Peşəkar fotoqraf Elbəy Mustafabəyli: "Bəzən bir kadrı almaq üçün 7-8 gün vaxt sərf edirəm", Portret və toy şəkilləri çəkməkdən imtina etmişəm, 25.04.2017 3636

Peşəkar fotoqraf Elbəy Mustafabəyli: "Bəzən bir kadrı almaq üçün 7-8 gün vaxt sərf edirəm"

Portret və toy şəkilləri çəkməkdən imtina etmişəm

-Fotoya olan marağınız necə yarandı və necə oldu qərar verdiniz ki, mən bu işlə məşğul olmalıyam?

-Məndə fotoqraflığa daha çox hobbi kimi maraq var idi. Elə indi də belədir. Məktəb vaxtlarında bir müddət rəssamlıqla məşğul olmuşdum, hətta, sərgilərdə də iştirak edirdim. Universitetlə əlaqədar olaraq rəsmdən uzaqlaşmalı oldum. Geri dönüşüm isə foto ilə oldu. Fotoya maraq göstərməyimdə ətrafımdakı insanların da payı var idi. Maraq var idi, amma onu üzə çıxaracaq birilərinə ehtiyac var idi. 1-2 dostumla bərabər bu haqda araşdırmalara başladıq. Yavaş-yavaş aparatları, onların özəlliklərini öyrənirdik. Daha sonra fotonu necə çəkmək lazım olduğu barədə araşdırmalar etdik. Başladığım vaxtlarda maraq göstərdiyim sahə təbiət fotoqrafiyası idi. Son vaxtlar isə daha çox şəhər fotoqrafiyası, sırf bina fotolarına maraq göstərirəm. Əsasən, 4 kateqoriya üzrə çəkməyə çalışıram: şəhər, təbiət, “food” (yemək, desert və s.) və reportaj. 

-Ali təhsil aldığınız sahə hansıdır və foto ilə həmin sahənin bir əlaqəsi varmı, sizcə?

-Mən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin məzunuyam. Hal-hazırda müəllim kimi fəaliyyət göstərirəm. Arada da riyaziyyatla bağlı dərs videoları hazırlamağa çalışıram. Foto sahəsinin riyaziyyatla əlaqəsini daha çox həndəsəyə yoza bilərəm. Şəhər fotoqrafiyasının həndəsi tərəfləri var.

-Foto son illər daha çox məşhurlaşdı. Hazırda insanların çoxu sizcə, daha çox hansı şəkillərə üstünlük verir?

- Azərbaycanda gəlir sahəsinə görə daha çox “wedding” dediyimiz toy fotoqrafiyası, “food” fotoqrafiya, daha sonra isə insanların şəxsi fotosessiyasına üstünlük verilir. Əsasən, bu 3 sahədir. Hər 3-ündə də mənim bəyəndiyim fotoqraflar var. Elələri olur ki, əsərlərini uzun müddət araşdırıram.

-Sosial şəbəkələrdə paylaşdığınız çoxlu maraqlı şəkillər var. Bu şəkilləri çəkmək üçün heç olubmu ki, uzun müddət gözləyəsiz ki, hansısa yağışlı və ya günəşli gün gəlib çatsın, siz də istədiyiniz effekti ala biləsiz? Bu cəhətdən yadda qalan bir hadisə varmı?

-Mən fotoqraflığa 2007-ci ildə başlamışam. 2-3 il daha çox telefonla çəkirdim və üzərində işləyirdim. 2009-2010-cu illərdən isə professional aparatlarla işləməyə başladım. Bu müddət ərzində dediyiniz hallar çox olub. Yadda qalan hadisələr isə sadəcə bunlarla bağlı deyil. Məsələn, polis tərəfindən tutulduğum olub. 10 dəfədən çox olub ləvazimatlarımı yığıb qaçmalı olmuşam. “İnstagram” hesabıma da baxsaz, görərsiz ki, mənim fotolarım daha çox gecə çəkilən fotolardır. Bunun üçün də xüsusi qurğularla işləməli oluram. Bu qurğulara da insanlar alışmayıblar. Görən kimi nəsə çox böyük, təhlükəli bir şey zənn edib qorxuya düşürlər. Normalda əlinizə fotoaparat alıb saatlarla çəksəniz, heç kim heç nə deməyəcək. Amma qurğuların görüntüsündənmi, tipindənmi qorxurlar, nədir, gəlib deyirlər ki, yığışdır bunları. Bəzən gecələr çəkilişə çıxanda qorxuram. Əlində aparat, bir-iki dənə də linza götürsən, qiymətlidir, rahatlıqla əlindən alıb apara bilərlər.

-Şəkil çəkmək üçün xüsusi sifarişlər alanda, rədd etdiyiniz təkliflər olurmu və buna daha çox nə səbəb olur?

-Bəli, olur. Məsələn, portret və toy fotolarını çəkməkdən imtina etmişəm. Bilirsiz, mən nəyin tərəfdarıyam? Ən yaxşı bacardığın şey nədirsə, onu etməlisən. Çox yaxın, sözünü yerə sala bilməyəcəyim adam olarsa, o işi görməyə çalışıram. Amma özünə də əvvəlcədən deyirəm ki, qardaşım, bax, mən bu sahədə sənə sənin gözlədiyin qədər kosmetik bir foto verə bilməyəcəm. Hobbim olduğuna görə, nisbətən də dinləndiyimə görə bacardığım qədər çəkiliş edirəm, qaçmıram. 7 ildən çoxdur ki, professional olaraq velosipedlə də məşğul oluram. Foto və velosiped məni ən çox dinləndirən hobbilərimdir. 

-Fotoqraf kimi özünüzün üstünlük verdiyiniz ən maraqlı mənzərələr hansılardır?

-Mən işimlə, ailəmlə əlaqədar olaraq hələ az yerləri gəzirəm. Bir şeydə rahatlıqla iddialı ola bilərəm ki, “travel” fotoqrafiyada asanlıqla insanların könlünü oxşayan təbiət mənzərələri yarada bilərəm. Hələ ki, çox gəzməyə şansım yoxdur. Bakıda isə daha çox qədim və maraqlı binaların fərqli bucaqdan çəkilişlərini edirəm. İmkan olduqca “food” da çəkirəm.

-İndiyədək çəkə bilmədiyiniz və fotosessiya etmək arzusunda olduğunuz şəxs və ya məkan varmı?

-İnsan fotolarını çəkmək çox da ürəyimə yatmır. Məkan olaraq isə Bali adasını misal çəkmək olar. Orada dənizə doğru bir dağ çıxıntısı var, o çıxıntının altındakı boşluqdan günəş görünərkən həmin mənzərəni çəkmək istəyərdim. 

-Foto çəkməkdən başqa arzusunda olduğunuz və indiyədək reallaşdırmadığınız hansı arzunuz var?

-Mən bir müddət proqramistliklə məşğul idim, buraxdım. İki arzumdan biri o olardı ki, onu davam elətdirim. Hətta, bir neçə dəfə cəhd etdim. Lakin yarımçıq qaldı. Çox sevdiyim bir şeydir. İkinci arzum isə super “travel” fotoqraf olmaq olardı. Həddən artıq əyləncəlidir. Başqa tərəfdən sport sahəsində də arzularım var, amma daha çox bu ikisidir. Proqram sahəsi üçün artıq gecdir. Amma alınsa, ikinci arzum reallaşacaq. Fantaziyalar çoxdur. Bəzən uşaqlara deyirəm ki, aktyor olmaq istəyirəm, amma Hollywood’da (gülür).

-Hər zaman fotolarını izlədiyiniz tanınmış bir fotoqraf varmı? Əgər varsa, həmin fotolarda sizin diqqətinizi çəkən nə olur, adətən?

-Sırf öz sahəmdə davamlı olaraq izlədiyim kimsə yoxdur. “İnstagram”dan və ya hansısa saytdan girib ümumi olaraq baxıram. Bircə-bircə, hər detalını izlədiyim, adını çəkə biləcəyim tək bir nəfər yoxdur. Hərədən bir az-bir az nələrsə götürməyə çalışıram, kimdənsə işığı, kimdənsə rəngi, kiminsə fotoşopu harada, necə istifadə etməsini və s. 

-Əsas işiniz müəllimlikdir. Şagirdləriniz fotolara olan marağınızı necə qarşılayırlar?

-Mənim tipim bir az fərqlidir. Hətta, saçım uzun olduğu üçün arada toplayıram. Dərsə müəllimlər özəl kostyum geyinirlər, qalstuk filan taxırlar, amma mən cins şalvar, rahat bir köynək, sport ayaqqabı geyinib gedirəm. Qalstuka nifrət edirəm. Taxdığım günlərdə belə dərs bitən kimi çıxarıb bir kənara atıram. Tərzimə və rahat biri olduğuma görə məni sevirlər. Şagirdlərlə çox açığam, hər biri ilə rahat ünsiyyət qura bilirik. Hər problemlərini mənlə bölüşə bilirlər. Hətta, eləsi olub ki, mənə zəng vurub deyib ki, müəllim filan şeyi belə etmək istəyirəm, siz fikrinizi deyin, sonra anama-atama deyəcəm. Fotolarıma da çox maraq göstərən şagirdlərim var. Onların istəyi ilə birlikdə foto çəkməyə belə gedirik.

-Müəllimlik daha çətindir, yoxsa fotoqraflıq?

-Müəllimlik psixoloji cəhətdən yüksək bilik tələb edir. Şagirdlərim depressiyada olarkən problemlərini mənə danışırlar. Müəyyən məsləhətlər verirəm. Bir dəfə onlardan biri mənə demişdi ki, müəllim, psixoloqun yanına getmişdim, siz nə demişdizsə, o da eynisini dedi. Şagirdlər həddən artıq enerjilidirlər. Hər gün 6 saat dərsdə oluram. Müəyyən qədər yorucudur. Təbii ki, müəllimlik daha çətindir. Foto mənimçün sadəcə hobbi kimidir. Foto da yorucu ola bilir. Bu elə hallarda baş verir ki, o an foto çəkmək istəyin yoxdur, içindən gəlmir. Dostların deyir ki, gəl filan şeyi çək, gedib hissiz şəkildə çəkirsən. Belə şeylərdən bacardığım qədər qaçıram. Elə fotolarım olur ki, üzərində bir saat, saat yarım işləyirəm. Amma bu məni yormur, nəinki sifarişlə istəmədiyim bir çəkilişə getmək.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli