Tələbə bitboksçu İlkin Məmmədov: Bəzi səsləri çıxarmaq üçün 1 gün, bəzən isə 1 ay məşq etməli olursan, "Təzə başlayanda yaşlı qohumlarım "Ay bala, özünə iş tap, bu sənət deyil" cümləsini mütləq ki, deməli idilər", 02.02.2018 646

Tələbə bitboksçu İlkin Məmmədov: Bəzi səsləri çıxarmaq üçün 1 gün, bəzən isə 1 ay məşq etməli olursan

"Təzə başlayanda yaşlı qohumlarım "Ay bala, özünə iş tap, bu sənət deyil" cümləsini mütləq ki, deməli idilər"

-Bitboks nə deməkdir? Bu sənət Azərbaycanda nə vaxtdan yaranmağa və məşhurlaşmağa başlayıb?

-Bitboks, ingilis dilində iki sözdən əmələ gəlib: beat-döymək, box-qutu. Yəni, qutu döymək. Bitboks Azərbaycanda son 4-5 ildə məşhurlaşıb, amma dünyada artıq 2000-ci illərdən məşhurdur. Bir çox yerlərdə öncə küçə sənəti kimi başlayıb, sonradan artıq sənət olaraq Hip Hop'un beşinci növü kimi məşhurlaşıb. Azərbaycanda ilk olaraq həvəskarlar olub. Yəni, bitboks dərsləri olmayıb, xaricilərdən, youtube'dan, internetdən kim maraqlanıbsa, öyrənib. Bununla məşhurlaşıb. İlk mərhələ bu olub. Daha sonra Azərbaycanda bitbokser'lərin sayı artıb. Hətta, bu ildən dünya çempionatına qoşulan azərbaycanlı bitbokser də var. Yəni, bacarıq səviyyələri ildən-ilə artır.

-Necə oldu ki, bu sənətlə məşğul olmağa qərar verdiniz? Ailənizin, yaxın çevrənizin bu məşğuliyyətlə maraqlanmağınıza reaksiyası necə oldu? Xüsusilə də, yaşlılar sizin bu cür səslər çıxardığınızı eşidəndə nə deyirlər?

-Maraqlı sualdır. Təxminən, doqquz-onuncu sinifdə oxuyurdum. Türkiyədə yayımlanan "Yetenek sizsiniz Türkiye" proqramını izləyirdim. İlk dəfə belə bir sənəti orda  görmüşdüm. Heç adını da bilmirdim. Amma çox maraqlı gəlmişdi. Proqramda izlədikdən sonra araşdırmağa başladım. Adını bilmədiyim üçün youtube'da "ağızla çıxarılan musiqi səsləri" yazıb axtarırdım ki, bəlkə uyğun videolar tapa bilərəm. Çox axtardım, sonda bir-iki video tapdım. İzləyə-izləyə həmin səsləri çıxarmağa başladım. Sonra gördüm ki, məndə alınır və olduqca asandır. Çətin gəlsəydi, bəlkə də davam etməzdim. Bitboks'un öyrənilmə mərhələsi həqiqətən, bir az qəribədir. Səslər baxımından normal qarşılanmır. Bir səsi öyrənmək üçün müxtəlif cür səslər çıxarmalı oluruq. O əziyyətə qatlanmaq... Bitboks öyrənmək istəyənlərə mən məsləhət görərdim ki, öz səslərini yalnız özlərinin eşidə biləcəyi məkanlarda, tək başına məşq etsinlər. Yaşlılara gəldikdə isə, mənim yaşlı qohumlarım təbii ki, "A bala, özünə iş tap" cümləsini mütləq deməli idilər. "İş, sənət tap özünə, bu iş deyil" deyirdilər. İlkin mərhələdə mən də düşünürdüm ki, iş-sənət deyil, məndə də alınmır. Yavaş-yavaş alındıqca mən də onlara deyirdim ki, baxın, iş-sənətdir də bu. Onlara bunu göstərdim.
 

-Bu sahədə sizə stimul verən şəxs kim olub?

-Stimul verənlər dost-tanışlarım olub, əslində. Mənim həmin yaşda yaşadığım mühit elə idi ki, birmənalı qarşılanmırdı bu sənət. Həmin dövrdə meyxana daha çox məşhur idi. Amma yenə də, on nəfər dostumdan azı ikisi dəstək olurdu.

-İndiyə qədər bu sahə üzrə hansısa yarışmaya qatılıb uğur əldə etmisiz?

-Yarışmalara qatılmışam. Böyük uğur əldə etməsəm də, istedad yarışmalarına qatılmışam, universitetə qəbul olduqdan sonra bitboks'un Azərbaycan üzrə çempionatı keçirilmişdi, ora qatılmışam. 2015-ci ildə qatıldığım yarışmada 16 nəfər var idi. Yarımfinala qədər gəlib yarımfinalda məğlub olmuşdum.

-Bitboks'dan gəlir əldə edirsiz?

-Bitboks'dan bu ildən gəlir əldə etməyə başlamışam. Ümumiyyətlə, bu sahədən gəlir əldə etmək üçün vasitə youtube kanalıdır. Yəni, öz kanalını açırsan, ya öyrədirsən, ya öz videolarını paylaşırsan, bu cür reklamlarla pul qazanırsan. Amma ümumi götürsək, gəlir yoxdur. Özüm isə gəliri youtube kanalından deyil, sifarişlə tədbirlərə gedərək əldə edirəm.

-Bitboks'u dərs şəklində keçib kiməsə öyrətmək mümkündür yoxsa, xüsusi bacarıq tələb edir?

-Olar. Əslində, hamı öyrənə bilər. Bu səsləri hər kəs çıxara bilər. Mənim öyrətdiklərim də olub. Amma həmin səsləri düzüb-qoşmağı hər adam bacarmır. Ümumiyyətlə, musiqi duyumu olmalıdır.

-Bu sənətlə bağlı ən maraqlı xatirəniz hansıdır?

-Yeni öyrəndiyim vaxtlar idi. Məktəbdə uşaqlar dərsdə telefonla oynayırdılar. Mən də oynayırdım. Müəllimə aldı mənim əlimdən telefonu. 45 dəqiqənin bitməsini gözləməyə səbrim çatmırdı. Sıxıldığım üçün başladım yeni öyrəndiyim o səsləri çıxarmağa. Müəllimə mənə baxıb dedi ki, sənin neçə telefonun var? Almışam axı telefonunu səndən. Dedim ki, məndə telefon yoxdur. Müəllimə yenidən dedi ki, söndür də o mahnını. Dedim ki, mən mahnı qoşmamışam. "Yaxşı" deyib razılaşdı. O başını başqa tərəfə çevirdikcə mən o səsləri çıxarmağa davam edirdim. Sonda müəllimə dilləndi ki, bəs bu nədir axı? Məni hədələmişdi ki, telefonunu direktora verib valideynini çağıracam. Mən də dedim ki, müəllimə, mən sizi təəccübləndirirəm, siz də mənim telefonumu qaytarırsız. Hə, heç nə, mən onu təəccübləndirdim, o da mənim telefonumu qaytardı (gülür).
 

-Yəqin ki, bu sənətlə məşğul olmağınızı tənqid edən, mənfi rəy bildirənlər də olub. Onlara cavabınız nə olub və belə adamlar sənətinizə necə təsir edib? Müsbət ya mənfi?

-Təbii ki, onlara qarşı mənim reaksiyam mənfi olub. Ümumiyyətlə, bu sənəti mənim gözümdən salan, elə həmin insanlar olub. Mən maraqlanırdım, sona qədər də maraqlanmaq istəyirdim, amma kənardan gələn bəzi rəylərə görə elə oldu ki, saxladım. Yəni, bir mərhələyə qədər öyrəndim, sonra istəyim olsa da qismən azaldı.

-Ən çox hansı səsləri çıxararkən çətinlik çəkirsiz və bunu peşəkarcasına etmək üçün nə qədər vaxt sərf etmək lazımdır?

-Bəzi səslər var ki, sırf dodaqlarla əlaqəlidir. Dodaqlar quru olarsa, həmin səsləri çıxarmaq mümkün olmur, çətinlik yaradır. Nəfəsi tənzimləmək də önəmlidir. Peşəkarcasına bacarmaq isə səslərdən asılıdır. Ən sadə səslərə 1 gün, ən çətin səslərə 1 aya yaxın vaxt sərf olunmalıdır. Hətta elə səslər var ki, mən hələ də öyrənə bilməmişəm.

-Bu sənəti gələcəkdə də davam etdirməyi düşünürsünüzmü və sizcə bu sahədə ən yüksək zirvə nədir?

-Xeyr, gələcəkdə davam etdirməyi düşünmürəm. Bu məndə artıq sadəcə hobbi kimi qalıb. Yəni, tədbirlərdə, hər hansısa bir məclisdə olanda əgər uyğundursa, eləyirəm. Bu sahədə ən yüksək zirvə isə çempionatda Azərbaycanı təmsil etməkdir. Çünki artıq yayılıb. Rəqs çempionatları olduğu kimi bitboks çempionatları da var. Hətta bir çox ölkələr həmin çempionatı canlı yayımlayır. Burada da Azərbaycanı təmsil etmək və qalib olmaq, bu sahədə ən böyük uğur olar mənimçün.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli