Kofe art ustası Elvina Kərim "Bəzən mənlə zarafat edirlər ki, biz kofeni içirik, sən şəkil çəkərək israf edirsən", Bəzi rəsmləri neçə il əvvəl çəkməyimə baxmayaraq, hələ də kofe ətrini saxlayır, 17.04.2017 871

Kofe art ustası Elvina Kərim "Bəzən mənlə zarafat edirlər ki, biz kofeni içirik, sən şəkil çəkərək israf edirsən"

Bəzi rəsmləri neçə il əvvəl çəkməyimə baxmayaraq, hələ də kofe ətrini saxlayır

-Necə oldu ki bu sahəyə marağınız yarandı və fəaliyyətinizdəki uğurlarınızdan danışın...

-Marağım birinci kursdan yaranıb. Əvvəl vərəqləri kofe ilə köhnə şəklə salırdım. Üzərində qələmlə işləyirdim. İkinci kursdan düşündüm ki, rəsmin özünü kofe ilə çəkim. Belə davam etdim. Bəzi verilişlər maraq göstərib, dəvət ediblər. İki dəfə master klass keçirmişəm. Gələcəkdə sərgi də düşünürəm.

-Müxtəlif vasitələrlə rəsm çəkirlər. Sizcə kofe art-ın incəlikləri nələrdir?

-Kofe bir rəngdir. Qarşındakı insan sənin o şəklə keçirdiyin hissləri bilməlidir. Və kofenin çox gözəl ətri var. Bəzi rəsmləri neçə il əvvəl çəkməyimə baxmayaraq, hələ də kofe ətrini saxlayır. Məncə incəlikləri bunlardır.

-İnsanların hər sahəyə müxtəlif yanaşmaları var. Sizin işinizə dair fikirləri necədir və bunlar sizə necə təsir edir?

-Əsasən fikirlər yaxşı olur. Bəzən mənlə zarafat edirlər ki, biz kofeni içirik, sən şəkil çəkərək ziyan edirsən. Məncə hər kəs içir, amma mən fərqlilik edib rəsm çəkirəm. Çox vaxt xoş fikirlər gəlir. Maraqlıdır, belə bir şey görməmişdik deyə. Hətta əvvəl elə bilirlər ki, kofenin dənələrini yapışdıraraq rəsm çəkirəm. Bilmirlər mən onu boya kimi istifadə edirəm. Görəndə təəccüblənirlər.

-Rəsmin yeni növü olduğundan tələbat necədir və insanlar əsasən hansı rəsmləri, hansı məqsədlərçün sifariş edirlər?

-Daha çox portretlər sifariş olunur. Amma mənzərələr də olur. Əsasən İçərişəhər, Qız qalasını yəni, Bakının maraqlı abidələri, yerlərinin rəsmini istəyirlər.

-Əksər sahələrdə bir məqam olur ki ona diqqət etmədikdə iş məhv olur. Kofe art-da belə məqam hansıdır?

-Burada əsas kofe ilə suyun miqdarıdır. Bəzən olur sudan çox istifadə edirəm və buna görə kofe yayılır. İstədiyim effekti ala bilmirəm. Ona görə su ilə kofenin miqdarını düzgün götürmək lazımdır ki, şəkil korlanmasın. Özəlliyi budur.

-Hazırda insanların bu sahəyə marağı necədir?

-Maraq olur. İki dəfə master klass keçirtmişəm. Necə maraq göstərdiklərini görürdüm. Çoxları istəyir özünü yoxlasın, çəksin. Azərbaycanda ilk mən başlamışam bu işə, sonra araşdırdım və gördüm ki xaricdə də var imiş. Azərbaycanda yaxşı bir rəssam istəməz ki, desinlər ki, nəyisə kimdənsə kopyaladı. Yəni eyni ölkədə olan rəssamlar həmin sahədə ilk olanla rəqib olmaq istəməzlər. Mən düşünürəm ki, ona görə rəssamlar bu sahənin çox da üstünə düşmürlər. Hər kəs özünə yeni istiqamət axtarır.

-Master klasslardan sonra gənclər sizin yanınıza gələrək öyrənmək istədiklərini bildiriblərmi?

-Olub. Təklif ediblər. Bu haqda kursla söhbət gedir. İstəyirlər  bir dəfə keçirtsinlər, nə qədər maraq olduğunu bilsinlər. Maraq olsa təbii ki, kursunu açmaq istəyirik.

-Qiymətlər necədir və bununla bağlı narazılıqlar olurmu?

- Portretlər A4 formatı 70 manat, A3 isə 100 manatdır. Amma digər rəsmlər 50 manatdan başlayır. Bu da rəsmin ölçüsündən, asan və ya çətinliyindən asılıdır. Adətən razılaşırlar. Bilirlər ki, adi karandaşla portret çoxdur, amma bir də var kofe ilə. Maraqlı və qeyri-adi gəlir deyə narazılıq olmur.

 

 

Əsmər Qabil

Fotoqraf: Seymur Kərimli