Təşkilat yaratmaq illər çəkdi. Bu illəri gözləyərək, yenə də fəliyyətimi dayandırmadan aktiv şəkildə davam etdirdim. Məqsədim heyvan hüquqlarının qorunmasında insanların maariflənməsidir. Zəkalı insan heç bir canlıya zərər verməz.

-Heyvan hüquqlarının pozulması ilə bağlı sizə tez-tez müraciət olunurmu və əsas səbəblər nə olur?

-Adi vətəndaşlar tərəfindən bizim hüquq mühafizə orqanlarına müraciət edilərkən, çox təəssüf hissiylə deyərdim ki, buna istehza ilə yanaşırlar. Bu o deməkdir ki, dövlət qanunlarında edilmiş yeniliklərdən yerli hüquq mühafizə orqanları məlumatsızdırlar. Bu barədə bizə müraciətlər olur. Qəribə də olsa bizim təşkilatı sığınacaq bilirlər. Tapdıqları heyvanları onlardan götürməyimi xahiş edirlər. Amma bilmirlər ki sığınacaq deyil, bu vaxta qədər heç bir büdcəm olmayıb. Büdcə yaratmaq fikrində də deyiləm. Maarifləndirmək üçün, əlbəttə, büdcə lazımdır, amma mən çalışmışam ki, büdcəsiz də olsa bu işi görüm. Çünki büdcə üçün gözləməliyəm. Zaman gözləmir. Öz fikirlərimlə, ünsiyyət quraraq kiminsə şəraiti varsa səhnə yaratsın deyə xahiş etmişəm, yer almaq üçün icra hamiyyətinə müraciət edirəm. Küçədən keçən insanları toplayaraq onlara müraciət edirəm.

- Heyvan hüquqları ən yaxşı qorunan ölkə hansıdır?

-Qanunlarda İngiltərə 1880-ci illərdən, artıq 2 əsr bizdən öncə qanunu güclü şəkildə işləyib. Və Amerikanın 46 ştatını göstərmək olar. Bu artıq artmaqdadır. Avstraliya, Kanada bunlar hamısı, Avropanın da demək olar əksər ölkələri. Orta Asiyada bəzi müstəsnalar var. Deyərdim ki, dünyanın çox ölkələri artıq bu axına qoşulub.

-Qadağan olunmuş heyvanların ovlama hallarına tez-tez rast gəlinir?

-Fərqi yoxdur Qırmızı kitaba düşüb ya yox. İnsanları ovdan çəkindirmək lazımdır. Vəhşi təbiətə insan müdaxilə etməməlidir. Vəhşi təbiət özü balanslaşdırır. İnsan qəddar əyləncə növündən imtina etməlidir. Elə qapımızın ağzındakı heyvanlardan başlasaq Qırmızı kitaba da heç bir heyvan düşməz.

-Sahibsiz itlərlə bağlı məsələ həm Bakıda, həm də bölgələrdə qalmaqdadır. Bu heyvanların insanlara təhlükə yaratmaması üçün nələr edilməlidir?

-İnsanlardan tələb etməliyik ki, canlı aləmə zərər verməsinlər. İt dediyimiz bizim daim dostumuz olmuş canlıdır. O bizə yaxın yaşayır, təbiət belə seçib. Bunun üçün nə etmişik ki, o bizə zərər verməsin. Biz onlara özümüz zərər veririk. Düşmən kimi davranırıq. Amma təlimlə, təlimsiz də olsa sevgi ilə davranmalıyıq. Əgər sərt heyvan, it varsa yadımızdan çıxartmayaq o da insanın təlimi nəticəsində aqressivləşir. İti xüsusən Orta Asiyada, ümumiyyətlə dünyada əvvəllər, indi də çoxdur bu hallar insan malikanəsini qorumaq üçün saxlayıblar. Canlı kimi deyil, özlərinə görə saxlayıblar. Heyvan xəstələnəndə də çox hallarda onun qayğısına qalmırlar və daim zəncirdə əsir kimi saxlayır, suyuna, yeməyinə heç də yaxşı baxılmır. Müqayisə edək. Kim-kimə ziyan verir. Onlardan xeyir gözləyirik, amma heç vaxt xeyir verməyə tələsmirik. Mən heç vaxt itlərin yanından keçərkən aqressiyaya tuş gəlmirəm, çünki əyilib əlimə daş almıram. Mən onları görəndə dinozavr görən kimi qaçmıram. Mən heyvanları görəndə sevinirəm. İt, pişik, ilanı da. Biz nə reaksiya göstəririksə onu da alırıq. Necə edək ki, bu problemi həll edək desək, itlərin sayı cəmiyyətin qəbul etdiyindən çox olmasın, onda biz onları humanist sistem altında nəzarətimizə götürməliyik. Qanunlarımız da var. Konvensiyaya qoşulmuşuq. Artıq yeni qanun yazmağa ehtiyac yoxdur. Hər bir şey etmişik. Sadəcə riayət etməliyik. Qanunlarımız işləməlidir. Lazım gələrsə hevvanlara qarşı qəddarlıqdan əl çəkməyən insanlara qarşı qanunları sərtləşdirməliyik. Kütləvi informasiya vasitələrində insanları mərhəmətə səsləyən sosial çağırışlar göndərməliyik. Bu sahədə baytarlıq xidmətini gücləndirməliyik.

-Bakının Qaradağ rayonunda sahibsiz heyvanlar üçün sığınacaq yaradıldı. Bu sığınacaq Bakıdakı sahibsiz heyvanlarn hamısını özündə cəmləyə biləcək gücdədirmi?

-Təbii ki, yox. Hələ ki Bakıya yetmir. Heç Bakının Qaradağ ərazisinə yetmir. İrəliləyiş yoxdur, hərəkət yoxdur. Kömək lazımdırsa, istəməzdim ki, biz qınayaq. Düşünməliyik ki, nə edək ki fəaliyyətin effektini artıraq. Qaradağda sığınacağın tikilməsi ideyasında yerin seçilməsində özüm iştirak etmişəm. Daim Leyla Əliyevanın özüylə, xarici  təşkilatlara məktublarla müraciət etmişik. Hətta İngiltərə şəhzadəsi Devid də qardaş məktubu olaraq yazırdı ki, sizin ölkədə heyvanlar üçün struktur yaranmalıdır. Yəni bu məktubların çox effekti oldu. Düzdür mən maarifləndirmə təşkilatı kimi qeydiyyatdan keçmişəm, amma fəaliyyətsiz durmaq istəmirdim.

-Heyvan hüquqlarının qorunmasında Azərbaycanı tənqid edən Amerikada heyvanları kütləvi halda qutulara yığıb havasızlıq yaradaraq öldürürlər. Bununla bağlı yutubda da videogörüntülər var. Bu məsələylə bağlı fikirləriniz nədir?

-Orada insanlar buna qarşı çoxdan çıxıblar. Onlar öldürəndə də humanistcəsinə öldürmək istəyirlər. Evtanaziya. Yəni heyvanın qəfil, ağrısız ölümü. Mən o sistemi heç vaxt düzgün qəbul etməmişəm, amma ən azından bu problemi problem sayan var. Yəni insanlığın laqeydliyi problemi kimi qəbul edənlər var. Öldürmək humanizm ola bilməz. Amma onlar elə sayırlar. Tədricən inkişafa doğru gediblər. Hazırda heyvanların sığınacaqlarda öldürülməsinə qadağa qoyulub. Çox ştatlar buna qarşı eksperimentlərə qadağa qoyub. Onlarda sahibsiz heyvanların küçədə olması problemi yoxdur, hamısını toplayırlar. Sahibsiz heyvanların sahiblənmə problemi olduğu üçün onları qəfəsdə də saxlamaq mümkün deyil. Bizim cəmiyyətə də müraciət etsən hamı deyir gəlib aparın, amma düşünmürlər ki, o heyvan azad yaşamalıdır. Hazırda heyvansevərlər bu proseslərə qarşı səslərini o dəqiqə çıxarırlar. Amerikanın ştatlarında qanunlar yüksək dərəcədədir yaxşı da işləyir. İnsana olan hüquqların müdafiəsi ilə heyvana olan müdafiə də böyük fərq yoxdur. Əksinə heyvanın dili olmadığı üçün insandan daha zəif sayılır. Ona görə onun hüququnun qorunmasına daha çox üstünlük verilir.

-Avropa təşkilatlarının Azərbaycandakı heyvan hüquqlarının müdafiəsi ilə bağlı mövqeyi nədən ibarətdir?

-Avropa təşkilatları çoxdur, amma onların heç də hamısı heyvan hüquqlarını vacib saymır. Əlbəttə ki, o təşkilatlarda çalışan insanlar heyvanları sevə bilər, amma onlar iş başındadır, işləriylə məşğuldurlar. Hər ölkədə saysız heyvan haqları mühafizəçiləri və təşkilatları var. İndiki internet məkanında təşkilatların hamısı vəziyyətə reaksiya verir. İndi feysbuk, petşn saytı vasitəsilə səs toplanması ilə təcili surətdə yayılır. Heyvanlar hansısa dövlətə məxsus deyil.

-Azərbaycanda  uşaqların heyvanlara qarşı aqressiv böyüdülməsinin səbəbi nədir?

-Ana uşağını yedirdərkən “ye, yoxsa it gəlib səni yeyər” “mundardı, əl vurma.” Və ya söyüşlər. Kimisə pisləmək istəyəndə mütləq itin adını işlədəcəklər, ya da eşşəyin. Halbuki o əməlləri nə it edir, nə də eşşək. Heyvanların adıyla həmişə insanlar təhqir olunur. Nədənsə təhqir sayılır. Amma insan ən qəddardır.

 

Əsmər Qabil

Foto: Nəcəf Nəcəfli