27.04.2017 218 Keçmiş polis rəisi Mahmud Hacıyev: "Cibgirliklə məşğul olan qızlar adətən səliqəli geyinir və bir qrupda ən azı 3 nəfər olurlar", Quldurluq üçün evə girmək istəyənlər daha çox qaz idarəsindən, işıq idarəsindən gəlmişik deyib insanları aldadırlar, Mahmud Haciyev,Mahmud Hacıyev,hüquqşünas,huquqsunas,polis rəisi,polis reisi,dələduzluq,deleduzluq,cibgirlik,oğurluq,ogurluq,mühafizə,muhafize,siqnalizasiya,quldurluq,

Keçmiş polis rəisi Mahmud Hacıyev: "Cibgirliklə məşğul olan qızlar adətən səliqəli geyinir və bir qrupda ən azı 3 nəfər olurlar"

Quldurluq üçün evə girmək istəyənlər daha çox qaz idarəsindən, işıq idarəsindən gəlmişik deyib insanları aldadırlar

-Mahmud bəy, uzun müddət polis rəisi kimi çalışmısınız, təhlükəsizliklə bağlı böyük təcrübəniz var. Bakıda ictimai təhlükəsizliyin səviyyəsini necə qiymətləndirirsiniz?

-İctimai təhlükəsizliyi hələ ki normal qiymətləndirirəm. Azərbaycanda terror aktı yoxdur. Kütləvi şəkildə qudurluq, soyğunçuluq baş alıb getmir. İnsan mürəkkəb xarakterli məxluqdur. İnsan faktoru olan yerdə mütləq qaydada cinayətkarlıq da olur, ictimai təhlükəsizlik də pozulur. Bunu bir aksioma kimi qəbul etmək lazımdır. Amma sensasiya səviyyəsində ağır cinayətlər baş alıb getmir. Hələ ki yoxdur. Hüquq mühafizə orqanlarının işini qənaətbəxş hesab etmək olar. 

-Son zamanlar ictimai nəqliyyatda cibgirlik halları artıb. Vətəndaşlar belə şəxsləri necə tanıya və onlardan necə qoruna bilərlər?

-Cibgirlik el arasında yayılmış sözdür. Bu şəxsi əmlak oğurluğu deməkdir. Onu törədən cinayətkarlara da cibgirlər deyirlər. Şəxsi əmlak oğurluğu həmişə olub. Sovetlər Birliyi dönəmində də cibgirlik var idi. Cibgirlər iş yerlərinə coğrafi şəraitə görə önəm verirlər. Onlar həmişə insanların çox miqrasiya etdikləri yerlərdə- ticarət mərkəzlərində, metroların giriş-çıxışlarında, bazarlarda olurlar. Cinayətkarlar hər hansı cinayətə gedəndə qeyri vətəndaşlardan fərqlənmirlər. 15-20 ildə Azərbaycanda xüsusilə Bakı şəhərində cibgirliklə məşğul olan qızlardır. Onların xüsusi dəstələri var. 1990-2000- ci illərdə Sumqayıtda cibgir qızlar dəstəsi var idi. Hətta onların 3-4- ü bacı idi. Onlar xarici görünüşləri səliqəli, çox yaxşı görünürdülər. Xarici görünüşə görə onları fərqləndirmək olmur. Çox peşəkarcasına oğurluq edirlər. Bu daha çox polisin əməliyyat xidmətinin işidir. Sahə inspektorları bu sahədə ancaq informasiya toplayıb, məlumat verirlər. Əməliyyat xidməti isə onları iş başında yaxalayıb, istintaqa ötürməlidir. Çox çətin məsələdir. Ona görə ki, onların əməllərinə qarşı qanunda da biraz boşluq var. Məsələn, cibgirin əlində götürdüyü veşdok, yəni əldə etdiyi hər hansı əşya əlində tutulmayıbsa, bu başqasına verib onu qaçırdıbsa və 3-4 adam da desə ki, biz görmüşük cibə girib, nəsə oğurladığını bu iş istintaqda keçmir. Onun vəkilləri, yaxınları sonra iddia qaldırırlar ki, onu yükləyiblər. Sürüşkən işdir. Ona görə oğurladıqları şey onların əlində olduqda tutulmalıdır. Cibgirlər də ağılsız adam deyillər. Onlar da qanundakı o hissəni bildikləri üçün  əldə etdikləri qiymətli əşyanı üzərlərində saxlamırlar. Üçüncü şəxsə ötürürlər. Qızlar cibə girəndə həmişə yanlarında ikinci şəxs, yanbasanlar olur. Biri sıxışdırır, digəri götürür. Sonra üçüncü adama ötürüb, oğurladıqlarını qaçırırlar. Dördüncü adam isə başqa yerdə onu maşında gözləyir. Artıq sabah cibgiri və yanbasanı tutsan da məhkəmə perspektikası olmur. Ona görə el arasında çox vaxt belə söz-söhbət gəzir ki, cibgiri tutdular verdilər məhkəməyə, müstəntiq də buraxdı. Demək əlbirdilər. Belə xoşagəlməz sözlər olur. Qanunun o incəliyini ictimaiyyət bilmir. Ona görə də neqativ fikirlər səslənir. Son 6-7 ayda biraz azalıb. Bir neçə il əvvəl güclü işləyirdilər. Xarici demokratik dövlətlərdə belə bir qayda var, hər hansı cinayət tərkibi və ya inzibati xəta, ictimai təslükəsizliyin pozulması halları baş verəndə hüquq-mühafizə orqanlarının rəhbərliyi səviyyəsində onun qarşısının alınması yönündə tədbir planı hazırlayırlar. Bizdə müstəqillik qazandıqdan sonra polis qurumunda biraz dəyişiklik edildi. O vaxt indiki Baş Polis idarəsində şəxsi əmlak oğurluğu ilə bağlı bir qurum yaradılmışdı. Həmin qurumun adı Kiçik Əməliyyat Müvəkkilləri idi. Onlar aşağı rütbəli polislərdən seçilirdilər. Həmin şöbə sırf şəxsi əmlak oğurluğuna, cibgirlərə qarşı mübarizə aparırdı. Onlar forma geyinmirdilər, əhalinin çox olduğu yerlərdə fəaliyyət göstərirdilər. Və kifayət qədər effektli mübarizə aparırdılar. Müstəqillik əldə olunanda təəssüflər olsun ki, o qurum ləğv olundu. Rayon polis idarələrinə icazə verildi ki, 3-4 nəfərlik kiçik əməliyyat müvəkkili təşkil etsin. Sıxlıq, ictimaiyyət olan yerdə belə hallar mütləq olur. 1960-70 ci illərdə deyirdilər ki, biz sosializmdə  yaşayırıq, kommunizmə keçəndən sonra cinayət olmayacaq. Bu sırf çürük kommunist ideologiyası idi.

-Həm həyət, həm də bina evlərində adi vətəndaşlar oğurluq, quldurluq hallarına qarşı hansı qabaqlayıcı tədbirləri görə bilərlər?

-Vətəndaşlarda da səhlənkarlıq var. İnsanlar şəxsi əmlakını qorumaq müqabilində nəsə bir iş görməlidirlər. Profilaktiki tədbirlər. İstər həyət, istərsə də bina evi olsun. Qapın, zirzəmi normal olmalıdır. Qıfıllar yaxşı olmalıdır. Pəncərələrə diqqət etmək lazımdır. Bəzən qapını açıq qoyub gedirlər. Düzdür, xaricdə buna gülürlür, amma bizdə pəncərəyə əlavə raşotka qoydurmaq lazımdır. Hüquq-mühafizə orqanlarının rəhbərliyi istəmir çıxış edib desin ki, kifayət qədər şəxsi əmlak oğurluğu var, ağır cinayətlər qismində qətllər var. Bunun qarşısını almaqdan ötrü tədbirlər görün. Etiraf yaxşı şeydir. Elə bil xroniki xəstəlik əmələ gəlib, düşünürlər belə desələr, ictimaiyyət deyər ki, polis rəhbəridir dediklərinə bax. Nəzərə almaq lazımdır ki, bu maarifləndirmədir. Kütləvi informasiya vasitələrində çıxışlar olsa, insanlar da maariflənər. İnsanlarda belə bir şey də var. Öz haqqını, hüququnu tələb etmək üçün rəsmi qaydada müraciət etmək istəmirlər. Deyirlər onsuz da tapılmayacaq niyə müraciət edim ki. Müraciət etmək lazımdır. Bəlkə tapılacaq. Ona görə hamısını hüquq mühafizə orqanlarının boynuna qoymaq da düzgün deyil. Vətəndaşlardan da çox şey asılıdır.

-Bəzən evi soymaq istəyənlər evdə adam olanda da müxtəlif aldadıcı vasitələrdən istifadə edirlər. Məsələn, yaşlı qadın və ya xəstə adam obrazı. Belə təhlükələrdən qorunmaq üçün nə tövsiyə edirsiniz?

- Tövsiyəm odur ki, vətəndaşlar ayıq-sayıq olsunlar. Hər tanımadığı adama, aldadıcı sözə qapı açmaq olmaz. Son vaxtlar azalıb. İnsanlarda biraz ayılma oldu ki, hər adama qapı açmaq olmaz. Keçmişdə qaz, işıq idarəsi adı ilə gəlirdilər. Bu quldurluqdur. Çox ağır cinayətdir. Necə aldadıb girsə də, girib qiymətli bir şey tələb edir, aydın məsələdir ki heç kim də varidatını vermək istəmir. İlk olaraq etiraz edir, müqavimət göstərəndə həmin adam fiziki xəsarət yetirir. Qəsdən adam öldürmədən sonra, ikinci ağır cinayət  quldurluqdur.

-Evi xüsusilə axşamlar tərk edib başqa yerə gedənlər oğrulardan qorunmaq üçün evdə adam olduğu təsəvvürünü necə yarada bilərlər?

-Əvvəla qapı-pəncərədə diqqətli olmaq lazımdır. İkincisi siqnalizasiya sistemi var. Polislə müqavilə bağlanır. Gəlib müəyyən qurğu qururlar. Kod verirlər. Evə hər hansı müdaxilə olanda, evə girən kodu bilmir deyə siqnalizasiya işə düşür və polis gəlir. Effektli profilaktiki tədbirdir. Çox vaxt vətəndaşlar bunu eləmir, çünki maddiyyat baxımından çox pul tələb edir. Devalvasiya, sosial-iqtisadi problemlərdən sonra insanların vəziyyəti yaxşı deyil. Və maddiyyatları imkan vermir ki, mühafizə polisiylə müqavilə bağlasınlar. Göydələnlər çoxdur. Bunlar şirkətlərindir. Onların mühafizə xidmətləri var. Gərək mühafizə xidmətlərini ayıq-sayıq etsinlər, səhlənkarlıq etməsinlər, işlərinə məsuliyyətlə yanaşsınlar.

-Hazırda obyektlərin, eləcə də mənzillərin mühafizəsində ən müasir vasitələr nələr hesab olunur?

-Siqnalizasiya sistemi müasir vasitədir. Ən yaxşısı budur. Xaricdə də bunlardan istifadə olunur. Düzdür xaricdə belə cinayət əməlləri azdır. Amma istifadə edirlər. Xaricdə vətəndaşların maddi durumu buna imkan verir.

-Son zamanlar ən çox müşahidə edilən qanunsuzluqlardan biri də dələduzluqdur. Bəzi adamlar özlərini hansısa qurumun əməkdaşı kimi təqdib edib, işə düzəltmək adı ilə onlardan pul alırlar. Ümumiyyətlə belələrini insanlar ilk görüşdən necə tanıya bilərlər və nələrə diqqət edərək onların real və ya yalançı əməkdaş olduğunu bilmək olar?

-Sovetlər Birliyi dönəmində bu tipli cinayət əməlləri demək olar ki, yox dərəcəsində idi. Təxminən 90-cı illərə kimi. O dövrün məhkəmə istintaq təcrübəsinə baxsaq, yüz cinayətdən 2-3-ü dələduzluq ola bilərdi. 2000-ci ildən bu tərəfə baxsaq istər fakt üzrə qaldırılmış cinayət işlərində, həm məhkəmə istintaq təcrübələrində  bu tipli cinayətlər kifayət qədərdir. Axı bu cinayətlərin hamısı məhkəməyə getmir. Məhkəmədəki mülki işlər baxımından olan işləri də bura əlavə etsək, həmçinin təhqiqat orqanlarında da müəyyən qism belə işlər olur. O materialların böyük bir hissəsində cinayət əməlləri var. Son 15-16 ildə artıb. İnsanlardan çox şey asılıdır. İnanmasınlar. Biri aldadır uşağını işə düzəldəcəm, biri deyir biznesə qoşacam. Belə şeylərə çox diqqətlə yanaşmaq lazımdır. Siz gəlib məndən pul istəyirsiniz, mən də sizə borc kimi verirəm. Əvvəllər deyirdilər ki, borc verirsənsə notariat qaydada təsdiqlənməlidir, yəni notariat qaydada təsdiq olunmayıbsa biz heçnə edə bilmərik. İndi amma qanunvericilikdə o boşluğu doldurdular, yəni ola bilər ki, bilməyib notariat qaydada təsdiqlənməyib, amma borc verib. Şifahi formada bunlar arasında müqavilə bağlanır. İndi elə qaydada verilən borca görə iddianı məhkəmə qəbul edir. Fakt çoxdur.

-Mahmud bəy, təhlükəsizlik sahəsində çalışmasanız hansı sahəni seçərdiniz və nə üçün?

-Mən elə öz sahəmdə olmaq istəyərdim. Hüquqşünas kimi. Həyat elə gətirdi ki, olmadım. Ailə, həyat da vardar edir ki, haradasa işləyim, çörək pulu qazanım. İndiki zamanda maddi durum çox çətindir. Ona görə nəsə bir işlə məşğul olmalısan ki, ac qalmayasan. O vaxt mənə deyirdilər ki, səni işdən çıxardacaqlar. Deyirdim niyə? Deyirdilər ki , danışırsan, tənqid edirsən. Deyirdim bəs Allah bu şüuru, dili mənə niyə verib.

-İndiyədək ən çox sizə stimul verən hansı kitab olub və nə üçün?

Həmişə mütaliə etmişəm. Mən Qazaxdanam. Orada ata-baba yurdumda anamdan qalma 500 -ə yaxın kitab var idi. Anam dil-ədəbiyyat müəllimi olub. O, da yığıb. Tələbə olanda mən də alırdım. Burada olanda aldıqlarımın hamısını qızıma bağışlamışam. İndi mütaliə edən azdır.

-Hansı  xarakterdə olan insanlardan həmişə uzaq durmağa çalışırsınız?

-Hamı istəyir ki, öz xarakterinə, savadına uyğun adam olsun. Mən də ona çalışıram ki, səviyyəcə özümə uyğun insanlarla ünsiyyətdə olum. İdmançıları çox sevirəm. Xüsusilə, cüdo və güləşçilərlə çox ünsiyyətdə olmağı xoşlayıram. Oğlum da əvvəl cüdoçu olub. Vaxtilə yaxşı vəzifələrdə işləyəndə idmançılara çox kömək etmişəm. Yarışların əksəriyyətini izləyirəm. Çoxunu da şəxsən tanıyıram. 

-İşdən sonra ən çox sevdiyiniz məşğuliyyət hansıdır?

İndi sözün düzü çox mütaliə etmirəm. Qəzetlərə çox baxıram. Moskvada çıxan “Arqumentı i faktı”,“Komsomolskaya pravda”, “Sokraşenie sekretnıy”. İşlə əlaqədar çox oxuya bilmirəm. Azərbaycan kanallarına demək olar ki, baxmıram. Rusiyanın bəzi kanalarına baxıram. Vaxtım olanda xarici futbol komandalarını izləyirəm. Gəzintiyə çox əhəmiyyət verirəm. Səhhətimi qoruyan biriyəm. Səhər tezdən bulvarda  təxminən 10 km gəzirəm. Ora gedə bilməyəndə evin yaxınlığında gəzirəm. İdmanla məşğul oluram. 

 

Əsmər Qabil

Foto:Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün