Qida eksperti Fuad Ağayev: "Vətəndaşlarımız qidada nöqsan aşkarlayanda sadəcə sosial şəbəkədə paylaşır və məhkəməyə müraciət etmirlər", Geni dəyişdirilmiş məhsulların fəsadı özünü 3-5 il ərzində göstərir, 30.03.2017 286

Qida eksperti Fuad Ağayev: "Vətəndaşlarımız qidada nöqsan aşkarlayanda sadəcə sosial şəbəkədə paylaşır və məhkəməyə müraciət etmirlər"

Geni dəyişdirilmiş məhsulların fəsadı özünü 3-5 il ərzində göstərir

-Fuad bəy, öncə qida sahəsində mütəxəssiz kimi əldə etdiyiniz uğurlara nəzər salaq. İndiyə qədər ən önəmli araşdırmanız və layihəniz hansılar olub?

-2005-ci ildən başlayaraq qida sektorundayam. Müxtəlif layihələrdə, xaricilərin, beynəlxalq təşkilatların keçirdiyi layihələrdə, müstəqil fərdi şirkətlərdə, quşçuluqlarda, şirniyyat fabriklərində, müxtəlif beynəlxalq konfranslarda və s. yerlərdə iştirak etmişəm. 2009-cu ildən başlayaraq halal qida sahəsində qida təhlükəsizliyi işlərinə başlamışam. Daha sonra müxtəlif ölkələrin praktikalarını öyrənməyə başladım. 2011-ci ildə halal qida standartları ilə bağlı kitab nəşr etdirdim. Bundan əlavə halal qida standartlarının Azərbaycan dilində hazırlanması, onların izahlı şərhi, xüsusilə ət sənayesi – quşçuluq və iri buynuzlu heyvandarlıq, şəxsi fermalar və s. tətbiqi ilə əlaqədar fəaliyyətlərlə məşğulam. Qida təhlükəsizliyi ilə əlaqədar müxtəlif araşdırma materiallarının toplanıb hazırlanması və bir layihə şəklində ortaya qoyulması bizim fəaliyyətlərimizin nəticəsində əldə etdiyimiz ən böyük uğurlarımızdır.

-Yəqin hamı razılaşar ki, sovet dönəmində bu qədər ağır və yoluxucu xəstəliklər geniş yayılmamışdı. Bu xəstəliklərin əksəriyyətini insanlar qidaların keyfiyyətinin aşağı olması ilə əlaqələndirirlər. Bu fikirlə nə dərəcədə razılaşırsız?

-Qismən razıyam. Fiziki, kimyəvi, bioloji amillər var ki, bunlar qida təhlükəsizliyinə birbaşa təsir edirlər. Ümumiyyətlə, qida sənayesinin mürəkkəbləşməsi özü də buna təsir edir. Bakteriyalar, mikroblar və s. daha davamlı vəziyyətə gəldiyinə görə xəstəliklər daha çox artır. Qida sahəsində xəstəliklərin əmələ gəlməsində nəzarət sistemi zəifləyib. Bu nəzarət sistemi bizi geri salan ən böyük amildir. Amma elə müəssisələr var ki, keyfiyyətsiz qida istehsal edirlər, hətta, elementar amillərə əməl etmirlər. Məsələn, gigiyenik infrastruktura heç fikir vermirlər. Nəticədə, adi sıravi istehlakçıda elə təsəvvür yaranır ki, bizdə keyfiyyətli qida istehsal etmək mümkün deyil. Bütün bunlara nəzarət etmək üçün müəyyən orqanlar mövcuddur. Mənim fikrimcə, əsas rol məhz onların öhdəsinə düşür.

-Sizcə, insanlar qida alarkən onların üzərində olan hansı məlumatları mütləq yoxlamalıdırlar, hansı ki, bu məlumatlar olmasa, o qidanın normal standartda hazırlanmasına artıq kifayət qədər şübhələr yarana bilər?

-Böyük fabriklərin, böyük zavodların, məşhur brendlərin mallarına üstünlük verilməlidir. Çünki onlar hər zaman göz qabağında olduğu üçün, onlara daha çox nəzarət olduğu üçün onlar da daha keyfiyyətli və daha təhlükəsiz qidalar istehsal etmək məcburiyyətindədirlər. Sıravi istehlakçı qidanın üstündə ilk olaraq onun hansı standartlara uyğun istehsal olunduğunu axtarmalıdır. Bu, məhsulun üzərində açıq-aydın qeyd olunur. Məsələn, rəqəmlərlə. Əgər məhsulun üzərində bu rəqəmlər varsa, ona inam daha çox artır. Növbəti amil qidanın üzərində onun tərkibinin yazılıb-yazılmamasıdır. Bu çox önəmli bir şeydir. Tərkib varsa, deməli, istehsalçılar bu sahədə kifayət qədər məlumatlıdırlar. İstehlakçı tərkib və saxlama şəraiti yazılan etiketlə real vəziyyəti tutuşdurmağı bacarmalıdır. Məsələn, etiketdə yazılır ki, 5 dərəcədə saxlanılmalıdır, amma mağazanın içərisindəki temperatur 20 dərəcədir. Bu, artıq korlanmış qidadır və istehlak edilməsi tövsiyə olunmur.

-Azərbaycana ən çox hansı ölkələrdən qida daxil olur?

-Ən çox tələbat olan ət toyuq ətidir. Toyuq əti Braziliyadan və Türkiyədən daxil olur. Emal sənayəsində sosiska-kolbasa adətən, Hindistan və Braziliyadan idxal olunur. Süd sənayesi ilə bağlı məhsullar daha çox MDB dövlətlərindən idxal olunur. Xüsusən də, Rusiya, Belarusiya və Ukrayna. Onlar süd sənayesində bizdən daha çox inkişaf ediblər, daha çox irəlidədirlər. Taxıl məhsulları isə daha çox Qazaxıstandan daxil olur. Bu siyahını uzatmaq olar. Düyülər, makaronlar, şirniyyatlar və s. Təəssüf edərək qeyd etməliyəm ki, çox nadir haldır ki, Azərbaycan öz daxili istehsalını özü təmin etsin. Doğrudur, yerli istehsallar da var, amma tələbatı tam şəkildə ödəmir.

-Bəzən belə iddialar olur ki, bəzi marketlərdə vaxtı keçmiş məhsulların üzərinə yeni tarixi göstərən lövhələr vurulur. Belə məhsulları vətəndaşlar necə tanıya bilərlər?

-Bəli, belə hallar olur. Etiketin üstündəki tarix iki dənədirsə, bu, yanlışlığın nümunəsidir. Tarixin vurulduğu etiketlə məhsulun qablaşdırılması vahid bir lövhənin üstündə olmalıdır, hərflər, rəqəmlər fərqlənməməlidir, həcmlilik, qabarıqlılıq hiss olunmamalıdır. Belə məhsullardan uzaq durmaq tövsiyə olunur.

-Bir çox müəssisə insanları məhsullarının keyfiyyətinə inandırmaq üçün açıq qapı keçirir. Ancaq Azərbaycanda belə müəssisələr azdır. Sizcə, bəzi qida istehsalçıları niyə öz qapılarını ictimaiyyətə açmaq istəmirlər?

-Bu bir az çətin sualdır. Psixoloji amillərlə də əlaqədardır. Açıq qapı keçirməyən şirkətlərin hər birinə belə bir damğa vurmaq olmaz ki, onlar keyfiyyətsiz məhsul istehsal edirlər. Daxili menecment və idarəetmə məsələsidir, əslində. Bəzilərində elə stereotiplər var ki, açıq qapı keçirsəm, kimsə görər, rəqiblər görər, istehsal avadanlığının firması məlum olar və s. Strategiyaları belədir. Təbii ki, belə şirkətlər azlıq təşkil edir. Qapalı olan müəssisələrin əksəriyyəti standartlara cavab vermədikləri üçün açıq qapı günlərini təşkil emirlər.

-İnsanların məlumatsız olduğu məsələlərdən biri də aldıqları günlük qidaların yəni, qab açıldıqdan sonra nə qədər müddətə istifadə olunmasını bilməməsidir. Ən çox istifadə olunan məhsullar üzrə belə bir müddət varmı? Varsa, bu, hansı fəsadları törədə bilər?

-İstehlakçılarda belə bir stereotip yaranıb ki, qida zəhərlənmələri, qida ilə bağlı olan problemlər yalnız xəstəxanaya  düşdükləri anda ciddiyyət qazanır. Amma həqiqətdə belə deyil. Qida zəhərlənmələri insan orqanizmində adi baş ağrıdan, qarın ağrısından, əzələ boşluğundan başlayarkən də ciddi halda olur. Sadəcə bizim xalqın düşüncəsi belədir ki, xəstəxanalıqdırsa, deməli, qida zəhərlənməsi baş verib. Tarixə əsasən istifadəyə qaldıqda isə, adətən, baxmırlar ki, bu məhsul 3 aylıq nəzərdə tutulub, yoxsa 8 aylıq nəzərdə tutulub. “Əşi, heç nə olmaz” deyərək başlayır həmin qidanı tükətməyə. Bütün bu “əşi”lər yığılaraq insanın xəstəxanalıq olmasına gətirib çıxarır. Təbii ki, belə hallarda stereotiplərdən uzaq durmaq lazımdır. Qida qəbulundan sonra hər hansısa bir yeriniz azacıq da olsa nasaz vəziyyətə gəlirsə, həkimə müraciət etmək lazımdır. Biz belə öyrənmişik ki, əşi, nanə dəmlə, iç, filan şeyi bəhmən şeyə qat, iç, keçəcək. Türkəçarə yolveriləndir, lakin həkimdən sonra. 

-Qida təhlükəsizliyini artırmaq üçün beynəlxalq standartlara uyğun yeni qanun layihəsi hazırlanır. Bu layihədə nələrin əks olunmasını istəyərdiz?

-Bəli, beynəlxalq standartlarda layihələr hazırlanır və Azərbaycanın müvafiq strukturları tərəfindən də artıq gündəmdədir. Prezidentin son fərman və göstərişlərində də bunlar öz əksini tapır. Həmçinin, 2014-2018-ci illərdə ərzaq təhlükəsizliyi ilə bağlı inkişaf proqramında da əks olunub. Həmin layihələrdə mən 2 nüansın daha çox öz əksini tapmasını istərdim. Birincisi, nəzarətedici orqanların fəaliyyətinin daha detallı şəkildə olması, ikincisi isə, ictimai nəzarətdir. Ən böyük problemlərimizdən biri də budur ki, insanlar məhkəmələrə müraciət etmirlər. Hər hansısa bir qidada problem aşkarlasalar, sadəcə sosial şəbəkələrdə paylaşmaqla kifayətlənirlər, həmin məsələnin arxasınca düşmürlər. Şəxsi fikrimdir ki, buna nəzarət edən orqanların fəaliyyəti qənaətbəxş deyil. Bəzən gedirlər, guya nəyinsə üstünü açırlar və mediada işıqlandırırlar. Görürsən ki, böyük bir infrastrukturda nöqsan var. Məsələn, tavan tamamilə bərbad vəziyyətdədir. Üç gün sonra görürsən ki, o müəssisə hələ də işləyir. O cür infrastrukturun üç günə bərpa edilməsi mümkün deyil. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin dövlət orqanlarının fəaliyyəti qənaətbəxş deyil.

-Geni dəyişdirilmiş məhsulların ölkəyə girişi qadağan olunsa da, bu proses davam edir. Əksəriyyət bu məhsulların sağlamlığa necə zərər vurduğundan xəbərsizdir. Bunu qısa şəkildə necə izah edərdiz?

-Geni dəyişdirilmiş məhsulların fəsadları bir və ya üç gün ərzində özünü göstərmir. Toplanma nəticəsində üç və ya beş ilə fəsadlarını üzə çıxarır. Qeyd etdiyini Azərbaycanda rəsmi şəkildə qadağandır, amma təəssüf ki, belə hallara rast gəlinir. Xüsusən də, soya və qarğıdalıda. Bu templə irəliləsə, belə hallar daha da çoxalacaq. Qarışıq qablaşdırılmış, yəni, tərkibi çoxsaylı elementlərdən ibarət olan qidalarda rast gəlinir. Amma bizim yerli istehsalımız olan meyvə və tərəvəzlərdə belə məhsullara rast gəlinmir.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli