Pinəçi Hafiz Əliyev: "Müştərim olub əsəbiləşmişəm, ancaq yenə əl işimə görə gəlib", 30 ildir ayaqqabı təmiri ilə məşğulam və bu sənəti sevirəm, 11.07.2017 420

Pinəçi Hafiz Əliyev: "Müştərim olub əsəbiləşmişəm, ancaq yenə əl işimə görə gəlib"

30 ildir ayaqqabı təmiri ilə məşğulam və bu sənəti sevirəm

-Özünüz haqqında məlumat verərdiniz. Neçə ildir pinəçiliklə məşğulsunuz?

- Mən Əliyev Hafiz Yusif oğlu. 1967-ci il təvəllüdlüyəm. 30 ildir bu sənətlə məşğulam. Qaçqın kimi gələndən sonra ikinci qrup əlil idim. Heç yerdə işləmirdim. Xəstə olduğuma görə evdə oturub bu işlə məşğul olurdum. Pulsuz-parasız. 10 ildən sonra işim yaxşı oldu kafe aldım. 8-10 il kafe işlətdim. Sərf eləmədi. Kafeni satdım öz yerimə qayıtdım.

- Müştərilər qiymətlərdən razı olurlarmı?

- Mənim qiymətlərimlə razıdırlar. Çünki mənə hər yerdən təmir üçün ayaqqabı gətirirlər. Köçüb gedənlər var buradan, amma yenə mənim yanıma gəlirlər. Keyfiyyətə görə. Burada əsas pul rol oynamır. İşi təmiz görməyi xoşlayıram.

- İşin incəliyi nədir, əsas nəyə diqqət etmək lazımdır?

- Əsas gələn müştəriylə danışmaqdır. Müştərinin könlünü almaqdır. Məsələn olur ki, acılayırsan, incidirsən işin yaxşılığına görə təkrar gəlirlər. Olub ki, birinə hirslənmişəm deyə başqasına da hirsli davranmışam, amma yenə də təkrar gəlib.

- Hazırda ayaqqabıların keyfiyyəti necədir? İnsanlar daha çox nədən şikayət edir?

- Əvvəlkinə görə indi ayaqqabı materialları keyfiyyətsizdir. Özümüzdə istehsal olunmayan, xaricdən gələn kleydi, rezindi keyfiyyətsizdir.Ona görə tez sıradan çıxır. Şikayət edirlər ki, 1 ay çəkmir ayaqqabı. Çalışıram ki bahalı rezin, ləvazimatlar alım tez sıradan çıxmasın.

- Sənətinizi necə ifadə edərdiniz?

- Əsəbi işdir. İşdən çox insanlarla danışmaq əsəbiləşdirir. Hərə bir söz deyir. Kiminləsə razılaşırsan, kiminləsə yox. Belə şeylərə görə. Yoxsa işin yaxşısı, pisi yoxdur. İş nə olur olsun insan ki işini sevdi çörəyi var. İşi sevmirsənsə məcbur etməklə heç vaxt düzəlməz.

-Ayaqqabıdan başqa nələrisə təmir edirsiniz?

-Hə olur ki, çanta da təmir edirəm. Xırda əşyalar. Məsələn bayaq peç təmir etmişdim. Evdən gətirirlər xırda məişət cihazları təmir edirəm. Ayaqqabı sexində də işləmişəm. Tam ayaqqabı tikmirdik, hərə bir hissəsini tikirdi.

-İşinizdən narazılıq edənlər olurmu? Səbəb nə olur.?

-Olub  ki qadın ayaqqabısını təmir edəndə nazik dabandı deyə vuranda sınıb. Dabanın içində turba olmalıdı. Düşünmüşəm ki var, amma olmayıb. Ona görə deyiblər ki mənim ayaqqabım 50 dollar idi, mən bilmirəm ayaqqabımı düzəltməlisən. Məcbur qalıb daban alıb düzəltmişəm.