"Atlas Araşdırmalar Mərkəzi"-nin rəhbəri Elxan Şahinoğlu: "Danışıqlarda irəliləyişin olmaması yay aylarında cəbhədə vəziyyəti gərginləşdirə bilər", ÜAK-ın ləğvinə cavab olaraq Azərbaycan Rusiyada yeni diaspor təşkilatı yaratmalıdır, 15.06.2017 306

"Atlas Araşdırmalar Mərkəzi"-nin rəhbəri Elxan Şahinoğlu: "Danışıqlarda irəliləyişin olmaması yay aylarında cəbhədə vəziyyəti gərginləşdirə bilər"

ÜAK-ın ləğvinə cavab olaraq Azərbaycan Rusiyada yeni diaspor təşkilatı yaratmalıdır

-Elxan bəy, vitse-prezidentlik institutunun işləməsi üçün prezident administrasiyasında dəyişikliklər edildi. Sizcə, bu yeniliyin insanlar üçün faydası və çevik idarəetməyə töhvəsi nə olacaq?

-Sentyabrda konstitusiyaya dəyişikliklər edildi. Bunun əsası o idi ki, dövlət idarəetməsində dəyişiklik ediləcək. Və vitse-prezidentlik yaradıldı. Düşünürəm ki, vitse-preidentlik idarəsi və Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi idarəetmədə çevikliyi artırmalıdır, çünki Azərbaycanda sosial, siyasi və iqtisadi islahatların sürətlənməsinə ehtiyac var. Və Heydər Əliyev fondu uzun illərdir ki, sosial sahədə fəallıq göstərir. Mehriban Əliyevanın bu sahədə böyük təcrübəsi var. Ona görə də sosial sahədə müsbət istiqamətdə ciddi dəyişikliklər ola bilər. Ən vacib məsələlərdən biri də tibbi sığortanın həllidir. İndi Azərbaycanda iki-üç bölgədə bu layihə həyata keçirilir, səhv etmirəmsə Mingəçevir və Yevlaxda bununla bağlı pilot layihələr icra edilir. Gələn ildən bütün Azərbaycana tətbiq olunmalıdır. Bu da çox vacib məsələdir. Çünki Azərbaycanda yaşlı vətəndaşların əksəriyyəti gəlirlərinin çoxunu tibbə xərcləyir. Dərmanlara, tibbi xidmətlərə və bu da müəyyən problemlər yaradır. Bir sıra ölkələrdə artıq tibbi sığortaya keçilib. Azərbaycanda da buna ehtiyac var. Əgər gələn il ərzində bunu həyata keçirmək olsa, uğurlar qazanılsa bu sosial sahədə böyük irəliləyişə səbəb olacaq. Ümid edirəm ki, Mehriban Əliyevanın bu vəzifəyə təyinatı ciddi bir dönüş yaradacaq.

-Bir sıra beynəlxalq təşkilatlar Qarabağda müharibənin hər an başlaya biləcəyini bildirirlər. Fikrinizcə, il sonuna qədər bu məsələdə nələr gözlənilir?

-Qarabağ danışıqlarında heç bir irəliləyiş yoxdu. Keçən il aprel ayında savaş ona görə oldu ki, birinci olaraq danışıqlarda heç bir irəliləyiş olmadı və Ermənistan təxribatlarla məşğul oldu. Təxribatlar isə odur ki, Dağlıq Qarabağ ətrafında hərbi təlimlər keçirirlər, qeyri-qanuni bura köç həyata keçirilir. Bunlar hamısı təxribatdır. Çünki Minsk qrupunun planına görə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bu təxribatlar davam etdikcə, danışıqlarda heç bir irəliləyiş olmadıqca cəbhə bölgəsində vəziyyət hər zaman gərgin olaraq qalacaq. Azərbaycanın da tam haqqıdır ki, cəbhə bölgəsində işğalçıya təzyiqi artırsın. Aprel döyüşləri məhz buna görə baş verdi. Aprel döyüşlərindən sonra cəmiyyətin bir hissəsində belə bir düşüncə var idi ki, guya böyük dövlətlər artıq anlayıblar və işğalçını geri addım atmağa məcbur edirlər. Düşünürəm ki, yenə də danışıqlarda irəliləyiş yoxdursa, erməni işğalçıları təxribatları davam etdirirsə böyük ehtimalla hərbi toqquşma yenə mümkündür. Onsuz da atəşkəs intensiv pozulur. Minsk qrupunun həmsədrlərinin səfərləri isə heç bir nəticə vermir. Böyük dövlətlər də: ABŞ, Rusiya və Fransa heç olmasa işğalçıya təzyiq edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa məcbur etmirlər. Belə olan halda Azərbaycanın yeganə alternativi işğalçıya təzyiqi artırmaqdır. Ona görə yay aylarında cəbhə bölgəsində vəziyyət gərginləşə bilər.

-Aprel döyüşləri ilə bağlı kitabınız çap olunub. Bu kitabda daha çox nələri ictimaiyyətə çatdırmaq istəmisiniz?

-Kitabda əsas məqam aprel döyüşlərinə gedən vəziyyətdir. Aprel döyüşlərindən sonrakı danışıq proseslərini əks etdirməyə çalışmışam. Kitab daha çox analitikdir. Çünki informasiya hamıda var, əsas odur ki, informasiyalardan hansı nəticələr çıxır. Keçən ilin başlanğıcında vəziyyət gərgin olaraq qalırdı. Bundan başqa kitabda aprel döyüşlərindəki hadisələri, böyük dövlətlərin rolu və ondan sonrakı danışıqlarda nələri əldə etməyimizdən bəhs olunub. Aprel döyüşlərindən sonra iki böyük görüş keçirildi. Biri Vyanada, digəri Sank-Peterburqda. Bu iki görüş kitabda analiz olunub. Və ilin sonunda gedişat nə göstərir onu göstərməyə çalışmışam. Gəldiyim qənaət budur ki, kitabda da bu öz əksini tapıb, yəni danışıqlar indiki kimi davam etsə aprel döyüşlərinin hər zaman təkrarlanması ehtimalı var. Düzdür, bu riskdir. Çünki 90-cı illər deyil ki, aylarla mübarizə aparasan. Azərbaycan bölgənin açar dövlətinə çevrilib, böyük enerji layihələri, boru xətləri var. Azərbaycana böyük dövlətlər tərəfindən təzyiqlər var. Aprel döyüşləri ona görə 4 gün davam etdi ki, Azərbaycan əhalisinin gözləntisi o idi ki ,bir çox rayonu azad edəcik, amma təzyiqlər oldu, əsas da Rusiyadan. Bütün bu məsələlər kitabda detallarına qədər əks olunub. Amma yenidən Qarabağ məsələsinə qayıtdıqda bu il görürsünüz ki, tam süstlük oldu. Altıncı aya daxil olmuşuq elə bir aktivlik yoxdur. Bu ilki vəziyyət də göstərir ki, Ermənistan geri addım atmaq istəmir və böyük dövlətlərin heç bir təzyiqi hiss olunmur. Ermənistan özünü arxayın hiss edir. Belə olan halda Azərbaycanın alternativi silahlanmaq və işğalçıya təzyiqi artırmaqdır. Başqa alternativ görmürəm.

-İranda ard-arda baş verən terror hadisələri uzun illər sabitliyin olduğu bu ölkədə yeni mənzərə yaratdı. Sizcə, bu hadisələr niyə baş verdi və sonrakı mərhələdə nə gözlənilir?

-Çoxları üçün sürpriz oldu. İranda pis-yaxşı müəyyən sabitlik var idi. Mən əslində müəyyən qədər proqnozlaşdırırdım ki, İranda da vəziyyət qarışa bilər, çünki Suriya və İraqda terrorçulara qarşı savaş gedir, üç kənar dövlət bu savaşda bu və ya digər şəkildə iştirak edir. Bu üç dövlət Rusiya, Türkiyə və İrandır. İŞİD terrorçuları cavab addımı kimi Rusiya və Türkiyədə terror hadisələri törətmişdilər. Yeganə İrana əlləri çatmırdı. Və İranı vuraraq göstərdilər ki, onlar üçün əlçatmaz dövlət, sabitlik adası yoxdur. İstənilən dövləti vura bilərik. Londonda son aylar 3 terror hadisəsi baş verib. Böyük Britaniya kəşfiyyatı dünyanın ən güclü kəşfiyyatlarından biridir. Buna rəğmən terrorçular oranı da vura bilirlər. Artıq iki cür terror var. İŞİD- in iki siması var. Biri tanıdığımız İŞİD Suriya və İraqda savaşır. Bir də dünyanın digər ölkələrində olan insanlar. Son terrorları götürsək məsələn, İran, Rusiyada həmin terrorçulr heç Yaxın Şərqdə olmayıblar. Sadəcə sosial şəbəkələr, internet vasitəsilə tapşırıqlar alırlar, beyinləri zəhərlənib. Onlar daha təhlükəlidirlər. Çünki Suriya və İraqda olan terrorçular oranı tərk edə bilməyəcəklər. Oradakıların çoxunun adı bəllidir və vətəndaşlıqlarından məhrum olunublar. Əsas təhlükə beyinləri zəhərlənən insanlardır. Onlar hər yerdədir. Sank-Peterburq terror hadisəsini törədən gənc qırğız, normal bir gənc idi, restoranda işləyirdi. Amma beyni zəhərlənmiş və dostları ilə bomba hazırlayaraq metroda belə bir cinayət törətdi. Bir gün İŞİD terroruna son qoyulacaq, amma bu terror başqa rəng ala bilər. Məsələn, 90- cı illərdə Əl-Qaidə əsas terror təşklatı idi. İndi bu təşkilat zəifləyib və başçıları ödürülüb. Sonra DAEŞ yarandı. İndi ola bilsin ki, DAEŞ bir müddət sonra zərərsizləşdirilsin, amma onun yerində mümkündür ki, başqa terror təşkilatı yaransın. Ən böyük problem odur ki, böyük dövlətlər terrora qarşı bir araya gələ bilmir. Nə qədər ki, beynəlxalq birlik bu məsələdə ortaq məxrəcə gəlmir, ümumi format yaranmayıb terrorçularla mübarizə çətin olacaq.

-Azərbaycanda terrorla bağlı nə düşünürsünüz.? Terrror hadisələri gözlənilirmi?

-Azərbaycanda sabitlik hökm sürür. Amma yenə deyirəm, terrordan heç bir dövlət, ən güclü dövlət belə sığortalanmayıb. İrandakı terror o deməkdir ki, artıq terror Azərbaycanın cənub sərhədlərinə dirənib. Bir neçə il öncə təhlükəli vəziyyət yaranmışdı. Bir çox azərbaycanlı, hətta imkanlı insanların övladları belə gedib Suriya və İraqda terrorçulara qoşulmuşdu. Artıq o proses dayanıb. Səbəbi də odur ki, hamı gördü ki, İŞİD məğlubiyyətə uğrayır. Və sərhəddən keçmək də artıq çətindir. Əvvəl bir çoxları Türkiyə üzərindən rahat keçə bilirdilər. Təhlükə ondadır ki, yüzlərlə Azərbaycanlı orada döyüşür onların geri qayıtma ehtimalı var. Məsələnin yaxşı tərəfi də ondadır ki, onların hamısının adı bəllidi, Azərbaycana qayıda bilməyəcək, ikincisi bu döyüşlərdə yəqin ki, onların çoxu öldürülüb. Amma burada onların davamçıları ola bilər və nəzarətə götürülməlidir. Bu o demək deyil ki, Azərbaycanda olan bütün sələfilər nəzarətə götürülməlidir. Onların ibadət azadlığı olmalıdır. Azərbaycan multikultural dövlətdir. Bütün dinlərə azadlıq verir, ancaq ciddi nəzarət, təhlükəsizlik tədbirləri olmalıdır ki, heç kimin beyninə başqa ölkələrdə olan terrorun Azərbaycanda edilməsi düşməsin. Əslində Azərbaycan illərdir terrorla mübarizə aparır. Ermənilər terrorla məşğuldur. Onsuz da bizim erməni terrorizmi ilə mübarizədə böyük təcrübəmiz var. Avropa, Amerika indi terrorla üz-üzə qalıb, biz isə çoxdan. Məsələ ondadır ki, terrorun rəngi dəyişib. Terror din pərdəsi altında bütün dövlətləri vurur. Müsəlman ölkələrini də vurur, baxmayaraq ki terror təşkilatı islam adı altındadır. 

-Rusiyada Ümumrusiya Azərbaycan Konqresi bağlandı. Bundan sonra Azərbaycanın həyata keçirəcəyi adekvat tədbirlər nələr olmalıdır?

-Bu hadisə də bir çoxları üçün gözlənilməz idi. Son aylarda Rusiyada Azərbaycan əleyhinə bir neçə addımlar atılıb. Birinci Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi idi. Guya deyirlər ki, sənədlər qaydasında deyildi. Tutaq ki, belədir. Amma imkan vermək olardı ki, sənədlər qaydasına gətirilsin. ÜAK Azərbaycanın dünyadakı ən güclü diaspor təşkilatıdır. Bu təşkilatın yaranmasında Heydər Əliyevin böyük rolu olub. İlk qurultayda Putin də iştirak edib. Buna baxmayaraq qeydiyyatı ləğv olundu. Bu hakimiyyətə çox güclü zərbə də sayıla bilər. 9 mayda Moskvada Qələbə Günü keçirilirdi və ermənilər təxribat törətdilər, Dağlıq Qarabağ bayrağını qaldırdılar.Bu yaxınlarda erməni generalı açıqlama verdi ki, keçən il Rusiya ilə birgə yaratdığımız qoşun birlikləri Qarabağda Azərbaycana qarşı savaşırdılar. Halbuki, ruslar deyirdilər ki, qoşun ancaq Ermənistanın təhlükəsizliyinə cavabdehdir, Azərbaycana hücum etmək planı yoxdur. Və bütün bu addımlar Rusiyanın Azərbaycana xoş olmayan addımlarıdır. ÜAK-ın qeydiyyatının ləğvinə gəldikdə, Azərbaycan cavab addımı kimi nə edə bilər. Bu Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. Baxmayaraq rəsmilər deyirlər ki, tərəfdaşlıq münasibəti qalacaq, işğalçı dövlətin əsas müttəfiqidir, ona hərbi dəstək verir. Biz  anlayırıq Rusiya ilə normal münasibətlərimiz olmalıdır, orada bir milyon azərbaycanlı  çörək pulu qazanır. Ancaq bu o demək deyil ki, Rusiyada Azərbaycan əleyhinə addım atılırsa biz göz yummalıyıq. Reaksiya verməliyik, boşluq buraxmaq olmaz. Ona görə də, ÜAK-ın qeydiyyatı həqiqətən ləğv olunacaqsa, Azərbaycan Rusiyada yeni bir diaspor təşkilatı yaratmalıdır. Və bu təşkilat Ümumrusiya Azərbaycan Konqresini əvəz etməlidir. Məsələnin başqa bir tərəfi də var. ÜAK-ın fəaliyyəti də qənaətbəxş deyildi. Azərbaycanlıların bir hissəsi şikayət edirdi ki, azərbaycanlıların problemləri ilə məşğul deyillər. Mənə də qəribə gəldi ki, niyə bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu bu məsələdə aktiv deyil, bu problemin qarşısını niyə almır. Yeni bir diaspor təşkilatı yaranacaqsa, artıq işlək olmalı, orada işlək insanlar olmalıdır ki, azərbaycanlıların problemlərini həll etsinlər. Ermənilərin də orada bir təşkilatı var. Başçıları böyük nüfuza malikdir. Azərbaycanın diaspor təşkilatının da rəhbəri tanınmış biri olmalıdır ki, hamı ona hörmət etsin, tanısın.

-Suriya, eləcə də Yəmən, İraq və Liviyada xaos hələ də davam edir. Yaxın və Orta Şərqdə qarışıqlıq və nizamsızlıq kimlərə sərf edirdi və bu mənzərəni niyə yaratdılar?

-Müəyyən informasiya və şaiyələr var ki, beynəlxalq terrorçular kənar dövlətlərdən və mərkəzdən dəstək alır. Burada müəyyən qədər həqiqət var. Məsələn son hadisə, Səudiyyə Ərəbistanı Qətərlə əlaqəni kəsdi. Ona görə ki, iki iddiası var idi. Birinci Qətər beynəlxalq terrorçulara maliyyə yardımı edir, ikincisi guya Qətər gizli olaraq İranla saziq bağlayıb. Müəyyən versiyalar var ki, bəzi varlı ərəb ölkələri dəstək verirlər ki, hədəfləri olduğu ölkə zəifləsin. Bu çox təhlükəli yoldur. Səudiyyə Ərəbistanı - Qətər əlaqələrinin pisləşməsi hamıya anlatdı ki, terrorçulara dəstək verilərsə bu terrorun qarşısını almaq mümkün olmayacaq. Və Qətər geri addımlar atdı. Qətər gərgin vəziyyətə düşüb, çünki quru sərhədləri Səudiyyə Ərəbistanıdır. Varlı dövlət olsa da, ərzaq təhlükəsizliyini təmin edə bilmir. Səudiyyə Ərəbistanından ərzaq alır və bundan məhrum olub. Ona görə son anda Qətər güzəştlərə gedəcək. Son illərə qədər özünü müstəqil oyunçu sayırdı. Amma Səudiyyə Ərəbistanı Qətəri mühasirəyə almaqla göstərdi ki, ərəb dünyasından təcrid olunacaq və Qətərin yaşamaq, varlanmaq üçün heç bir şansı qalmayacaq. Ona görə də beynəlxalq terrorçularla bu əlaqələr kəsilməlidir ki, dəstəkdən məhrum olsunlar. Maliyyə qaynaqları kəsilməli, silah verən ölkələr bundan əl çəkməlidir. Bu olarsa, əlbəttə effektiv mübarizə aparmaq mümkün olacaq. İndiki situasiyaya gəlsək, İŞİD- in iki əsas mərkəzi var. Biri İraqda Mosul, digəri Suriyada Raqqa. Mosulda şəhər demək olar ki, 90% terroçulardan təmizlənib. İŞİD-in gücü ondadır ki, onların sayı çoxdur. Beş-on min silahlı dəstədir. İkinci isə kənardan dəstək alırlar. Üçüncü amil isə bir çox ölkələrdə onların davamçıları var. Ən təhlükəliləri də onlardır və heç bir dövlət bundan sığortalanmayıb. ABŞ ən böyük orduya və kəşfiyyata malikdir, amma o belə 2001-ci ildə terrorun qarşısını ala bilmədi. Yəni, hətta böyük, gücü dövlətlər belə terrordan sığortalanmayıb.

-Son vaxtlar Erməni lobbisinin Gürcüstan-Azərbaycan hökumətlərini qarşı-qarşıya gətirmək meylləri müşahidə olunur. Belə məqamda Azərbaycan tərəfinin üzərinə düşən vəzifə nədir?

-Bu da aktual məsələdir. Azərbaycan-Ermənistan arasında tək cəbhə bölgəsində savaş getmir, həm də informasiya savaşı gedir. Mən çox təəssüf edirəm ki, biz bu informasiya savaşında çox vaxt geri qalırıq. Uzun illər mətbuatda çalışmışam. O zaman da görürdüm, indi də siyasi şərhçi olaraq müşahidə edirəm ki, Ermənistandan Azərbaycana daim dezinformasiya ötürülür. Və bizim bəzi saytlar, qəzetlər bilməyərək dezinformasiyanı Azərbaycanın xəbər məkanına buraxırlar və bizdən də münasibət almaq istəyirlər. Son dezinformasiyanı deyim. Xəbər yayıldı ki, guya Rusiya Ermənistana təzyiq edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Rusiyanın agentləri gediblər Dağlıq Qarabağa orada əhalini inandırırlar ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq lazımdır. Sırf dezinfomasiya idi. Axı Rusiya heç bir addım atmır. Rusiya son illərdə hansı addımı atıb ki, biz müşahidə edək ki, Rusiya həqiqətən Ermənistana təsir edir Qarabağ ətrafındakı rayonları boşaltmaq istəyir. Bəs onda bu dezinformasiyanın məqsədi nədir. Məqsəd odur ki, bu informasiyanı atırlar ortaya, biz bunu yayırıq və belə bir təsəvvür yaranır ki, guya Rusiya Azərbaycanın ədalətli istəklərini dəstəkləyir və Ermənistana təzyiq edir. Bu da bizi rahatladır. Bizim qarşımızda iki düşmən var. Biri Ermənistan hakimiyyəti və erməni lobbisidir. Biz ikisiylə də mübarizə aparmaq məcburiyyətindəyik. İkisi də seperatizmi dəstəkləyir. Biri aydındır, Ermənistan hakimiyyəti. Onunla cəbhədə savaş gedir. Amma erməni lobbisi bütün dünya üzrə Azərbaycana savaş açıb. Pis-yaxşı biz də nəsə mübarizə apara bilirik. Xocalı soyqırımı ilə bağlı bir çox ölkələrdə qətnamə qəbul olunub. Bu da bizim uğurumuzdur. Bütün hallarda anlamalıyıq ki, erməni lobbisi güclüdür. Avropa və Amerikada çox böyük imkanlara malikdir. Biz hələ onlar qədər güclü diaspor yarada bilməmişik. Bəzi obyektiv və subyektiv səbəblərdən. Bizim ciddi müttəfiqlərə ehtiyacımız var. Üç dövlət var: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı. Soruşa bilərsiniz niyə? Çünki bu üç ölkə Qarabağ torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibətlər qurmayıblar. Birmənalı Azərbaycanı dəstəkləyirlər. Bu imkanlardan da istifadə edib, beynəlxalq aləmdə erməni lobbisi ilə mübarizəni gücləndirməliyik.  

-Hazırda üzərində çalışdığınız hansı önəmli layihə və araşdırmalarınız var?

-Biz Atlas Araşdırmalar Mərkəzi olaraq bir neçə istiqamətdə fəaliyyət göstəririk. Birinci istiqamət analitik bülletenlərdir. Həftədə bir dəfə analitik bülletenlər yayırıq, azərbaycan və ingilis dilində. Bizim abunəçilərimiz var. Orada Azərbaycanın xarici siyasəti, qonşu dövlətlərlə münasibətlər və regional münaqişələr əks olunur. Daha sonra həmin bülletendəki analizləri mediyayla paylaşırıq. Sosial şəbəkələrlə və ya birbaşa. Bu fəaliyyətimizin bir istiqamətidir. Daha sonra mediyayla əməkdaşlıq edirik. Mediyaya çıxış imkanlarımız var. Televiziyaya çıxırıq, mətbuatda yazılarla çıxış edirik. Sorğular keçiririk. Yeni bir istiqamət də var. Youtube-da bir kanal açmışıq və kanal vasitəsiylə də analizlərimizi, açıqlamalarımızı geniş auditoriyaya çatdırırıq. Deməzdim geniş nəticələr əldə etmişik, amma 2005- ci ildə mərkəz təsis olunub. Müəyyən uğurlarımız var. Təəssüf ki, Ədliyyə Nazirliyi hələ də bizi qeydiyyata almayıb. Buna baxmayaraq fəaliyyətimizi davam etdiririk. Hesab edirəm ki, məhdud imkanlar çərçivəsində müəyyən uğurlarımız var.

-İndiyədək ən yadaqalan və dediyiniz kimi baş verən proqnozunuz hansı olub?

-Bir çox istiqamətlərdə proqnozlarımız olub. Bəzən doğru çıxır, bəzən zaman keçdikcə doğru ola bilir. Məsələn, aprel savaşı ilə bağlı müəyyən proqnozlarımız var idi. Keçən ilin əvvəlində sorğu da keçirtdik və sorğu da göstərirdi ki, bir neçə aydan sonra savaş ehtimalı var. İranda son terror hadisələrini analizimizdə göstərirdik ki, İŞİD fəaliyyətini genişləndirə bilər. Azərbaycanın qonşuluğundakı ölkələri də vura bilər. Bu da doğru çıxmışdı. Mən ildə bir neçə dəfə Ukraynada oluram. 2014-cü ildə Maydan hadisələrində özüm də orada iştirak etdim, hətta Donbasda seperatçıların inzibati binaları necə ələ keçirir, onları da gördüm. Və onda bir analiz hazırladım ki, əgər bunun qarşısı alınmazsa, Ukraynada Qarabağ  təkrarlana bilər. Çox təəssüf ki, o zaman ukraynalı ekspertlər məni eşitmədilər. Amma mən onlara anlatmağa çalışırdım ki, Donbasdakı proseslər Qarabağdakı proseslərə oxşayır. Mənim gəncliyim Qarabağda keçib, bu hadisələri görmüşəm. Müəyyən proqnozlar var idi ki, Donbas əldən gedə bilər burada seperatizm ocağı yaranacaq. Təəssüf ki, sonda elə də oldu. Seperatçılar Rusiyanın dəstəyi ilə Donbasın yarıdan çoxunu işğal etdilər. Hətta Ukrayna hadisələri ilə bağlı kitabım da nəşr olunmuşdu. “Maydandan Maydana”. Orada o proqnozlar yer almışdı. 90-cı illərdə informasiya bolluğu yox idi, çünki internet yayılmamışdı. O zaman analizlər var idi, amma insanların informasiyaya ehtiyacı var idi. İndi tərsinədir. İnformasiya boldur, amma analiz azdır. Məqsədimiz analizin sayını çoxaltmaqdır ki, insanlar bu informasiya bolluğunda çaşmasınlar.

-İşdən sonra ən sevdiyiniz məşğuliyyətlər nələrdir?

-Daha çox 6-cı və bazar günləri dincəlməyə çalışıram. Analitikin və mərkəz rəhbərinin işi elədir ki, günün 24 saatı xəbər var. Hər halda boş vaxt tapmağa, ailəmlə çıxmağa çalışıram müəyyən istirahət məkanlarına. 6-cı, bazar günləri başqa məşğuliyyətlərə vaxt ayırıram ki, növbəti günə beynim açıq olsun. Bəzən televiziyada sənədli filmləri izləyirəm. Amma adam o qədər xəstələnib ki bu işə kənara çıxanda da nəsə görəndə ondan istifadə etməyə çalışır. Bəzən həmkarlarla görüşürük söhbətdə elə məqam olur ki, elə bir fikir ortaya çıxır ki, onu genişləndirib araşdırma apara bilirsən. İnformasiya ilə işləməyə təcrübə lazımdır. Dəfələrlə olub ki, konfranslarda, seminarlarda səslənən bir fikri genişləndirib proqnozlar vermişik.

 

Əsmər Qabil

Foto: Nəcəf Nəcəfli