Dünya çempionu Hacı Əliyev: İkinci dəfəki dünya çempionluğumu qızıma həsr etmişdim, Futbolçu olmaq istəyərdim, özü də Real Madridin heyətində, 25.03.2017 527

Dünya çempionu Hacı Əliyev: İkinci dəfəki dünya çempionluğumu qızıma həsr etmişdim

Futbolçu olmaq istəyərdim, özü də Real Madridin heyətində

-İdmanda ilk böyük uğurunuz necə olub və ilk önəmli nəticəni qazananda hansı hissləri keçirdiniz?

-İdmanda ilk uğurum gənclər arasında çıxış etdiyim vaxt böyüklər arasında Azərbaycan kubokunun qalibi olmağımdır. Millinin idmançısı, təcrübəli Zəlimxan Hüseynova qalib gəlmişdim. Amma dünya arenasında qazandığım ilk uğur  2014-cü ildə Finlandiyada keçirilən çempionatda Avropa Çempionu olmağım idi. Qızıl medal qazanmışdım.

-Peşəkar idmançılarda vacib olan bacarıqlardan biri də həyəcanlarını döşəkçədən kənarda qoymasıdır. Bunu necə bacarırsınız və idmana yeni başlayanlara bu hisslərini necə nəzarətdə saxlamağı tövsiyə edirsiniz?

- Xüsusən biz erməni idmançılarla görüşəndə bu həyəcan özünü göstərir. Mənə elə gəlir ki, döşək üzərinə çıxdığın zaman həyəcanı kənara qoymalısan, çünki həyəcana görə istədiyin fəndləri icra edə bilmirsən. Məndə xalça üzərinə çıxdıqdan sonra heç bir həyəcan olmur və ona görə də rahat güləşirəm. Amma bəzi idmançılarda həyəcan hansısa hərəkətləri etməyə qoymur, düşünür ki, bu hərəkəti icra etsəm məğlub olaram. Əsas olan xalça üzərinə çıxdıqdan sonra qələbəni düşünməkdir.

-İdmandan başqa hansı məşğuliyyətləri sevirsiniz?

-Musiqini xoşlayıram. Əsasən da xalq mahnılarını. Adətən ailəmlə birlikdə olmağa, dostlarımla vaxt keçirməyə üstünlük verirəm.

-Peşəkar idmançılar daha çox sadəlikləri ilə yadda qalırlar. Amma elə adamlar olur ki, bir ay idmana gedirlər və özlərini cəmiyyət arasında elə aparırlar ki, ondan güclü yoxdur və nə istəsə edə bilər. Belə adamlar haqqında fikirləriniz nədir?

-Elə idmançılar çoxdur. Trenajora gedib bədən çıxarırlar, yerişləri də fərqli olur. Amma idmanda heç bir uğur qazanmırlar. Bu hər bir insanın özündən asılıdır. Mənimçün fərq etməz ki, Olimpiya, Avropa çempionuyam, düşünürəm ki, qazandığım nəticələr arxada qalır. Əldə etdiyin nəticələri qoruyub saxlamaq daha çətin bir şeydir. O demək deyil ki, məğlub olub itirirsən, insanlıq, insanlara qarşı rəftar əsasdır. Ümumiyyətlə insan nə qədər sadə olsa bir o qədər yaxşıdır.

-Ən ciddi nəticəniz hansı yarışlarda olub və nə vaxtsa böyük qələbənizi kiməsə həsr etmisinizmi? Həmin şəxs kimdir?

-Uğurlarım çox olub. Las Veqasda yarışda ikinci dəfə dünya çempionu olduğum zaman qələbəmi qızıma həsr etmişdim. Yeni dünyaya gəlmişdi. Gedəndə də söz vermişdim ki, qızıl medalı alıb qızımın boynuna taxacam. Bütün medalları ümumilikdə xalqımıza, məni sevənlərə həsr edirəm.

-Güləş əziyyət və iradə tələb edən idman növüdür. Gələcəkdə övladlarınızın bu idman növüylə məşğul olmasını istəyərdiniz?

- Hazırda bir qız övladım var. Gələcəkdə oğlan övladım olsa mənim nəticələrimə baxıb həvəslənsə, sənətimi oğlumun davam etdirməsini istəyərəm. Amma məcbur etməyəcəm heç vaxt. Qardaşıma və mənə güləşə həvəs atamdan keçib. Qanımızdadır. Oğlum istəsə, mən də istəyərəm ki, gələcəkdə adlı-sanlı idmançı olsun.

-Bəziləri düşünür ki, idmançı ancaq idmanla məşğul olmalı, başqa heçnə ilə maraqlanmamalıdır. Sizin bu fikrə münasibətiniz necədir?

-Elə idmançılar var ki, səsi olur oxuyur və ya başqa bacarıqları, peşəsi olur. Bizim güləşçilər arasında həkim olanı olub. Normal bir şeydir. Allah belə insanlara hərtərəfli istedad verir.

-Bir çox insanın öz sənətindən başqa  digər sahəyə də marağı olur. Marağında olduğunuz və həsəd apardığınız hansısa peşə varmı?

-Futbola marağım çox olub. 10 il əvvəl futbola gedirdim, amma birini seçməliydim.  Və güləşi seçdim. Güləşçi olmasam, böyük futbolçu olmaq istəyərdim. Əsasən də Real Madridin heyətində.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli