Azərbaycan Elm Assosiasiyasının həmsədri İnqilab Şahbazov: "Azərbaycan təhsilində öncə əzbərçilik aradan qaldırılmalı, onun yerini təhlilə əsaslanan təhsil sistemi tutmalıdır", Ali təhsilin sürətli inkişafı üçün sovet dövründə yetişərək müasir tələblərə uyğunlaşa bilməyən müəllimləri gənc kadrlar əvəzləməlidir, 08.06.2017 426

Azərbaycan Elm Assosiasiyasının həmsədri İnqilab Şahbazov: "Azərbaycan təhsilində öncə əzbərçilik aradan qaldırılmalı, onun yerini təhlilə əsaslanan təhsil sistemi tutmalıdır"

Ali təhsilin sürətli inkişafı üçün sovet dövründə yetişərək müasir tələblərə uyğunlaşa bilməyən müəllimləri gənc kadrlar əvəzləməlidir

-İnqilab bəy, öncə təhsil aldığınız elm mərkəzlərinə nəzər salaq. Uğurunuzda təhsilinizin önəmi nədən ibarət olub?

-Təhsil aldığım müəssisələr həm Azərbaycanda, həm də İngiltərədə olub. Azərbaycanda liseyi bitirdikdən sonra İngiltərədə təhsil almışam. Bakalavr təhsilimi sosiologiya üzrə İngiltərədə  Şeffild Universitetində bitirmişəm. Magistraturanı isə Ədliyyə sistemi və Kriminalogiya üzrə London İqtisadiyyat məktəbində bitirmişəm. Azərbaycan Elm Assosiasiyası təşkilatını komanda şəklində qurmuşuq. 2016-cı ilin dekabrında qurulub və rəsmi qeydiyyatdan keçib.Təşkilatımızın əsas məqsədi Azərbaycanda elmin inkişafına töhvə verəcək fəaliyyətlər və layihələr həyata keçirməkdir. Deyilməsi sadə, edilməsi çətindir. Layihələrin istiqaməti çoxdur. Əsas məqsədimiz elmi məlumatları auditoriyaya, sadə insanlara, elmi dərəcəsi olmayan insanlara belə maraqlı formada çatdırmaqdır. Bu elmi dili sadələşdirməkdir, əgər elmi dili sadələşdirə biliriksə bu bizim uğurumuzdur. Sadə formada: şəkillərlə, videoyla, qrafiklərlə və feysbuk vasitəsilə. Feysbukda bizim səhifəmiz var. Elm dünyası səhifəsidir. 107 mindən çox izləyicisi var. Bütün layihələrimiz internet saytımızda var. Azescience.org saytıdır. Başqa layihəmiz isə elmi seminarlar keçiririk. Bu seminarlarda adətən yüzə yaxın insan iştirak edir. Seminarların interaktivliyi onları maraqlı edir. Sadə dildə məlumatları çatdırırıq. Və gündən-günə seminarlara qarşı maraq artır. İndiyə kimi 3 seminarımız olub: kriminalogiya, psixologiya və alternativ enerji mənbələri üzrə. Seminarlarımızın da məqsədi elmi məlumatları sadə dildə insanlara çatdırmaqdır.

-Sağlamlıq imkanları məhdud insanlarla bağlı bir neçə araşdırmanın müəllifisiniz. Bu qrupdan olan insanların hazırda idarəetməyə daha çevik qoşulması üçün nələr edilə bilər?

-Bu mövzuda xeyli araşdırma aparmışam. Əsas məsələ budur ki, həmin insanlara qarşı ictimai baxış müsbət istiqamətdə dəyişsin. Eyni zamanda onların inteqrasiyası üçün işlər görülsün. Onların inteqrasiyasını sürətləndirmək idarəetməyə cəlb etməkdir. Azərbaycanda bu istiqamətdə işlər digər ölkələrə görə geri qalsa da, amma əvvəlki illərə görə müəyyən irəliləyişlər var. İstər maarifləndirmə istiqamətində, istərsə də ictimai yerlərdə, infrastrukturun müyəssər formaya gətirilməsi üçün işlər görülür. 10-15 il əvvələ görə o insanlar şəhərdə daha rahat gəzə bilərlər. İnsan evdən çıxıb gəzə bilmirsə idarəetməyə cəlb oluna bilməz. Ona görə düşünürəm ki, ilk növbədə infrastrukturdur. Bu işlər görüləndən sonra onların idarəetməyə cəlb olunmasından danışa bilərik. Təəssüf ki, indi istər dövlət orqanlarında, istərsə də özəl şirkətlərdə onları görə bilmirik. Əsas fundamentdir. Fundamentdə problem var. O insanlara baxış ictimaiyyətdə müsbət deyil, ona görə şəhərdə rahat gəzə bilmirlər. Düzdür onlar üçün kitabxanalar yaradılır, Brayl əlifbasında çap olunurlar. Təqdirə layiq addımdır, amma yenə də böyük çatışmazlıqlar var. Bütün bunlar idarəetməyə gedən yolda həmin insanlara problemlər yaradır. Digər ölkələrdə fundament var, o insanlar üçün şərait yaradılıb. İnfrastruktur yaxşıdır. İctimai baxış dəyişib. Məsələn, Amerikada dövlət qurumları üçün belə kvota qoyulub. İşçilərin müəyyən faizi fiziki məhdudiyyətli insanlardan ibarət olmalıdır. Onların bir qismi mütləq idarəetmədə olmalıdır. Vakansiyaya müraciət də belə biri varsa və onun sənədləri bu iş üçün uyğundursa o mütləq seçilməlidir. Bizdə belə bir şey yoxdur. Amma yaxın gələcəkdə olmalıdır. Çünki ölkəmiz dünyaya inteqrasiya etdikcə həm dövlət orqanları, şirkətlər, ictimaiyyət fiziki məhdudiyyətlilərə qarşı mütləq dəyişəcək.

-Avropa təhsili görən biri kimi sizcə, Azərbaycan ali təhsilində nələrin dəyişməsi daha çox uğur əldə etməyə imkan verərdi?

-Birinci odur ki, əzbərçilik dəyişməli təhlil yanaşması gəlməlidir. Orada təhsil alanda bizdən  heç vaxt əzbər olaraq nəsə istəməyiblər. Çünki bizim qarşımıza qoyulan suallar elə quruluşda olurdu ki, mən onun əzbər formada izahın verə bilməzdim. Mütləq bu dəyişməlidir. Mən kadr departamentində işləyən insanlar tanıyıram deyirlər ki, bəzi insanlar var ki, dövlət qəbul imtahanın yüksək balla keçir, amma fundamental suallar verirsən cavab verə bilmir. Adi məsələ qoyursan həll edə bilmir, çünki bu insanın təhlil bacarığı yatıb. İllər boyu heç vaxt bunu istifadə etməyib. Təhsil sistemi tələb edir ki, sən əzbərçilik prinsipi əsasında hər şeyi əzbər biləsən. İnsanlara sual qoymalıyıq ki, belə bir problem var onu necə həll edə bilərsən. Dünyadan real nümunələr verilməlidir. Biz İngiltərədə adətən real nümunələrlə işləyirdik. Məsələn deyirdilər ki, təsəvvür et sənin ölkəndə həbs olunan insanların sayı çoxalıb. Bu sosial və maddi problem yaradır. Sən bu problemi necə həll edə bilərsən? Kimi suallar qoyulurdu. Və biz bu haqda esse yazmalı olurduq. Bir sözlə insanın beynini daim hərəkət etdirirdilər. İkinci dəyişməli olan müəllim heyətidir. Çünki müəllimlərin əksəriyyəti sovet dövründən  gələn insanlardı və o dövrdə müəllimliyə başlamış hazırda da müasir dünyaya tam inteqrasiya etməmiş insanlardır. O müəllimlər pensiyaya göndərilməli, onların yerinə daha gənc kadrlar gətirilməlidir. Çünki gənc kadrlar müasir dövrün nəbzini daha yaxşı tutur, ən azından texnologiyadan anlayışları var, başqa dilləri bilir, sırf rus dili ilə məhdudlaşmırlar. Dünyanın nəbzini tutan insan da əminəm ki, tələbələrə müasir dövrün problemlərini araşdıraraq, müasir üsullardan istifadə edərək məlumatlar çatdıra bilər.

-Avropada təhsil almaq Azərbaycan gəncinə hansı üstünlük verir? Avropa təhsil almaq istəyənlərə tövsiyəniz nədir?

-Burada olan üstünlükləri saysam bitməz. Üstünlük ondan ibarətdir ki, onların təhlil etmək bacarığı artır. İkinci üstünlük budur ki, onlar tək universitetdə nəsə qazanmırlar, ictimaiyyətə çıxanda da nəsə qazanırlar. Orada aldığın biliyin 30-40%-i universitetin üzərinə düşür, 60-70%-i  cəmiyyətdir. Cəmiyyət yaşamağı, dünyaya başqa cür baxmağı öyrədir və daim özünü inkişafa meylləndirir. Çünki sənin ətrafında bütün insanlar özünü inkişafa çalışır. Sən rəqabətdə onlara yalnız bilikdə üstün gələ bilərsən. Biliyin yoxdursa geridə qalacaqsan. Bu da səni məcbur edir ki, şəxsi inkişafa böyük önəm verəsən. Üçüncü üstünlük isə orada qaldıqda dil bacarıqları inkişaf edir, əlavə dil öyrənirsən. Dil öyrəndikcə isə böyük ədəbiyyata açılırsan. Ona görə ədəbiyyat deyirəm ki, burada oxuyanlar çox vaxt dərsliklərin müasir dünyaya uyğun olmadığından şikayət edir. Məsələn deyir ki, kriminalogiya haqqında məlumat tapa bilmirəm. Rus dilində olan çoxdanındır, azərbaycan dilində də köhnədir. Yeni dərs vəsaiti lazımdır. İngiliscə tapır, amma oxuya bilmir. Xaricdə oxuyan insan fransız, ingilis, alman hansını öyrənsə avtomatik olaraq böyük bir xəzinəyə qapısı açılır. Mən ingilis dilini bilməsəydim gördüyüm işlərin böyük hissəsini görə bilməyəcəkdim. Onların həyata keçirmə metodlarını, nəzəriyyəsini öyrənə bilməyəcəkdim. Tövsiyəm isə odur ki, əgər xaricə getməyi məqsəd qoyubsunuzsa çalışın indidən özünüzü hazırlayın. Təhlil bacarıqlarını inkişaf etdirin və özünüzü təhlilçi kimi formalaşdırın. Bu həm humanitar, həm də dəqiq elmlərə aiddir. Və xaricə getməmişdən əvvəl dil biliklərini inkişaf etdirin ki, orada adaptasiyaya çətinlik çəkməyəsiniz. Üçüncü isə ailənizdən uzaq qalmağa öyrəşin.

-Azərbaycanda sosial elmlər sahəsində son illər demək olar ki, sorğular, diqqətçəkən araşdırmalar yoxdur. “Sosioloji nəzəriyyələr: E.Dürkheym, K.Marks və M.Veber” adlı kitabınız ictimaiyətə təqdim olunub. Bu kitabda insanlara əsasən nəyi çatdırmaq istəmisiniz? Bu sahədə növbəti araşdırma, kitabınız nəylə bağlı olacaq?

-Birinci məqsədim o idi ki, bayaq dediyim vəsait çatışmazlığı probleminə töhvə verim. Kitabı 2012-ci ildə yazmağa başladım və araşdırma aparanda gördüm ki, tələbələr və müəllimlər də vəsait çatışmazlığından şikayət edirlər. Xüsusən də bu mövzularda. Ona görə ki, istənilən sosiologiya tələbəsi birinci olaraq bu mövzunu keçməlidir. Yəni bu sahədə, nəzəriyyəni yazanlar haqqında bilməyən adam sosioloq ola bilməz. Fundamental əhəmiyyəti var deyə düşündüm ki, bunu yazaram, faydalı olar. Eyni zamanda kitabda nələr var desək: Üç şəxsin nəzəriyyələrinin sadə dildə yazılmış formasıdır. Çalışmışam heç bir elmi, mürəkkəb ifadələrdən istifadə etməyim. Mümkün qədər sadə dildə yazım, nümunələr verim. Və orada bir sosioloq necə çalışmalıdır, dünyaya necə baxmalıdır, onun yanaşması necə olmalıdır, sosialogiyadan istifadə edərək dövləti necə inkişaf etdirə bilərik, bu haqda məlumatlar əks olunub. Kitab çap olunduqdan sonra qısa müddətdə Azərbaycan universitetləri arasında yayıldı. Təbii ki hamısında yox, sırf humanitar sahəyə meylli, sosiologiyanın keçirildiyi universitetlərdə. İdarəetmə Akademiyası, Xəzər Universiteti, Bakı Dövlət Universiteti, İqtisad. Yüzdən çox tələbə bu kitabdan istifadə edir, həmçinin müəllimlər. Bununla bağlı bir neçə dəfə dəvət olunmuşam, kitabla bağlı mühazirə demişəm. Həm kitab haqqında, həm də tələbələr imtahana hazırlaşanda onların suallarını cavablandırmışam. Kitabın faydaları gözləntilərimdən çox oldu. Yeni mövzu var kitab yazmağa. Amma açıqlamayacam. Dəqiqləşdirib, üzərində işləyirəm. Amma mütləq növbəti bir neçə kitablar olacaq. Kitabdan başqa da daha kiçikmiqyaslı elmi işlər olacaq.

-Ədliyyə və hüquq-mühafizə  orqanlarının işi sizin araşdırma və tədqiqatlarınızın mövzusudur. Bu sahədə Azərbaycanda nələr etməyi və hansı istiqamətdə təlimlər keçməyi düşünürsünüz?

-İndiyə kimi apardığım araşdırmaların içində bir-ikisi bu sahəyə aiddir. Əksəriyyəti sosial və iqtisadi sahələrə aiddir. Ona görə ki, bizdə bu haqda araşdırmalar tələb olunmayıb. Tələb olmayanda təklif də olmur. Boş vaxtımda araşdırmışam, amma çox üzərinə düşməmişəm. Nəzərimdə var ki, bu il Elm İnkişaf Fondunun ayırdığı qrant vasitəsilə bu sahədə böyük bir araşdırma aparım. Azərbaycanda alternativ cəzalandırma metodları haqqında. Həm Azərbaycan vəziyyəti, həm də dünya reallıqları. Bunları öyrənim təhlil edim və dövlətə təkliflər paketi hazırlayım və təqdim edim. Bu mənim Azərbaycanla bağlı ilk böyük araşdırmam olacaq. Alternativ cəzalandırma metodlarını ona görə seçmişəm ki, həm maraq dairəmdədi, həm də aktual mövzudur. Bu yaxınlarda prezident bununla bağlı sərəncam imzalayıb. Və bu istiqamətdə işlər gedir, strategiya hazırlanır. Mənim də o strategiyaya töhfəm olsun yanaşmasında bu araşdırma mövzusunu seçdim.

-Eyni anda bir neçə mərkəzdə tədqiqat və araşdırmalarla məşğulsunuz. İşdən sonra vaxtınızı necə keçirməyi xoşlayırsınız?

-Əslində bəzən işdən sonra da evdə işləyirəm. Bundan başqa adətən idmanla məşğul oluram. Mən 2010-cu ilə qədər Stend atıcılıq komandasının üzvü olmuşam. Yəni marağım var, hobbi kimi indi də məşğul oluram. Başqa isə gəzməyi sevirəm. Yəni hamısı idmanın başındadır.

-Sizcə qarşısındakı hədəfə çatmaq üçün insanlarda hansı  xüsusiyyətlər olmalıdır?

-Birinci odur ki, gərək nə problem çıxdı geri addım atmayasan. Bunu deyirəm, amma mən bu keyfiyyəti əldə edənə kimi çox əziyyət çəkdim. Adətən özüm də bir problem görəndə tez əsəbləşirdim və düşünürdüm niyə bu olmur yəqin ki, mənlik deyil. Amma anladım ki, mənlik deyil desəm heç vaxt uğur əldə edə bilmərəm. Maddi və mənəvi cəhətdən nəsə itirirdim bir-iki dəfə səhv olurdu, amma üçüncü də alınırdı. Gördüm ki, uğurlu olmaq üçün mütləq dirənməlisən, axıra qədər getməlisən ki, işin mahiyyətini dərk edib uğurla həyata keçirəsən. Bütün problemlərə baxmayaraq, gərək dözəsən. İkinci isə cəhd etməlisən, bu elə birinci amilə bağlanır. Özümlə bağlı nümunə deyim. Kitabı yazmaq 2011-ci ildə ağlıma gəldi, amma yazmağa 2012-ci ildə başladım, çünki cəhd edə bilmirdim. Düşünürdüm ki, cəhd etsəm, yarıda qalacaq, vaxtım gedəcək, əziyyətim hədər olacaq. Axırda gördüm ki, belə kitab ərsəyə gəlməyəcək. Sonda ciddi cəhd elədim. Ciddi araşdırma apardım, insanlarla danışdım ki, kitab lazımdırmı, maraqlı olarmı. Özümə elmi redaktor, rəyçi tapdım. Çətin oldu. Amma hamısını tapandan sonra iş rahat oldu. Əsas cəhd etməkdir. Üçüncü isə yaş artdıqca görürəm ki, ətrafında gərək düzgün insanlar olsun. Heç kəs böyük işi tək görə bilməz. Mütləq ən azı bir nəfər kömək etməlidir. Ailədən, dostlardan, qohumlardan kimsə olmalıdır. Əgər ətrafında düzgün insanlar varsa, uğur əldə etmək daha rahat olacaq. Hazırda Azərbaycan Elm Assosiyasının sədriyəm. Təşkilatı yoldaşlarımla bir yerdə yaratmışam, tək yaratmamışam. Ətrafımdakı insanlar oxuyan, çalışqan, aktiv olmasaydılar yarada bilməzdim. Dostların çox böyük rolu var. Ətrafın, dostların, cəhd etməlisən və yalnız düşünməli deyilsən, həm də reallaşdırmalısan. Əsas başlamaqdır, ondan sonra gedir.

-Azərbaycanda gənclər, eləcə də uğur qazanmaq istəyən insanlara hansı mesajı vermək istəyərdiniz?

-Ümumiyyətlə hər bir ölkənin reallıqları, vəziyyəti, imkanları var. Eyni ilə bizim ölkənin də. Və bu imkanları tapıb dəyərləndirmək lazımdır. Ona görə ölkə faktorun qeyd edirəm ki, özüm də İngiltərədə oxuyanda düşünürdüm ki, bir iş İngiltərədə və ya Amerikada uğurla aparıla bilirsə onu Azərbaycana qayıdanda tətbiq edəcəm. Gəldim, gördüm ki yox. Çünki bizim reallıqlar, insanlar başqadır. Bunu Azərbaycanda reallaşdıra biləcək komandam yoxdur. Çünki sinif yoldaşlarım mənimlə İngiltərədə oxumayıb, ya da İngiltərədə mənlə oxuyanları bura gətirə bilmərəm. Ona görə tez istiqamətimi dəyişdim və tələbata uyğun, eyni zamanda innovativ işlər görməyə çalışdım. Məsələn, İqtisadi Sosial İnkişaf Mərkəzində çalışanda elə mövzular var idi mən araşdırma apara bilmirdim, çünki o barədə məlumat yox idi. O barədə intervyu komandası qura bilmirdim. Məcbur olaraq mövzunu dəyişirdim, daha az güc tələb edən, amma daha aktual bir məsələni araşdırırdım. Ona görə də əsas odur ki, real vəziyyəti görüb qorxub qaçmayasan. Çalışasan ki, vəziyyətə uyğunlaşasan. Təbii ki, hər kəs uyğunlaşa bilmir. Elə insanlar var ki, onların ideyası heç cür Azərbaycanda reallaşa bilməz. Digər hansısa ölkəyə getməlidir. Elə insana deyə bilmərəm ki, qal Azərbaycanda cəhd elə alınacaq. Çünki elə sahələr var ki, Azərbaycanda fundamenti yoxdur, universitetlərdə o sahədə təhsil verilmir, müəllim yoxdur, professor yoxdur. Ən əsası komandan yoxdur və tək heçnə edə bilməzsən. Ona görə də vəziyyətə uyğunlaşmaq lazımdır.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli