04.04.2017 648 Sabiq birlik komandiri, general-leytenant Yaşar Aydəmirov: "Bir-iki sarsıdıcı zərbə, sonra onlar qaçacaqlar. Azərbaycan ordusu 10-15 istiqamətdən hücuma keçəcək", "Əsgər mənə dedi ki, ay qardaş bu nədir eee qalmışıq bir-iki dığanın əlində. Əmr verin bunları məhv edək bitsin də. Belə əsgəri necə sevməyəsən axı?", general, yashar, aydemirov, Yaşar Aydəmirov, general leytenant, general-leytenant, leytenant, herbici, zabit, ali zabit, yashar, korpus komandiri, Aydəmirov, Yaşar, esger, əsgər, erməni, ermeni,

Sabiq birlik komandiri, general-leytenant Yaşar Aydəmirov: "Bir-iki sarsıdıcı zərbə, sonra onlar qaçacaqlar. Azərbaycan ordusu 10-15 istiqamətdən hücuma keçəcək"

"Əsgər mənə dedi ki, ay qardaş bu nədir eee qalmışıq bir-iki dığanın əlində. Əmr verin bunları məhv edək bitsin də. Belə əsgəri necə sevməyəsən axı?"

-Cənab general, öncə hərb sahəsini seçməyinizdən başlayaq. Bu necə baş vermişdi və indiyədək bu sahədə ən böyük uğurlarınızın nələr olduğunu düşünürsüz?

-1972-ci ildə Azərbaycan Respublikası Ali Soveti adına hərbi məktəbə daxil olmuşam. Quru qoşunları zabiti yox, hərbi pilot olmaq istəyirdim. Amma sonradan qohum-əqrəba razı olmadı, fikirlər dəyişildi. Nə isə. Həmin məktəbdə də piyada zabiti olmaq mənim elə də ürəyimcə deyildi. Əvvəlki illər çətin, ağır olsa da, sonradan rahatlaşır, vərdiş halına çevrilir. Bundan sonra 42 il xidmət etdim, 20 il sovet ordusunda, 22 il isə Azərbaycan Respublikasının Milli Ordusunda. Xidmət dövrlərində tank taqım komandiri, piyada komandiri olmuşam. Xüsusi təyinatlı dəstədə də xidmətlərim olub. Dağıstan Respublikasında iki il yarım xidmət etmişəm. Dövlət sərhədi mühafizəsi medalları, sovet ordusunun qırmızı ulduz ordeni və vətənə sədaqətli xidmətin üçüncü dərəcəli ordeni ilə təltif edilmişəm. Sovet ordusunda xidmət etdim, Azərbaycan ordusu yarananda, könüllü şəkildə milli orduya keçdim. Həmin keçid də bir az çətin alındı. Əvvəl götürmədilər, sonra hərbi məktəbə ərizə yazdım. Həmin məktəb o zaman artıq Azərbaycan Ali Hərbi Məktəbi adlanırdı. Qısa müddətli Atəş hazırlığı kafedrasında və Taktik kafedrasında baş müəllim, silsilə rəisi olaraq çalışdım. 

Daha sonra Şəmkirdə yeni yaradılan hərbi hissənin qərargah rəisi kimi çalışdım. Sonra yenidən hərbi məktəbə qayıtdım. 1992-ci ildə birinci kursun kursantları ilə birlikdə Ağdam bölgəsinə getdik, iki həftədən çox orada olduq və bir dənə belə şəhidimiz olmadı. İndi həmin kursantların bir neçəsi milli orduda generaldırlar, böyük vəzifələrdə xidmət edirlər. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində briqada komandiri təyin olundum. Briqadanı yenidən formalaşdırdım, Ağdam və Füzuli bölgələrindəki döyüşlərdə iştirak etdik. Ondan öncə də Müdafiə Nazirliyinin xətti ilə Qubadlı və Füzuli rayonlarında xidməti ezamiyyətdə olmuşam. Qubadlıda milli qəhrəman Əliyar Əliyevlə müəyyən bir dövrdə birlikdə çalışdıq. Füzulidə də bəzi taktiki elementlər, döyüş qabiliyyətləri barədə öz təcrübəmdən bildiklərimi öyrədərək müdafiə sisteminin qurulmasında köməklik göstərmişdim. Sonra isə istiqamət nazir müavini vəzifəsi idi. İcra edildi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə mənə 1994-cü ildə general-mayor rütbəsi verildi. Bundan öncə Bərdə, Yevlax hadisələri zamanı bizim hərbi hissənin bir neçə bölməsi orada iştirak etmişdi. Daha sonra uzun müddət birlik komandiri olaraq çalışdım. Müdafiə Nazirliyində idarə rəisi, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Çin Xalq Respublikasındakı Azərbaycan Səfirliyi nəzdində ilk hərbi əməkdaşı oldum. 6 ildən sonra yenidən idarə rəisliyinə qayıtdım, hərbi xidmət keçmə haqqında əsasnaməyə əsasən, 58 yaşında Silahlı Qüvvələrdən ehtiyata buraxıldım. Hal-hazırda ehtiyatdayam və Heydər Əliyev adına Silahlı Qüvvələr Akademiyasında Hərb Məharəti fənnindən dərs keçirəm. Bu barədə tədris aparır, həm də kitab yazıram. 

-Qarabağ müharibəsində bir sıra yüksək vəzifələrdə işləmisiz, eləcə də birlik komandiri olmusuz. O zaman həyata keçirdiyiniz hansı uğurlu əməliyyatları xatırlayırsız və bu əməliyyatların nəticəsi necə olmuşdu?

-Sözsüz ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun fəaliyyətində müsbət döyüşlər, qələbələr kifayət qədər idi. Ermənistana kömək edən digər dövlətlər də var idi. Həm artilleriya, həm oraya göndərilən məsləhətçi zabitlər, həm texnika vasitəsilə kəskin surətdə təsir edirdilər. Ümumi götürəndə, torpaqlar o dövrdə işğal olundu. Baxmayaraq ki, xalqın övladları həddən artıq böyük qəhrəmanlıqlar, cəsurluqlar, rəşadət göstərdilər, nə qədər insan canından keçdi, şəhidlik zirvəsinə yüksəldi. Ümumi ölkədə rəhbər olmadığı üçün fərdi qəhrəmanlıqlar, komandirlər tərəfindən göstərilən qəhrəmanlıqlar heç oldu. Nəzarət yox idi. Misal göstərmək istəyirəm, böyük bir siyasi rəhbər hərbi hissə komandirinə deyir ki, hücuma keç. O, cavabında deyir ki, hara hücuma keçim? Mənə tapşırıq verin. Deyir, hər hansısa bir tərəfə hücuma keç. Tapşırıq verəndə, o hərbi akademiyanı bitirmiş zabit böyük bir hissə komandiri olaraq nə edə biləcəkdi? O kimə nəyi izah edə biləcək, nəyi sübut edə biləcəkdi? Nəzarət yox idi. Nəzarət olmadığı halda da rəhbərlik zəif idi. Nə təşkilati ştat strukturlarındakı problemlər, nə təminat-təchizat problemləri, nə şəxsi heyətin öyrədilməsindəki problemləri aradan qaldıra bilmədilər. 

Bir forma geyinməklə əsgəri döyüşə göndərmək olmaz. Əsgər döyüşə hazırlanmalıdır. Vəziyyət həddindən artıq kəskin bir xarakter almışdı. Yaxşı ki, sonra Ulu Öndər qayıtdı. Onun çağırışı əsasında Azərbaycanda onlarla taburlar yaradıldı. Məhz o taburların sayəsində ermənilərin hücum əməliyyatlarının qarşısı alındı. Məhz ulu öndərin gəlməsi nəticəsində Füzulinin 22 kəndi azad olundu. Məhz ulu öndərin qayıtması nəticəsində Beyləqan – Xocavənd istiqamətində min hektarlarla ərazi işğaldan azad olundu. Sözsüz ki, çətin dövr idi, döyüşlər gedirdi. Yaxşı ki, Ulu Öndər xalqın tələbi ilə geri qayıtdı. Bu gün onun övladı Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin o vaxt ulu öndərin yaradıb təməlini qoyduğu ordunu elə bir səviyyəyə gətirib çıxarıb ki, dünyanın aparıcı informasiya agentlikləri, hərbi analitik informasiya agentlikləri Azərbaycan Ordusuna yüksək qiymət verirlər.

-General-leytenant Yaşar Aydəmirovu ən çox əsgərlərin dostu kimi də tanıyırlar. Minlərlə hərbçinin sevgisini necə qazanmışdız?

-Mən hər bir əsgərə çox diqqətlə yanaşmağa çalışmışam. Çünki hər bir ananın ən əziz hissəsi baladır. Çalışmışam ki, əsgər analarının qarşısında gözü kölgəli olmayım. Bunun üçün də gərək əsgərin qarşısında gözü kölgəli olmayasan. O vaxt ərzaq təminatında, əşya təminatında, silah-sursat təminatında böyük problemlər var idi. Onlar o vaxt yarı tox olurdular, yarı ac. Mən əsgərləri həmişə başa düşməyə çalışmışam. Onlara hər zaman yaxın olmağa çalışmışam. Mənimçün belə bir anlayış yoxdur ki, Azərbaycan ordusu, Azərbaycan əsgəri hücuma keçməsin. Onlar həmişə göstərişə uyğun hücuma keçiblər. Ağdamda döyüşlər olan zaman ermənilər efirə çıxıb deyirdilər ki, bunlar kimlərdir axı? Bunlar azərbaycanlılardırmı bu cür qorxusuz şəkildə hücuma keçirlər? Böyük hərbi hissə komandiri olanda, onlara anasının südünə, torpağına and içdirəndə, 2000-3000 nəfər hamısı eyni anda bir saniyədə diz çökərdilər. Mən həmişə əsgərlərə inanmışam. Sözümdən çıxan əsgər olmayıb, ölümə göndərəndə də, “İrəli get!” deyəndə də. Görürəm ki, düşmən qüvvəsi hiyləgərdir və ya qüvvəsi çoxdur, amma mənim əsgərlərim, Azərbaycan əsgəri heç tərəddüd etməyiblər. Mən onları necə sevməyə bilərəm?

-Yəqin ki, əsgərlərlə çoxlu sayda maraqlı dialoqlarınız olub. İndiyədək ən çox yadınızda qalan və sizə ən çox təsir edən söhbət hansı olub?

-Əsgərlər mənə çox suallar veriblər. Amma bir əsgərimin mənə verdiyi sual indi də yadıma düşəndə, məni alovlandırır. O əsgər, çox güman ki, indi ailəlidir. Mən birlik komandiri olanda, ön xətti yoxlamağa gedəndə, bir əsgər mənə yaxınlaşdı: “Cənab general, olar sizə təklikdə bir sual verim?”. Mən onlara həmişə deyirdim ki, mənə açıq-açıq, istədiyiniz sualları verin. Çünki mən əsgərin gözündən onun dərdinin, probleminin olduğunu hiss edirdim. Həmin əsgəri qucaqladım, çəkdim yanıma, dedim ki, gəl, kənarda ver sualını. Bir xeyli aralandı məndən. Çevrildi, mənə Bakı ləhcəsi ilə dedi ki, olar sizə kiçik qardaş – böyük qardaş münasibəti içərisində bir sual verim? Dedim ki, necə istəyirsənsə, hansı sualı istəyirsənsə, ver. Belə balacaboy da bir əsgər idi. Dedi ki, qardaş, bu nədi, durmuşuq 2 dənə "çumo"-nun qabağında, adam yerə girmək istəyir. Birdəfəlik komanda verin, bu torpaqları azad edək də işğaldan.  Nə cavab verəsən? Dedim ki, sənin rütbən nədir? “Mənim rütbəm əsgərdi də” deyə cavab verdi. Dedim bəs mənim rütbəm nədir? Deyir, siz general-leytenantsız. Dedim ki, sənin vəzifən nədir? Dedi ki, elə-belə, atıcı. Dedim bəs mənim vəzifəm nədir? Deyir, birlik komandiri. Dedim ki, sən o balaca qəlbinlə, balaca vəzifənlə, balaca rütbənlə nələr çəkirsən. Bəs mən bədbəxt nələr çəkirəm? Mənə baxdı və dedi ki, düz deyirsiz də, siz, ümumiyyətlə, yata bilmirsiz. Dedim ki, üzümün gülməyinə baxma. Biz nizami orduyuq, siyasi işlərə qarışmırıq. Görüşdük, əsgər yoldaşlarının yanına getdi. Bunu mən ilk dəfədir açıqlayıram. Bu cür əsgəri necə sevməyəsən? Necə qələbəyə inanmayasan?

-Cənab general, aprel döyüşlərinin də ildönümü ərəfəsidir. Azərbaycan Ordusu düşməndən üstün olduğunu aprel döyüşlərində təsdiqlədi. Necə düşünürsüz, Azərbaycan Ordusu, əsasən, hansı meyarlara görə düşməni geridə qoyur?

-Birincisi odur ki, bizim Ali Baş Komandanımız var. Hər zaman ordu ilə maraqlanır. Əsas amil budur. Ordunun təminat və təchizatına, öyrədilməsinə çox vəsait ayrılır. İkincisi budur. Üçüncüsü, zabit kadrlara diqqət yetirilməsidir. Dördüncüsü, genofonddur. Vuruşmaq, qaytarmaq, torpağı işğaldan azad etmək psixologiyasının hamımızda olmasıdır.

-Qeyd etmişdiz ki, ermənilər bir də genişmiqyaslı təxribata əl atsalar, artıq bunun cavabı apreldəki kimi kiçik həcmli olmayacaq. Necə təsəvvür edirsiz Azərbaycan ordusunun növbəti cavabını?

-Növbəti cavab kəskin və birdəfəlik olacaqdır. Mən bunu gözəl sözlər olsun deyə demirəm. Söhbət Dağlıq Qarabağdan getmir, söhbət Ermənistanın taleyindən gedir. Bunlar pafossuz cümlələr deyil. Bu, həqiqətən də, belədir. Aprel döyüşləri kimi iki istiqamətdə yox, on-on beş istiqamətdə olsa, nəinki Qarabağda, Ermənistanın cənub hissəsində də bircə adam belə qalmayacaq. Qaçacaqlar. Qaçmağa yerləri belə olmayacaq. 

-Cənab general, Azərbaycan ordusunun gücünü ən yaxşı bilənlərdən biri sizsiz. Kənar güclərin müdaxiləsi olmasa, Qarabağı azad etmək üçün bizə nə qədər vaxt lazımdır?

-Qarabağı işğaldan azad etmək üçün bizə uzun müddətli müharibə lazım deyil. Bir-iki sarsıdıcı zərbə ilə onlar qaçmağa başlayacaqlar. Sonra Azərbaycan Ordusunun hissələri kolon şəklində müxtəlif istiqamətlərdə - cənubda, şimalda, mərkəzdə dövlət sərhədinə çıxacaqlar. Kolon şəklində. Bunun başqa yolu yoxdur. Əsaslandırım? Onların neçə günlük döyüş aparmağa silah-sursatları var? Onların səfərbərlik ehtiyatları var? Onların beş gün, on gün döyüş aparmağa mərmiləri var? Bir-iki xırda əks həmlə onları belə sarsıtdısa, iri birləşmə birlikləri hücumu ilə onlar necə baş edəcəklər? 

-Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyadan başqa İsrail kimi ölkələrdən də hərbi texnika alır. Sizin fikrinizə, bu texnikaların döyüşdə bizi önə salmaq payı nə qədərdir?

-Bəli, biz bir dövlətdən silah-sursat almırıq. Azərbaycan ən elit dövlətlərdən ən müasir silahların nəinki özlərini, onların istehsal texnologiyalarını da alır. Azərbaycanda bu silahları istehsal edən müəssisələr də kifayət qədərdir. Biz köhnə silah almırıq. Bizdəki köhnə silahlar çoxdan ön xətdən çıxarılıb. Bir hissəsi təkrar emala göndərilib, bir hissəsi də modernləşdirilib. Ermənilər də guya, gedib ruslardan tank alıb azərbaycanlıların başını aldadırlar.

-Prezident son çıxışında qeyd etdi ki, Azərbaycan hərbi potensialını tam istifadə etsəydi, Ermənistanda daş daş üstündə qalmazdı. Bunu hərb dilində Ermənistan üçün necə izah edərdiz?

-Ali Baş Komandan onu çox mədəni surətdə dedi. Nəinki daş daş üstdə qalmayacaq, heç o daşların qəlpələrinin düşdüyü yerlər tapılmayacaq. O söz həqiqi sözdür. Ayılsınlar. Nə düşünürlər?

-İşdən sonra nəylə məşğul olmaq sizi rahatladır? Ən çox sevdiyiniz məşğuliyyətlər nələrdir?

-İşdən sonra evə gələndə, fiziki işlə məşğul olmağı sevirəm. Kitab dəlisiyəm, vaxtım varsa, kitab oxuyuram. Bizim kanalların bəzi unikal verilişlərini izləyirəm.

-Yaddaşınızda saysız-hesabsız döyüşlər, maraqlı hadisələr var. Bunları bir kitab halında toplamağı düşünmüsünüzmü? Yazsaz, o kitabın adı necə olardı?

-Hələlik Azərbaycan hərb nailiyyəti tarixinin materiallarını toplamaqla məşğulam. Öncə istəyirəm ki, bu dərs vəsaiti hazır olsun. Əgər dediyiniz kimi bir kitab hazırlasam, adı “Zabit şərəfi” olardı.

-Cənab general, hərbçi olmasaz, kim olmaq istərdiz? Həsəd apardığınız bir sənət varmı?

-Pilot olmaq istəyərdim. Hər hava limanına gedəndə, ürəyim dayanır. Hər kəs bir-iki saat tez gələndə, mən on-on beş saat tez gedib durardım  orda.

-Musiqi və filmlərlə aranız necədir, cənab general? Sizə ən çox təsir edən bir mahnı və film adı çəkə bilərsizmi?

-Ən çox mənə təsir edən film “Mən evə qayıdacam” adlı zabitlər haqqındakı film olub. Hər dəfə baxanda, təsirlənirəm. İkinci belə bir film özümün də hərbi məsləhətçi kimi iştirak etdiyim “Uçuş xətti” filmidir. Gözəl filmdir. Musiqi isə muğam. Məni öldürə də bilər, dirildə də bilər. Mənim bir dostum var idi, dahi sənətkar deyirəm ona. O, Qədir Rüstəmov idi. Qədir Rüstəmov, Rəmiş, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Tükəzban xanım, Sara xanım, Alim Qasımov  və digər gözəl sənətkarların musiqilərini sevirəm.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün