Nəqliyyat eksperti Ərşad Hüseynov: "Azərbaycanda sürücülər 70-ci illərin təfəkkürü ilə düşünür, buna görə qəzalar qaçılmaz olur", Azərbaycanda yeni smart işıqforlar tətbiq edilə bilər. Bu yeni texnoloji avadanlıqlar yol boşdursa maşına yol verir, piyada yoxdursa bu zolaq üçün yaşıl işiq yandırmır, 10.06.2017 360

Nəqliyyat eksperti Ərşad Hüseynov: "Azərbaycanda sürücülər 70-ci illərin təfəkkürü ilə düşünür, buna görə qəzalar qaçılmaz olur"

Azərbaycanda yeni smart işıqforlar tətbiq edilə bilər. Bu yeni texnoloji avadanlıqlar yol boşdursa maşına yol verir, piyada yoxdursa bu zolaq üçün yaşıl işiq yandırmır

-Ərşad bəy, ilk olaraq nəqliyyat sahəsinə gəlişinizdən danışaq.

-Əslində, mən özümü nəqliyyatçı saymıram. Mən hüquqşünasam, ixtisasım budur. Bu sahədə 20 ildən artıq stajım var. Mən Rusiyada universitetə, Avtonəqliyyat fakültəsinə qəbul olmuşdum. Amma oranı bitirə bilmədim. Daha doğrusu, əyani təhsil alırdım, amma buna baxmayaraq, hərbi xidmətə çağırış gəldi və sovet dövründə bu cəhətdən güzəşt eləmirdilər. Mən də 1-ci kursdan hərbi xidmətə getdim. Geri qayıdanda, gördüm ki, ixtisas seçimimdə bir balaca səhvə yol vermişəm. Buna görə də ərizə yazıb universitetdən xaric oldum. 

Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldum. Daha çox hüququn nəzəriyyəsi ilə məşğul olmuşam. Təxminən 10 il əvvəl belə bir hal müşahidə elədim. Gördüm ki, Azərbaycanda yol hərəkəti ilə bağlı məsələlərlə məşğul olan hüquqşünas yoxdur. Sürücülərin inzibati məsuliyyəti, yol-nəqliyyat hadisələrinə hüquqi qiymət verilməsi hüquqşünasların diqqətindən kənarda qalıb. Hüquqşünaslar heç biri ilə maraqlanmırlar. Buna görə də mən hüquqşünas kimi bununla dərindən maraqlanmağa başladım. Mənim bu sahədə ilk kitabım 2008-ci ildə nəşr olunub.  Tədricən bu sahənin daha da dərinliklərinə endim.

-Sizin fikrinizcə, sürücülərdə olmalı olan, lakin müşahidə edilməyən hansı davranışlar problemlərə səbəb olur?

-Səmimi deyək, problemlər çoxdur. Problemlərin ümumi konsepsiyası, yəni, ən ciddi problemlərin qaynağı Azərbaycan sürücüsünün dünya görüşünün, yol hərəkəti təhlükəsizliyinə yanaşmasının 70-ci illərdəki səviyyədə olmasıdır. Baxmayaraq ki, texnologiya inkişaf edib, kreativ ideyalar, yeni konsepsiyalar var, hərəkət təhlükəsizliyi, nəqliyyata yanaşma, texniki tənzimləmə, yol hərəkəti mədəniyyəti və nəqliyyatdan istifadə mədəniyyəti tamamilə yenilənib, biz, cəmiyyət olaraq, sürücülər, yol polisləri, yol-nəqliyyat hərəkətini təşkil edənlər – hamımız 70-ci illərdə qalmışıq. Elə bil ki, bizi kimsə ağır-ağır, yavaş-yavaş itələyir qabağa. Heç özümüz də bilmirik hara gedirik. Belə bir fəlsəfi deyim var ki, hər hansı bir problemin həlli üçün həmin problemi yaradan düşüncəni dəyişmək lazımdır.

Bu dəqiqə Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı problemlər var. O problemi də bizim 70-ci illərdə qalan düşüncəmiz yaradır. Biz əvvəlcə bu düşüncəni dəyişməliyik. Sürücülərimizdə də çatışmazlıqlar çoxdur. Orta statistik Azərbaycan sürücüsü iki dənə şeyi bilir: avtomobili idarə etmək üzrə texniki vərdişləri (sükanı saxlaya bilir, pedalların yerini bilir, avtomobili yerindən tərpədib sürə bilir və s.) və “yol hərəkəti qaydaları var” deyə bir anlayışı var. Məsələn, işıqfor. Bilirlər ki, işıqfor yol hərəkəti üçündür, işıqfor reklam lövhəsi deyil. Düşüncələri o qədər primitivdir. Amma yol hərəkəti və manevr qaydaları nə üçündür? Onlara riayət etməsək, nələr olar? kimi suallara gəldikdə, orta statistik Azərbaycan sürücüsü məhz burada əziyyət çəkir. Bunları öyrətmək lazımdır. Öyrənməyin ən yaxşı variant olduğunu göstərən davranışları aşılamaq lazımdır.

-Bəs qəzaların baş verməsinin əsas səbəbləri nələrdir?

-Qəzaların əsas səbəbi insanlarımızın yol hərəkəti təhlükəsizliyinə olan yanaşmasıdır. Təhlil edək. Məsələn, adi sürücü çıxır yola. Bu adam sürət seçiminin meyarlarını bilmir. Sadəcə, baxır ki, rahat, hamar yoldur, idarə elədiyi nəqliyyat vasitəsi 21-ci əsrin 2-ci 10 illiyində dünyanın ən yaxşı istehsalçısı tərəfindən hazırlanıb, hərəkət edə bilir, qazı basırsan, gedir. Bu sürücümüz də qazı basıb sürür. Amma düşünmür ki, növbəti 100 metrdə onun qarşısına potensial bir maneə çıxsa, nələr baş verəcək. Sən sürət rejimi seçməmisən, onu seçməklə bağlı təsəvvürün belə yoxdur, sıfırdır sənin təsəvvürün. Gedib dəyəcəksən taxta ilə dolu kamaza, vəssalam, hazırsan, şikəstsən. Hazırlıqlı və məsuliyyətli sürücü həmin maneəni qabaqcadan görməli və nəticələrini düşünməlidir. Bundan əlavə, sürücülərdə kifayət qədər yüksək aqressiya müşahidə olunur. Aqressiyanın da əsas səbəbi ümumi cəmiyyətdəki ab-hava, insan münasibətləri, qarşılıqlı münasibətdə səmimiyyətin az olması, dözümlülüyün zəif olmasıdır (burada bir-birimizə dözümlülükdən söhbət gedir).

Sürücülər bir-birilərinin ardınca getməyi bacarmırlar. Biri qabaqda yolun imkan verdiyi sürətlə gedir, arxasındakı deyir ki, yox, mən bunu ötməliyəm, bu məndən qabaqda gedir. Niyə ötməlisən?! Nə əldə edəcəksən? Ötür, ötəndən sonra baxırsan ki, pəncərədən əlini-qolunu çıxarıb siqaret çəkə-çəkə gedir. Yaxşı, bəs sən tələsirdinsə, indi niyə belə rahat gedirsən? Deməli, bu adamın psixikasında problem var. Yox, ruhi xəstə deyil, sadəcə olaraq gördüyü budur, sürücülük məktəbi keçməyib. Səbəblər məhz bunlardır. Aqressiya, hazırlığın primitivliyi, mədəni səviyyənin aşağı olması və qabağı görə bilməmək.

-Bakıda tıxacların əsas səbəblərindən biri kimi avtomobil sayına düşən yol şəbəkəsinin həddən artıq azlığı göstərilir. Bu fikirlə nə qədər razısız?

-Bəli, burada bir az həqiqət var. Yollarda tıxacın, ləngimənin səbəbləri çoxdur. Səbəblərdən biri nəqliyyat vasitələrinin sayıdır. Amma bizim heç bir əsasımız yoxdur ki, deyək ki, Azərbaycanda, Bakıda avtomobillər çoxdur deyə tıxac var. Azərbaycanda avtomobilləşmə səviyyəsi cəmi 15 %-dir. Yəni, Azərbaycanda hər 100 vətəndaşa 15 avtomobil düşür. Bakı şəhərində isə  25 % ətrafındadır, ondan artıq deyil. Hər 4 adama 1 avtomobil düşür. Dünyanın inkişaf etmiş ölkələrini götürək. Elə ölkələr var ki, orada artıq 80 %-dir. Yaponiyada avtomobilləşmə 60 %-dən bir az yüksəkdir. Amma orada tıxac olmur. Çox nadir hallarda olur. Deməli, avtomobil sayının çoxluğu bir səbəb deyil, çünki avtomobil çox deyil. Tıxacların ən böyük səbəbi kimi yol infrastrukturunun çatışmazlığını göstərərdim.

-Sürücülük vəsiqəsi üçün imtahanın DİM-ə verilməsi hansı müsbət dəyişikliklərə səbəb ola bilər?

-İdeyalar var, amma hələ ki, ortalıqda bir şey yoxdur. Əsas məsələ, imtahanın kim tərəfindən qəbul olunması yox, necə qəbul olunmasıdır. İmtahanı kimin götürməsi heç önəmli deyil. Əsas olan, işə yanaşmadır. İmtahanı polis də götürə bilər. Sadəcə, tam şəffaf formada və müasir standartlara uyğun olmalıdır.

-Hazırda dünyada tətbiq edilən, lakin Azərbaycanda yol hərəkətinin təşkilində istifadə edilməyən hansı müasir texnoloji avadanlıqlar və metodlar var?

-Demək olar ki, hazırda Azərbaycanda həmin texnologiyaların əksəriyyəti mövcuddur. Məsələn, elə işıqforlar var ki, onlar artıq ənənəvi işıqforlar deyil. Avropa ölkələrində tətbiq edilməyə başlayan smart işıqforlar var. Bizim sürücülərimiz şikayətlənirlər ki, gecə yol gedərkən yol boş olur, amma işıqfor 70 saniyə boşuna yanır. Bəs smart işıqfor nədir? Avtomobil yaxınlaşanda, qırmızı işıq yanır, görür ki, yol boşdu, ona yaşıl işıq yandırır ki, çıx get. Yəni, belə texnologiyalar tətbiq edilir. Piyada keçidləri ilə bağlı da metodlar var ki, piyadalarla avtomobillərin qarşılıqlı hərəkətinin tənzimlənməsində tətbiq edilir. Məsələn, 5 nəfər piyada var, qoy gözləsinlər. 6-cısı gələndə, buraxarsan. Elə olur ki, piyadaya yaşıl işıq, avtomobilə qırmızı işıq yanır, amma heç piyada yoxdur.

-Avstriya ilə Azərbaycan əhalisinin sayı demək olar ki, eynidir. Amma bizdə qəzalarda ölənlər ildə min nəfərə yaxın, onlarda isə cəmi 8 nəfərdir. Buna səbəb nədir?

-Bəli, əhali demək olar ki, təxminən bərabər saydadır. Həmçinin, işğal olunmuş torpaqlarımızı da nəzərə alsaq, ərazi də bərabərdir, rəsmi ərazisindən bir qədər kiçikdir. Amma Avstriyada avtomobilləşmə səviyyəsi 60-70 %-dir. Oranın ərazisinin böyük hissəsi də dağlıqdır. Dağlıq ərazinin yükü Azərbaycandan daha çoxdur. Amma yol-nəqliyyat hadisələrində il ərzində hər yüz min nəfərə düşən ölü insanların sayına görə meyarlara əsasən, Avstriyada bu say 2 və ya 3-dür. Amma Azərbaycanda bu rəqəm 10-dan yuxarı olur. Səbəb sürücü hazırlığının, yol hərəkəti mədəniyyətinin zəifliyi, yol hərəkəti təhlükəsizliyinə yanaşmaların müasir tələblərə uyğun olmaması, yol infrastrukturundakı və yol hərəkətinin təşkilindəki problemlərdir. Bu səbəblər hamısı üst-üstə gələrək həmin mənzərəni yaradırlar.

Sürücü aqressivliyi də bu səbəblərdəndir. Məsələn, orada avtomobil sürücüsündən soruşsanız, deyəcək ki, işıqforun qırmızı işığında dayanmışıq, ən qabaqda – stop xəttində dayanan avtomobilin sürücüsü qırmızı işıq yaşıl işıqla əvəzləndikdən sonra hələ də yerindən tərpənmir. Amma arxadan heç kim ona siqnal vermir. Hətta, işıqfor növbəti dəfə rənglərini dəyişib yenidən qırmızıya gələndə, həmin sürücü hərəkət etmirsə, arxadakılar yenə gözləyirlər. Deyirlər ki, yəqin ki, nəsə problemi var. Növbəti yaşıl işıqda da tərpənmirsə, gedib kömək məqsədilə yaxınlaşırlar ki, sizin nəsə probleminiz var? Bəs Azərbaycanda necədir? Geriyəsayan işıqforları qoymuşuq, qırmızı işığın sonuncu 5 saniyəsində artıq siqnallar başlayır. Özü də, siqnalı birinci verən 10-cu avtomobildir. Elə buna görə də bizdə yol-nəqliyyat hadisələrinin sayı daha çoxdur.

-Bəzən həvəskar ustalar bir neçə avtomobildən qeyri-adi model düzəldirlər. Onların qeydiyyatı və istifadəsi qanunla necə tənzimlənir?

-Daxili İşlər Nazirliyindən bir təlimat var. Orada konkret yazılıb ki, hazırda istehsalda mövcud olan modellərin detallarından yığma yeni bir model hazırlamaq olmaz. Qanun bunu qadağan edir. Fərdi model hazırlamaq olar, amma tam orijinal detallardan. Heç bir detalın analoqu olmamalıdır. Daha sonra labaratoriyada sınaqlardan keçirilir. Labaratoriya müsbət rəy versə ki, bütün mövcud beynəlxalq milli standartlara uyğundur, o zaman onu dövlət qeydiyyatına alırlar. Maksimum 70 manat dövlət rüsumu var. Amma labaratoriya rəy versə ki, bu avtomobil dövlət standartlarına uyğun deyil, onu qeydiyyata almayacaqlar.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli