Heç bir məhkəmə işini uduzmayan vəkil Gülnar Nəzərli: "Hər məhkəmə işinə öz ailə üzvümün başına gəlmiş kimi yanaşıram", Ən çətin keçən məhkəmə işim 7 ildir davam edir, ancaq hələ bu işin bir 3 ili də qalıb. Bunda da qalib olacağıma inanıram, 18.05.2017 1560

Heç bir məhkəmə işini uduzmayan vəkil Gülnar Nəzərli: "Hər məhkəmə işinə öz ailə üzvümün başına gəlmiş kimi yanaşıram"

Ən çətin keçən məhkəmə işim 7 ildir davam edir, ancaq hələ bu işin bir 3 ili də qalıb. Bunda da qalib olacağıma inanıram

Gülnar xanım, hüquq sahəsi biraz çətin olduğuna görə adətən çoxları bunu kişi işi hesab edir. Bu peşəyə gəlişiniz və sevginiz necə olub?

-Bu suala 2 cür cavab vermək istəyirəm. Bu sahəyə sevgi və istək uşaqlıqdan yaranıb. Bilmirdim vəkillik olacaq, ya nə. Amma bilirdim ki hüquq sahəsiylə bağlı olacaq. Xatirə dəftərlərində yazırdım həmişə  "Я буду  прокурор",       “Я буду полицейским”. Bütün bu istiqamətlər hüquq sahəsinə aid məsləklərdir. Yer kürəsində haqqın, ədalətin bərqərar olması kimi mənə heç bir şey zövq vermir. Haqq ki yerini tapır, bu mənə böyük zövq verir. O hissi də ancaq bu sahədə ala bilərdim. Ona görə ədaləti, sözünü keçirtməyi sevdiyimdən bu sahəni seçmişəm. Artıq kişilər daha çoxdur, ya qadınlar mənim üçün önəmsizdir.

 

-Haqqınızda deyirlər ki, indiyədək vəkillik etdiyiniz məhkəmə işlərinin hamısını udmusunuz. Buna necə nail olursunuz?

-Uduzduğumuz iş yoxdur. Maşaallah. Mən bunların hamısını açıb danışsam bu alınmaz. İnanaraq. Ən böyük sirlərimdən biri budur. İnanmadığım işləri götürmürəm. Vətəndaş gəlir və deyir ki filan hüquqlarım pozulub. Həmin insan danışıb mən işləmişəm, sonra başımı qaldırıb demişəm ki, qurtardınız? Deyib ki, qurtardım. Və demişəm ki , bir də danış, amma həqiqəti danış. Çünki sən danışdıqların hamısı yalan idi. İnandığım işləri götürürəm və o hisləri, işi yaşayıram. Mənim başqa hüquqşünaslardan fərqim budur. Çox fərqim var. Amma əsas fərqlərimdən biri də budur. İşə özümünkü kimi yanaşıram. Elə bil öz qardaşımın, bacımın hüququ pozulub. Hər bir işə can qoyuram. Bunun sirri budur. Can qoyulan bir iş mütləq uğurlu olmalıdır.

-Qəbul etdiyiniz işlər daha çox hansı sahə ilə bağlı olur?

-Bütün sahələrdə işlər aparırıq. Statistikaya görə bu gün ən çox apardığımız işlər ailə-məişət məsələləridir. Əmlak bölgüsü, vergi,sığorta məsələləri, ər–arvad, bacı-qardaş münasibətləridir. Daha çox mülki işlərdir.

-İmtina etdiyiniz məhkəmə işi olubmu və səbəb nə olub?

-Yönəltdiyim hüquq şirkətində iki-üç məsələ var ki, onlarla bağlı iş götürmürəm. Bu zorlanmadır və bu kimi bir neçə Cinayət Məcəlləsində maddələr var ki, o maddələrlə bağlı işin şirkətimizə daxil olmasına icazə vermirəm. Hesab edirəm ki, həmin əməlləri törətmiş insanlar cəzalarını çəkməlidirlər.

-Ən çətin keçən və yadda qalan məhkəmə işiniz nəylə bağlı olub?

-O məhkəmə işi hazırda davam edir. Yeddi ildir. (gülür) Deyə bilmərəm. Bu bir sirdir. Üç il də davam edəcəyi gözlənilr. Üç il daha lazımdır.

-İlk məhkəmə işinizi necə xatırlayırsınız? Həyəcan var idi mi və bu hissinizə necə qalib gəldiniz?

-Əlbəttə. (gülür) Hər  məhkəmə işi həyəcanlıdır. Mən özümü rahat apara bilərəm, çünki gün ərzində 5-6 məhkəməyə daxil olan insanam. Mən orada hər kəsi tanıyıram və işi bilirəm necə olacaq. Əgər həyəcanlanmırsansa bu peşəkarlıqdan kənardır. İllərlə səhnəyə çıxan insan artıq səhnədə həyəcan keçirtmir. Elə şey yoxdur. Mən 9 ilə yaxındır canlı yayımlara çıxıram. Hər canlı yayım mənim üçün həyəcan deməkdir. Öz məsləyimdə məndən çox canlı yayıma çıxan tanımıram. Amma hələ də həyəcanlanıram. Bu işin məsuliyyətindən irəli gəlir. Düşünürsən ki, görəsən planlaşdırmadığım, fikrləşmədiyim hansısa bir məqam çıxmayacaq. Hər bir hüquqşünas plan qurur. Bu işi belə idarə edəcəm deyə. Filan şahidləri çıxaracam, bu sənədləri sübut qismində təqdim edəcəm. Hansısa sənədi qarşıma qoyanda digər sənəd qarşıya qoyaraq o sənədi hüquqi qüvvədən salacam. Belə fikirlər, əlbəttə ki insanı həyəcanlandırır.

-Uğurlu iş qadını olmaq üçün Azərbaycan qadınında hansı keyfiyyətlər olmalıdır?

-Ümumiyyətlə Azərbaycan qadını çox şaxəli qadındır. Uğurlu iş xanımı olmaq üçün tələbkar, məqsədyönlü olmaq və zəhmət çəkmək lazımdır. Zəhmətsiz heç nə başa gəlmir. Qətiyyətli olmaq, nə istədiyini bilmək və niyə istədiyini bilmək lazımdır. Nə istədiyini bilib tələb etməyi bacarmalısan və mübariz olmalısan. Uğurlu bir iş xanımı deməzdim. Uğurlu iş adamı olmaq üçün zəhmətkeş olmaq lazımdır.

-İşlərinizin çox olmasına baxmayaraq geyiminizdə və səliqənizdə də seçilirsiniz. Sizcə qadının baxımlı olması onun uğurunda hansı rolu oynayır?

-Səliqə, hansısa tərzi sevmək zövqdən irəli gəlir. Mən o xanımlardanam ki, hesab edirəm mənim soyuqqanlı məsləyim mənim xanımlılığımı əlimdən almamalıdır. Əgər elə olsa mən özümü sevməyəcəm. Bəlkə təvazökar səslənmir. Amma mən özümü çox sevirəm. Bəlkə də birmənalı qarşılanmayacaq. Mən düşünürəm ki, insan özünü sevməlidir. İnsan özünü sevməsə onu sevməyəcəklər. Stil, geyim tərzi zövqümdən irəli gəlir. Özümə məxsus stilim var. Çox şaxəli və dəyişməyi sevirəm. Hesab edirəm ki, qadın cəmiyyətdə hansı işlə məşğul olmağından asılı olmayaraq xanımlığını itirməməlidir. Çünki xanımı ev xanımı, üç-beş uşaqlı sevimli bir ana kimi görə bilərik, hakim, həkim, vəkil  ola bilər. Amma biz məsləklərimizdən qabaq dünyaya xanım olaraq gəlmişik. Mən bu məsləyi seçməmişdən əvvəl xanım idim. Hesab edirəm ki xanım-xatın görünsəm məsləyimi korlamaz, ancaq məni bəzəyər. Özümə xoş gəlir, insanlar tərəfindən bu barədə yüksək fikirlər görəndə ürəyim açılır. O da mənə güc verir. Çalışıram daim bunu qoruyum. Hələ vaxtım olmur çox şey etməyə. Gör indi vaxtım olsa nə olar (gülür)

-Cəmiyyətdə belə bir fikir var ki, kişi kişidir hər şey edə bilər, ancaq qadın hər şey edə bilməz. Sizcə kişi və qadın hüquqları bərabərdirsə belə bir yanaşmanı ədalətli saymaq olarmı?

-Bayaqkı uğurlu iş xanımı olmaq üçün nələr lazımdır sualında mən bunu çıxartdım. Düzdür, konstitusiyamız buyurur ki, qadın və kişi hüquqları  bərabərdir. Ailə Məcəlləmizdə ər və arvad hüquqları bərabərdir. Bəs mentalitet? Bəli qanunumuz bunu buyurur və biz tolerant ölkədə yaşayırıq. Biz hüquq və azadlıqları bərabər olan bir ölkədə yaşayırıq. Bizim dövlətimizdə heç bir dinə üstünlük verilmir. Din azadlığı var. Amma  hər birimizin ailəsində və qəlbimizdə yazılmayan qanunlar, yazılmamış adət-ənənələr var. Biz azərbaycanlı olaraq həmin adət-ənənələrə sadiq qalıb, qardaşımız gələndə ayağa qalxırıq, atamız gələndə onu qarşılayırıq. Bizim üçün Azərbaycan xanımı yeriyəndə, məclisə girəndə də yoldaşından bir addım geridə olur. Bu harada yazılıb? Amma bizdə belədir. Ona görə də Azərbaycan xanımları ağıllı xanımlar olduğu üçün bir biclik işlədirlər və hər şeyi kişilərin yanında danışmırlar. Çünki kişilər çox bilsələr tez qocalarlar. (gülür) Ona görə də biz kişiləri türklərin gözəl sözü var “şımartırıq” Güya kişilər deyəndi. Bu bizim adətlərimizdən irəli gəlir, amma ağıllı qadınlar öz dediklərini edirlər. Və bu düzgün seçimdir. Müəyyən xanımlara məsləhət görərdim. Yol göstərmək deyil. Amma ən ağıllısı da budur.

-Hüquqi mübahisələr zehni yorur. İşdən sonra dincəlmək üçün nə etməyi xoşlayırsınız?

-Fikir verdinizsə ofisimdə yaşıllıq çoxdur. Mən sizə desəm ki, filan məkana üz tuturam dincəlmək üçün yalan olar. Mənim buna vaxtım qalmır. Çünki saat  6-da məhkəmələr bitir, sonra şikayətlərlə işləyirik. Müəyyən saatlarda qəbullarımız olur. Və mənim evə gedib çıxmağım  ən tez halda saat 9, ən gec halda saat 11 olur.  9-11 arası da hansı məkana üz tuta bilərəm ki. Ancaq yaşıllığıma su verirəm, onlara baxıram. Bununla müəyyən dəqiqələr stres atmağa çalışıram. Bir də bu işdə işləyənlər üçün dekor dəyişikliyi çox vacibdir. Həftədə bir neçə dəfə elə məkanlarda olmalıyıq ki, orada başqa dekor olsun, fərqli olsun. Mən bunu həmkarlarımda da müşahidə etmişəm. Ən azından mən eləyəm. Getmədiyim restoranlar gedirəm, dadmadığım təamları dadıram. Dekor fərqli olmaq şərtilə. Bir də tanımadığım insanlarla ünsiyyətdə olmaqdan xoşum gəlir.

-İdmanla aranız necədir? Xüsusi olaraq sevdiyiniz və rəğbət bəslədiyiniz bir idman növü varmı?

-Mən bu yaşıma qədər heç bir idman növüylə məşğul olmamışam. Heç kim deyə bilməz ki məni hansısa idman zalında görüb. (gülür) Mən bunu qətiyyən sevmirəm. Başa düşürəm sağlam həyat tərzidir, mən buna heçnə deyə bilmərəm. Amma həqiqətən də idmanı sevmirəm. Mənim üçün tünd bir çay, hansısa kitab, hansısa maraqlı dizayn olan, səs-küylü olmayan yer, hansısa mənzərəyə baxmaq idmanla məşğul olmaq kimidir.

-Sizcə Azərbaycan qadınını ictimai-sosial həyatdan ayıran, çərçivəyə salan hansı problemlərdir və bu problemlərdən qadınlarımız necə xilas ola bilər?

-Bu suala hər kəsi ümumiləşdirib cavab vermək böyük yalnışlıq olar. Müəyyən insanlar var ki, onlar düz edirlər imkan vermirlər. Çünki o xanımlarla o cür çərçivəli rəftar olunsa daha məqsədə uyğundur. Həmin xanımlar çərçivəyə salınmasa o ailədə çox problem yaranır. Haqq, ədalət naminə bunu deməliyəm. Amma müəyyən xanımlar var ki, onlar həqiqətən də özlərini cəmiyyətdə lazımlı bilirlərsə, hansısa işi həqiqətən yaxşı görürlərsə niyədə olmasın. Onlar işləyə bilər, ailələrinə, özlərinə maddi təminatında köməklik göstərə bilərlər. Nə qədər ki , ailələr var, o qədər müxtəlif problemlər  və o qədər də müxtəlif xarakterlər var. Bu suala ümumi cavab vermək istəyərdim. Mən nə deyim, yoldaşı, qardaşı deyiləm. Mən onlara nə deyə bilərəm ki.

-Hazırda Azərbacanda daha çox hüquqları pozulan kimlərdir?

-Desəm kişilər qadınlar öldürəcək məni (gülür) Hazırda bizim sahəmizdə kişilərin hüquqları daha çox pozulur.

-Sizin üçün ailə, yoxsa karyeramı daha önəmlidir? Seçim etsəniz hansını seçərdiniz?

- İki-üç əvvələ qədər bu sualı mənə versəydiniz düşünmədən karyera deyərdim. İndi çalışıram ki, sağlam ailə həyatı qurum, göstəriş üçün yox və karyeramla paralel addımlasın. Amma mən gözəl ailə sahibi olsam, seçim qoysalar ki ailə ya karyera. Birmənalı olaraq ailə. Mən bu məsləyi çox sevirəm, bilirsiz də mən ailəli deyiləm. Deyilənə görə ailə həyatında elə hislər var ki, onları heçnə ilə əvəz etmək olmur. Mən istəməzdim qarşımda belə bir seçim olsun. Bilirsiniz niyə? Çox insanın mənə ehtiyacı var. Mənə bu hər gün deyilir. Bayaq bir sual verdiniz. Onu tamamlamaq istəyirəm.Və sizdən rica edirəm ki, necə söhbət ediriksə sözlər olduğu kimi qalsın. Siz mənə sual verdiniz ki, ailə, işlə bağlıydı. Unutdum...Gələcəm ona. Qayıdacam o suala.

Bayaq dediniz ki necə dincəlirəm. Üç-beş ay , bir  il də davam edən işlərim olub. İş qurtaranda, yenidən qalib olmağım məhkəmə zalında səslənir, siz təsəvvür edə bilməzsiniz ki, insan hansı hisləri yaşayır. Mən sizə tam səmimi etiraf edirəm. Bugün sizinlə o qədər səmimi oldum ki, bilmirəm bu nədən irəli gəlir. Deyilənə görə mən səmimi insanam. Amma hər kəslə yox. Bütün suallara səmimi cavab verdim. Hər məhkəmə işim bitəndə mən onun zövqünü yaşayıram, stres atıram. Rusların belə bir sözü var “ На войне все средства хороши". Tərcüməsi belədir. “ Müharibədə bütün vasitələr qəbul olunur.” Mən hansısa işə başlayanda elə bir vasitə qalmır ki, nəticə  üçün ona əl atmayım. Bunu bilən bilir. Və buna da nail oluram. Qalib olduğum səslənəndə bütün yorğunluğum, stresim, əsəbim, illərin, ayların, saatların ağırlığı çiynimdən qalxır. Yoxsa mən çökərəm. Çox ağırdır bizim sahə. Satıcı marketi bağlayıb evə gedir, kitabxanaçı kitabxananı bağlayıb evə gedir. Kitablar qalır orada və səhər yenidən gəlib işini davam edir. Elə bir günüm olmur ki, səhər saat 6-da gözümü açıb  bugünki işimi, sübutu fikirləşməyim. Sən işini işdə qoymursan, işin sənlədi. Dostlarınla istirahətdə də fikirləşirsən bugün filankəs gəlmişdi hüququ pozulub. Ailəndə ailə üzvlərin danışdırır səni sən onları eşitmirsən, hələ məhkəmədəsən. Filan yerdə filan maddə deyildi. Sabah bu maddənin qabağına başqa maddə deyilməlidir. Tez bir şəkildə başlayırsan araşdırmağa. Hüquqşünasın apardığı işlər onun beynini tərk etmir. Bu da yorur.

 

-Özünüzə ideal seçdiyiniz bir qadın varmı? Hansı xüsusiyyətinə görə həmin şəxsi seçmisiniz?

-Mənim idealım, mənim anamdır. Həyatda mübarizliyinə görə.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli