Neyrocərrah Əliosman Qədimbəyli: Hazırda ən çox rast gəlinən onurğa sütunu xəstəlikləridir, Neyrocərrahiyyədə dünyada tətbiq olunan əməliyyatların 99%-i Azərbaycanda icra edilir, 15.02.2018 2602

Neyrocərrah Əliosman Qədimbəyli: Hazırda ən çox rast gəlinən onurğa sütunu xəstəlikləridir

Neyrocərrahiyyədə dünyada tətbiq olunan əməliyyatların 99%-i Azərbaycanda icra edilir

-Sizə müraciət edən xəstələrdə ən çox rast gəlinən problemlər hansılardır və bunlar nədən qaynaqlanır?

-Ən çox onurğa sütunu xəstəlikləridir. Hazırda onurğa sütunu xəstəliklərindən osteoxondroz və onun fəsadlarından disk yırtığı xəstəliyidir. Belə xəstələrdə ən çox şikayətlər bel ağrıları, ayaq ağrıları, ayaqlarda olan uyuşmalar, keyləşmələr, yandırmalar və göynətmələrdir ki, vaxtında üzərinə düşmədikdə ayaqlarda zəifləmə, iflic baş verir. Bunlar ən çox oturaq həyat şəraiti, doğru qidalanmamaq, idmanla məşğul olmamaq, ağır işlə məşğul olmaq və həyat rejiminə diqqət etməməkdən qaynaqlanır.

-Əgər regionlara bölsək bu sahə ilə bağlı xəstəliklərə daha çox hansı rayonlarda rast gəlinir və bunu yaradan səbəblər nədir?

-Bölgələrə bölmək olmaz. Demək olar ki, onurğa sütunu xəstəliklərinə bütün bölgələrdə rast gəlinir. Sadəcə şimal bölgələri rütubətli olduğuna görə bu bölgələrdə revmatik xəstəliklərə daha çox rast gəlinir. O bölgələr digərlərinə nisbətən daha üstünlük təşkil edə bilər.

-Neyrocərrahiyyə tibbin yeni sahəsidir. Bu sahədə Azərbaycan həkimləri hansı mərhələyə qədər əməliyyat keçirməyə qadirdirlər?

-Bugün qürurla deyə bilərik ki, neyrocərrahiyyə sahəsində dünya praktikasında tətbiq olunan əməliyyatların 99 % - i Azərbaycanda tətbiq olunur. Əvvəllər bel fəqərə sürüşməsi, onurğa kanalının darlığından, boyun yırtığı, beyin şişlərindən ötrü qonşu xarici ölkələrə müraciət edirdilərsə, artıq bu tip bütün əməliyyatlar icra olunur. Çünki xaricdə ixtisaslaşmış gənc kadrlar çoxdur, onlar praktiki əl vərdişlərinə malikdirlər, müasir avadanlıqlarla işləməyi bacarırlar. Eyni zamanda indi istər dövlət, istərsə də özəl sektorlarda ən son texnoloji avadanlıqlar var. Bu da həkimlərə əməliyyatların icra olunmasına kömək edir.

-Son zamanlar ən çox uşaqlarda və yeniyetmələrdə səbəbsiz baş ağrılarını sinirlə bağlayırlar. Səbəbsiz kimi adlandırdığımız bu ağrıların əsl səbəbi nədir?

-Hər bir xəstəliyin səbəbi var. Uşaqlarda olan baş ağrılarının ən böyük səbəbi kəllədaxili təzyiq yüksəlmələridir, bu da beyindaxili su toplanması-hidrosefaliya xəstəliyinə səbəb olur. Baş ağrılarının digər səbəbi uşaqlarda miqren xəstəliyi ola bilir, bundan başqa qarmaritdən sonrakı baş ağrıları ola bilər. Ən böyük səbəblərdən biri isə uşaqlarda görmə problemi ilə bağlı olan baş ağrılarıdır. Digər səbəb ailədəki stress, psixoloji faktorlardan qaynaqlanır ki, uşaqlarda daha çox rast gəlinir.

-İnsanlar nəyə diqqət edərək bu problemləri həkimə müraciət etmə səviyyəsinə çatmadan həll edə bilərlər?

-Ağrı bədənin dilidir. Bu ağrılar zamanında aradan qaldırılmalıdır. Buna görə hər zaman tövsiyə edirik ki, özbaşına hər hansı bir qərar verilməsin. Bəzi xəstələr ağrılarını susdurmaq üçün müxtəlif yöntəmlərdən istifadə edirlər. Ara həkimlərinə gedirlər, dartınırlar və ya müxtəlif vasitələrdən istifadə edirlər. Onlar da nəticədə xoşagəlməz  fəsadlara gətirib çıxarır. Ona görə də ağrısı olan xəstə vaxtında həkimə müraciət etməlidir.

-Azərbaycan neyrocərrahiyyədə əsasən hansı ölkənin təcrübəsindən istifadə edir?

-Ən çox Türkiyə, sonra Almaniya və Rusiya təcrübəsindən yararlanırlar. Bu üç ölkədə daha çox ixtisaslaşmış kadrlarımız var.

-Səhiyyədə bu sahənin inkişafı ilə bağlı hansı addımlar atılır?

-Səhiyyə sektorunda ,dövlət xəstəxanalarında müəyyən müddətə həkimlər qonşu ölkələrə ixtisaslaşmağa göndərilir. Özəl sektorda çalışan həkimlər isə təbii ki öz hesablarına dünyada mövcud olan konqreslərə qatılır. Martın 29-da Dünya Neyrocərrahlar Konqresi var. Türkiyənin Antalya şəhərində baş tutacaq. Bizimlə bərabər bir çox həmkarlarımız orada iştirak edəcək. Təbii ki bəziləri dövlət xəttiylə gedirsə, əksər hissəsi şəxsi vəsaitləri hesabına gedir. Tibdəki ən son yeniliklər nədirsə, onları öyrənərək vətəndə tətbiq etməyə başlayırıq.

-İnsanlar neyrocərrahiyyə sahəsindəki xəstəliklərə görə  yerli həkimlərə müraciət etmək əvəzinə xaricə üz tuturlar. Halbuki savadlı həkimlər, texnoloji avadanlıqlar Azərbaycanda da var. Sizcə, xəstələr təcrübəli həkimləri hansı göstəricilərinə görə dəyərləndirməlidirlər?

- Məncə, xaricə getmək əlavə vaxt və vəsait itkisidir. Son 10 ildə yeniliklər çox oldu. Məsələn, əvvəl xəstə klinikaya müraciət edirdi, istədiyi əməliyyat icra olunmadığına görə alternativ olaraq xarici dövlətlərə üz tuturdu. Amma indi xəstə neyrocərrahiyyə ilə bağlı istənilən klinikaya müraciət etdikdə onun təklifi dəyərləndirilir və onun əməliyyatının burada olunmağı irəli sürülür. Bəzi insanlar şəxsi istəklərindən asılı olaraq xarici dövlətlərə gedə bilərlər.

-Həkim fəaliyyətinizlə yanaşı sosial təşəbbüslərdə aktiv iştirak edirsiniz. İndiyədək hansı tədbirlərə qatılmısınız və sizcə bu addımlarınızla insanlara necə faydalı olmusunuz?

-Çalışırıq ki sosial aktivliyimizi gündəmdə saxlayaq. İlk növbədə universitet tələbələri, orta məktəb şagirdlərini maarifləndirməyə çalışırıq. Eyni zamanda bizim “Bel ağrılarında 100 tövsiyə” və “Boyun ağrıları” kitablarımız vardır ki, Azərbaycanda ilk dəfə olaraq onurğa sütunu xəstələrinə tövsiyə xarakterli 100 vərəqlik bir kitabdır. Bunları paylayaraq dəstək oluruq. Bundan başqa qocalar evində, uşaq evlərində, universitetlərdə  və məktəblərdə insanların maariflənməsinə dəstək olmağa çalışırıq. Təbii ki, bu da insanların erkən vaxtda xəstəliklərinin aşkara çıxarılmasında  çox böyük əhəmiyyətə malikdir.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli