Millət vəkili Fazil Mustafa: "50 metrlik məsafəni silah və sursatla sürünərək keçdim, finişə yetişəndə huşumu itirdim", İndiki işim olmasa futbolçu olardım, ancaq xarici komandalarda yox, Azərbaycanda oynayardım, 03.05.2017 971

Millət vəkili Fazil Mustafa: "50 metrlik məsafəni silah və sursatla sürünərək keçdim, finişə yetişəndə huşumu itirdim"

İndiki işim olmasa futbolçu olardım, ancaq xarici komandalarda yox, Azərbaycanda oynayardım

-Fazil bəy, sizcə, millət vəkili xalqın arasında olmaq üçün əslində, nələri etməlidir?

-Millət vəkilinin xalqın arasında olmasından daha vacib tələb onun xalqın maraq və mənafelərini dərindən anlaması və bunun gündəmə gətirilərək həllinə nail olmasıdır. Çünki insanlar problemlərinin həllinə daha çox əhəmiyyət verirlər. Xalq arasında olmanın həm də populist tərəfləri var, əməli işlə məşğul olmaq əvəzinə, özünü reklam etməyə bəzən vərdiş yaradır. Millət vəkili sadəcə vicdanla üzərinə düşən öhdəliyi yerinə yetirməlidir, insanların istəklərinə diqqətlə yanaşmalıdır, bunlar yetərlidir, məncə. İnsanların əksəriyyəti də məhz bu davranışı millət vəkilindən gözləyirlər.

-Kitab oxumağı sevən birisiz. Sizdə ən çox dərin izlər buraxan kitablar hansılar olub və nə üçün həmin kitablar bu qədər diqqətinizi çəkib?

-Kitabların mövzuları müxtəlif olduqlarına görə onların təsirləri də bir çox hallarda yaş dövrü ilə müəyyənləşir. Məsələn, orta məktəbdə ilk öncə Jül Vernin "Kapitan Qrantın uşaqları" ilə əsrarəngiz səyahətə çıxmağa alışdım. Ardınca Dostoyevskinin "Alçaldılmış və təhqir edilmiş insanlar" əsərinin uzun müddət təsirində qaldım. Sonra Voyniçin "Ovod" əsəri  inqilabçı duyğularımı alışdırdı. Yetkinlik yaşlarında Qoqolun "Portret"inin vahiməsindən qurtula bilmirdim. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"nın acısını hiss etdim. Həmidə xanımın "Xatirələr"ini kədərlə oxudum. Bir vaxtlar Hüqonun "Səfillər"i, "Büq Jarqal"ı, Kamyunun "Yad" əsəri öz aurasında düşüncələrimi saxladı. Səbəb xarakter axtarışı idi.  Hər yaş dövrünün öz xarakterini axtarırsan kitablardan.  Özünü də bir çox hallarda bu qəhrəmanların dünyasında tapa bilirsən...

-Hansı xüsusiyyətə malik insanlarla birlikdə işləməkdən imtina edərdiniz?

-Məsuliyyətsiz insanla heç bir iş görməzdim. Bizim bir müəllimimiz var idi, deyərdi ki, cinayətkar olun, yaramaz olun, ancaq məsuliyyətsiz olmayın.  Mən məsuliyyət hissi olmayan insanlardan uzaq durmağa çalışıram.

-Sizi iş zamanı ən yaxşısını bacarmaq üçün motivasiya edən nədir?

-Özünə güvən. Hansı iş olursa olsun, özünə güvəni tənzimləyə bilmədinsə, psixoloji cəhətdən onu tamamlamağa gücün yetməyəcək. Öz iradənin fövqəlgücünə fanatikcəsinə inanmalısan ki, ən ağır işin də öhdəsindən gələ biləsən.

-Öz idarəetmə üslubunuzu necə təsvir edərsiniz?

-Ayrıca bir idaretmə üslubum yoxdur. Adama və şəraitə görə davranışları və idarəetmə metodlarını müəyyənləşdirirəm. Standart düşüncə sahibi olmadığıma görə standart idarəetmə anlayışını da mənimsəməmişəm.

-İşlə bağlı olmayan ən böyük nailiyyətiniz hansıdır?

-İnsanın qazandıqlarını nailiyyət olaraq xarakterizə etməsi olduqca məsuliyyət tələb edən durumdur. Fikrimcə nailiyyətin dərəcələri çevrədəki insanların müəyyənləşdirəcəyi bir işdir. Mənim üçün nailiyyətdən daha önəmlisi çalışmaqdır. Həm də fayda vermək üçün çalışmaqdır.

-Azərbaycan ordusunda zabit kimi xidmət etmisiz. Necə xatırlayırsız o günləri? Sizcə, əsgərləriniz sizi ən çox hansı xüsusiyyətinizə görə yadda saxlayıblar? Həmin günlərdən yaddaqalan maraqlı xatirəniz varsa, bizimlə bölüşün.

-Azərbaycan ordusunda zabit kimi xidmət etmənin bir fərqli cəhəti var idi. Mən peşəkar hərbçi deyildim və hər şey yeni bir başlanğıc olaraq tərəfimdən qəbul olunurdu. Düşündüyüm bir şey var idi ki, yaşımın çoxluğundan, döyüş bölgəsinin şərtlərinə baxmadan burada da özümü təsdiq etmək və xarakterimi qəbul etdirmək. Hər halda buna nail olduğumu düşünürəm. Burada isə əsas faktor əsgərlərə göstərilən diqqət və qayğı sayılmalıdır. Bu günə qədər əsgərlərimlə əlaqə saxlamağım da onu göstərir ki, bir-birimizin yaddaşında xoş xatirələr saxlamışıq.  Yaddaşımda qalan maraqlı hadisəyə gəldikdə isə, Ramazan ayında oruc tutduğum vaxt tikanlı zolağın altından sürünərək normativi yerinə yetirməyə getmişdik. Sübh tezdən sahura da qalxa bilmədiyimdən taqətsiz vəziyyətdə idim. Komandir nə qədər söyləsə də, kənarda durmağa razılıq vermədim. Hamı ilə bərabər normativləri vermək üçün  50 metrlik məsafəni silah və sursatla sürünərək keçdim və finiş’-ə yetişəndə huşumu itirdim.  Özümə gələndə  normativi ən tez mənim yerinə yetirdiyimi söylədilər. Maraqlıdır ki, oradakı zabit dostlarımın hər birindən ən azı 15 yaş böyük idim.

 

-İndiki işiniz olmasa kim olmaq istəyərdiniz? Heyranlıq duyduğunuz hansısa sahə varmı?

-Əslində indiki işim zamanın tələbi, axarında qazandığım sahədir. Hüquqşünas olmağı heç vaxt ağlıma gətirmirdim. Çünki polis, prokuror və başqa vəzifələrdə işləməyə heç vaxt marağım olmayıb. Daha çox ədəbiyyatçı olmaq düşüncəm var idi. Müəyyən şeirlər yazırdım, mütaliəm geniş idi. Ədəbiyyatşünaslıq sahəsində xeyli araşdırmalarım var idi. Taleh elə gətirdi ki, Filologiya fakültəsində qeyri-qanuni baryerləri aşa bilmədim. Buna görə hərbi xidmətdən qayıdandan sonra hüquq fakültəsini seçdim .Ora qəbul olduğuma görə bu yolu davam elədim. Hesab edirəm ki, ədəbiyyatçı olmasaydım da mütləq futbolçu olardım. Futbola bağlılığım çox böyükdür. Taleh insana seçim imkanı vermir. Özü gətirib bir yerə çıxarır. Məndə də elə oldu. Ona görə bu məsələdə konfort seçim şansımız olmayıb. Bugünki durumdan da narazı deyiləm. Ən azından bu sahəyə özümü adaptasiya edə bildim. Yenə də öz mövqeyimlə, sözümlə, baxışlarımla fərqli bir cizgidə yolumu davam etdirirəm.

-Futbola böyük bağlılığınız olduğunu dediniz. Hansı futbol komandasına azarkeşlik edirsiniz və özünüz futbolçu olsaydınız hansı klubda oynamaq istəyərdiniz?

-İndi xüsusi azarkeşlik etdiyim komanda yoxdur. Xüsusi azarkeşlik etdiyim oyunlar olur. Əvvəllər Qalatasaray, Neftçinin heyranı idim. Bugün yaxşı oyuna görə qiymət verirəm. Barselona, Real Madrid, Bavariya hansı yaxşı oynayırsa. İndi hansınasa azarkeşlik etmək gülünc gəlir. Çünki fanatizmdən xeyli uzaqlaşmışam. Əvvəllər biraz fanatizm elementləri var idi. İstər həyatda, siyasətdə, dində və başqa sahələrdə. Nəyəsə bağlanmaq hissi çox güclü idi. İndi isə yaxşıya doğru, daha faydalı, keyfiyyətli olanı seçirəm. Gerçəklikdə nə fayda verirsə onun üzərində dururam. Mən futbolçu olsaydım, çox güman ki, Azərbaycan komandasında oynayardım. Çünki mən öz ölkəmin bayrağını qaldırmağa daha çox sevinərdim. Onun üçün fədakarlıq edərdim, zədələnərdim. Xarici klub seçməzdim.

-Bəzi gənclər dini radikalizmə meyillənirlər. Bunun qarşısını almaq üçün sizcə hansı profilaktik tədbirlər görülə bilər?

-Dini radikalizmə meyllilik birinci növbədə savadsızlıqdan irəli gəlir. İnsanların əksəriyyəti oxumadan, hətta oxumuş az-çox biliyi olan insanlar belə dinə sadəcə formaca yanaşırlar. Mahiyyəti anlamadan. Peyğəmbərin paltarına, saqqalına, müəyyən əşyalarına sitayiş eləməyə daha çox üstünlük verirlər. Bu yalnış istiqamətdir. Dinin mahiyyətini anlayan adam heç vaxt fanatik olmur, radikalizmə yuvarlanmır. Ən gözəl nümunə, ən gözəl əxlaq peyğəmbərin əxlaqıdır. Həzrəti Məhəmmədin davrandığı kimi davransan heç kimin qəlbinə dəyməzsən, heç kimi aldatmazsan, sərt danışmazsan, kiminsə haqqqına girəcək davranış sərgiləməzsən. Və ailənlə, yaxınlarınla normal keçinərsən. Necə olur ki, müsəlman aləmində qadınlara qarşı şiddət var, peyğəmbər isə bir dəfə bir qadını döyməyib, yuxarı səslə danışmayıb. Peyğəmbər heç bir uşağı incitməyib, necə olur ki, bu qədər uşaq müsəlman adı ilə istismar olunur. Bunlar hamısı müəyyən dərəcədə dini doğru anlamamaqdan irəli gəlir. Ona görə də fanatizmə qarşı maarifçilik, aydınlatma ilə mübarizə aparmaq lazımdır. Biz də bu istiqamətdə əlimizdən gələni etməyə çalışırıq.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli