Kamran Quliyev: Evimin bir otağını ancaq maskalara ayırmışam, "Maskalara övladım kimi baxıram və istəmirəm kimsə onlara toxunsun", 17.03.2017 806

Kamran Quliyev: Evimin bir otağını ancaq maskalara ayırmışam

"Maskalara övladım kimi baxıram və istəmirəm kimsə onlara toxunsun"

-İlk dəfə bu maskalara marağınız necə yarandı?

-Ümumiyyətlə, maskalar uşaqlıqdan mənim xoşuma gəlirdi. Mən onları həmişə ikinci sima kimi qəbul edirdim. Maskalar yalnız şəxsiyyəti gizlətmək üçün yox, özünü başqa bir formada ifadə etmək, obraza salmaq üçün də istifadə olunur. 8 il əvvəl mən kolleksiyam üçün ilk maskamı aldım. Almağı planlaşdırmamışdım, sadəcə gördüm, çox sevdim və qərara gəldim ki, mən bu maskanı alacam və kolleksiya yaradıb çoxaltmağa davam edəcəm. Məhz bu həvəsin nəticəsidir ki, hazırda kolleksiyamda bir-birindən maraqlı və qeyri-adi 112 maska var.

-Maskaları daha çox hansı ölkələrdən əldə edirsiz və istifadə yerinə, növünə görə aralarında fərqlər varmı?

-Bəzən elə olur ki, hansısa ölkəyə gedəndə və həmin ölkəyə məxsus maskaları görəndə alıb özümlə gətirirəm. Maska kolleksiyası yığdığımı bilən dostlarım da başqa-başqa ölkələrdən mənə tez-tez maskalar gətirirlər. Nadir hallarda hansısa bir maska çox xoşuma gələrsə, mən onu sifariş edə bilərəm. Hətta kolleksiyamda elə maskam da var idi ki, onu mən özüm düzəltmişdim. Düzü, çox da gözəl alınmamışdı, amma istədiyim obrazı yarada bilmişdim. Bəzi ölkələr var ki, onların maskalarını növlərinə və materiallarına görə fərqləndirmək olar. Maskaları istifadə səbəblərinə görə də bölmək mümkündür. 

Məsələn, dekorativ maskalar da var, iş üçün istifadə edilən maskalar da var. Vaxtilə İtaliyada vəba xəstəliyinə tutulan insanları müalicə edən həkimlər uzun burunlu və gözləri bağlı maskalar taxırdılar. Bu maskalar “dottore della peste” adlanır, mənası “vəba həkimi” deməkdir. Həmin maskalardakı uzun burunun alt hissəsinə güclü qoxu verən nələrsə qoyub istifadə edirdilər. Çünki həmin zaman ölülər çox idi və meyit qoxusunu örtmək üçün bu maskalardan istifadə edilirdi. Bu maskalar sırf iş üçün lazım olan maskalar idi. Afrika, Şimali Amerika və Asiya qitələrində maskalar əsasən, rituallarda istifadə olunurdu. Avropada isə demək olar ki, bayramlarda istifadə olunurdu. Bayramlardan başqa 3 əsas istifadə səbəbi də var idi. Birincisi, kimliyi gizlətmək idi. İkincisi, statusu göstərmək. Məsələn, elə maskalar var idi ki, sırf nüfuzlu şəxslər sifariş edib geyinə bilərdilər. Üçüncüsü isə özünü başqa bir formada göstərmək idi. Maska simanı örtür və biz bilmirik maskanın altında göyçək, yoxsa eybəcər sima yatır. Maskalar yalnız üz geyimi kimi istifadə olunmur. Dekorativ maskalar var, hansı ki, divarlardan asmaq üçün və ya stolüstü istifadə edilir. Onları suvenir saymaq olar. Yalnız gözləri bağlamaq üçün istifadə olunan maskalar var, hansı ki, onların adına kolambina deyilir. Nisbətən daha böyük, üzərində parçadan hazırlanmış hissələri və parçaların ucunda adətən, balaca zınqırov olan maskalar arlekin maskalar adlanır. Orta əsrlərdə Venesiyada yaşayan yüksək statuslu kişilər üçün nəzərdə tutulan maskalara bauta adı verilib. Üzü tamamilə bağlayıb örtən maskalara isə volto deyirlər.

-Maskaların materialları nədən olur adətən?                                        

-Materiallar çox müxtəlifdir. Maskalar üçün ən populyar 2 material-taxta və “papier mache” adlanan materiallardan istifadə olunur. “Papier mache” xüsusi bir kağız növüdür. Hansı ki, suya batırılaraq istifadə edilir. Hal-hazırda maskalar həddən artıq fərqli növ materiallardan hazırlanır. İndi daha məşhur maskalar dəmir maskalardır. Onlar əl işi sayılmır. Adətən, zavodlarda hansısa şablona uyğun olaraq lazer vasitəsilə kəsilir və üzərilərinə dekorativ naxışlar, daş-qaşlar vurulur. Maskalar sırf dəmirdən hazırlanmasa da, tərkibində dəmir olan maskalar var. Hətta tərkibində şüşə olan maskalar da mövcuddur. Maskaların üzərində müxtəlif növ parçalardan, populyar və bahalı quşların lələklərindən də istifadə olunur. Mənim kolleksiyamda dəvə dərisindən hazırlanmış maska da var.

-Maskalarla fotosessiya üçün müraciət edənlər olub?

-Fotosessiya üçün nadir hallarda müraciət edirlər. Əslində, istəyənlər çoxdur, hansı ki, mənim əl işlərimi gördükdən sonra onlarda bu istək yaranır. Lakin mən hansısa maskanı hansısa insana obraz cəhətdən yaraşdırmasam, həmin insanı çəkmək istəyim olmur. Sifariş kimi kimsə çəkdirmək istəyəndə mən adətən, imtina edirəm. Amma hansısa maskanı konkret olaraq bir insana yaraşdırsam, çalışıram ki, çəkilişi həyata keçirim.

-Belə bir kolleksiyanızın olduğunu bilən tanışlarınızın buna münasibəti necədir?

-İlk dəfə eşidəndə adətən, təəccüblənirlər. Çünki maska xüsusi bir şeydir ki, onun kolleksiyası yığılır. İlk sual belə olur ki, maskaları harada və hansı formada saxlayırsan? Çox insan başa düşür ki, maskalar həssasdır. Artıq bunu dərk etdikdən sonra növbəti sualları belə olur: Bunları niyə yığırsan? Niyə məhz maska?..

-Azərbaycanda bu maskalardan əsasən, haralarda istifadə olunur? İstifadə səbəbinə görə hansı ölkələrdən necə fərqlənir?

-Azərbaycanda demək olar ki, yaxşı maskalar yoxdur. İnsanların əksəriyyəti sırf Venesiya maskalarını tanıyırlar. Bizdə maskaları ümumiyyətlə, sırf hansısa banketlərdə, bayramlarda istifadə üçün nəzərdə tutulan dekorativ aksesuar kimi görürlər. Mən isə onları yalnız aksesuar kimi görmürəm. Mən onların hərəsini hansısa obrazın böyük bir parçası olaraq görürəm. Tailand və Vyetnam kimi yerlərdə bu maskalar adətən, taxtadan kəsilərək düzəldilir və sırf rituallarda istifadə olunurdu. Hindular isə yumşaq materiallardan hazırlanmış maskalardan özlərini hansısa heyvan obrazına bənzətmək istəyərkən istifadə edirdilər. İndoneziyanın Bali adasında da maskalar taxtadan hazırlanır və əsasən, toylarda istifadə olunurdu. 

Norveçdə 30 yaşlı bir xanım sırf dəridən maskalar yaradır və demək olar ki, bütün maskaları təbiətlə uyğunlaşdırır. Sankt-Peterburq şəhərində yaşayan Nadejda Şaxristenberq adlı bir xanım da bu işlə məşğuldur və orada bir çox maska sərgiləri keçirir. Azərbaycanda son zamanlar daha çox yayılan peyntbol oyununda istifadə edilən maskalar əvvəllər sadəcə qoruyucu funksiya daşısa da, artıq həmin maskaları yavaş-yavaş aksesuarlaşdıraraq onlar da hansısa obrazları yaratmağa çalışırlar ki, daha maraqlı olsun.

-Maskaları kirayə götürmək istəyənlər olub? Bu zaman cavabınız necə olar?

-Demək olar ki, hər ay ən azı bir nəfər müraciət edir. 

Çəkiliş üçün, bayram və ya banketlər üçün istəyirlər. Amma mən həmişə imtina edirəm. Çünki hər maskama övladım kimi yanaşıram və istəmirəm ki, məndən başqa kimsə onlara toxunsun və yaxud da ki, işlətsin, istifadə etsin.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli, Kamran Quliyev