Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa hazırlaşır", Əsrin müqaviləsinə əsasən hazırda Azərbaycan 75 faiz, xarici şirkətlər isə 25 faiz qazanc götürür, 24.04.2017 363

Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa hazırlaşır"

Əsrin müqaviləsinə əsasən hazırda Azərbaycan 75 faiz, xarici şirkətlər isə 25 faiz qazanc götürür

-İlham bəy, sizi hər kəs enerji məsələləri üzrə ekspert kimi tanıyır. Bu sahəyə gəlişinizdən danışaq. Ən böyük uğurlarınız, araşdırmalarınız hansı olub?

-1989-cu ildə dördüncü kursda oxuyurdum. Bizə avtomatikadan akademik Əsgər Abdullayev dərs deyirdi. SSRİ miqyasında tanınan bir adam idi. Azərbaycanda neft, qaz avtomatikanın əsasını qoyan şəxs idi. III-IV kurslarda yaxşı oxuyurdum. Onunla yaxşı söhbətlərimiz olurdu, baxmayaraq ki, yaşlı insan idi. Məndən soruşdu “İşləmək istəyirsən?”. Dedim “hə”. AzNeftin direktoruna zəng vurub dedi ki, “bir nəfər tələbə göndərəcəm onu işə götürə bilərsən?.” İndiki Heydər Əliyev prospektində dövlət neft şirkətinin avtomatika bölməsinə getdim. Dedilər ki, yerin bura deyil, baş idarəyə göndərdilər. Oradan da Kəşfiyyat, qazma işləri idarəsindən informasiyaların yığılması, təhlili mərkəzinə. Mənim yığdığım informasiyalar gün ərzində elektron hesablama maşınları ilə təhlil edilirdi. Beləcə neft aləminə gəldim. Sonra başladım yazmağa və 1992- ci ildə “Azadlıq” qəzetinə keçdim. 1992-ci ilin senyabrın 13-də Dövlət Neft şirkəti yarananda mən ixtisar olundum. Məni də orada maaş qane etmirdi, mətbuatda yaxşı maaş var idi. “Azadlıq” qəzetindən sonra müstəqil qəzet olan “Press-fakt” a gəldim. Və redaktor müavini oldum. Bundan sonra “Əsrin müqaviləsi” gəldi və mən oradan ilk reportajımı hazırladım və başladım satmağa. Sonra təklif Turan agentliyindən gəldi. 1994-cü il oktyabrın 1-də Turan agentliyinə reportyor vəzifəsinə keçdim. Noyabr ayından prezident aparatına akkreditə olundum. 1997-ci ildə Praqaya getdim. Orada Azadlıq radiosunda təcrübə keçdim. Bu müddətdə rus redaksiyasında energetika üzrə ixtisaslaşdım. Oradan qayıdan kimi “Turan enerji” adlı energetik informasiya gündəlik bülleteni əsasını qoydum. 2003-cü ildə Neft Araşdırmaları Mərkəzi təsis olundu. Hazırda onun rəhbəriyəm. Daim kommersiya fəaliyyəti ilə məşğul olmuşam. 2007-ci ildə Caspian Barrel adı doğuldu. 10 ildir ki, bu ad altında fəaliyyət göstəririk.

-Sizcə bu il neft qiymətləri Azərbaycan hökümətinin proqnozlaşdırdığı qaydada gedirmi və ilboyu hansı rəqəm aralığında tendensiya gözləyirsiniz?

-Azərbaycan höküməti bu il üçün öz büdcəsini, o cümlədən dövlət neft fondunun büdcəsini 40 dollardan proqnozlaşdırır. Son illər hökümət çox klassik proqnozlar verir və özünü qoruyur. Bu düzgün addımdır. Yanvar ayında brend markalı neftin qiyməti 54.5 dollar idi, fevral ayında 1 dollar qalxdı. Mart ayı üçün orta qiymət təqribən 51,5 dollardır. Ümumilikdə birinci rüb üçün orta qiymət 53.5 dollar olması gözlənilir. Ötən illə müqayisədə bu 50% yüksəkdir. Baxmayaraq ki hasilatımız azalıb, “Azəri-Çıraq”dan gələn gəlirlər 220 milyon dollar artıb. Qarşıda 9 ayımız var. Bu dünya bazarındakı proseslərdən asılıdır. Noyabrın 30-da OPEK ölkələri 2008-ci ildən sonra ilk dəfə olaraq öz kvotalarını dəyişməyə qərar verdilər. Bazar bu qərarı çox müsbət qarşıladı. Və dekabrda qiymətlər sıçrayışla artmağa başladı. Analitiklər bildirirdi ki, OPEK –in verdiyi qərar 3 ay bazarda öz təsirini göstərəcək. Bu enerji mart ayının əvvəlinə kimi özünü göstərdi. İndi bazara yeni bir enerji, tendensiya lazımdır. Xəzəryanı ölkələrdə Azərbaycan yeganə ölkədir ki, 2016-cı ilə görə 2017-ci ildə hasilat real olaraq aşağı düşəcək. Bu tendensiya dünya bazarına kiçik miqdarda da olsa öz təsirini göstərir. OPEK –in arzusu 40-45 dəhlizindən 50-55 dəhlizinə keçmək idi. Buna nail oldu. Bazarda daim rəqabət olur. Neft bazarında 65 oyunçu var. İxracatçı kimi isə təqribən 37 ölkə var.

Azərbaycan da neft hasilatının azaldılması təşəbbüsünə qoşulmuşdu.Əgər hasilat azalarsa Azərbaycan buradan nə qazanar və nə itirər?

-Bizdə ötən illərə nisbətən hasilat azalır. Buna qoşulmaqla göstərmişik ki, barikadanın hansı tərəfindəyik. Yəni biz o ölkələr sırasındayıq ki, istəyirik dünya bazarında neftin ədalətli qiyməti bərqərar olsun. Ədalətli qiymət bizim üçün 50 dollardan yuxarı olmasıdır. Elə ölkələr var ki, onlar üçün əsas neftinin satılmasıdır. Biz neft hasilatımızı uzunmüddətli dövr üçün görürük. Bundan sonra neft müqaviləsi imzalayacıq. Və onun müddəti 2050-ci ilə qədər olacaq. Buna görə də neft hasilatımızı bir neçə on il davam etdirəcəyik. Ötən illə müqayisədə statistikaya da baxsaq neft hasilatımız azalıb, amma gəlirimiz artıb. Qazancımız bu olur. Həm mənfəətdə,həm şirkətlərin gəlirlərində qazanc budur. İtirdiyimiz bir şey yoxdur.

-Ard-arda dənizdə platformalarda baş verən qəzalar və insan itkiləri Azərbaycanı sarsıtdı. Sizcə bu hadisələrə əsas səbəb nədir və belə hadisələrin baş verməməsi üçün hansı tədbirlərin görülməsi vacibdir?

-XIX əsrin ortalarından neftin quruda, dənizdə pioneri olan ölkə kimi Dövlət Neft şirkəti üçün baş ucalığı gətirməyən hadisələrdir. 2014-cü ildən bunun artması onu göstərir ki, burada ciddi dönüş yaratmaq lazımdır. Söhbət əməyin təhlükəsizliyindən gedir. Əgər bu məsələ prioritet sırada qoyulmasa deyə bilmərəm ki, 2017-ci ildə insan ölümləri, faciələr, partlayışlar istər quruda olsun, istərsə də dənizdə təkrarlanmayacaq. Hər bir hadisə zamanı komissiya yaradılır. Amma bizdə heç vaxt komissiyanın rəyi açıqlanmır. Bu çox məyusedici haldır.

-Azərbaycan TAP və TANAP kimi enerji layihələri üzərində işləyir. Sizcə bu layihələr əsasında qaz ixracı sayəsində ilk illərdə Azərbaycanın qazanacağı illik vəsait nə qədər olacaq?

-Bu iki faktordan asılıdır. Bakı-Tiflis-Ceyhan layihəsi reallaşanda Azərbaycan üzərinə təpki daha çox idi. Çünki Azərbaycanın büdcəsi 1 milyard ətrafında idi, amma layihənin xərcləri 5.5 milyard idi. Bu boru kəməri tikildi mənfəətlə işləyir, vaxtından əvvəl kreditlərini qaytardı, Dövlət Neft Fondu bu layihəyə vəsait qoymuşdu onu geri götürdü və gəlir də əldə etdi. Qazın nəql etməsindən gələn gəlir çoxdur, nəyinki neftdən.Yəni bu boru kəməri ilə  şirkətlərin daha çox gəlir əldə etmək imkanı var. Orada da hər şey qazın həcmindən asılıdır. İlk 5 ildə heç bir şirkət böyük vəsaitlər qazanmır.

-Azərbaycan “Əsrin müqaviləsi” əsasında xarici şirkətlərə uzun müddət infrastrukturunu qurmaq üçün daha çox vəsait əldə etməyə imkan vermişdi. Hazırda bu müqavilə çərçivəsində xarici şirkətlərin qazancı ümumi gəlirin neçə faizi həcmindədir?

-75% qazanırıq, 25%  isə xarici şirkətlər. Hazırda belədir.

Enerji sahəsində daha böyük uğurlar qazanmaq üçün yüksək ixtisaslı kadrlara ehtiyac var. Sizcə Azərbaycan hazırda bu kadrları yetişdirə bilirmi və çatışmazlıq nədir, onları necə aradan qaldırmaq olar?

-Hesab edirəm ki, buna 1995-ci ildən buna başlamalıydıq, amma təxminən 2006-cı ildə başlanıldı. Bu sahədə kadrlar yox səviyyəsində deyil. Kifayət qədər kadrlarımız var. Həm idarəetmədə, rəhbər səviyyədə, həm də orta və aşağı səviyyələrdə. İndi BP (British Petroleum) –də 85% -dən yuxarı yerli kadrlardır. İki-üç ildə 90%-ə çatacaq. Çatışmayan cəhətlər hər yerdə var.

-Neftdən, enerjidən danışdıq. Boş vaxtlarınızda nə ilə məşğul olmağı xoşlayırsınız?

-Boş vaxtlarımda maarifləndirici verilişlərə baxıram. Və çox dostlarım var. Mənim dostlarım üç kateqoriyaya bölünür. Jurnalistlər, ikinci kateqoriya neftçilər və şirkətlərdə çalışan digər dostlarım. Onların əhatəsində oluram.