Tanınmış mühəndis Elçin Abbasov: "Hazırda avtomobillərin məsafədən diaqnostika edilməsi layihəsi üzərində işləyirəm", Azərbaycanda ən çox gözardı edilən məsələ maşınlarda əyləc mayesinin dəyişdirilməməsidir, 28.03.2017 1768

Tanınmış mühəndis Elçin Abbasov: "Hazırda avtomobillərin məsafədən diaqnostika edilməsi layihəsi üzərində işləyirəm"

Azərbaycanda ən çox gözardı edilən məsələ maşınlarda əyləc mayesinin dəyişdirilməməsidir

- Texnikaya həvəsiniz necə yarandı?

-Mən 5 il mühəndis-layihəçi işləmişəm. Sonra gəldim avtomobil sahəsinə. O vaxtlar xarici avtomobillər çox gətirildi, insanlar təmirlə bağlı məsələlərdə əziyyət çəkirdilər, mən də düşündüm ki, bu sahədə daha faydalı olaram. O vaxtlar avtomobil sürə bilmirdim. İndi də ən xoşuma gəlməyən şey avtomobil sürməkdir. Bu işlə məşğul olmağa başladıqdan sonra, yavaş-yavaş maşın sürməyi də öyrəndim. Mənim üçün maraqlı olan isə nəzəri tərəflər deyil, texniki ədəbiyyatı çox oxuyuram, maraqlı olan, məsələn mühərriki düzəltmək ideyası o vaxtkı insanın ağlına necə gəlib. Mühərriklərin tarixi inkişafını insanların ideyaları ilə düzəldərək, praktiki olaraq çalışaraq, daxili yanma mühərriklərinə qədər gəlib çıxdım.

-Hazırda dünyada avtomobillərin diaqnostika və təmirində istifadə olunan, lakin Azərbaycanda tətbiq edilməyən üsullar varmı və hansılardır?

-Mənim avtomobilimdə bir sistem var. Bu uzaqdan diaqnostika metodudur. Hazırda bu üsulu test edirəm. Avtomobildə gedə-gedə  bu proqram  mənə xəbər verir saat neçədə hardan çıxdığımı, hansı zonalardan keçdiyimi, nə qədər yol qət etdiyimi, nə qədər yanacaq sərfiyyatı olduğunu. Bundan əlavə bu sistemi servis xidmətinə birləşdirərək, düyməni basıb servisə məlumat göndərə bilərəm və servis xidməti avtomobildə hansı problemlərin olduğunu müəyyənləşdirir. Bununla da servis xidməti problemləri biləcək və vaxtında avtomobil sahibinə xəbər verəcək. Yolda gedəndə hər hansı bir hadisə baş verdisə, düyməni basdıqda mərkəzdən avtomobili diaqnostika edəcəklər. Bu sistem nəyinki Azərbaycanda, çox ölkələrdə yoxdur.

-Bir çoxları avro 5 standartında avtomobil alır və onu 92 benzinlə işlədirlər. Amma  bu benzin avro 2 standartına cavab verir. Bu maşınlar hansı benzindən istifadə etməlidir və əks halda hansı nasazlıqla qarşılaşa bilərlər?

-  Azərbaycanda uzun müddətdir ki, avro 4 standartına keçid var. Bu standartdan aşağı maşın gətirmək olmaz. Respublikada satılan 92 yanacağı avro 2 standartına uyğundur. Elə bil ki, yüksək standartlı avtomobilə uyğun olmayan qida verilir, bu da maşına zərər yetirir. Bu maşınlara avro 4, avro 5 stardartına uyğun yanacaqlar almağı tövsiyə edirəm. Amma onların qiyməti yüksəkdir və getdikcə daha da qalxır. Çünki onlar xaricdə istehsal olunur və gətirilir. Ümidimiz onadır ki, bizdə yeni neftayırma zavodu fəaliyyətə başlayacaq və bundan sonra atlarımıza öz at yemimizi verəcəyik. Avro 2 standartında kükürdün miqdarı artıq olur. Bu həm ətraf mühit üçün zərərlidir, həm də mühərrikin içərisində qətranların əmələ gəlməsinə səbəb olur və bu qətranlaşma mühərriki tez sıradan çıxarır.  Eyni zamanda turşuların əmələ gəlməsi servis intervalını azaldır.

-Avtomobillərin rəsmi servisləri baha olduğundan insanlar fərdi qaydada işləyən ustalara üz tuturlar. Fərdi ustalarla servis arasındakı fərqi necə izah edərdiniz və sizcə hansına daha çox etibar etmək olar?

- Elə fərdi servislər var ki, lazım olan avadanlıqlarla və savadlı ustalarla təchiz edilib. Elələri də var ki, ancaq qiymətin ucuzluğundan insanlar ora müraciət edir. Amma onlar üçün heç bir zəmanət yoxdur. Servisə gedirsənsə, əmin olmalısan ki, istehsalçının tövsiyələrinə uyğun olaraq təmir olunacaq və  burada zəmanəti müəssisədən ala bilərsən. Son zamanlar əksər insanlar servisə inanır və ora üz tuturlar.

-Tanınmış avtomobillərin bəzi servisləri maşın sahiblərinin təmir gedən əraziyə girişini qadağan edir. Bəzi avtomobil sahibləri servisə girib çıxdıqdann sonra başqa problemlərin də ortaya çıxmasından narazıdırlar. Sizcə əslində necə olmalıdır?

-İstənilən istehsalat sahəsinə daxil olarkən, eləcə də servisə, texniki təhlükəsizlik haqqında kursları keçib sonra daxil olmaq lazımdır. Çünki servis elə bir yerdir ki, orada qurğular var. Orada hansısa qurğunun aşması, avtomobilin liftdən düşməsi, yanğın və başqa hallar baş verə bilər. Məsələn, müştəri girib  görür orada yuyucu məhlulla hansısa detal yuyulur və o prosesə baxmaq istəyir. Bu zaman əlindəki siqaretin məhlula düşməsi yanğına səbəb ola bilir. Və ya qaldırıcını salan vaxt bilmədən altında dayanırsa, ayağı qala, zədələnə bilər. Ona görə o sahəyə girən adamların hansısa bilikləri, savadları olmalı, hansısa kursu keçməlidirlər. Ən yaxşısı insanların belə zonalara girməməsidir. Gərək insanların etibarı olsun getdiyi yerə. Əgər oradakı usta sizi aldatmaq istəyəcəksə, siz onun lap başının üstündə dayansanız da bunu edəcək. Girib çıxdıqdan sonra hansısa problemlər yarandısa, siz  müəssisənin rəhbərliyinə müraciət edin. Mən inanıram ki, heç bir servis istəməz ki, onun haqqında mənfi imic formalaşsın. Əsasən bunu deyən şəxslər servisə getməyənlərdir.

-Sürücülərin ən çox şikayətləndiyi məsələlərdən biri avtomobil yağlarıdır. Maşının tez sıradan çıxmasının qarşısını almaq üçün bu məsələdə sürücülərə hansı tövsiyələriniz var?

-İlk olaraq texniki qulluq tam olaraq yerinə yetirilməlidir.Texniki xidmət yalnız yağ dəyişdirilməsindən ibarət deyil. Hər bir avtomobilin xidmət cədvəli var. Bu cədvəl üzrə hər hansı görülməyən iş sonra hansısa nasazlığa gətirib çıxaracaq. Azərbaycanda ən çox görülməyən iş əyləc mayesinin dəyişdirilməməsidir. Əksər avtomobillər üçün hər iki ildən bir əyləc mayesini dəyişmək lazımdır. Burada əsas rolu ustalar oynayır, çünki ustalar yağı dəyişə bilir amma əyləc mayesini yox. Əsas olan ustaların avtomobil sahəsində maariflənməsidir. Avtomobil sahiblərinin o qədər də avtomobil bilgiləri olmaya bilər, amma ustalar bilgili olmalıdır.

-Bəzi işbazlar avtomobilləri parçalara ayrılmış halda Azərbaycana gətirir, sonra birləşdirib satırlar. Avtomobil almaq istəyən şəxslər belə fırıqdaqçılardan necə yan keçsinlər?

- Avtomobilləri o halda gətirməkdə məqsəd ondadır ki onu detallara ayırıb satsınlar. Avtomobil ortadan kəsiləndə zərər görən iki hissəsi olur. Bu avtomobilin damı və onun alt hissəsidir. Qalan hissələrini isə hissə-hissə götürüb satırlar. Burada problem yoxdur. Onsuz da işlənmiş ehtiyyat hissələri bazarı var.

-Uzaq yola hazırlaşan avtomobil sahibləri maşının hansı parametrlərinin sazlığına əmin olmalıdır?

-Ümumiyyətlə hansı məsafədə yol getməyindən asılı olmayaraq avtomobilin tam olaraq sazlığına əmin olmaq lazımdır. Bunun üçün avtomobilin lazım olan texniki xidmət mərhələlərindən keçməsidir. Əgər texniki xidmətin vaxtı yola çıxacağınız zamana düşürsə, tövsiyə olunur ki, əvvəl bu xidməti həyata keçirəsiniz.  Uzaq səfərə gedərkən tibb çantası, təkər boşalmasında onun düzəldilməsi üçün lazım olan alətlər, əgər ehtiyyat təkəriniz varsa onun təzyiqini yoxlamaq lazımdır. Əlavə olaraq qoşqu götürməniz məsləhətdir. Bir də, səfərə gedərkən akkumlyator zəifləyir, bunu aradan qaldırmaq üçün iki avtomobili birləşdirmək lazım gəlir. Bunun üçün kabel götürülməsi də məsləhətdir.

-Fəaliyyətinizdən əlavə Badamdar klub layihəniz var. Necə oldu Badamdar klubu yaratdınız və hədəfiniz nədir?

-Mən müxtəlif universitetlərdə maraq sərgiləri təşkil edirəm. Klubu yaratmaqda məqsədim gənclərdə texnikaya maraq artırmaq, həm də öz marağımı təmin etməkdir. Bizim dövrümüzdə kompyuter yox idi, insanlar daha çox real aləmdə idi. Adamları yerə endirmək üçün, reallığa gətirmək üçün bu klubu yaratdım. Bir şeyi haradasa görürüksə yığışıb yoxlayırıq ki, görək onu düzəldə bilirik.

-Badamdar klub olaraq uğurlarınız nədir?

-Badamdar klubun uşaqları respublikada robot yarışmasında birinci yeri tutublar. Uğurlarımızdan digəri Türk Dünyası Bilim Olimpiadasında azyaşlılar arasında keçirilən yarışda üçüncü yerə sahib olmağımızdır. FameLab yarışmasında birinci yerə sahib olan Mirlanla biz bir yerdə hazırlaşmışıq və qalibi olub yarışmanın. Burada çoxu gənclər olsa da, 7 yaşdan 77-ə kimi hər kəs gələ bilər. Bir türk qardaşımız var 70 yaşlarında Yalçın bəy, o da bu klubun üzvüdür.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli