13.04.2017 310 Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Biznes strukturları istehlakçıları soymaq istəyirlər", Bir çox mağazalar yeni telefonların tez xarab olan hissələrinə zəmanət vermək istəmirlər, eyyub hüseynov, azad istehlakçılar birliyi, qida, məhsul, təhlükəli məhsul, ərzaq, İqtisadiyyat Nazirliyi, eyyub huseynov, istehlakci, birlik, birliy, mehsul, qmo, gmo, yemek, yeyinti, mal,

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Biznes strukturları istehlakçıları soymaq istəyirlər"

Bir çox mağazalar yeni telefonların tez xarab olan hissələrinə zəmanət vermək istəmirlər

-Azad İstehlakçılar Birliyini yaratmaq ideyası necə oldu ağlınıza gəldi və bu qurumun fəaliyyəti nəticəsində hansı uğurları qazanmısınız?

-Mən uzun müddət təhsil sahəsində çalışmışam. Bu təşkilatdan öncə son iş yerim Kommersiya Texnikumu idi. Sovet vaxtı orada marketinq və menecmenti öyrədirdik. Daim fikir verirdim ki, alıcıların hüquqlarından heç kəs danışmır.Fikirləşirdim ki, biznesi, dövləti, ordunu saxlayan istehlakçıdır. Nə üçün istehlakçıların hüquqları qorunmasın. 1995-ci ildə “İstehlakçıların hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olundu. Həmin qanunun 27-ci maddəsində qeyd olunmuşdur ki, istehlakçılar birləşib özlərinin hüquqlarını qoruyan təşkilat yarada bilərlər. Mən 1997-ci ildə istehlakçıların hüquqlarını qoruyan ilk Azad İstehlakçılar İctimai Birliyini yaratmaq üçün təşəbbüs göstərdim. 1 il ərzində dəfələrlə Ədliyyə Nazirliyi təşkilatı qeydə aldı, sənədləri vermədi, qeydiyyatı ləvğ etdi. Uzun mübarizədən sonra 1997-ci ilin 31 yanvarında Azad İstehlakçılar Birliyi dövlət qeydiyyatına alındı. 1998-ci ildə beynəlxalq əlaqələr qurmağa başladıq. Gürcüstanın İstehlakçılar təşkilatı ilə əlaqə yaratdıq. Artıq 1998-ci ildə AİİB Beynəlxalq İstehlakçılar təşkilatının (Comsumers İnternational) üzvü oldu. 1998-ci ildə məni Belçikanın Tomas Mor universitetinə ixtisasartırma kursuna çağırdılar. Comsumers İnternationala üzv olduqdan sonra dünyanın 120 ölkəsi ilə əlaqə yarandı. Bugünə kimi Azad İstehlakçılar Birliyi Azərbaycanı 120 ölkədə təbliğ və təmsil edir. Bir çox qeyri-hökumət təşkilatlarından fərqli olaraq AİİB siyasiləşməmiş qeyri-hökumət təşkilatıdır. Heç bir siyasi partiyanın lobbiçiliyi aparmır. 30 rayon nümayəndəliyimiz, 21 mindən çox fərdi üzvümüz var. Və beynəlxalq istehlakçı hüquqlarının qorunmasına dair beynəlxalq təşkilatlara hesabatlar yazıb göndərmirik. Çünki Azərbaycanın problemləri var.Yalnız yaxşı tərəfləri təbliğ edirik. Dünyanın yeganə istehlakçı təşkilatıdır ki, istehlakçı hüquqlarını tam təmənnasız qoruyur. Ona görə ofisimizdə ayrıca bir şüar var. “Xoşbəxtlik almaq deyil, təmənnasız verməkdir, xidmət göstərməkdir.” Biz bu ideologiya ilə yaşayırıq.

-İstehlakçıların hüquqlarının müdafiəsi bağlı hazırda Azərbaycanda mövcud olan vəziyyəti necə qiymətləndirirsiniz?

-Əlbəttə bütün dünyada bu problem yaşanır. Ən çox pozulan istehlakçı hüquqlarıdır. Bütün ölkələrdə biznes qurumları istehlakçıları soymaq istəyir. Ona görə də  istehlakçıların hüquqlarına dair rəhbər prinsiplər deyilən BMT-nin sənədi var. Azərbaycan və bir sıra ölkələr onu ratifikasiya edib. Beynəlxalq sənədlər və yerli qanunlar istehlakçıları qorumaq istəyir. Lakin bu problem olaraq alır. Azərbaycanda da istehlakçıların hüquqlarının pozulması yaxşı vəziyyətdə deyil. Cənab prezidentin tapşırığı ilə 2 illik biznes qurumlarının yoxlanılmasına qadağa qoyuldu. Biz düşünürdük biznes qurumları bundan yaxşı istifadə edəcəklər. Verdikləri rüşvətlər azalacaq, qiymətlər aşağı düşəcək və keyfiyyət yüksələcək. Lakin biznes qurumları bundan sui-istifadə etdilər.

-Sizcə Azərbaycanda istehlakçıların hüquqlarının ən çox pozulduğu məqamlar hansılardır?

-İstehlakçı hüquqları ən çox inhisarçı qurumlarla istehlakçılar arasında münasibətdə pozulur. Çünki inhisarçı qurumlar olanda istehlakçının seçim hüququ sıfıra bərabər olur. Bura kommunal, rabitə xidmətləri daxildir. İllər öncə birinci yerdə dayanan şikayətlər şəhər telefonları ilə bağlı olurdu.Lakin orada ciddi islahatlar keçirildi. Artıq o sahədə şikayətlər sıfıra enib. Bundan sonra  mürrəkkəb texniki mallarda hüquqların pozulması hallarıdır. Daha sonra pozuntular kompyuterlər, məişət cihazları, xüsusən müasir mobil telefonlarda olur. Satıcılar istehlakçılara verdikləri zəmanət şərtlərində telefonun tez sıradan çıxan hissələrinə zəmanət vermirlər. Sonra qida sektoru gəlir. Ərzaq mallarını da qruplara bölmək olar. Birinci yerdə spirtli içkilərdir. Çox təəssüf ki, bütün sahələrdə istehlakçı hüquqlarının pozulması halları var.

-İstehlakçılar hansısa satış yerindən aldıqları məhsulla bağlı problem yarananda hara müraciət etməlidirlər?

-İstehlakçı mal aldıqdan sonra ola bilər ki rəngi, tikilişi və sair onun xoşuna gəlməsin. Bu halda onun malı qaytarmaq və dəyişmək hüququ var. Bütün bunlarda qanun tələb edir ki, kassir çeki olmalıdır. Belə hallarda birinci dükana müraciət edilməlidir, əgər xidmət yerində istehlakçının haqlı tələbi yerinə yetirilməzsə, dövlət orqanlarına müraciət edilməlidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidmətinə 195-2 telefonu ilə ora müraciət edə bilərlər. Və ya Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət edib, hüquqlarının tam təmənnasız qorunmasına nail ola bilərlər. Onu da qeyd edim ki, bizim bir üstün cəhətimiz də var ki, istehlakçı şikayətlərini danışıq yolu ilə həll edirik. Buna mediasiya üsulu deyirik.

-Hazırda Azərbaycan bazarı üçün ən təhlükəli qida məhsulları sizcə hansı ölkədən gətirilir və vətəndaşlar onlardan istifadənin zərər verə biləcəyini necə müəyyən edə bilərlər?

-Ümumiyyətlə zərərli mal anlayışı müəyyən partiya mala aid olan anlayışdır. Demək olmaz ki, hansısa ölkənin malları zərərlidir. Məsələn qida sektorunda gətirilən bir mal yolda istiliyə görə yararsız hala düşə bilər. Artıq o partiya mal təhlükəli oldu. Ümumilikdə desək dünyanın bütün yerlərində saxta mallar var. Təyyarə hissələrinin 3%- i saxtadır. Bütün malların saxtası mövcuddur. Azərbaycanda isə bu daha geniş yayılıb. Digər ölkələrdə  mal alanda deyirlər ki, bunun saxtası da var, orjinalı da. Ən saxta mallar bizə Çindən, Hindistandan və bir sıra ölkələrdən gəlir. Lakin arzu olunmaz ərzaq mallarının gəlməsi qonşu ölkələrdə də var. Xüsusən Çindən gələn parfümeriya mallarında problem var. Çinin qanunvericiliyinə görə orada standarta uyğun olmayan malların istehsalı qadağan deyil. AİİB –ni əsas narahat edən saxta dərman preparatlarıdır. Azərbaycan istehlakçıları yerli mallara üstünlük verməlidirlər. Bu hər cəhətdən yaxşıdır.

-İndiyədək hansı zərərli məhsulları aidiyyatı dövlət qurumları ilə birgə fəaliyyəti nəticəsində bazardan çıxarılmasına nail olmusunuz?

-Azad İstehlakçılar Birliyi yalnız istehlakçıların dəstəyi, boykot etməsi ilə 20 növə qədər ərzaq malını bazardan çıxarıb. Bura Red Cow yağları, Zığ arağı, Qara ölüm araqları, çox saylı limonat növləri, saxta şampunlar daxildir. Təşkilat ilk yaranan illərdə Daewoo Motors kimi böyük avtomobil şirkətinin Azərbaycan vətəndaşlarına köhnə avtomobilləri təzə adi ilə restavrasiya edib satmasını açdı. Və distribüterliyin Azərbaycanda ləğv olunmasına nail olduq. Bunlara istehlakçıların baykotu sayəsində nail oluruq.

- Belə bir qayda var ki, aidiyyatı qurumlar bazarda müəyyən etdikləri yararsız məhsulları toplayıb məhv etməlidirlər. Bu sahədə işləri necə qiymətləndirirsiniz. Məsələn, ötən il nə qədər yararsız qida və digər məhsullar məhv edilib?

-Çox təəssüflər ki, bu sahədə böyük problem yaşanır. Biznes qurumlarına toxunulmazlıq immuniteti şamil olunub. Ona görə də təhlükəli mallar hər yerdə satılır. Müraciət etdikdə isə bu mallar yığışdırılmır. İqtisadiyyat Nazirliyi ilə apardığımız iş effektini vermir. Keçən il Azad İstehlakçılar Birliyinin İqtisadiyyat Nazirliyinə göndərdiyi məktublara rəsmi cavab olaraq bildirilib ki, filan nömrəli məktublara baxılıb, cavab veriləcək. Hələ də cavab verilməyib. Biz arzu edirik ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidməti İqtisadiyyat Nazirliyindən ayrılıb müstəqil qurum olsun. Və istehlakçı hüquqlarını qoruyan müstəqil, effektli işləyən quruma çevrilsin.Təəssüf ki, dövlət orqanlarının bu sahədə fəaliyyəti yarıtmaz haldadır.

-Sovet dönəmində satış, ianə xidməti obyektində xüsusi jurnallar olurdu ki, vətəndaş həmin jurnalı tələb edə və orada qeydlər apara bilərdi. Bu jurnallar isə daim yoxlanılırdı və aidiyyatı qurumlar tərəfindən tədbirlər görülürdü. Hazırda belə jurnallar varmı? Onlardan istifadə qaydası necədir?

-Belə bir jurnal, şikayət və təkliflər kitabı biz çap etmişik. Azərbaycan qanunvericiliyində belə jurnal nəzərdə tutulmayıb. Lakin 4 il əvvəl AİİB bu kitabı yaratdı. Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun tələblərini burada qeyd elədik. Və vətəndaşın şikayət və təkliflərini yazması üçün bu kitabın paylanmasına dəstək olduq. Və bunu bütün ticarət şəbəkələrinə yaymaq təşəbbüsü qaldırdıq. Könüllü götürən ticarət şəbəkələrinə payladıq. Lakin bunun paylanması, kütləvi şəkildə hər yerdə olması üçün İqtisadiyyat Nazirliyinə rəsmi məktub yazdıq. Nazirlikdən bizə cavab gəldi ki, məsləhət görülmür. Bugün də başa düşə bilmirəm ki, nə üçün dövləti, ordunu, İqtisadiyyat Nazirliyinin məmurlarını saxlayan istehlakçının səsini eşitmək istəmirlər. Baxmayaraq ki, Rusiyada, Ukraynada bir çox ölkələrdə belə kitablar var. İstehlakçılar öz fikirlərini yazırlar. Biznes qurumları da maraqlı olmalıdırlar ki, görək istehlakçı bizim haqqımızda nə deyir. Dövlət qurumları da maraqlı olmalıdır ki, istehlakçı nə istəyir. Çox təəssüf ki, bunu kütləviləşdirə bilməmişik. Hökumət qurumları buna rəvac vermədilər.

-Azərbaycanda istehlakçılar hüquqları barədə nə qədər məlumatlıdırlar? Onların daha da maariflənməsi üçün hansı addımlar atılmalıdır?

-Dünyada istehlakçı profandır, dilitantdır və biliksizdir. İstehlakçı hər gün çıxan yeni malların  qiymətlərini, texnologiyaların özəlliyinə, dərinliyinə bələd ola bilməz. Bu çətin məsələdir. Lakin istehlakçı primitiv biliklərə malik olmalıdır. Düşünürəm ki, istehlakçıların təxminən 20% -i hüquqları barədə məlumatlıdır. Bu məlumatlılıq da təxminən 30%-dən yuxarı deyil. Baxmayaraq ki, mənim tez-tez tənqid etdiyim Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidməti dünyada analoqu olmayan maarifləndirmə işi aparıb. İstehlakçılara SMS göndərib, onlara hüquqları barədə, haradan məlumat almaqları barədə məlumat göndərilib. Çoxlu bukletlər yayıblar. Nə qədər məlumat versən də istehlakçı həmişə profan və dilitantdır.

-İndiki işiniz olmasaydı, Eyyub Hüseynov hansı sahədə çalışmaq istəyərdi?

-Mənim bu təşkilatı yaradana qədər uğurlu biznesim olub. Mən heç bir şeydən hər şey yarada bilən bir adamam. Lakin bu təşkilatı yaradandan sonra biznes fəaliyyətimi tam sıfıra endirdim. Hazırda heç bir biznesim, əlavə əmlakım yoxdur. Yəqin ki, mən təhsil sahəsində çalışardım, baxmayaraq ki, mən uğurlu biznes yarada bilən biriyəm. Müəllimlik işiylə məşğul olardım. Riyaziyyat ən sevdiyim elmdir. Riyaziyyat müəllimiyəm. Riyaziyyat müəllimi olaraq ömrümü başa vurardım. Və bununla da fəxr edərdim. Ən şərəfli işlə məşğul olardım.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün