İbrahim İbrahimov: Sosial şəbəkələrdə qızlar özünü maniken, oğlanlar da top model hesab edir, Deyirəm gedin aptekdən soruşun ki, orda şalvar var? Ya da ki, adam çox olan yerdə bərkdən qışqırın, 21.03.2017 646

İbrahim İbrahimov: Sosial şəbəkələrdə qızlar özünü maniken, oğlanlar da top model hesab edir

Deyirəm gedin aptekdən soruşun ki, orda şalvar var? Ya da ki, adam çox olan yerdə bərkdən qışqırın

-İbrahim bəy sizcə, hazırda Azərbaycan cəmiyyətində insanların ən çox rastlaşdığı psixoloji problemlər hansılardır?

-Son zamanlar insanlarda ən çox müşahidə olunan psixoloji problemlər əsasən, depressiya ilə bağlıdır. İnsanlar ən çox depressiyadan, ümidsizlikdən əziyyət çəkirlər. Müasirləşmə, şəhərləşmə insanlarda stress yaradır. Stresdən, əsəb gərginliyindən, həyəcan pozuntusundan əziyyət çəkirlər. Depressiya insanda daha çox ünsiyyət sferasının zəif olması ilə əlaqədardır, ünsiyyət sferasında yaşanan problemlər anlaşılmazlıqlar, gələcəyə bağlı fikirlərin işıqlı olmaması, qaranlıq düşüncələr və s. amillərdən yaranan psixoloji haldır. Depressiya keçirən insanın danışığında, hərəkətlərində, fəaliyyətində yavaşlamalar baş verir. Həyatın daha çox sürətlənməsi, insanların daimi olaraq harasa qaçması, tələsməsi, qolundakı saatın onu idarə etməsi, özünə sərbəst vaxt ayıra bilməməsi, avtomobillər, siqnal səsləri, insan səslərinin çoxluğu, müasir həyatın yaratdığı problemlər, informasiya və s. insanlarda stressə və aqressiyaya səbəb olur. Bu kimi hallar insanların düzgün istirahət edə bilməməsinə, yuxu pozğunluğuna, özüylə düzgün davranmamasına, yaxınlarıyla düzgün ünsiyyət qura bilməməsinə gətirib çıxara bilir. Bu da təbii ki, öz növbəsində zəncirvari olaraq özüylə psixoloji problemləri gətirir.

-İnsanların ən çox rastlaşdığı problemlərdən olan stress, gərginlikdən uzaq qalmaq üçün hansı tövsiyələriniz var?

-Bunun üçün əsasən, meditasiyadan istifadə etmək olar. Məsələn, İslam dinində namaz qılmaq var, bu da meditasiyanın bir növüdür. İnsanın rahatlığı üçün özlüyündə məşq etməsi var, bunu da meditasiyanın əsas fəlsəfəsi saymaq olar. Məsələn, fikirləri rahatlatmaq, düşüncələri sırf indiki zamana cəmləmək, gələcəyi çox düşünməmək, keçmişdən azad olmaq, özünü qayğılardan azad etmək, hər hadisəyə çox da ilişib qalmamaq, ətrafla münasibətin düzgün qurulması, xüsusən də, sosial həyata vaxt ayırmaq, yoldaşlarla görüşmək, ünsiyyət qurmaq və sair.

-Sosial şəbəkələr hazırda çox populyardır. İnsanlar bəzən günlərinin yarısından çoxunu burada keçirirlər. Bunun insan psixologiyasına nə kimi zərərləri ola bilər?

-Sosial şəbəkələrin mənfi təsirləri çoxdur. İnsanın özünü böyütmə sayıqlamalarına gətirib çıxarmasıyla nəticələnə bilir. Məsələn, sosial şəbəkədə etdiyi hər hansı bir paylaşımla özünün kütlə tərəfindən bəyənildiyini düşünür. Qızlar özünü orada maniken hesab edir, oğlanlar da top model. 

Eyni zamanda, kitabdan oxuduğu bir cümləni orada paylaşmaqla özünün elmli, savadlı biri olduğunu sübut etməyə çalışanlardan tutmuş, özünü müəyyən paylaşımlarla vətənpərvər, dindar göstərməyə çalışan insanlar da mövcuddur. Bu, adətən, özünütəsdiqlə əlaqəli olur. Bu cür məqsədləri aydın olmayan insanlarla sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Sosial şəbəkələr ümumiyyətlə, insanları yaxınlarından uzaqlaşdırır, uzaqdakılarla yaxınlaşdırır. Ailə problemlərinə də gətirib çıxara bilir, insan öz övladına vaxt ayıra bilmir. Uşaq üçün göz təması çox vacibdir. Hətta ana uşağını öz südü ilə bəsləyərkən onun gözlərinin içinə baxması uşağın ünsiyyət tələbatının ödənməsinə gətirib çıxarır. Bəzən əllərində telefonla uşağını yedirdən analarla qarşılaşırıq ki, bu da anormallığa gətirib çıxarır. Sosial şəbəkələr məktəblini məktəbdən daha maraqlı bir həyata sövq edir. Orada insanların psixoloji travmalar almaq təhlükəsi daha yüksəkdir. Bu şəbəkələrdə həddən artıq vaxt keçirən insanlar artıq həmin şəbəkələrdə yaşamağa başlayırlar. Bütün bunlar dolayı yolla insanların ümumi həyatına, iş həyatına, sosial həyatına mənfi təsir göstərə bilir.

-Sosial şəbəkələr insanları real ünsiyyətdən uzaqlaşdırır. Bu isə tanış insanların uzun zaman görüşməməsinə səbəb olur. Sizcə, insanın dost çevrəsi ilə daim real ünsiyyətdə olması onun psixologiyasına müsbət təsir cəhətdən nə dərəcədə önəm daşıyır?

-Bu, çox önəmlidir. Rayonlarda yaşayan insanların depressiyaya düşmək ehtimalları daha azdır. Onlar yol başında öz qohum-əqrəbasıyla, dostuyla tez-tez söhbət edə, dərdlərini bölüşə bilirlər. Əsl normal ünsiyyət məhz onlarınkıdır. Daha çox inkişaf etmiş ölkələrdə intihar hadisələrinin sayı da daha çoxdur. Çünki onlarda yalnız qalmaq şəraiti daha yüksəkdir. Manyaklar da daha çox həmin ölkələrdən çıxa bilir. Onlarda yalnız qaldıqları zaman manyakca fikirlərin formalaşması ehtimalı da daha çoxdur. Bu baxımdan insanın yaxınları ilə ünsiyyətdə olması onun sağlamlığı üçün vacib olan nüanslardan biridir.

-İbrahim bəy, sizin fikrinizcə, dini radikalizmə meyl edən insanları buna nə vadar edir? Onları yenidən cəmiyyətə qazandırmaq üçün yaxınları onlarla necə davranmalıdırlar?

-Ümumiyyətlə, insan psixologiyasında, ruhunda 3 meyar var. İnsanın bioloji aləmi, insanın özlüyü, “mən”i, insanın sosial, yəni, inanclar aləmi. İnsan həmişə çalışır ki, ortaq bir nöqtəyə gəlsin. Nə bioloji aləmə, nə də ki, inanclar aləminə təslim olmasın. Bioloji aləmə təslim olanda, insan həzz arxasınca gedir və bəzi asılılıqlar yaranır. Narkomaniya, qumar və s. pis vərdişlər asılılıq halına gəlir. İnsanın dəyərlər sisteminə tamamilə təslim olması da var. İnsan hansısa qrupun təsirinə düşdükdə həmin o “mən”i itirir. Bir filosofun da dediyi kimi: Bir inci saflığı varsa da suda, artıq içiləndə, dərd verir o da. Dinin fəlsəfəsində də belə bir şey var ki, insan gərək, normanı aşmasın. Bioloji həyatından da həzz alsın, sosial həyatından da. İnsan həyatda özünə yer tapmayanda, sosial həyatında problemləri olanda, hansısa bir qruplaşmanın təsirinə düşə bilir. Ola bilər ki, dostları az olsun və o, məcbur gedib hansısa cəmiyyətə üzv olur ki, ünsiyyət ehtiyaclarını ödəsin. Dini radikalizm də bundan olduqca gözəl istifadə edir, həmin insanları özünə çəkib onlar üçün şərait yaratmağı çox gözəl bacarır. İnsan orada sosiallaşır və bir müddət sonra artıq özünü oradan başqa yerdə görə bilmir, geriyə yolu da olmur. Bunun qarşısını almaq üçün insan gərək, psixoloji biliklərini artırsın, dini oxumaqdan əlavə onun haqda düşünməyi, dərinliyinə getməyi bacarsın.

-İnsanlar adətən, yaxınlarının başına qəfil bir hadisə gəldikdə ciddi gərginlik keçirirlər. Məsələn, bu, qəza ola bilər, hansısa xoşagəlməz hadisə ola bilər. Bu an həmin şəxslər hərəkətlərini nəzarətdə saxlamaq üçün nə etməlidirlər və ya kənardakı insanlar onlarla necə davranmalıdırlar?

-Ümumiyyətlə, travma yaşayan insanı müəyyən yollarla başa salmaq lazımdır. Məsələn, ölüm hadisəsi uşaq üçün fərqli, böyük üçün fərqli mənaya gələ bildiyi üçün uşağa fərqli, böyüyə fərqli şəkildə izah olunur. Böyük üçün bu, qəbul olunan hal ola bilir. Amma uşaq üçün başa düşülməyən hal olaraq da qala bilir. Buna görə də uşaqlara bu hallar adətən, bir az gözlədikdən sonra fərqli yollarla deyilir.

-Bəzən uşaqlara ölən şəxs haqqında onun harasa getdiyini və nə vaxtsa qayıdacağını deyərək onlarda ümid yaradırlar. Bu düzgün sayılır?

-Müəyyən dərəcədə düzgün saymaq olar. Uşağın şüurunun formalaşmadığı bir dövrdə bu şəkildə etmək olar. Amma əbədi olaraq uşağı yalana inandırmaq düzgün deyil. Təbii ki, zaman keçdikcə, şüuru formalaşdıqca özü də müəyyən hadisələri başa düşəcək hala gəlir. Bu baxımdan insanın psixoloji vəziyyətini nəzərə alıb, o şəkildə məlumatı ötürmək lazımdır.

-Hər insan həyatda uğur qazanmaq istəyir. Ancaq bəzən özünün də fərqində olmadan sahib olduğu psixoloji durum uğur qazanmasına mane olur. Uğur qazanmaq istəyən insanın psixoloji portreti necə olmalıdır?

-Çox gözəl sualdır. İnsanda uğur qazanmaq üçün daxili və xarici motivasiya olur. Depressiyada olan insanın uğur qazanması bir az çətin məsələdir. İlk olaraq o insanı depressiyadan çıxarmaq lazımdır. Daha sonra o insanın potensialını üzə çıxarmaq və inkişaf etdirmək lazımdır. Məsələn, biz, elə olur ki, özgüvəni aşağı olan bir insana tapşırıq veririk ki, evdə 100 dəfə “məndən yaxşısı yoxdur” cümləsini təkrarlasın. Özgüvənini artırmaq, motivasiyasını qaldırmaq lazımdır. Hətta, motivasiya məktubu da yazdırırıq, 5 il sonra gələcəyini harada görür, necə görür. Bu tip tapşırıqlar insanı gələcəyə fokuslayır, gələcəyə inandırır, motivasiyasını artırır. Bir çox mərhələ var ki, insan onları psixoloji olaraq keçməlidir. Bundan əlavə, uğur qazanmaq üçün qarşıya məqsəd qoymaq və özünü həmin hədəfdə təsəvvür edə bilmək əsasdır.

-Bəzən insanlar sahib olduqları bacarıqları nümayiş etdirməyə çəkinirlər və ictimai qınaq ola bilər düşüncəsi ilə addım atmağa cəsarət etmirlər. Bu stereotipi insanlar necə aşa bilərlər?

-Vurğuladığınız nöqtə komplekslər mövzusuna gəlib çıxır. Bunun üçün də psixoloji olaraq bəzi məşğələlər, tapşırıqlar var. Xüsusən də, qrup terapiyası burada çox böyük rol oynayır. Məsələn, tapşırıq verilir ki, gedin aptekdən soruşun ki, sizdə şalvar satılır? Və yaxud da ki, ictimaiyyət içərisində bağırın və s. Saydığım tapşırıqlar ilk baxışdan kobud görünə bilər, amma bunlar hamısı mərhələ şəklindədir. Komplekslərdən azad olduqda insan utandığı hər şeyi aradan götürür və həmin utancaqlığın yerini önəmli bir özgüvən alır.

-İnsanların ən çox gərginlik keçirdiyi məqamlardan biri də kütlə qarşısında çıxış etməkdir. Bu qorxunu necə geridə qoymaq olar olar?

-Bu sosial fobiya mövzusuna aiddir. İnsan ictimaiyyətdən qorxur, ictimaiyyət qarşısına çıxdıqda həyəcan bürüyür. Belə insanlar adətən, düşünürlər ki, hər kəs onlara baxır, hər kəs onların haqqında düşünür. “İndi çıxacam, hər kəsin qarşısında biabır olacam” düşüncəsi bürüyür həmin insanları. İnsanı bu fikirlərdən uzaqlaşdırdıqda bu hallar artıq adiləşməyə başlayır. Bu da davranış terapiyası ilə mümkündür. Bütün bu hallar komplekslərdən və eqodan irəli gəlir. İnsanın eqosunu bir az azaltdıqda o artıq düşünür ki, mən də hər kəs kimi çıxıb danışa, rahat nitq söyləyə bilərəm. “Necə ki, burada dostumla söhbətləşirəm, çıxıb orada da bu şəkildə rahat danışacam” düşüncəsi beyninə yayılmağa başlayır. Bu şəkildə insan bu qorxulardan azad ola bilər. Burada düşüncə terapiyası, yanlış fikirlərin korreksiyası aparılır. Eyni zamanda, bunu praktik olaraq psixoloji mərkəzlərdə tətbiq etmək olar. Dəfələrlə ictimaiyyət qarşısına çıxarırıq və nitq söylədirik. Bir-iki dəfədən sonra bu, artıq insanda adət halına çevrilir.

-Son zamanlar ən çox rast gəlinən problemlərdən biri də yeniyetmələrin və gənclərin qarşılıqsız və ya sonu nakam bitən sevgi nəticəsində keçirdiyi sarsıntılardır. Bu, hətta, bəzən onların həyatı bahasına da başa gəlir. Belə hallarla qarşılaşan insanlara hansı məsləhətləri verərdiniz?

-Ümumiyyətlə, gənclərdə hormonların pik nöqtəyə çatdığı müəyyən bir dövr olur. Bu dövrdə emosiyalar düşüncələrə üstün gəlir. Məntiqlə düşünüb düzgün qərar verə, hadisələrə düzgün münasibət bildirə bilmirlər. Bunların nəticəsində özlərinə qarşı da münasibətləri pisləşir. Bu hallarda gənclərə məntiqlə hərəkət etməyə çalışmalarını, emosiyalara çox da qapılmamalarını və ən əsası da komplekslərdən azad olmalarını tövsiyə edə bilərik. Sevgi haqqında yanlış fikirlərə qapılırlar. Birinci cəhdlərində “yox” cavabı alırlar və ya münasibətin sonu uğursuzluqla nəticələnir, bununla da ikinciyə cəhd etmirlər. Beyinlərində “sevgi yoxdur” deyə fikir formalaşır. İkinciyə cəhd etməkdən çəkinməsinlər. 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli