22.03.2017 417 Fidan İlham: "Bəzi mağazalara girəndə düşünürəm ki, normal müştəri bu vəziyyətdə dava etməlidir", Görürsən ki, satıcı müştərinin yanında sevgilisi ilə qışqıra-qışqıra mübahisə edir, fidan, ilham, marketinq,

Fidan İlham: "Bəzi mağazalara girəndə düşünürəm ki, normal müştəri bu vəziyyətdə dava etməlidir"

Görürsən ki, satıcı müştərinin yanında sevgilisi ilə qışqıra-qışqıra mübahisə edir

-Fidan xanım, öncə indiyədək olan marketinq fəaliyyətinizdən danışaq. Bildiyimə görə, bir neçə şirkətin marketinq siyasətini müəyyənləşdirən şəxs olmusuz...

-Mən Bakı Dövlət Universitetinin məzunuyam, nəşriyyat işi və redaktəetmə ixtisasını bitirmişəm. 3-cü kursda oxuyanda, bizə marketinq haqqında dərslər keçirilirdi. Bu fənlər diqqətimi çəkirdi. Marketinq sahəsini özümə çox yaxın hiss edirdim və dərindən öyrənmək istəyirdim. 4-cü kursda daha çox maraqlanmağa və məşğul olmağa başladım. Nəşriyyatda oxuduğuma görə ilk işim “Qanun Nəşriyyatı”nda çalışmağım olub. Orada marketinq və satış meneceri kimi işləmişəm. Biz orada ilk dəfə “Qanun nəşriyyatı” olaraq supermarketlərdə kitab satışını təşkil etmişdik. Marketinq fəaliyyətim məhz “Qanun nəşriyyatı” ilə başlayıb. Ən yadda qalan fəaliyyətlərimdən biri də dünya brendi olan “Schwarzkopf Professional”da işləməyimdir. 2016-cı ildə hər nə qədər bu ifadədən xoşum gəlməsə də, öz brendimi yaratmışam. Həmin brend "Nadiffa Business Boutique" adlanır. Bu, sırf işləyən qadınlar üçün olan bir butikdir. Biznes stilində, sadə, xoş və keyfiyyətli. Nəzərdə tutulan hədəf qrupu sadəcə işləyən xanımlardır. İndi də rəfiqəmlə birlikdə moda və incəsənətin birləşdiyi bir moda məktəbi işlədirik. Həmçinin, könüllü olaraq qadınların inkişafı üçün platforma olan “WOWOMAN” təşkilatında fəaliyyət göstərirəm. Bu təşkilat artıq 2 ildir ki, fəaliyyətdədir. Biz 2 il ərzində bir çox layihələr, qısa və uzun müddətli  kurslar həyata keçirmişik. Bu təşkilatın da əsas profili qadınlara cəmiyyətdə, iş həyatında layiqli yeri tutmasına və onların daim inkişafına dəstək olmaqdır.

-Sizcə, hazırda Azərbaycanda şirkətlərin öz xidmətlərini, məhsullarını təqdim etməkdəki ən böyük problemləri nələrdir və onların həllinə necə nail olmaq olar?

-Deməzdim ki, problemi hamı yaşayır, yox, problem yaşamayan şirkətlər də var. Çox rahat fəaliyyət göstərirlər və hətta, böhran olan dövrdə daha da inkişaf edib, daha çox gəlir əldə edirlər. Əsas problem budur ki, nə istədiklərini bilmirlər. Məsələn, bir obyekt açırlar və bu obyektlə bağlı böyük ümidləri var. Amma obyekt gözə görünməyən bir yerdədir. Yaxud da ki, hər şeyi əla təşkil edirlər, amma gəlib xidməti normal qura bilmirlər və düşünə-düşünə qalırlar, tapa bilmirlər ki, problem nədədir. Müdir mağazada olmayanda xanım işçi müştərilərin yanında sevgilisi ilə söhbət edir, özü də qışqıra-qışqıra. Çox kiçik məsələlər böyük problemlərə gətirib çıxara bilir. Bəzi sahibkarlar bizneslərini qurarkən nə istədiklərini bilmirlər. İnsanlarla ünsiyyət, biznes bilikləri və marketinq. Bunlar bütünlükdə bir zəncirin ayrılmaz halqalarıdır. Nələrsə bu üçünün harmoniyasından alınır.  Məsələn, çox güclü reklamınız var, hər kəs sizin haqqınızda danışır, eşidib gəlirlər. Müştəri gəlir, qapıdan girir, amma məmnun qalmır, çıxıb gedir və sizin illik reklam büdcəniz havaya uçur. Müştərini içəri gətirmək marketinqin işidirsə, müştərini içəridə saxlamaq da oradakı işçilərin, satış menecerlərinin işidir. Yəni, bu işin hər hissəsi mükəmməl və diqqətlə təşkil edilməlidir.

-Bəzi şirkətlər işçilərinin iş vaxtında mobil telefon işlətməsini qadağan edir. Sizcə, bu, adətən, hansı işlər üçün normal, hansılar üçün isə sadəcə işçilərin fəaliyyətini əsassız məhdudlaşdırma kimi qəbul edilə bilər?

-Bu, işi nə qədər məhsuldar qurmalarından asılıdır. Bir dəfə bir ofis haqqında oxumuşdum, yazılmışdı ki, şəraitləri əla vəziyyətdədir, işçilər üçün hər cür şərait təşkil edilib, hətta yuxu otaqları da var. Həmin işçilərdən soruşublar ki, siz bu imkanların hamısından istifadə edə bilirsiz? Onlar da deyiblər ki, işimiz çox olur, əslində istifadə etməyə vaxtımız olmur. İşləri məhsuldardır, amma bütün sərbəstlikləri də var. İnsanın gözünün qarşısında belə imkanlarının olması onu daha da rahatlaşdırır, sakitləşdirir. Düşünür ki, hə, mənim onsuz da istirahət etməyə imkanlarım var. Amma bir də var ki, işçi ondan sadəcə istifadə olunduğunu düşünür, həm də qəddarcasına. Bir var könüllü olaraq, zövq alaraq işləmək, bir də var işlədilmək. Bildiyim qədəri ilə, bank sektorunda işçilərə sosial şəbəkələrə daxil olmaqda məhdudiyyət qoyulub. Demək olar ki, banklarda, xəstəxanalarda bu, düzgün sayıla bilər. Amma elə yerlər var ki, qadağa qoyulması həqiqətən də, mənasızdır. Təbii ki, insanlara nəyi qadağan etsən, o daha da cəlbedici görünəcək.

-İnformasiya texnologiyaları inkişaf etdikcə buna paralel internet üzərindən marketinq siyasəti aparmağın da yeni üsulları, metodları meydana çıxır. Bu sahədə son trendlər hansılardır və sizcə, Azərbaycanda şirkətlər bu yeniliklərdən nə dərəcədə faydanala bilirlər?

-Əslində, çox uğurlu nümunələr var. İstifadə edə bilənlər də var, faydalana bilməyənlər də. Birini misal göstərə bilərəm, sosial şəbəkələr üzərindən “Kreki” çubuq məhsullarının səhifələri olduqca rəngarəngdir. Brendi danışdırırlar və bu, onlarda çox təbii alınır, insanlarda rəy yazmağa istək yaradır. Amma elə brendlər də var ki, çox böyük reklamları var, lakin qiymət soruşduqda cavab yazmırlar. 

-Bəzən müşahidə edirik ki, kimsə bir mağaza açıb və içəridəki məhsullar dağınıq halda qoyulub, içəri müştəri daxil olduqda ona heç əhəmiyyət verilmir. Bu cür kiçik sahibkarların öz işlərini daha yaxşı qurmaları üçün onlara nə kimi məsləhətlər verərdiniz?

-Mənim 25 yaşım var və 5 ildir ki, marketinqlə məşğul oluram. Buna görə də mən kiminsə yanında ağıllı-ağıllı danışmağa bir az qorxuram. Öz təcrübəmə əsasən, bunu deyə bilərəm ki, müştəri kimi düşünmək lazımdır. Özüm də çox vaxt bunu edirəm. Hətta bəzən elə olur ki, öz-özümə deyirəm ki, mən müştəri olsaydım, bunun üçün dava edərdim. Belə bir şüar da var, hansı ki, mən bunu hər gün özüm də təkrarlayıram: Hər gün dünənkindən daha yaxşı olmalısan. Dünən belə olubsa, bu o demək deyil ki, sabah da belə olacaq. Sabah daha yaxşı olmalıdır, çünki sabahın tələbləri də dəyişir.

-Marketinqlə bağlı oxuyarkən sizə ən çox təsir edən kitab hansı olub və nə üçün? Gənc marketinq mütəxəssislərinə hansı kitabları oxumağı tövsiyə edərdiniz?

-Çox çətin sual oldu bu. Əslində, Philip Kotler’in A-dan Z-yə marketinq kitabı ilə başlaya bilərlər. Zəif olsa da, başlanğıc üçün pis deyil. Daha çox xarici müəlliflərin kitablarını oxumaqları məsləhətdir. Bizimkilərdən isə İlkin Manafovun “360 dərəcədə brendinq” kitabının adını çəkə bilərəm. Bu, mənim müəllimimin kitabıdır və mən həmin kitabı çox bəyənirəm. Düşünürəm ki, insanın brendinqdən, marketinqdən, hətta, biznesdən ilkin anlayışı olması üçün o kitabı oxuması kifayətdir.

-Adətən, şirkətlərin demək olar ki, hamısı marketinq mütəxəssisi axtararkən bir neçə il təcrübəsi olan adamlara üstünlük verirlər. Bəs sizin fikrinizcə, bu sahəyə ilk addımlarını atanlar o təcrübəni harada və necə əldə etməlidirlər?

-Bu, böyük bir problemdir. Hansı sahə olması fərq etmir, təcrübə əldə etmək istəyirsizsə, mütləq sizə uyğun yerləri araşdırıb tapmalısız. Hələ-hələ indiki dövrdə, informasiya əsrində, paytaxtda yaşayırsızsa, oturub gözləyə bilməzsiz. Həmin sahə ilə əlaqəli şəxsləri tapıb birbaşa yazın, özünüz danışın. Lazım gəlsə, bezdirəcək dərəcədə çox müraciət edin. Hiss etsinlər ki, siz bunu həqiqətən istəyirsiz. O qədər qapı döyənlər olur ki. Amma bir dəfə gəlirlər, gedirlər, bununla da kifayətlənirlər. Məncə qırx qapını bir dəfə döyməkdənsə, bir qapını qırx dəfə döymək daha faydalıdır.

-Bəzən kimisə hansısa şirkətin marketinq müdiri deyə tanıdırlar. Müşahidə edirsən ki, qaraqabaq, danışmağı xoşlamayan biridir. Sizcə, yaxşı marketinq mütəxəssisi olmaq istəyən adamda hansı xüsusiyyətlər, bacarıqlar mütləqdir?

-Marketinq mütəxəssisi qətiyyən qaraqabaq ola bilməz, olmamalıdır. Marketinqin bütün məqsədi məhsulu satmaqdır. Amma ondan öncə özünü satmağı bacarmalısan. Pozitiv və qərarlı olmalısan, öz stilin, üslubun olmalıdır.

Ayşən Rəhimova

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün