Azərbaycanın Avropada tanınan futbol hakimi Əliyar Ağayev: "Oyun gedə-gedə idman ayaqqabım birdən çıxdı və iki dəqiqə ayaqqabı əlimdə gəzdim", Çalışıram futbolçularla yaxın münasibət saxlamayım ki, sonra meydanda problemə çevrilməsin, 26.03.2017 559

Azərbaycanın Avropada tanınan futbol hakimi Əliyar Ağayev: "Oyun gedə-gedə idman ayaqqabım birdən çıxdı və iki dəqiqə ayaqqabı əlimdə gəzdim"

Çalışıram futbolçularla yaxın münasibət saxlamayım ki, sonra meydanda problemə çevrilməsin

-Hakim olmaq dünyanın hər yerində çətindir. Bəs sizdə bu sənətə maraq necə yarandı?

-Bu, təbii ki, futbolu sevməyimlə əlaqədardır. Uşaqlıqdan həmişə futbolçu olmaq istəyirdim. Müəyyən səbəblərə görə alınmadı. Mən də daima futbolun içində olmaq üçün hakimlik peşəsini seçdim. Deyə bilərsiniz ki, atanız da hakim olub, bəlkə onun təkidi ilə bu baş verib. Amma belə bir şey ola bilməz. Atam heç bir halda mənə hansısa məcburiyyəti yaşatmayıb. Yenə də deyirəm, sırf futbolla iç-içə olmaq üçün bu sənəti seçdim və yönəldim.

-2013-cü ildən beynəlxalq futbol oyunlarını, 2015-ci ildən isə Avropa Liqasının qrup mərhələsi oyunlarını idarə etmək hüququ əldə edən ilk azərbaycanlı hakimsiz. Karyeranızda birinci idarə etdiyiniz oyun və beynəlxalq arenadakı ilk oyununuz hansı olub?

-Mən hakimliyə fərqli ampulalarla başlamışam. Əvvəlcə köməkçi hakim olmuşam. Köməkçi hakim kimi premyerliqada ilk oyunum Zaqatalada baş tutub. Simurq - MOIK matçına hakimlik etmişdim. Baş hakim kimi 2009-cu ildə ilk dəfə debüt oyunum Lənkəran şəhərində Xəzər Lənkəran və Turan qarşılaşması olub. Beynəlxalq oyunlara qaldıqda isə ilk dəfə 2013-cü ildə Ukrayna U17 - Estoniya U17 görüşünü idarə etmişəm.

-Bəzən hakimlər təhqirlərə və təzyiqlərə məruz qalırlar. Oyundan öncə özünüzü xoşagəlməz hallara necə hazırlayırsınız?

-Onsuz da bu sənəti seçərkən bunları nəzərə alıb seçirsiz. Tənqid və bəzən də təhqir demək olar ki, hər sahədə var. İstənilən sahədə işini yaxşı görməsən, bəzən də yaxşı gördüyün halda kimisə qane etməsə, tənqidlərə, təhqirlərə məruz qala bilirsən. Bu da adətən, təkcə hakimlərə aid olmur, məşqçilərə, futbolçulara qarşı da baş verə bilir. Mən normal qarşılayıram.

-Stadionda başınıza gələn ən yadda qalan hadisəni bizlə bölüşün...

-Maraqlı hadisələr çox olub. Amma ən yadda qalan bir hadisə var. Bayıl stadionunda Neftçi - Rəvan qarşılaşması idi. Ani hərəkət edib sürətlə qaçmaq istədim, idman ayaqqabım ayağımdan çıxdı, dərhal əlimə götürdüm. 2 dəqiqəyə yaxın əlimdə həmin ayaqqabı ilə meydanda qaldım (gülür). Əksəriyyət bunu hiss etmədi, amma həmin görüntülər kameralara qeyd edilmişdi. Mən də həmin videonu saxlayıram, çox maraqlı görünür.

-Azərbaycan premyerliqasında və Avroliqada bir çox oyunlar idarə etmisiniz. İndiyə qədər sizin üçün ən çətin keçən oyun hansı olub?

-Oyunları belə bölmək olar: məsuliyyətli və çətin. Avropadakı hər bir oyun bizimçün məsuliyyətdir. Bu o demək deyil ki, buradakı oyunlara məsuliyyətsiz yanaşmaq lazımdır, xeyr. Buradakı oyunlara məhz burada hazırlaşırıq. Burada oyun idarə etməsək, xaricdə heç idarə edə bilmərik. Məsuliyyət və karyera baxımından xaricdəki oyunlar daha önəmlidir. Daima çalışırıq ki, ciddi nöqsanlara, ciddi səhvlərə yol verməyək. Fərqli-fərqli bir çox oyunlar baş tutub. O vaxt Neftçinin oyunlarında, hazırda isə Qəbələ və Qarabağın oyunlarında demək olar ki, hər oyun maraqlı keçdiyi qədər çətin alınır. Avropada isə səhv eləmirəmsə, Qazaxıstanda Şaxtyor Karaqanda – Hayduk Split  görüşünü idarə etmişdik, olduqca çətin və maraqlı oyun idi.

-Hakimlikdə kumiriniz kimdir?

-Konkret kumirim yoxdur. Belə deyim də, məndə bir hakimin stilini bəyənmək deyə bir şey yoxdur. Başqa-başqa hakimlərdə başqa-başqa nələrisə bəyənirəm, hərəsindən fərqli nələrisə götürməyə çalışıram. Amma belə ümumi götürsək, İngiltərə, bəzən də Almaniya futbol hakimliyini bəyənirəm və zənnimcə, onlardan da nələrsə götürməyə çalışmaq lazımdır.

-Sizin üçün hakimlikdə pik nöqtə hara sayılır? Hansı qarşılaşmanı idarə etmək istərdiniz?

-Hesab edirəm ki, yalnız hakimlikdə deyil, ümumiyyətlə, futbol sahəsində pik nöqtə Dünya Çempionatının final mərhələsi, hər qitə üzrə Avropa Çempionatı və digər çempionatlar, Çempionlar Liqasının final oyunudur. Hətta, bunu da qeyd etmək istərdim ki, Çempionlar Liqasının finalı Dünya Çempionatının və Avropa Çempionatının final oyunlarından bəzən üstün də sayıla bilir. Digər idman növlərində olimpiya oyunları ən pik nöqtə sayılır, amma futbol bir az fərqlidir. Olimpiya oyunları futbol üçün elə də maraqlı deyil. Maraqlı olsa belə, üçüncü-dördüncü dərəcədə maraqlı ola bilər.

-Bilməyərəkdən səhvə yol verdikdə bu sizin psixologiyanıza necə təsir edir?

-Hər bir oyunda xırda da olsa, səhvlər olur. Amma biz bu səhvləri dərhal unutmalıyıq. Unutmamaq oyunun növbəti gedişatına mənfi cəhətdən təsir edə bilir. Doğrudur, tam unutmaq olmur, hesab edirəm ki, bu, mümkün deyil. Amma nə qədər tez unutmağa çalışsaq, o barədə nə qədər az düşünsək, bu, növbəti idarəçiliyə daha müsbət təsir edər. Səhvlər mütləq ki, olmalıdır. Səhv olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz.

-Dostluq etdiyiniz futbolçular varmı?

-Konkret dostluq etdiyim futbolçular yoxdur. Çalışıram ki, çox yaxın münasibət saxlamayım. Çünki bu, meydanda problem yarada bilər. Bəzən elə ola bilər ki, hansısa səhvini keçə bilərəm, keçməyəndə də inciklik olar. Buna görə də məsafə saxlamağa üstünlük verirəm.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli