Tanınmış jurnalist Fatimə Hacıbəyli: "Millət vəkilindən müsahibə alıb qayıtdıq, dedilər ki, deputatı çəkən kameranın düyməsi basılmayıbmış", Vaxtilə mənə dəstək verənlər görəndə ki, mən tanınmağa başlayıram, önümə daş qoymağa çalışdılar, 12.05.2017 1343

Tanınmış jurnalist Fatimə Hacıbəyli: "Millət vəkilindən müsahibə alıb qayıtdıq, dedilər ki, deputatı çəkən kameranın düyməsi basılmayıbmış"

Vaxtilə mənə dəstək verənlər görəndə ki, mən tanınmağa başlayıram, önümə daş qoymağa çalışdılar

-Fatimə xanım, öncə qazandığınız uğurlarınıza nəzər salaq. İndiyədək nələri özünüz üçün böyük uğur hesab eləmisiz?

İnsan nə qədər tanınsa da, düşünürəm ki, hər bir insanın təqdimata ehtiyacı var. Fatimə Hacıbəyli. Vizyon televiziyasının müəllif departamentinin redaktoru, QHT sədri, həmçinin, müəllimə. Artıq 21 ildir ki, ingilis dili müəlliməsiyəm. Şəxsi həyatımda qazandığım ən böyük uğur övladlarımdır. Fatimə Hacıbəyli ilk olaraq Fatma Hacıyeva ola-ola Fatimə Hacıbəyli kimi uğur qazanıb. Mənim şəxsiyyət vəsiqəmdə ad-soyadım Fatma Hacıyevadır. Özünüz də jurnalistsiz, bilirsiz ki, elə isimlər var ki, onlarla hansısa uğura nail ola bilmirsən. Mən televiziya aləminə gəldikdə rəhbərim, tanınmış jurnalist Şöhrət Əliyev belə bir təklif irəli sürdü ki, gəl sənin ad-soyadında dəyişiklik edək. Bununla da mən Fatimə Hacıbəyli kimi çalışmağa başladım. Deməzdim ki, belə dəhşətli uğurlar əldə etmişəm, amma müəyyən qədər uğurlarım var. Təkbaşına bu qədər işə əl atmışamsa, bu özü elə uğurdur.

-Həm jurnalistsiz, həm QHT rəhbəri, həm də ingilis dili müəlliməsi. Özünüzü bu işlərdən ən çox hansında daha asan tapa bilirsiz?

-Jurnalistikada. Mən jurnalist olmağın arzusunda olmuşam, çox həvəsli olmuşam, ürəkdən arzulamışam. Amma elə oldu ki, tez ailə qurdum, təbii ki, həmin arzumu reallaşdırmağa imkan olmadı. Jurnalist həyatı ilə ailə həyatı deyərdim ki, bir az uyğun gəlmir. Jurnalistika sahəsində karyera qurmaq istəyirsənsə, bir az gec ailə qurmalısan. Mən isə 19 yaşında ailə qurdum. Universitetə imtahan verdiyim vaxtlarda jurnalistika fakültəsinə qəbul olmaq bir az çətin idi. Ən böyük arzum, istəyim olub ki, mən jurnalist kimi fəaliyyət göstərim. Hal-hazırda jurnalist kimi haradasa çalışmıram, sadəcə yazılarım qəzetlərdə dərc olunur. Amma çox az. Jurnalist olaraq acam bu sənətə. Çünki sevirəm.

-Sizcə, uğur qazanmaq üçün bir qadına nələr lazımdır?         

-Qızım, qadının ən böyük uğuru ailəsi olmalıdır. Əgər bir qadın ailəsində uğursuz olubsa, yerdə qalan uğurları mən elə də yüksək dərəcəli uğur saymıram.

-Çox sosial bir xanımsız və çox tədbirlərdə müxtəlif insanlarla bir ortamda olursuz. Həmişə hansı insanlardan qaçırsız və hansı tip adamlarla dostluq edirsiz?

-Adətən, səmimiyyəti olmayan insanlardan qaçıram. Hətta, mənim müəllifi olduğum “Səmimi söhbət” adlı bir veriliş də var idi. Amma bir insan desə ki, mən hər zaman səmimiyəm, o heç də səmimi biri deyil deməkdir. İnsan hər zaman səmimi ola bilməz. Bəzən aktyorluğa da meyl etməliyik. Çünki içimiz qan ağlayanda, gülmək məcburiyyətində olduğumuz vaxtlar da olur.

-İctimai fəaliyyətiniz haqqında danışaq. İctimai Birliyiniz daha çox hansı layihələrlə insanlara dəstək olmağa çalışır?

-İctimai birliyimizdə çox layihələrimiz olub. Qarabağ əlillərinə konsert təşkil etmişdik. Həm istirahət etsin, həm də müalicə alsın deyə, Naftalanda sanatoriya da təşkil etmişdik. Ondan sonra da bizə ehtiyacı olan insanların yanında bir neçə layihəmiz olub. Daha sonra olimpiyaçımızın əl işlərindən ibarət sərgisini təşkil etmişdik. Bir də mən tez-tez sığınacağa gedirəm. Dəfələrlə Mehriban xanımın, Kəmalə xanımın sığınacağında olmuşuq. Mənim komandamda olanlar, uşaq evlərinə getməkdən çox, küçələrdə araşdırma edirlər. Məsələn, balaca bir mağaza tapırıq. Giririk içəri, borc dəftərinə baxırıq. Satıcı ilə məsləhətləşirik, kimin borc dəftərində borcu daha çoxdursa, o ailə ilə maraqlanmağa gedirik. O ailəni tapırıq, bayramdan-bayrama həmin ailəyə bacardığımız qədər azuqə çatdırırıq. Bundan əlavə, bu yaxınlarda birliyimin bir üzvü yatağa ehtiyacı olan bir ailəyə yataq təşkil edib aparmışdı. Tədbirlərdə isə çox vaxt özüm iştirak etmirəm, birliyimin təşkilatçısı Səbirə Kazımova iştirak edir.

-Jurnalist kimi də çalışırsız. Komandada sizi necə tanıyırlar?

-Mən az müddətdə jurnalist kimi fəaliyyət göstərmişəm. Lakin çox sevinirəm ki, 2015-ci ildə - millət vəkilliyinə namizəd olduğum bir ildə məni QHT sədri kimi qələmə vermədilər: “Tanınmış jurnalist Fatimə Hacıbəylinin millət vəkilliyinə namizədliyi təsdiq olundu”. Hardasa, jurnalist kimi tanınmışam, bu özü elə uğurdur.

-Yəqin ki, jurnalist kimi başınıza maraqlı hadisələr çox gəlib. Sizinçün ən yadda qalanı hansı olub?

-Bəli, çox olub. Ən maraqlı və faciəli hesab etdiyim bir hadisəni danışacam. Deməli, biz Milli Məclisdə Fazil Mustafanı çəkirdik. Orada müsahibəmiz baş tutsun deyə bir neçə müddətlik icazə almışdıq. Mən müsahibəni aldım. Gəldik ki, montaj eləyək. Mən içəri girəndə, bizim işçilər dedilər ki, Fatma xanım, əyləşin, bir su verək sizə, özünüzə gəlin. Dedim, ay balam, nə olub, məni qorxuya salırsız. Dedilər ki, bəs belə dəhşətli bir şey olub. Müsahibə zamanı iki kamera çəkiliş edirdi. Sizi çəkən kamera çəkib, amma Fazil bəyi çəkən kamerada düymə basılmayıb. Təsəvvür edin ki, Fazil Mustafanın görünüşü yoxdur, sadəcə mənim görüntüm var. Məndən soyuqmu deyim, istimi deyim, heç bilmirəm necə tər axır. “Nə edək, necə edək?” deyə-deyə zəng elədim, xahiş elədim. Gözəl insandır, eyni geyimi geyindi, gəldi ki, o müsahibə alınsın. İnanın ki, Milli Məclisdən məni qovurdular ki, siz qanunu pozursuz, vaxt bitib. Bax, belə bir hadisə qalıb yadımda.

-Sizcə, ailə önəmlidir, yoxsa karyera? Seçim etməli olsaz, hansını seçərsiz?

-Ailəm varsa, ailəmi. İnsan hər zaman özündə nə yoxdursa, onu arzulayır. Mən bu həyatda tək çabalamışam. Övladlarımı da tək böyütmüşəm. Ona görə də istəyərdim ki, hər zaman uğurlu bir qadın kimi ailəmin içərisində olum. Baxmayaraq ki, karyeramda uğurluyam.

-Hər insanın həyatında müsbət dəyişikliklərə səbəb olan bir və ya bir neçə insan olur. Sizinçün belə biri olubmu və o, həyatınızda nələri dəyişib?

-İnsanın həyatında əsas olan onun dostu, yoldaşı, onun ailəsidir. Ətrafdan nə qədər istəsən, “səni sevirəm”, “sənə dayağam, sənə dəstəyəm” deyən insanlar var. Amma sən bir az irəli getdikcə, onlar görürlər ki, aha, sən gedirsən qabağa. O zaman sənin yoluna bacardıqları qədər daş qoyacaqlar. Birdən sən onlardan önə keçərsən. Baxmayaraq ki, dəstək olurdular o insanlar sənə. Mənim QHT aləminə gəlişimdə özümün istəyim olsa da, bu işdə ilk dəstəyim, ilk yol göstərənim Mahirə Əmirhüseynova olub. Mahirə xanım 21-ci əsr Qadınlar Birliyinin sədridir. Bu aləmdə məni ilk tanıdan da o olub.

-İndiki işləriniz olmasa, kim olmaq istəyərdiz? İşlərinizdən əlavə heyranlıq duyduğunuz sahə varmı?

-Yəqin ki, yenə də jurnalist olardım. Bilirsiz, mənim işlədiyim sahələrin adlarını çəkəndə, mən həmişə deyirəm ki, ilk olaraq müəllimə olduğumu deyin. Çünki mən hər şeydən öncə müəlliməyəm. Həqiqətən də, müəllimə olmağımla qürur duyuram. Əslində, müəllim kimi çalışmağı bir o qədər də sevməmişəm. Bu peşəyə valideynlərimin istəyi ilə yönəlmişəm. Yenə də deyirəm, çıxılmaz bir vəziyyətdə qalsaydım, yenə də jurnalistikanı seçərdim. Təbii ki, yenə də birliyimi  də yaratmaq istərdim. Çünki mən bu birliklə çox insanlara dayaq oluram, kömək oluram.

-Sizcə, Azərbaycan qadınının cəmiyyətdə ən çox rastlaşdığı problemlər nələrdir və onlardan necə xilas olmaq olar?

-Azərbaycanda qadınların ən böyük problemi erkən nikahdır. Qadınlar elə düşünürlər ki, sənətləri yoxdursa, işləri yoxdursa, ailə qursalar, hər şey düzələcək. Mənim sonuncu yardım etdiyim uşaqların analarının birinin 20, birinin 21 yaşı var idi. Hər ikisinin qucağında körpə uşaq var, amma həyat yoldaşları yoxdur. Bax, bu faciədir. İnsan fikirləşir ki, bu qızların əllərində sənətləri yoxdur, sabah övladlarını dolandırmaq üçün nə edəcəklər? Bu düşüncələr insanı dəhşətə gətirir. Azərbaycan qadınının cəmiyyətdə ən çox rastlaşdığı problemlər məncə təhsilsizlik və erkən nikahdır.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli