Təhsil eksperti Kamran Əsədov: "Məktəblərin bir çoxunda kurrikulum standartları tətbiq olunmur", ABŞ-ın ilk onluğunda olan universitetdən doktorluq alan şəxsin Azərbaycanda yenidən doktorluq müdafiə etməsi gülüncdür, 31.03.2017 1018

Təhsil eksperti Kamran Əsədov: "Məktəblərin bir çoxunda kurrikulum standartları tətbiq olunmur"

ABŞ-ın ilk onluğunda olan universitetdən doktorluq alan şəxsin Azərbaycanda yenidən doktorluq müdafiə etməsi gülüncdür

-Son günlər 9-cu siniflərin buraxılış imtahanında açıq tipli suallardan istifadə olunması valideyn və şagirdlərin narazılığına səbəb oldu. Sizcə, şagirdlər buna hazır idimi və bu yeniliyin hansı mənfi və müsbət təsirləri ola bilər?

-Azərbaycan 2009-cu ildən yeni kurrikulum standartları ilə tədris prosesini həyata keçirir. Bu tədris prosesinin ənənəvi təhsil formatından fərqi indiyə qədər bilik yönümlü olan təhsilin daha çox tətbiqetməyə yönümlü olmasındadır. Təəssüflər olsun ki, kurrikulumun  tətbiq olunduğu 9 il müddətə baxmayaraq, bizim müəllimlərimiz bunu mənimsəyə bilməyiblər. Bu gün orta məktəblərə işləməyə gedən müəllimin kurrikulumdan anlayışı yoxdur. Çünki universitetdə bunlar tədris olunmur. Amma əksəriyyətinin kurrikulumdan sertifikatları var və bu standartlarla tədris prosesini həyata keçirmək üçün müəllimlər 2000 manat maaş almalıdırlar. Ancaq cəmi 40 faizi hazırda 500-800 manat arasında maaş ala bilir. Bu,  da bir çatışmazlıqdır. Ancaq düşünürəm ki, təhsildə qüsurların yaranmasının əsas səbəbkarlarından biri də müəllimlər özləridir. Onlar yeniliyə qarşı müqavimət göstərirlər, təkmilləşmək istəmirlər. Kurrikulum 9 ildir tətbiq olunur, 9 ildir hamı narazıdır, amma 9 ildir heç kim peşəkarlaşmaq üçün mübarizə aparmır. Əslində, kurrikulum çox gözəl tədris üsuludur, təlim metodikasıdır. Ən çox valideynlər və müəllimlər narazıdırlar. Keçirilən mövzu böyük summativ qiymətləndirmə, kiçik summativ qiymətləndirmə, formativ qiymətləndirmə ilə ay ərzində bir neçə dəfə həyata keçirilməlidir. Amma bu, reallıqda öz əksini tapmır. Sənəd üzərində hər bir müəllim guya, bunu edir. Amma fakt budur ki, bu, həyata keçirilmir. Konkret statistik məlumatlarla danışım. Bizim məktəblimiz qapalı testlərə, yəni, konkret cavabı olan suallara öyrəşmişdi. Hətta, elə suallarda belə imtahanda iştirak edənlərin yalnız 64 %-i müsbət qiymət alırdı. 35 % faizdən çoxu öz ana dilindən 2 qiymətini alırdı. Məsələn, keçən il  statistik rəqəmlərdə öz ana dilindən 2 alan şagirdlərin sayı 35000 idi. Suallar isə kifayət qədər sadə idi. Bəs bunlar 9 il bu məktəbə niyə gediblər? Deməli, bizim məktəblərimizdəki müəllimlərin əksəriyyəti sadəcə görüntü xətrinə, sanki, parka istirahətə gəlirmişlər kimi dərsə gəliblər və “parkda” qeybət qırmaqla məşğul olublar. Bütün Azərbaycan təhsilinin qüsurlarının başında Azərbaycan müəlliminin fəaliyyəti dayanır. Azərbaycan təhsilinin hansısa bir uğuru orta məktəblərin uğuru deyil, repetitorların uğurudur. Bu, danılmaz faktdır. 

Açıq suallara gəlincə, ali məktəblərə qəbul zamanı açıq tipli test modellərindən istifadə olunur. Təsəvvür edin, yüksək səviyyədə hazırlaşmış abituriyentlərin belə cəmi 16 %-i açıq suallara cavab verə bilir, 84 %-i isə cavab verə bilmir. Bu, şagirdlərdə hər hansı bir biliyin formalaşması ilə nəticələnə bilməz. İndi açıq test tapşırıqları daha çox riyaziyyatdandır. Düşünürlər ki, bununla şagirdlərin yazı və nitq qabiliyyətləri formalaşacaq. Mənə deyin, görüm, riyaziyyat sizdə hansı nitq qabiliyyətini formalaşdıracaq? Çox təəssüflər olsun ki, bu gün ali məktəblərə qəbul zamanı bütün ixtisas qruplarında riyaziyyat fənni var. Məqsəd budur ki, insanlar hesablamaları bilsinlər. Mən heç riyaziyyatdan imtahan verməmişəm, amma kifayət qədər riyazi əməliyyatları bilirəm. Əslində, buraxılış imtahanları qanunvericiliyə görə minimum bilik səviyyəsini ölçür. Siz oxumağı bilirsizmi? Siz 1-in üstünə 1 gələ bilirsizmi? Bu bacarıqlar yoxlanılmalıdır. Siz təhsil almaq hüququna maliksiz, amma bu imtahanlar sizi bu hüquqdan məhrum edir. Bəs o zaman siz 9 il nəyə görə getmisiz məktəbə? Bəs 9 il sizə nə keçilib? Mən bu imtahanların düzgün olmadığını hesab edirəm. Tərtib olunmuş test tapşırıqları şagirdlərin yaş və digər mental psixologiyaları ilə uyğun deyil. Tələb olunan standartlar özünü bu test tapşırıqlarında doğrultmur. Mən hesab edirəm ki, növbəti illərdə istər buraxılış imtahanlarında, istər ali məktəblərə bəzi ixtisas qrupları ilə qəbul imtahanlarında riyaziyyat fənni çıxarılmalıdır. Əvəzinə ədəbiyyat və tarix fənləri salınmalıdır. Sizin nitq qabiliyyətiniz sorğulanırsa, burada riyaziyyat hansı rolu oynaya bilər?  Fikrimcə, bu, onsuz da bərbad vəziyyətdə olan imtahan nəticələrini daha da pis vəziyyətə salacaq. Məncə, buraxılış imtahanlarında valideynlərin narazılıqları haqlıdır, amma müəllimlərin narazılıqları haqlı deyil. Çünki meydana buraxılmış döyüşçülər onların əsgərləridir. Əgər əsgərlər zəif nəticə göstərirlərsə, uğursuzluq əldə edirlərsə, günahkar onu təlim edən rəhbərdir. Günahkarlar təhsil müəssisələrinin müəllimləri və direktorlarıdır. Bilirsiz, direktorlar keçirilən summativlərlə heç maraqlanmırlar. Çünki direktorların işi təşkilati işlərdir, qısaca, əhəmiyyətsiz işlərdir. O baxmır ki, mənim müəllimim buraxılış imtahanlarında heç olmasa summativ qiymətləndirməni eləyirmi? Necə eləyir? Müəllimlər isə bilirsiz nə edirlər? Adı kurrikulum olsa da, ənənəvi testləri qoyurlar şagirdlərin qarşısına ki, al, bu da sənə summativ qiymətləndirmə. Buraxılış imtahanları bu formatda aparılmamalıdır. Bu çox yanlış yanaşma tərzidir və mən bunu müsbət hesab etmirəm.

-Peşə təhsili ilə Avropa ölkələrində insanlar rahat şəkildə iş də tapırlar, pul da qazanırlar. Ancaq bizdə bu sahədə vəziyyət ürəkaçan deyil. Peşə təhsilinin inkişafı üçün nələr edilə bilər?

- Təəssüflər olsun ki, Azərbaycanda peşə məktəbləri hələ də 70-ci illərdə qalıb. Onların avadanlıqları, onların idarəçiliyi, kitabları və sair. Bizdə belə bir mental xüsusiyyət var. Peşə məktəblərinin inkişafı ilə bağlı dövlət strategiyası olsa belə, bu, reallıqda həyata keçirilmir. İlk növbədə bu sahəyə marağın artırılmasını təmin etməkdən ötrü bu və ya digər əmək bazarında iş olmalıdır. Bu gün ali məktəbləri bitirmiş 84000 əli diplomlu insan iş tapa bilmir. Söylədiyim rəqəm hələ sadəcə müəllimlik ixtisası üzrədir. Bizim ölkə insanımızın sadəcə 17 %-i ali təhsillidir. Bəli, hər 1000 nəfərdən 126 nəfəri ali təhsillidir. 85 nəfəri isə peşə məktəbini bitirib. Təəssüflər olsun ki, bu gün əmək bazarında çalışanlar peşə məktəbini bitirənlər deyil. Bu gün bizim sürücümüz, bazardakı satıcımız ali təhsillidir. Halbuki ali təhsilin məqsədi bu deyil, əmək bazarı üçün kadr hazırlamaqdır. Dövlət öz ehtiyacları üçün kadr hazırlığını qısa müddətdə peşə məktəbləri ilə həyata keçirməlidir. Ali təhsil uğur əldə etmək üçün meyar deyil. Siz bitirdiyiniz ixtisas üzrə işlə təmin olunduqda 300-500 manat maaş alacaqsız. Amma siz yaxşı peşə məktəbində oxusaydız, daha çox pul qazanardız. Bizdə belə bir düşüncə var ki, hər kəs ali təhsil almalıdır. Bu gün diplom bizim xanımlar üçün cehiz materialıdır, oğlanlar üçün isə üstünlük meyarıdır. Çünki ali təhsil sadəcə mental dəyər olaraq qəbul edilir. Ali təhsil almaq bir mədəniyyətdir, bir əxlaqdır. 

Amma peşə məktəbi, elə adı üzərindədir, sizin sabah əmək bazarında uyğun iş tapmağınızı daha çox asanlaşdırır. Məsələn, siz gələcəkdə jurnalist olaraq işləməyə davam etsəniz, 500-600 manat maaş alacaqsınız. Amma zərgər olaraq çalışsaydınız, siz bu məbləği, hətta, bir günə belə qazana bilərdiniz. Azərbaycan ali təhsil müəssisələrinə 140 ixtisas üzrə qəbul aparır. Amma bu ixtisasların cəmi 16-sında real iş imkanı var. Digərləri üçün əmək bazarında iş yoxdur. Onlar sonradan peşə üzrə işləməyə məcbur olurlar. 4 il itirməkdənsə... Hal-hazırda Azərbaycanda 106 dənə peşə məktəbi var. Amma əmək bazarında onların işçiləri yoxdur. Yalnız 4 %-in nümayəndələrinə rast gəlmək olar. Peşə məktəbləri bir tərəfə, qohumunuzdan, dostunuzdan, tanışınızdan harda oxuduğunu soruşsanız, o sizə utandığından kollecdə oxuduğunu deməyəcək. Hətta, institutda və ya hansısa universitetin kitabxanaçılıq fakültəsində oxuduğunu belə deməyəcək. Bizim mental xüsusiyyətimiz bizim inkişafımıza zərbə vurur. Sanki, peşə məktəbində oxumağımız bir qüsurdur, bir ayıbdır. Mənim tanıdığım biznesdə kifayət qədər uğur əldə etmiş şəxslər var ki, heç orta məktəbi 9-cu sinfə qədər oxumayıblar. Bu o demək deyil ki, heç kim orta məktəbdə 9-cu sinfə qədər oxumasın. Bilik və bacarıqlarına uyğun olaraq əmək bazarında formalaşmalıdırlar. “Mən mütləq 600 bal toplayıb hüquqa və ya tibbə qəbul olmalıyam”. Mən qan görəndə, qorxuram, mən cinayətkar görəndə, qorxuram, amma mən qonşunun gözünə girməkdən ötrü, mənim valideynimin hansısa bir məclisdə qürurla, sevinclə “mənim övladım universitetdə oxuyur” deməsindən ötrü qəbul olmalıyam. Nə qədər ki, bu düşüncələr var, peşə məktəblərinə nə maraq qalacaq, nə də ki, insanlar meyl edəcəklər. Hər kəs düşünməlidir ki, bu gün Azərbaycanda ali məktəbdə oxuyan 160000 nəfərin hamısını əmək bazarında işlə təmin etmək mümkün deyil. Deməli, bunun əvəzinə digər istiqamətlərə meyl etmək lazımdır; kolleclərə, peşə məktəblərinə.

-Amerikanın top onluğuna girən universitetlərin doktoranturasını bitirənlərdən Azərbaycanda yenidən elmlər doktoru olmaq üçün doktorluq dissertasiyası müdafiəsi tələb olunur. Bunu nə dərəcədə doğru sayırsız?

-Çox düzgün deyirsiz. Bir az aşağı pillədən başlayım. Magistr Avropa - Amerikada elmi dərəcə hesab olunur. Amma Azərbaycanda isə təhsil pilləsidir. 2009-cu ildən təhsil haqqında qanunda da göstərilir ki, magistr elmi dərəcədir. Siz magistr oxuduğunuza görə sizin əmək haqqınıza əlavələr edilməlidir və adınızın qarşısına master yazılmalıdır. Bu, dünyada belə qəbul edilib. Amma bizdə adi haldır, hə magistraturadır da, boş şeydir. Çünki biz hələ də sovet dönəmindən çıxa bilməmişik. Bilirsiz, Azərbaycanda 35 yaşdan aşağı elmlər doktoru yoxdur. Halbuki, dünyada bu, 26-27 yaşdır. Bizim ən gənc elmlər dokturumuzun 50-dən çox yaşı var. Azərbaycan elmi qocalıb, Azərbaycan elm adamı qocalıb. Azərbaycanda bir dənə də olsun 60 yaşdan aşağı akademik yoxdur. Halbuki, dünyada bu, 35 yaşdır. Azərbaycanın ali təhsil müəssisələrində olan professorlar, elmlər doktorları özlərini sovet dövründə hesab edirlər. Dünyada nüfuz qazanmış universitetlər var ki, onların elmi sənədləri hər bir halda birbaşa qəbul edilir. Bu gün xaricdə oxuyanların 71 %-inin diplomu tanınmayıb. Halbuki, o universitetlərin reytinq dəyərləri Azərbaycan universitetlərindən dəfələrlə öndədir. Təsəvvür edin, dünyanın reytinq siyahısında ilk minlikdə Azərbaycanın bir dənə də olsun universiteti yoxdur. Amma təhsil haqqına görə Azərbaycan universitetləri ilk yüzlükdəki universitetlərdən öndədir. Bizim ali təhsil müəssisələrimiz dövlət büdcəsinə yükdür. Bu, ayıbdır. Mən bunu həmişə deyirəm ki, Azərbaycan universitetləri altıncı barmaq kimidir. Kəsə də bilmirsən, incidəcək. Nə edək? Fiziki qüsurumuzdur təhsilimiz. Mən hesab edirəm ki, elmi dərəcə hesab olunan sənədlər istənilən halda tanınmalıdır. Diplomların tanınması ilə bağlı dünya təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Niyə? Çünki bu sahədə çalışanların dünya təhsilindən anlayışları yoxdur. Birbaşa qərar qəbul edilməlidir  və dünyanın reytinq siyahısında müəyyən yerdə olan universitetlərin istər bakalavr, istər magistratura, istər doktorantura pilləsində olan sənədləri qeyri-şərtsiz olaraq tanınmalıdır. Çünki bir insan bir pillə üzrə yalnız bir dəfə müdafiə etməlidir. Qeyd etdiyiniz məsələ yanlışdır. Mən bunu düzgün yanaşma tərzi hesab etmirəm.

-Sizcə, universitetlərdə tələbə müəllim arasında qeyri-şəffaf münasibətlərin yaranmasının qarşısını almaq üçün ən effektiv üsul hansı hesab edilə bilər?

-Bizim insanımızda rahatlıq var. İstəyir ki, əziyyət çəkmədən imtahanlardan keçsin, əziyyət çəkmədən diplom alsın. Qeyri-şəffaf münasibətin yaranmasına ilk olaraq mental dəyərlər təsir göstərir. İkinci təsir göstərən məsələlərdən biri ali təhsil müəssisələrinin tədris planıdır. Yəni, atın qabağına ət, itin qabağına ot qoyurlar. Məsələn, tutaq ki, jurnalistika fakültəsində riyaziyyat fənni tədris olunur. Qeyri-ixtisas fənnidir. Bu zaman həmin tələbə məcbur olur ki, qeyri-şəffaf yollara əl atsın. Azərbaycanda nümunəvi ali təhsil müəssisələri də var, hansı ki, orada qeyri-şəffaf mühit yoxdur. Həmin universitetlərə misal olaraq Ali Neft Məktəbi, ADİU və ADA-nı göstərmək olar. Təbii ki, bunda rəhbərlərin rolu var. O öz müəssisəsində şəffaflıq olmasını istəyirsə, özü nümunə olmalıdır. Rəhbərlər özləri nümunə olsalar, qeyri-şəffaf münasibətlərə yol vermiş şəxsləri cəzalandırsalar, o zaman belə hallar olmayacaq. Azərbaycan universitetlərinin hamısı tələbənin təhsil haqqı ilə maliyyələşir. Universitetlərin gəliri kifayət qədərdir. Amma onlar bu gəlirləri universitetin inkişafı üçün yox, öz şəxsi bizneslərinin inkişafı üçün istifadə edirlər. Bizim rektorların əksəriyyəti biznesmendir, bazar müdiridir, alverçidir və universitetə də alverçi təfəkkürü ilə yanaşırlar. İmtahan vaxtı tələbələri yalandan kəsirlər ki, alt qrupda otursunlar, rüşvətin qanuni forması olan kreditlərini ödəsinlər. Deyirlər ki, bizdə rüşvət yoxdur. Sizdə rüşvət yoxdur, amma imtahan prosesini o qədər qeyri-formal edirsiz ki, o qədər qeyri-sağlam mühit yaradırsız ki, hər universitetdə 40 %-dən çox tələbə alt qruplarda oturur. Normal mühiti olan universitetlərdən biri də Qərb və Xəzər universitetləridir. Xəzər universiteti olduqca ideal bir universitetdir. 

Bütün ali təhsil müəssisələrində sağlam mühit istəyiriksə, ilk olaraq siyasi iradə lazımdır. O universitetlərdə rüşvət və qeyri-qanuni tələblər var ki, həmin müəssisələrin rəhbərləri hələ də sovetin kadrlarıdır, müstəqilliyimizin məhsulları deyillər. ADNSU və ADUİ-nun rektorları tələbələrlə bərabər gəzirlər. Amma başqa universitetlərin rektorları gəzəndə, yanlarında bir neçə qatlı mühafizə xidməti daşıyırlar. Siz prezidentin qəbuluna daha rahat düşə bilərsiz, nəinki, onların. Onlar özlərini toxunulmaz şəxs hesab edirlər. Onlar hesab edirlər ki, tələbələr Hindistanda olduğu kimi başqa təbəqənin nümayəndələridirlər, murdar insanlardılar (gülür). Müəllimlər sovet dövründən qalıblar, o dövrdə yazdıqları dissertasiyaları, mühazirələri oxuyurlar, həmin o saralmış vərəqləri oxuyurlar, kitabları hələ də tələbəyə sırıyırlar. Bunların olduğu müddətdə biz heç bir inkişafdan danışa bilmərik. Bu gün bir çox universitetlərin kitabxanaları sevgililərin görüş yeridir. Sakit yerdi, gedib oturublar. Siz bunu gedib ADA-da, Xəzər Universitetində görə bilməzsiz. Amma əksər universitetlərdə görə bilərsiz, sevgililər rahat şəkildə kitabxanada oturublar. Tələbə gününün əksəriyyətini restorana oxşayan universitet bufetində keçirir. Dərs zamanı belə. Çünki o universitetdə sağlam mühit yoxdur.  Nə qədər ki, belə olacaq, biz Azərbaycan ali təhsil müəssisələrini dünyanın nəinki ilk minliyində, heç iki minliyində də görə bilməyəcəyik. Hal-hazırda təhsil bətndə ölmüş uşaq kimidir, azad olmaq isəyirsən. Azərbaycan yeganə ölkədir ki, insanlar pul verirlər ki, bizə təhsil verməyin. 

-Adətən, Qərb təhsil sistemində universitet, iş yerləri və əmək birjası arasında çox güclü əlaqə olur. Nəticədə universiteti bitirib işsiz qalanlar nadir hallarda olur. Bu sistemi Azərbaycanda necə tətbiq etmək olar?

-Çox doğru vurğuladınız. Azərbaycanda təəssüf ki, bu mexanizm yoxdur. Dövlət sifarişli əsaslarda çox böyük bir boşluq var. Sifarişi dövlət verir. Sifarişi verən zaman qeyd olunmalıdır ki, 4 ildən sonra siz harada işlə təmin olunmalısınız? Dünyada böyük şirkətlər özləri ali təhsil müəssisələrinə sifariş verirlər ki, 4 ildən sonra mənim biznes planıma uyğun bu və ya digər göstəricilərə malik olan kadr yetişdir. Bu, bizdə yoxdur. Bizdə işə qəbul zamanı tələblər var. İngilis dilini bilməlidir, fransız dilini bilməlidir, bu və ya digər üstünlüklərə, keyfiyyətlərə malik olmalıdır. Bəs sizin ali təhsil müəssisələriniz həmin keyfiyyəti sizə verirmi? Təəssüf ki, ali təhsil müəssisələrinin vermədiyi tələblər işə qəbul zamanı tələb olunur. Bizim əmək bazarı bizdən bizə verilməyəni istəyir. Başlıca yanlış məhz budur. 

-Son illərdə qəbul ballarının aşağı salınması gələcəkdə kadrlaşmada hansı problemləri yarada bilər?

-Bu, ciddi problemdir. Amma bir məsələ də var ki, abituriyentlərin ali məktəblərə qəbul zamanı topladıqları bal onların bilik göstəricisi deyil. Sizin 700 bal toplamağınız sizin savadlı olmağınız demək deyil. Test yalnız seçim üsuludur, bilik qiymətləndirmə mexanizmi deyil. Ola bilər ki, kimsə 200 bal toplayıb, daha peşəkar kadrdır, kimsə 700 bal toplayıb, istənilən halda, özünü itirir. Burada qəbul zamanı qüsurlu olan tərəflər də var. Güzəştlər. Məsələn, biri 250 bal toplayıb, amma tarix fənnindən 0 balı var. Gedib həmin o 0 bal topladığı ixtisasa qəbul ola bilər. Biabırçılıq bundadır. Tarixə getmək istəyirsənsə, sən tarixdən minimum 80 % biliyə malik olmalısan. Kadrlar orta məktəblərdə yetişmir, kadrları ali məktəblərdə yetişdirirlər. Bu gün bizim tələbəmiz 400 bal toplayıb tarix fakültəsinə qəbul olur. Müəllim tarixdən sual verir, tələbə cavab verə bilmir. Müəllim ona deyir ki, sən bilmirsən, sən savadsızsan. Bəs bu bura öyrənməyə gəlib də. Əgər bu hazır gələcəkdisə, daha universitetə niyə gəlirdi? Mən 4 il bakalavr, 2 il magistratura, 3 il də doktorantura oxumuşam. Mən bu 9 ildə oxuduğumun əvəzinə 4 ilə kitabxanada daha çox şey öyrənərdim. Deməli, bizim ali təhsil müəssisələrimiz bilik verə bilmir. Çatışmazlıq budur. 

Balların kütləvi şəkildə aşağı düşməsinin əsas səbəblərindən biri də insanlarda arxayınçılığın olmasıdır. Deyir ki, onsuz da 200 balla keçəcəm. 250-dir? Eybi yox, plan yerini doldurmaqdan ötrü endirəcəklər 200-ə. Universitetlər planı doldurmaqda maraqlıdırlar, keyfiyyətin olub-olmamasında yox. Ali məktəblərə birinci qəbul. Plan dolmadı, qardaş, birini də eləyək. Üçüncü var, gəl, xahiş edirəm, gəl. Tək məqsəd yerlərin dolmasıdır. Bu belə olmamalıdır axı. Sən 1 dənə adam qəbul elə, amma yetişdir və öz prinsipindən geri dönmə. Xaricdə 1000 plan yerindən 100-ü dolur, 900-u boş qalır. Keçidi aşağı salmırlar, çünki onlara müəyyən keyfiyyət lazımdır, öz prinsipiallıqlarını qoyublar ortaya. Amma bizimki nə edir? 250 qoy. “Yox e, dolmadı”. Salır 200-ə. Görür ki, yenə dolmadı. Sonra da “Ay qardaş, iki dənə fəndən 0-ın olsa da, gəl, problem yoxdu”. Axırda kampaniya keçirir: Birinci ilin pulunu ödəyənə ikinci ilin pulu hədiyyə. Üzr istəyirəm, elə bil bazarda kartof satırlar. Ali təhsil müəssisəsi dilənçi funksiyasını yerinə yetirməməlidir. Ali təhsil müəssisələri giriş qapısını açıq qoymalıdır, geniş eləməlidir, çıxış qapısını isə daraltmalıdır. Bizdə elə deyil. Məsələn, Liverpool universiteti hər il 110000 nəfər qəbul edir. Amma 4 ildən sonra cəmi 6000 adam bitirə bilir, 100000 nəfər semestrda kəsilir. Amma Azərbaycanda necədir? 30000 nəfər qəbul olur, 4 ildən sonra 40000 nəfər bitirir. Bunlar balalayırlar, çoxalırlar. Ordan gəlirlər, burdan gəlirlər. Bizdə ali məktəbə qəbul olmaq çətindir, bitirmək isə asandır. Amma bu, əksinə olaraq dəyişməlidir. Qəbul əlçatan olmalıdır, bitirmək çətin olmalıdır. Çıxış qapısı nə qədər daralsa, keyfiyyət də o qədər artar. Azərbaycan müəllimlərinin diaqnostik qiymətləndirməsi keçirildi, nəticələr biabırçılıq idi. Müəllim öz ixtisasından 10 % biliyə malik deyil. Təsəvvür edə bilirsiz? Siz öz bilmədiyinizi başqasına necə öyrədə bilərsiz? Ayıbdır, həqiqətən, çox ayıbdır.

-Xaricdə təhsil üzrə dövlət proqramının yeni formatı nə zaman elan olunacaq və hansı yeniliklər gözlənilir?

-Azərbaycan rəqabətə davamlı kadr hazırlığını həyata keçirməlidir. Buna görə də dövlət tərəfindən 2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı hazırlandı. Burada məqsəd budur ki, dünya təhsilini bilən, dünya iqtisadiyyatından anlayışı olan kadrlar gəlsin. Mən belə hesab edirəm ki, növbəti dəyişikliyə xaricdə təhsil alanların məcburi şəkildə geri qayıdıb burada işləmələri əlavə ediləcək.

 

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli