Tədris sahəsi üzrə psixoloq Həsrət Həsənov: "Azərbaycanda şagirdlərin onları dinləyən birinə ehtiyacı var, məsləhət verən adama yox", Valideyn 17-18 yaşına qədər övladına səni sevirəm demirsə, onda bu yaşdan başlayaraq artıq onlar həmin sözü onlara deyən yad adamların sözü ilə durub-oturacaqlar. Bu isə çox təhlükəli məqamdır, 06.05.2017 4597

Tədris sahəsi üzrə psixoloq Həsrət Həsənov: "Azərbaycanda şagirdlərin onları dinləyən birinə ehtiyacı var, məsləhət verən adama yox"

Valideyn 17-18 yaşına qədər övladına səni sevirəm demirsə, onda bu yaşdan başlayaraq artıq onlar həmin sözü onlara deyən yad adamların sözü ilə durub-oturacaqlar. Bu isə çox təhlükəli məqamdır

-Həsrət bəy,öncə indiyədək sahənizdə əldə etdiyiniz uğurlara qısaca nəzər salaq. Şagirdlərlə psixoloji söhbət aparmaqda peşəkar olmaq üçün hansı prosesləri geridə qoymaq lazım gəlir?

-Şagirdlərlə elə ünsiyyət yaratmaq lazımdır ki, həm şagird, həm də psixoloq özünü rahat hiss etsin. İndiki dövrdə belə görünür ki, psixoloqun çox danışmağına ehtiyac yoxdur. Yəni, çox danışmasa, daha yaxşı olar. Onsuz da şagirdlərə yetərincə məsləhət verənlər var. Yanlış da olsa, doğru da olsa, hər kəs məsləhət verməyə çalışır. Psixoloq da məsləhət verməyə üstünlük versə, şagirdlər orda da sıxılacaq ki, bura gəldik, burda da məsləhət verirlər. İndiki dövrdə şagirdlərin ən çox ehtiyacı olan şey dinlənilməkdir. Azərbaycan xalqı məsləhət verməyi sevən xalqdır, çox gözəl məsləhətlər veririk (gülür). Amma dinləmə bacarığımız olduqca aşağı səviyyədədir. Mənim işlədiyim vaxtlarda ən yaxşı öyrəndiyim şey budur ki, birini dinləməyi, ona qulaq asmağı bacarmaq lazımdır. Elə olub ki, hansısa şagird düz 2 saat danışıb və mən ağzımı açıb bir kəlmə belə söz deməmişəm. Sonda sadəcə “çox rahatlaşdım, təşəkkür edirəm” deyib, çıxıb getmişdi, yəni.

-Bir çox məktəblərdə şagirdlərlə müəllimlər arasında xoşagəlməz hadisələr yaşanır. Sizcə, bunun əsas səbəbləri nələrdir?

-Mən gördüyüm qədəri ilə müəllim və şagird arasında anlaşmazlıqlar əsasən, tədris prosesinə görədir. Tədrisdə şagird zəif olursa, müəllim birbaşa şagirdin üstünə düşür, şagirdin tənbəl olması, oxumaması ilə əlaqələndirir. “Başı var, amma oxumur” cümləsi belə məqamlarda ən çox işlədilən cümlədir. Üstəlik valideynlərinə də şikayət edir. Bununla da şagird oxuyacaqdısa da, artıq oxumur. İndiki şagirdlərimiz çox aqressivdir, tənqidi sözlərə çox da tab gətirmirlər. Bu da həm mühitlə, həm qidalanmaları ilə əlaqədardır, təbiilikdən çox uzaqda böyüyürlər. Şagirdlərin əksəriyyəti valideynlərinə qarşı da inadkarlıq göstərirlər. Uğursuz şagird varsa, onun 95 %-i valideyndən, 5 %-i müəllimdən qaynaqlanır. Valideyn probleminə görə oxumayan nə qədər şagird var. İstəsə, oxuyub daha yaxşısını əldə edə bilər, amma sırf valideynlə qopuqluq buna icazə vermir. Valideyn, şagird, müəllim halqalarından ibarət zəncirdə halqalardan biri əskik olduqda o zəncir qırılacaq və nəticədə də ortada uğursuz şagird görəcəyik.

-Bir çox valideynlər qonşunun uşağından geri qalmamaq prinsipi ilə övladlarına məktəbdə oxuyarkən telefon alırlar. Nəzərə alsaq ki, internet üzərində filtrasiya da yoxdur, eləcə də şagirdlər lazım olan-olmayan çoxsaylı informasiya ilə yüklənirlər, sizcə, bu, onların diqqətini dərsdən yayındırmaqda, müəllimlərə və valideynlərə qarşı davranışlarına mənfi istiqamətdə təsir etməkdə hansı rol oynayır?

-Telefonlardan, sosial şəbəkələrdən, inkişaf edən texnologiyadan uşaqları, şagirdlərimizi ayırmaq qeyri-mümkün hala gəlib. Bir gerçək var ki, bütün bunlar uşaqların ünsiyyətini zəiflədir. Hal-hazırda uşaqlarda həddən artıq dərəcədə ünsiyyət problemi var. Çağırsan, hansısa mövzu haqda bir kəlmə danışmasını istəsən, fikrini bildirməsini istəsən, bacarmayacaqlar. Digər tərəfdən telefonu alıb verirlərsə, uşaq həmin telefondan hansı məqsədlə istifadə edir, nə işlə məşğul olur, bunlara nəzarət etmək çox çətin prosesdir. Bu dəqiqə Azərbaycanda intihar səviyyəsi həddən artıq aşağı yaşlara düşüb. Xəbərlərdə göstərirlər: “10-cu sinif şagirdi intihar etdi” , “9-cu sinif şagirdi intihar etdi”. Bu intiharların əsas səbəbləri sosial şəbəkələrdir.  Valideyn nəzarəti olmadan istədikləri yerlərə girirlər, orada istənilən mühitə düşürlər, istənilən adamlara qoşulurlar və nəticələr də ortadadır. 

-Bəs valideynlər övladlarının telefonlarında girdikləri saytları və sosial şəbəkələrdəki hesablarını necə nəzarətdə saxlaya bilərlər?

-Valideyn uşağına “girmə” deyə bilməz. Valideyninin  yanında girməsə belə, kənarda inadla öz bildiyini edəcək. Valideynin 24 saat uşağa nəzarət edə bilməsi reallıqdan kənar bir şeydir. Bunun qarşısını tamamilə almaq mümkün deyil. Amma valideyn öz övladı ilə ünsiyyətini, münasibətini doğru şəkildə qursa, övladı valideynindən heç vaxt müəyyən məsələləri gizlətməyəcək. Bizdəki uşaqların əksəriyyəti valideynlərindən qorxduqları üçün onlarla nələrinisə bölüşmürlər. Münasibətdəki qorxu məsələsini aradan qaldırsaq, dost münasibəti qursaq, bu problemləri müəyyən qədər, 80-90 % aradan qaldırmaq olar. İşin əksər hissəsi valideynin üzərinə düşür, özü də ki, uşağın tam aşağı yaşlarından bəri. Valideyn övladından sevgisini əskik etsə, o, əlbəttə ki, sevgini başqa yerlərdə, başqa kəslərdə, habelə sosial şəbəkələrdə də axtaracaq. Bir ata və ya ana, öz oğluna və ya qızına 17-18 yaşa qədər sevdiyini söyləmirsə, o, kənardan kiminsə onu sevdiyini söyləməsinə ehtiyac duyacaq. Kənardan da axmaq biri ona onu sevdiyini deyəcək, o da başlayacaq onun dediyi ilə oturub-durmağa. Bütün bu proseslər də müxtəlif mənfi nəticələrə gətirib çıxaracaq.

-Bəzən müəllimlərin şagirdlərin geyiminə və saçına bildirdiyi iradlar onlarla müəllimlər arasında gərginliyə səbəb olur. Əslində, belə məqamlarda müəllimlər necə davranış sərgiləməlidirlər?

-Məktəblərdə standart geyim qaydası var. Bu, zaman-zaman pozulsa da, problem ən çox saç-saqqal məsələlərində yaranır. Valideynin öz uşağı ilə səmimi rəftar etdiyi kimi müəllimlər də şagirdlərinə səmimi yanaşmalıdırlar. Müəllim öyrədəndir. Öyrənən tərəfin müəllimlə münasibəti yaxşı olmadısa, müəllimi sevmədisə, o, həmin müəllimin dərsini öyrənmək istəməyəcək, həmin fəndən zəifləyəcəkdir. Müəllim səmimi tərzdə şagirdə “Saçını filan qaydada etsən, daha yaxşı olar” kimi cümlələrlə yanaşsa, şagird bunu nəzərə alaraq müəllimin dediyinə müəyyən qədər yönələcəkdir. Mənim çalışdığım məktəblərdə elə müəllimlər var idi ki, saçını ortadan ayırırdı deyə bir neçə şagird də sırf onu sevdiyi üçün saçlarını ortadan ayırırdılar.

-Bəzi məqamlarda müəllimlər şagirdin hər hansısa bir səhv addımını sinif daxilində deməyə üstünlük verirlər. Bu isə şagirdlərin həm qürurunun qırılmasına, həm də onların dərsdən soyumasına səbəb olur. Belə vəziyyətlərdə müəllimlər əslində, hansı yolu seçməlidirlər?

-Hər müəllimin öz metodu var. Amma bu tərz heç bir müəllimə yaraşan metod deyil. Müəllim şagirdin səhvini mütləq şəkildə təklikdə deməlidir. Şəxsiyyəti alçaldılan bir şagird öz güvənini, özünə inamını itirəcək. Hisləriylə oynanılması onun təhsilinə də təsir edəcək, uğursuzluğa gətirib çıxaracaq. Ola bilər ki, auditoriyanın içərisində həmin şagirdin dostları, yaxın münasibətdə olduğu uşaqlar da olsun. O, belə məqamlarda onlarla da problem yaşaya bilər. Nəticədə təkliyə üstünlük verməyə başlayacaq, özünə qapanacaq. Bu hallar gələcəkdə də öz mənfi təsirlərini göstərəcəkdir.

-Şagirdlərin tədrisdə maksimum uğurlu olması üçün müəllim-şagird valideyn üçbucağının tam tətbiqi vacibdir. Çünki şagirdin uğursuzluğuna səbəb ailədəki hansısa məsələdən də yarana bilər. Halbuki, bir çox məktəblərdə valideyn komitələri sırf formal xarakter daşıyır. Sizcə, bu zəncirvari münasibəti ən ideal şəkildə necə qurmaq və qoruyub saxlamaq olar?

-Əsas məsələ valideynləri məktəbə tez-tez gətirməkdir. Bizdə valideynlər əsasən, müəllim şagirddən şikayət edərsə və ya çağırılırsa, gəlir. Amma əslində, valideyn mütəmadi olaraq hər həftə məktəblə, sinif rəhbəri ilə əlaqədə olmalıdır. Bizdə dövlət məktəblərində sinif rəhbərləri çox da aktiv mövqedə deyillər. Amma onlar da valideynlə tez-tez əlaqə saxlamalıdırlar. Valideyn minimum ayda bir dəfə gəlib şagirdin dərsində oturmalıdır. Valideyn bunu eləsə, həm şagirdin məsuliyyəti artacaq, həm də müəllimin. Müəllim düşünəcək ki, valideyn övladına nəzarət edir, hər an gəlib dərsində otura bilər, bununla da daha yaxşı, daha məsuliyyətli fəaliyyət göstərməyə başlayacaq. Hal-hazırda özəl sektorda çalışıram və biz çox çətin bir proses nəticəsində valideyni məktəbə gətirə bilirik. Düzdür, bəzi valideynlər anlayışla qarşılayırlar, gəlib dərslərdə iştirak edirlər. Amma bəziləri də aylarla, illərlə gəlmirlər. Bəziləri isə hətta, ildə bir dəfə gəlməyə belə ərinir və öz sürücülərini, köməkçilərini və ya hansısa işçilərini göndərirlər ki, get gör, nə olub. Valideyni bu cür maraqlanan şagirddən gələcəkdə nə uğur gözləmək olar ki?

-Sizcə, hazırda şagirdlərin uğurlu ola bilməməsində əsas rol oynayan problemlər hansılardır və onları necə həll etmək olar?

-Əgər şagirdin fiziki və psixoloji problemləri yoxdursa, normal bir şagirddirsə, valideyn, müəllim, şagirdin üçlü dialoqu baş tutursa, o şagirdin uğur qazanmamaq ehtimalı demək olar ki, yoxdur. Uğursuzluq varsa, deməli, haradasa bir qırılma var. Bu qırılma ya məktəbdə hansısa müəllimin nöqsanının, ya da valideynin kifayət qədər maraqlanmamasının nəticəsidir. Mən heç vaxt problemi şagirddə görmürəm. Şagird uşaqdır, yeniyetmədir, gəncdir. İstənilən qədər yanlışlar edə bilər. Şagirdin səhvinə qarşı müəllim və valideyn yanlış mövqedə durarlarsa, o şagird əlbəttə ki, uğursuzluq əldə edəcək. Yox, əgər müsbət mövqedə durub o yanlışı doğruya yönləndirib onu inkişaf etdirsələr, o şagird heç vaxt uğursuz ola bilməz. “Uğursuz şagird” anlayışı yoxdur. Uğursuz valideyn var, uğursuz müəllim var.

-Bəzən məktəblərdə elə şagirdlər olur ki, hansısa nüfuzlu bir şəxsin övladıdır və ona qarşı xüsusi bir mövqe olur. Sizcə, bu digər şagirdlərin psixologiyasına necə təsir edə bilər və müəllim belə vəziyyətlərdə sosial ədalət prinsipini necə qorumalıdır?

-Real danışsaq, o prinsipi qorumaq çox çətindir. Qorumağa çalışan müəllimlər də ekstra bir çətinliklə qarşılaşırlar. Olur ki, hansısa bir şirkət rəhbəri gəlir, müdiri öz ayağına çağırır. Deyir ki, o kimdi ki, mən onun ayağına gedim? Mən onun kimi 100 dənə işçi işlədirəm. Bu şəkildə yanaşan valideynlər də var, amma tam tərsi də var. Məsələn, yüksək vəzifəli insanların uşaqları var ki, bir tədbir olanda, gəlib ən öndə otururlar. Düşünürlər ki, nə olsun ki, mənim müəyyən vəzifəm var, bu övlad mənim övladımdır, gəlib maraqlanmalıyam. Bizdə əkiz oğlanlar oxuyurdu, valideynləri müdirə demişdi ki, bu uşaqlar sizindi, “əti sizin, sümüyü mənim” məsələsi. Hətta, şəhərdə çox gözəl evlərinin olmasına baxmayaraq uşaqları məktəbin yataqxanasına qoymuşdu.

-Adətən, bir çox valideyn övladı dərsdən gələn kimi onlara “Dərsini oxu!” deyirlər və onların əyləncəsinə vaxt ayırmırlar. Bu məsələdə valideynlərə nə tövsiyə edərdiz?

-Hazırda heç sevmədiyim kurrikulum sistemi mövcuddur. Şagirdlər dərsi tam olmasa da, 60-70 %-ini dərsdə öyrənib evə gedirlər.  Evə getdikdən sonra təbii ki, şagirdin mütləq şəkildə istirahət vaxtı olmalıdır. Olmasa, o, nə qədər oxusa da, oxuduğunu qavraya bilməyəcək. Yaxşı olardı ki, şagird təmiz hava alsın, doyunca istirahət etsin, ondan sonra dərsə davam etsin. Dərsin başına oturub saatlarla qalxmamalıdır deyə bir şey yoxdur, fasilə, istirahət mütləq olmalıdır. 40 dəqiqə dərs oxusun, 10 dəqiqə istirahət etsin. Valideynlər uşaqlarının dərsləri ilə yanaşı, istirahətinə də nəzarət etməlidirlər.

-Kurrikulum sistemini niyə bəyənmirsiz?

-Sistemi gətirməzdən əvvəl sistemə uyğun müəssisələr qurulmalıdır. Bizdə o sistemə uyğun müəssisələr yoxdur. Nə dövlət məktəblərimiz, nə də özəl məktəblərimiz kurrikulum sisteminin tələblərini tam ödəmir. Bu da həm müəllimin dərs keçməsinə, həm də şagirdin qavramasına çox çətinlik yaradır. Əslində, ideal şərait olsa, çox gözəl bir metoddur.

-Həsrət bəy, bu sahədə çalışmasaz, kim olmaq istərdiz? Heyranlıq duyduğunuz bir sahə varmı?

-Mən uşaqlıqdan hüquq sahəsini xoşlayıram. Tarix və hüquqla bağlı sahələri çox sevirəm. Yəqin ki, bu sahələrdə çalışardım.

-Valideynlərə və müəllimlərə, eləcə də şagirdlərə bir-birilərini daha yaxşı anlamaları üçün tövsiyə edəcəyiniz bir kitab hansı olar?

-Hər kəsə oxumağı tövsiyə edəcəyim kitab türk pedaqoqu Adem Güneş’in “Uşaq nəyi, niyə edir?” kitabıdır. Orada uşaqların bəzi problemləri və problemlərin arxasında nələrin durduğu və onların həlli yolları sadalanır. Bu kitabı xüsusən də, gənc ailələrə, yeni körpəsi olan ailələrə məsləhət görərdim.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli