Poverliftinq üzrə üçqat dünya çempionu Ceyhun Vəliyev: "Kəməri bağlayıb hərəkəti etməyim üçün bir dəqiqə vaxtım qalmışdı", "Bədən yığmaq üçün ən ideal vaxt saat 2-6 arasıdır", 26.07.2017 404

Poverliftinq üzrə üçqat dünya çempionu Ceyhun Vəliyev: "Kəməri bağlayıb hərəkəti etməyim üçün bir dəqiqə vaxtım qalmışdı"

"Bədən yığmaq üçün ən ideal vaxt saat 2-6 arasıdır"

-Ceyhun bəy, neçə yaşınızdan idmandasınız? Təhsilinizin idmanla əlaqəsi varmı?

-1988-ci ildənəm. 2005-ci ildən idmandayam. Təhsilimin idmanla əlaqəsi yoxdur. İqtisadiyyat Universitetini bitirmişəm. Beynəlxalq münasibətlər fakültəsini. Prezident təqaüdü alırdım. Universitetdə idmana daxil oldum. Hobbi kimi məşğul olurdum. 2008-ci ildə Təbriz Əlizadə o vaxt məşqçi idi. Məndəki potensialı gördü. Poverliftinq yarışına onunla hazırlaşdım. Poverliftinq ağır atletikanın bir növüdür. İk çıxdığım yarışda da Azərbaycan çempionu oldum. Sonra Avropa çempionatına getdim, mükafatçılar siyahısına düşdüm. Sonra 3 dəfə ard-arda dünya çempionu oldum. 2010-2011-2012- ci illərdə. Sonra məşqçiliklə bağlı təklif gəldi, məşqçi kimi fəaliyyət göstərdim.

-Yarışlara çıxmaq, yoxsa məşqçi kimi fəaliyyət göstərmək daha məsuliyyətlidir?

-Yarışlara getmək ona görə məsuliyyətlidir ki, Azərbaycanı təmsil edirik, ölkəmizin bayrağını qaldırmağa çalışırıq. Rəqiblərimiz başqa ölkələrin vətəndaşları olur. Onlara Azərbaycanın güclü olduğunu sübut etməliyik. Ona görə fikirləşirəm ki, idmançı kimi çıxış etmək daha məsuliyyətlidir.

-Fitnesə hansı yaşlarda başlamaq daha yaxşıdır?

-Mən fitnesə 17 yaşda başlamışam. O yaşlarda başlamaq daha idealdır. Çünki əvvəl onsuz da olmur. 10-12 yaşlarda bədən tam formalaşmır. Əzələ yığmaq çətindir. Fitnes idman növü də əsasən hormonlarımızla bağlı idman növüdür. Kişilik hormonu olan testesteronun hesabına inkişaf edirik, məsələn qızlar da biz edən hərəkətləri edir, amma biz əzələ yığırıq qızlar o qədər əzələ yığa bilmirlər. Səbəb hormonlardır. Kişilərdə hormonların əsas formalaşma vaxtı 16 yaşdan sonra başlayır.

-Fitnesin sağlamlığa hansısa ziyanı varmı?

-Məhz fitnesin ziyanı yoxdur. Sadəcə məşqçi nəzarəti olmalıdır ki, artıq yüklənmələr olmasın. Məsələn çox məşq edənlər, zala yazılanda 3 aya formaya düşmək istəyirlər. 3 aya formaya düşmək mümkün deyil axı. Məşqçi 10 ilə forma yığır. Mən 13 ilə bu formanı yığmışamsa, tələbə necə həmin formanı 3 aya yığsın. 3 aya yığmaq istəyirlər və ona görə də daha çox yüklənmə edirlər. Fikirləşirlər ki, 1 saat məşq edirəm qolum bu qədər böyüyürsə, qoy 2 saat edim daha tez böyüsün. Məşqçidən asılıdır. Düzgün yönləndirməlidir.  

-Neçə aya forma yığmaq olar?

-Qalıb həmin insanın çəkisinə. 100 kq bir xanımla 60 kq bir xanımın forma yığması arasında aylar fərqi çoxdur. Əlbəttə ki, 60 kq çəkisi olan daha tez yığacaq. 100 kq-ın 60-kq-a çatmağına ən az 4-5 ay lazımdır. Orta hesabla götürsək 5-6 aydan tez hansısa nəticə əldə etmək çətindir.

-Fitneslə gün ərzində nə qədər məşğul olmaq kifayətdir?

-Həm xanımlar, həm də kişilər üçün ideal olaraq həftədə 3 və ya 4 dəfədir. Arıqlamaq istəyirlərsə günün ilk yarısında məşq etmələri daha məqsədə uyğundur. Səhər vaxtlarında. Əgər forma yığmaq istəyirlərsə saat 2-dən 6-a kimi daha ideal vaxtdır. Amma heç birində vaxt yoxdursa belə günortadan sonra məşq etmək olar.

-Ağır və yüngül çəkili insanlar fitnesə hansı məşqlərlə başlamalıdır?

-Orada da miflər çoxdur. Savadsız məşqçilər də belə fikir yaradıblar. məsələn kimsə çəkisini salmaq istəyir  xanımdır 100 kq-dır, hansısa savadsız məşqçi ona deyə bilər ki, birinci arıqla sonra gəl forma yığ. Bu  vaxt itkisidir. Adamın arıqladıqca forma yığması daha yaxşıdır, nəyinki arıqlayıb bir müddət buna sərf edib ancaq qaçış lentində qaçması. Sonra da oturub əzələ forma yığmağa çalışsın. 6 aydan sonra çəkisi 100 kiloqramdan 80 kiloqrama düşəndə  istər istəməz dəri sallanması baş verəcək. Amma fitnes məşqləri edərək çəkisi azalanda əzələ bərkiyir üstdəki yağ təbəqəsi gedəndə belə dəri sallanması olmur. Olsa da minumum olur. Yəni  arıqlamaq, kökəlmək, forma yığmaq istəyəndə, forma da qalmaq istəyənlər də fitnes hərəkətlərini etməlidir.

-Bəs kişilər və qadınlar hansı daha çox nəyə üstünlük verir? Və daha çox kimlər müraciət edir?

-Xanımlar daha çox arıqlamaq, forma yığmaq, kişilər konkret əzələ yığmaq üçün müraciət edirlər. Xanımlar daha çox arıqlamaq üçün üz tutur. Burada da fərqlər var. Son dövrlər sosial şəbəkələr sağolsun bizə kömək ediblər. Məsələn, görürlər ki, trenajorla hansısa xanım məşq edir bu oğlana oxşamır, amma əvvəl trenajorla məşq etməyə qorxurdular. Deyirdilər kişiyə oxşayacıq. Biz başa salırıq, burada fərq hormonlara görədir,amma real göstərə bilmirdik deyə bir-iki xanım tələbəmiz var idi. Amma indi instaqramda, feysbukda həmin xanımları görürlər bu onlara motivasiya olur. Və forma yığmağa gələnlərin sayı artır.

 

-Fitnesə daha çox hansı məqsədlə müraciət edirlər?

-Faiz olaraq götürsək 60% arıqlamaq, 30% forma yığmaq, 10%- da sağlamlıq.

-Proteindən düzgün istifadə etməyəndə hansı əks göstəricilər verə bilər?

-Proteindən düzgün istifadə etməyəndə əks göstərici vermir. Olur ki, steroidlə, iynələrlə səhv salanda, iynələrlə bərabər proteyndən istifadə etdikdə fəsadlar veməyi normaldır. O fəsadları verən iynələrdir. Professional idmançılar həm iynələrdən istifadə edir, həm də proteyndən istifadə edirlər. Sadəcə olaraq istifadə etdikləri iynələr dünyada qadağan olduğuna görə qara bazar olduğuna görə onlar steroiddən istifadə etdiklərini tələbələrə bildirmirlər ki biz steroiddən istifadə edirik.Onlar sadəcə proteyni reklam edir, göstərir ki mən proteyn içirəm. Adi insanlar baxanda görür ki, belə bir adam əlində proteyn içirsə bunun hesabına bu formada olur. Mümkün deyil ki, 55 sm-lik qolu proteynlə yığasan. Ona görə insanlar elə bilir ki, proteynlə belə qolu yığırsa ziyandır.  Proteynin heç bir ziyanı yoxdur.

-Fitneslə məşğul olmağın yaş həddi varmı? Neçə yaşa qədərdir?

-Limitsizdir. Çox adam 35 yaşında gələndə deyir ki, bundan sonra mənə nə olacaq. Amma xaricdə Mister Olimpiya turniri var, dünyada ən yuxarı həddir. Həmin yarışlarda 30 yaşdan sonra professional olurlar. 30 yaşa kimi demək olar ki, çempion yetişməyib. Professional idmana 30 yaşdan sonra başlayırlar 45 yaşa qədər davam edirlər, hətta 50- ə kimi də olur. 50 yaşdan sonra yavaş-yavaş master dövrünə keçirlər, istəməsələr də karyeralarını bitirirlər.

-Fitnesdə yaxşı məşqçini necə seçmək olar?

-Deyərdim ki, hazırda instaqramdan. Çünki, televiziyaya çıxan məşqçi sayı çox azdır. 2-3 nəfərdir. Məndən başqa Kamil Zeynallı çıxır. Üçüncü məşqçi yoxdur. Bütün Azərbaycanda məşqə gedənlərə də biz məşq keçə bilmərik. Başqa məşqçilər televiziyaya çıxmırsa insanlar necə seçsinlər. Ən azından instaqramda baxanda hər şey bilinir. İnstaqramda və ya feysbukda işlətdiyi profildən, insanlara verdiyi məsləhətlərdən bilmək olur. Məşqçi ilk növbədə öz profilində idmanla bağlı paylaşımlar etməlidir. Nəticələr olur, əvvəl-sonra dediyimiz paylaşımlar var. Onunla bağlı, prosedurla bağlı yazmalıdır. Başqa düzgün qida, məşq, düzgün yuxu idmanla bağlı digər paylaşımlarından da bilinir.

-Qiymətlərlə bağlı narazılıqlar olurmu?

-Zallara girəndə görmürük onu, amma rəylərdə olur. Aylığı 20 manat olan zallar da doludur, aylığı 80 manat olan da. Orta hesabla Azərbaycanda yaxşı zalların aylıq qiymətləri  50-80 manat arasında dəyişir. Digər ölkələrə baxanda bizdə ucuzdur. Bəzi Avropa ölkələrində deyirlər ki 20 evro ilə gedirik zala, o da 40 manat edir. Onsuz bizdə də elə zallar çoxdur. Gələn ay öz zalım açılacaq. Rəylərdə qiymətləri yazanda bəzən şikayət edənlər olur. Deyirlər ki aylığı bahadır, amma mən deyərdim ki baha deyil. Digər ölkələrlə müqayisə etdikdə o qədər də baha deyil. 

-Poverliftinq idman növündə dünya çempionu olmusunuz. Həmin an yaşadığınız həyəcanı necə xatırlayırsınız?

-Ümumiyyətlə yarışa baxmağa gedəndə belə həyəcanlanıram. İlk beynəlxalq yarışım 2009-cu ildə olub. Orada tamamilə həyəcanlı idim. 2013- cü ildə mən təchizatlı da yarışmışdım. Əvvəlki illərdə təchizatsız versiyada idi. Hətta həyəcandan təchizatı geyinməmişdən əvvəl qayışı bağlamışdım, üstündən paltarı geyinmişdim. Bu da qadağandır. Çünki paltarı geyinib üstündən qayışı bağlamalıyıq. Mənə kömək edən azərbaycanlı idmançı Bəxtiyar idi. Ona deyirəm ki, qayışı çək aşağı, nizamlayım. Qayışı çəkəndə hakimlər gördü ki, mən qayışı altdan bağlamışam. Dedilər ki icazə yoxdur,qayışı çıxartmalıdır. Bu da vaxt aparır. Çünki ştanqa toxunmağımız, hərəkəti yerinə yetirməyimiz üçün 1 dəqiqə vaxtımız var. Çox həyəcanlı idim. 10 ildir yarışlarda stajı olan idmançılar yenə yarışlara çıxanda həyəcanlanırlar. Başqa idman növlərinə baxanda da həyəcanlanıram, elə bilirəm ki, öz yarışımdır, Avropa və ya Dünya Çempionatındayam. 

-Çevrəniz sizi necə tanıyır və dostlarınızla sizi hansı fikirlər birləşdirir?

-İlk növbədə idmana sevgiləri olmalıdır. Məsələn gündə alkaqol içən adamla mən necə oturum, necə vaxtımı keçirim onunla. İnsanlar ona görə dostluq edir ki, ortaq nöqtələri olur. Mən içki içmirəm, siqaret çəkmirəm, bütün günü klublara getmirəmsə o tip insanla necə münasibət qura bilərəm. Ona görə şəxsi münasibətlərimdə də ilk növbədə idman əsas rol oynayır.

-Heyranlıq duyduğunuz idmançı kimdir?

-Çoxdur. Xarici kumirlər olur ki, biz yeni başlayanda onların videolarına baxırıq, motivasiya olur. Cey Kotler var, bodibildinqdə Mister olimpiya çempionudur. Onu bəyənirəm. Zədəsinə görə professional idmanı buraxdı. Birinin adını çəksəm digərləri inciyəcək (gülür) Bodibildinq idman növündə Vüqar Verdiyev və Teymur Aslanov. Hər ikisini bəyənirəm. Avropa çempionlarımızdır. Vüqar bəy dünya ikincisidir. Vaxtında mənim məşqçi kimi formalaşmağımda da çox köməkliyi dəyib. Pouerliftinq idman növündə yaxşı idmançılarımız çoxdur. Hamısını bəyənirəm. Mənə İbrahim İbrahimov, Bəxtiyar Quliyevin poverliftinqdə çox köməklikləri olub. Əsas müəllimim Təbriz Əlizadə olub. Onları idmançı kimi bəyənirdim, bəyənməsəydim onlardan məsləhətlər də almazdım.

 

 

Əsmər Qabil

Foto: Nəcəf Nəcəfli