Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev: "Azərbaycan reklam bazarını 1 milyard 250 milyon manata qaldırmaq mümkündür", Reklamı verilməyən mal təhlükəlidir, 05.04.2017 372

Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev: "Azərbaycan reklam bazarını 1 milyard 250 milyon manata qaldırmaq mümkündür"

Reklamı verilməyən mal təhlükəlidir

-Hacıəmi bəy öncə rəhbərlik etdiyiniz Azərbaycan Reklamçılar İttifaqını tanıyaq. Reklam bazarında aktiv olan neçə şirkətlə əlaqəniz var və hazırda Azərbaycandakı reklam bazarında rolunuz nədən ibarətdir?

-Azərbaycan Reklamçılar ittifaqı İctimai Birliyi Azərbaycanda reklam sahəsində yeganə təşkilatdır. Bizim işimiz həm şirkətlərlə, həm  reklamda çalışan şəxslərlə, həm də sənədlərin hazırlanması, qanunvericiliklədir. Milli Məclislə əlaqələrimiz var.  Yəni təşkilatın əsas işi reklam bazarını formalaşdırmaqdır. Ona görə də Reklamçılar İttifaqı ictimai bir birlik olaraq bu sahədə çalışan yeganə bir təşkilatdır. Birliyin 1995-ci ildə ilk qurultayı olub, qeydiyyatdan keçib. 1996-cı ilin yanvarın 20-də Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Bir çox məsələlərin həllində biz çox aktivik. Başqalarına nisbətən reklam bazarını daha tez görürük. Məqsədimiz odur ki, dünya əlaqələri yaransın, hər hansı ölkəyə göndərilən məhsullarımız görünsün və Azərbaycan tanınsın. Yeni yaranan “Made in Azerbaijan” brendi reklam üzərində qurulmalıdır. Çünki məhsulu reklam etmədən, marketinqi olmadan, piarını keçirmədən məhsulu heç kim almaz.

-Reklam haqqında qanunun yenilənməsindən sonrakı dəyişiklikləri reklam bazarının inkişafı baxımından necə dəyərləndirirsiniz?

-Reklam haqqında qanuna prezident imza atıb, həm Milli Məclis, həm də Nazirlər Kabineti bu işdə fəaliyyət göstərib. Bugünə qədər Nazirlər kabineti üç, dörd məsələnin qərarını verib. Reklam sahəsi ya Nazirlər Kabinetinə, ya da yerli icra orqanlarına tapşırılmalıdır. İşin rahat olması üçün hər bələdiyyə öz rayonunda şəraitə görə bu məsələlərə baxıb aydınlaşdıra bilər. Qanunun 2 ildir qüvvəyə minməsinə baxmayaraq, “Reklam haqqında” qanun hələ tam hüququnu almayıb. Çünki təşkilatlar qanuna uyğun hərəkət etmirlər. Sərəncam verilməlidir ki, texniki şərtlər pasportu hazırlansın, çünki qanunda bu var. Qanun çıxıbsa, prezident imza atıbsa, bu hər kəs üçün qanundur. Onda biz reklamçılar da rahat işləyə bilərik. Bugün reklamların sayı çox azdır. Televiziyalar reklamla yaşamalıdır, amma reklam yoxdur deyə məcburdur sponsor tapsın. Televiziya reklamdan qazanmalıdır və istədiyi kimi də işini qurmalıdır. Biz beynəlxalq ticarət qurumlarıyla işləyirik. Məsələn, “Made in Azerbaijan” yazısı verilməklə hansısa ölkədə inam olmur məhsula, bu məhsul əvvəl həmin yerlərdə tanıdılmalıdır.Təşkilat özü istehsal edib və reklam verir. Belə inkişaf mümkün deyil. Reklamı sifariş edən, reklam agentlikləri-reklamı hazırlayanlar və reklamın istehsalçıları-bunlar reklamı tam yetişdirib inkişaf etdirirlər və reklam yayıcıları var. Amma bizdə hamısı bir adamdır. Ona görə də Azərbaycan bugün bazarda çox geridədir.

-Küçələrdə müxtəlif cür lövhələrdə qoyulan reklamlarla bağlı qaydalar mövcuddur. Belə reklamlarda hansı qayda pozuntuları müşahidə etmisiniz?

-Hələ ki, belə bir qaydalar yoxdur. Kimin ağlına necə gəldi, o öz normasını ilə iş görür. Bu isə bazarda təkəlliyə, yəni monopoliyanın yaranmasına səbəb olur.

-Xüsusilə avtomobillər hərəkət edən yollarda hərəkətli reklamların qoyulması qadağandır. Bu qayda nə ilə bağlıdır və bu qayda pozuntularını müşahidə etmisinizmi?

-Qanunda yazılıb ki, onlar baş yolların üstündən götürülməlidir. Amma götürülmür. Piyada yol keçərkən dayanıb reklama baxır, avtomobil sürücüsü görür ki adamı vuracaq, maşını qaçırdır başqa yerə vurur. Diqqət yayındırır, hadisə törədir.

-Azərbaycanda reklam bazarını inkişaf etdirmək üçün hansı addımların atılması vacibdir?

-Birinci monopoliyanı aradan götürmək lazımdır, ikinci reklam işinə dəqiq qiymətlər qoyulmalıdır, yəni minimum və maksimum qiymətlər. Bazarda qiymətlər enib, qalxanda qiymətlər bəlli olmalıdır. Mənim hesablamalarıma görə Azərbaycan reklam bazarını 1 milyard 250 milyon manata qaldırmaq olar. Qəzetlər ağ-qara olduğundan qəzetdə reklamı uduzuruq. Məsələn, televiziya kanallarında eyni zamanda bütün kanallarda reklam olur. Bu reklam verən üçün yaxşıdır. Amma insanları yorur. Bu məsələlər hamısı həll olunmalıdır.

-Azərbaycanda sosial reklamın azlığı nə ilə əlaqədardır və buna kim nəzarət edir?

-Sosial reklamın sifarişçiləri var. Fövqəladə Hallar Nazirliyindən başqa sosial reklam verən görməmişəm. Bu nazirlikdə reklamlar mütəmadi olaraq dəyişir, qoyulur. Müharibə gedən ölkə olmasına baxmayaraq bununla bağlı heç bir reklam getmir. Reklamçılar İttifaqı olaraq bir proyekt işlədik. Müharibəylə, vətənpərvərliklə bağlı reklam sərgisi qurduq. Sonra televiziya kanalında yayımlandı. Reklamı verilməyən mal təhlükəlidir. Çünki reklam verilmirsə demək ki, məhsul gizlədilir. 

 

Türkiyə və Rusiya reklam bazarındakı reklamlarla Azərbaycanda hazırlanan reklamları müqayisə etdikdə hansı keyfiyyət fərqlərini müşahidə edirsiniz?

-Reklamda kreativ işləmirik. Amma türklər işləyir. Kreativi xüsusi komanda işləyir. Bura memar, dizayner, sloqanı səsləndirənlər daxildir. Yəni böyük bir komanda çalışır. Reklamda birinci musiqi, sonra səs və şəkildir. Amma bizdə şəkil verilir. Bizdə hazırda kreativ reklam yaradacaq peşəkar mütəxəssislər yoxdur. Bəlkə də var, amma yaxın buraxmırlar. Ancaq nəticə olaraq biz görmürük bunu. 

-İndiyədək reklam qanunvericiliyinin təkmilləşdirilməsində hansı təklifinizin qanunvericiliyə əlavə edilməsi sizi sevindirib?

- Bu gün biz Reklamçılar İttifaqi olaraq istəyirik ki, bu qanun real pozisiyaya cavab versin. Maddə 36 “Reklam sahəsində özünü tənzimləmə”dir. Burada göstərilir ki, reklam sahəsində özünütənzimləmə üçün birliklər, şuralar, assosiasiyalar, ittifaqlar və digər qeyri- hökumət təşkilatları yaradıla bilər. Biz yaranmışıq. 20 ildir bazardayıq. Amma bundan istifadə edə bilmirik. Buna yenidən baxılmalıdır və konkret yazılmalıdır ki, bugün bu sahədə çalışan Azərbaycan Reklamçılar İttifaqı  bu səlahiyyətlərə sahibdir.Təkliflər vermişik və baxılır. Bu qanun hazırlananda verdiyimiz təkliflər əlavə edilib, amma indi 36-cı maddəni dəyişmək “ola bilər” sözünü “olar” sözü ilə əvəzlənməsini  istəyirik.

-Hazırda ən uğurlu reklamlar hansı şirkətlər tərəfindən təqdim olunur?

-Heç bir şirkət. Bugün Azərbaycanda uğurlu reklam yoxdur. Uğurlu olsaydı xarici bazarlarda oturardıq. Xarici bazarlarda bizi tanımırlar. Buna görə düşünürəm ki, bu sahədə görüləcək işlər çoxdur.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli