Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə: "Qadın müraciət edir ki, uşağın atasının ancaq adını bilir", "Qeyri-rəsmi nikahların qarşısı alınmasa uşaqların problemi həll edilməyəcək.", 30.07.2017 227

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə: "Qadın müraciət edir ki, uşağın atasının ancaq adını bilir"

"Qeyri-rəsmi nikahların qarşısı alınmasa uşaqların problemi həll edilməyəcək."

-Uşaq hüquqları ən çox hansı hallarda pozulur?

-Azərbaycanda uşaq hüquqları haqqında qanun 1993-cü ildə qüvvəyə minib. Bu günə qədər bir çox beynəlxalq təşkilatların konvensiyaları, sənədlərinə Azərbaycan qoşulub. Desək ki uşaqların hüquqları qanun çərçivəsində pozulur doğru deyil. Bugün qanunları bilmədiklərinə görə cəmiyyətdə belə hallar baş verir. Əgər valideyn bilsə ki, onun uşağının hüquqları dövlət başçısının sərəncamı, fərmanı əsasında imzalanmış qanundur və valideyn bu qanunla tanışdırsa müəyyən problemlərin qarşısı alına bilər. Təəssüf ki, valideyn düşünür ki, uşaq ondan başqa heç kimin deyil. Və uşağa nə istəyir edir. Uşağın , əlbəttə, mənzil hüququ, azadlığı, dil hüququ, səhiyyə hüququ da pozulur. Amma bunları deyim ki, səhiyyədirsə səhiyyə pozur, yox. Valideyn əgər bilsə onun uşağının hüququ nədir və özünün hüquqları nədir o zaman bu hüquqlar bu qədər pozulmaz. Birinci növbədə valideyn məsuliyyətsizliyindən irəli gəlir bu səbəblər.

-Azərbaycan qanunvericiliyində uşaq hüquqları ilə bağlı hansı çatışmazlıqlar var?

-Qanunvericilikdə çatışmazlıq yoxdur. Qanunları işə sala biləcək mexanizmlərdə olan boşluqlar var.Problem hansısa alternativ xidmətlərin, sosial xidmətlərin yaradılmasındır. Bu gün qanun var, əgər mexanizm yoxdursa təbii ki, orada problemlər yaranacaq. Bunu aradan qaldırmaq üçün biz qeyri-hökumət təşkilatları müxtəlif alternativ variantlar fikirləşirik, qanun layihəsində dəyişikliklərlə bağlı təkliflər veririk. Azərbaycanda bir neçə alternativ xidmətlərin fəaliyyət göstərməsi qeyri-hökumət təşkilatlarınin üzərinə düşür. Bu sosial, tibbi xidmətlərin yaradılmasıdır. Yəni o boşluqların aradan qaldırılmasını həyata keçiririk. Düşünürəm ki, həmin qanunların işlək vəziyyətə gəlməsi üçün bu mexanizmlər daha da təkmilləşməlidir.

-Əcnəbi ölkələrdə və Azərbaycanda uşaq hüquqları sahəsində nə kimi fərqlər var?

-Bizim qeyri-hökumət təşkilatlarının, məsələn Azərbaycan Uşaqlar Birliyi bir çox Avropa təşkilatlarının uşaq hüquqları sahəsində apardığı islahatlar, gördükləri işləri eyni zamanda Amerikanın təcrübəsini gedib öyrənir. Çünki həmin ölkələrdə çox böyük bir sistem  yaradılıb. Biz o  sistemləri təcrübə olaraq gedib öyrənib, gəlib Azərbaycana şamil edirik. Şamil etmək üçün də qanunlara dəyişikliklərlə bağlı təkliflərimizi veririk. Və müəyyən qanunlar Milli Məclisdə müzakirəyə çıxarılır.

-Müharibə şəraitində uşaqların təhlükəsizliyi niyə kifayət qədər təmin olunmur?

-Azərbaycanda neçə illərdir atəşkəsdir, amma atəşkəs rejimini pozan Azərbaycan tərəfi deyil. Hər dəfə Ermənistan pozur. Uşaqların öldürülməsi terrordan başqa bir şey deyil. Elə ilk olaraq Azərbaycan Uşaqlar Birliyi beynəlxalq təşkilatlara, qeyri-kökumət təşkilatlarına səsləndi. Mediada bu barədə işiqlandırdılar. Biz buna qarşı kampaniyaya da başladıq. Bizim sığınacağın koordinatoru uşaqların dilindən mesajlar etdi. Biz də bacardığımız qədər çalışırıq ki, belə halların qarşısı alınsın. Əlbəttə, bu çox böyük faciədir ki, bugün Azərbaycanda uşaqlar öldürülür. Bizim müdafiə sistemi mükəmməldi, təəssüf ki, bunu edən yenə də deyirəm terrorçulardır.

-Qanunvericilikdə, ailədə boşanma hallarında uşağa dəyən psixoloji zərərin aradan qaldırılması üçün nə isə nəzərdə tutulubmu?

-Ümumiyyətlə Azərbaycanda ailə modelinin yenidən formalaşmasına çox böyük ehtiyac var. Ailə institutu çat verir. Bu gün boşanmalar, qeyri-rəsmi nikahlar çoxdur. Gənclər arasında maariflənmə işinin aparılmasına çox böyük ehtiyac var. Bunu edəriksə dünyaya gələcək uşaqların formalaşmasına böyük dəstək ola bilərik. Psixoloji məktəblərin yaradılması, ailə planlaşdırılması vacib bir şeydir. Bu gün hər bir gənc evlənməmişdən öncə psixoloji mərkəzlərə, psixoloji yardım göstərən təşkilatlara müraciət etmir. Bəlkə də böyük şəhərlərdə bu var. Amma regionlarda bu təəssüf ki, yoxdur. Belə bir mif var ki, deyirlər bu mənim ailəmdən kənardadır, mənim ailəmdə hər şey qaydasında olacaq.

-Uşaq əməyinin istismarının qarşısını almaq üçün hansı tədbirlər görülür?

-Bu uşaq hüquqlarını bilməməkdəndir. Bu gün valideyn düşünür ki, uşaq mənimdir. İncidəcəm, döyəcəm, küçəyə çıxardıb salfetka satdıracam, cinsi zorakılığa məcbur elətdirəcəm. Amma valideyn dərk eləmir ki, konstitusiyamızda var ki uşağın qəyyumu valideyni qədər eyni zamanda dövlətdir. Yaratdığımız təşkilatın nəzdində yaradılan Uşaq Sığınacağı İnteqrasiya Mərkəzi uşaqların müdafiəsini təşkil etmək məqsədilə tədbirlər görür. Valideyn uşağını məcburi əməyə sövq edirsə, təəssüf ki bizim qanunumuzda boşluq var. Avropa Konvensiyasında bu insan alveri, məcburi əmək kimi gedir. Biz isə inzibati pozuntu  kimi qiymətləndiririk. Əlbəttə, bu istiqamətdə də bizim işlərimiz aparılır. Belə halların qarşısının alınması üçün çox sərt mexanizmlər olmalıdır. Çox humanistik. Valideyn bir dəfə səhv edirsə deyirik ikinci dəfə səhv etməz. Uşağını öz yanında aparıb diləndirirsə, özü yüngül həyat tərzi sürürsə və uşağı doğulursa bu onun gələcək tərbiyəsinə çox böyük təsir edəcək. Dərhal müdaxilə etmək lazımdır. Bu məqsədlə Azərbaycanda sosial iş institutu formalaşmalıdır. Bir çox inkişaf etmiş ölkələrdə sosial iş institutu çox mükəmməldir. İstər, Rusiyada, Türkiyədə çox gözəl modellər var. Əgər orada baxımsız şəraitdə olan uşaq varsa, şiddət görən uşaq varsa dərhal ona müdaxilə olunur. İşçilər gəlir araşdırılır. Uşaq ilk olaraq müvəqqəti müəssisələrə yerləşdirilir. Sonra dövlətin himayəsinə və ya övladlığa verilir. Məsələn bizim sığınacaqda 25 uşaq varsa, onun 5-i valideyn məsuliyyətsizliyindən, şiddət olubsa bununla bağlı dərhal reaksiya veririk. İcra Hakimiyyəti vasitəsilə müraciət edilir, alınır və valideynin öncə uşaqdan uzaqlaşdırılması məsələsi qoyulur. Əgər bu təkrarlanarsa valideynin yenə məsuliyyətsizliyinə görə valideyn hüququndan məhrum edilməsi məsələsi qaldırılır. Əgər valideyn bir uşağa baxa bilmirsə bəs biz necə təşkilat olaraq uşaqları reabilitasiya edə bilirik. Hər şeyi maddiyata bağlamaq düzgün deyil. Mən düşünürəm ki, hər şey cahillikdən, biganəlikdən irəli gəlir.

-Uşaqların hüquqlarının pozulması ilə bağlı sizə tez-tez müraciət olurmu və daha çox nə ilə bağlı olur?

-Tez-tez müraciətlər olur. Daha çox uşaqların alimenti ilə bağlı. Bunun da kökündə qeyri-rəsmi nikahlar durur. Qeyri-rəsmi nikahların iki növü var. Ya erkən nikah olur rəsmi nikaha düşə bilməməkdən, ya da məsuliyyətsizlikdən. Qadın var ki, gəlib deyir aliment almaq istəyirəm. Tapa bilmirəm adamı. Deyir bir adını bilirəm. Bir adıyla tanıdığın adama necə gedib ailə qurmusan. Bunlar ailə deyillər. Təsadüfi kontaktlardır. Bugün 1 ay və ya bir müddətlik bir yerdə yaşamaq bu artıq qeyri-rəsmi nikahdır. Biri ehtirasını öldürür, digəri isə nə vaxtsa bunu alacaq düşünür. Almayacaq. Çünki onun bünövrəsi sevgi ilə qurulmayıb,ehtiras üzərində qurulub. Bu uşaqlar  ehtirasın qurbanı olurlar. Onlardan sevgi görmək çox çətindir, çünki özləri sevgi görməyiblər necə sevgi verəcəklər. Bunların qarşısı alınmalıdır.Qeyri-rəsmi nikahın əleyhinəyik. Çox adam var ki, deyir nə var ki vətəndaş nikahında. Avropadan niyə yaxşı şeyləri götürmürük. Biz millət olaraq həmişə ailə modelinə dəyər vermişiksə nəyə görə Avropadan onu götürürük. Amma Avropada bir yerdə yaşamağın ən azından qarşılıqlı bir məsuliyyətləri var. Bir yerdə yaşayacıqsa mən bunu edirəm, sən bunu edəcəksən və bir ailəyik kimi şərtləri olur. Bir-iki gün tanıdığın adamla kontakta girib və hamiləyəm deyib onun qabağına fakt qoyaraq dünyaya uşaq gətirmək və düşünmək ki, o uşağı qəbul edəcək, onun üçün heç bir mənası yoxdur. Onun üçün uşaq heç maraqlı olmur. Amma bundan zərər çəkən uşaqlardır.

-Dilənçi və məcburi əməyə sövq edilən uşaqların sayı nə qədərdir?

-Elə bir rəsmi statistika yoxdur. Bizə yerli polis bölmələri tərəfindən uşaqlar aşkarlanıb istiqamətləndirilir. Reabilitasiya prosesi zamanı uşaqların valideynləri tərəfindən hansısa əməyə cəlb olunması, təhsildən yayındırılması faktları aşkarlandıqda dərhal bu barədə aidiyyatı qurumlara məlumat verib təhqiqata başlanılır. Bizim təşkilatın nəzdindəki sığınacağa daxil olan müraciətlərdən deyə bilərəm ki, uşaqların dilənçiliyə sövq edilməsi faktı ilə hər il 15-20 faktımız keçir. Burada qadınların qeyri-rəsmi şəkildə yaşadıqları kişilər tərəfindən uşaqlarının yay mövsümündə dəniz kənarında xırda ticarətlərə cəlb olnunmasıdır, qışda az rast gəlinir. Biz dəfələrlə sahibkarlara müsahibələrimizdə səslənmişik, əgər sizin işlətdiyiniz obyektlərdə belə hallar aşkarlansa xahiş edirik yerli polis bölmələrinə müraciət edin. Amma təəssüf ki, bundan da biznes məqsədilə istifadə edən sahibkarlar var. Amma bu kütləvi xarakter daşımır. Dilənçi uşaqlara daha çox Roma qrupu olan qaraçı uşaqlarında rast gəlirik, amma istisna deyil ki, tipik vətəndaşlarımızın da arasında bu tip uşaqlar görürük və var. Roma qrupundan olanlar da Azərbaycan vətəndaşıdır, amma mən etnik qrup olaraq deyirəm. Adi tipik ailələrdən gələn uşaqlarda da görürük ki qeyri-rəsmi nikahda olduğu adam uşağı məcbur edib nəsə satmağa. Yəni artıq tək qaraçı qrupunda deyil. Qaraçı qruplarında bəlli deyil uşaqlar həmin o adamların uşaqlarıdır ya yox. Onlar qeydiyyatsız olurlar. Biz onlara kirayə uşaqlar deyirik. Fikir versəniz onlar daha çox yatmış vəziyyətdə olurlar. Hansısa dərmanmı verirlər, içkimi qəbul edirlər. Nələrsə edirlər ki, uşaqlar daim yatmış vəziyyətdə olsun. 

 

Əsmər Qabil

Foto: Nəcəf Nəcəfli